USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyan gözdən pərdə asır

Baş nazir Qranada sammitinə qatılsa da, Bişkekdə MDB zirvə görüşünə getmək istəmir


https://img.baki-baku.az/news/2023/10/photo_8908.jpg?v=MjAyMy0xMC0xMiAxMDowNTozMw==

Ermənistanın baş naziri Nikol Paşinyan Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının oktyabrın 13-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək iclasında iştirak etməyəcək. Bu barədə N.Paşinyan oktyabrın 10-da Qırğızıstan Prezidenti Sadır Japarovla telefon danışığı zamanı məlumat verib. Qırğız liderin mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib ki, N.Paşinyan telefon danışığı zamanı təəssüflə bir sıra səbəblərdən sammitdə iştirak edə bilməyəcəyini bildirib.

Həmin “bir sıra səbəblərin” nələrdən ibarət olduğu isə açıqlanmayıb. Ancaq hazırda Ermənistanda hökm sürən an­ti-Rusiya, rusofob əhval-ruhiyyə fonunda hayların baş nazirinin Bişkekə hansı sə­bəbdən getmədiyini təxmin etmək çətin deyil.

Ermənistan mediasında səfərin baş tutmamasından bəhs edən yazıları oxu­duqda da bu nəticəyə gəlmək olur ki, Pa­şinyan bununla Azərbaycanın sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan hissəsində keçirdiyi lokal xarakterli antiterror tədbirlərinə Ru­siyanın münasibətindən narazılığını ifa­də edir. Erməni baş nazir daha Rusiya ilə əməkdaşlığı davam etdirmək istəmir, get­dikcə onunla məsafə saxlamağa çalışır.

Bu mövzuda “Armenian Report” say­tında yerləşdirilən məqalə diqqəti cəlb edir. “Paşinyan Putinə və MDB-yə dirsək göstərdi” sərlövhəli məqalədə deyilir: “İki stulda oturmağa cəhd etməkdən əl çək­məyin vaxtı gəlib çatdı. Xüsusilə, stul­lardan birinin ayağı sındığı üçün… Qərb strukturları ilə inteqrasiya istiqamətində aydın kurs götürməyin vaxtıdır. “Xalqlar arasında dostluğun etibarlı qalası” başa çatmaq üzrədir. Daha doğrusu, Ermənis­tanın bu “qala” ilə “dostluğu”. Və burada kimin kimi tərk etməsi ilə bağlı heç bir açıq bəhanə yoxdur. Bu, KTMT ilə bağ­lı baş verənlərə bənzəyir. Paşinyan KT­MT-yə münasibətdə heç vaxt izah edə bilmədi ki, biz “Putinin NATO-su”ndan gedirik, yoxsa o, bizi tərk edir. Xeyr, bu dəfə hər şey aydından daha aydındır”.

Məqalədə qeyd olunur ki, Rusiya və MDB ölkələrinin iştirakı ilə əsas toplan­tılar oktyabrın 12-13-də Bişkekdə plan­laşdırılıb. Əvvəlcə, yəni ayın 12-də MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının, 13-də isə MDB Dövlət Başçıları Şurası­nın iclası olmalıdır: “Gözlənildiyi kimi, bunlarda Ermənistan da iştirak etməli idi. Amma əvvəlcə Ararat Mirzoyanın Biş­kekə getməyəcəyi açıqlandı. Oktyabrın 10-da isə baş nazir Paşinyanın da get­məyəcəyi məlum oldu. Ölkəmiz yalnız xarici işlər nazirinin müavini səviyyəsində təmsil olunacaq. Ermənistanın Kremlin kurasiya etdiyi tədbirdə iştirakının səviy­yəsini bu dərəcədə aşağı salması Rusi­yaya qarşı açıq-aşkar demarşdır. Nəzərə alsaq ki, İrəvan hələ də respublikanın KTMT-də daimi nümayəndəsi vəzifəsinə namizəd irəli sürməyib. KTMT Putinin daha bir sevimli “övladı”dır”. Şübhəsiz ki, İrəvanın bu istiqamətdə apardığı siyasət nəinki Rusiyanın hərəkətlərindən məyus olan, həm də Moskvanın erməni dövlə­tinə xəyanət etdiyini anlayan Ermənistan ictimaiyyətinin əksəriyyətinin rəğbətini qazanacaq”.

Sayt qeyd edir ki, bu mənada rusların təşkil etdiyi MDB tədbirlərində Paşinya­nın və Mirzoyanın iştirakı tamamilə la­zımsızdır: “Biz orada nə itirmişik? MDB ölkələri Ermənistana və “Artsaxa” dəstək ifadə etməkdən belə çəkindilər. Üstəlik, 120 min insanın (?), o cümlədən 30 min uşağın yaşadığı 9 aylıq blokada (?) nə­ticəsində “real humanitar fəlakətə” bax­mayaraq, postsovet məkanında heç kim “Artsax xalqı”na heç bir yardım göstər­mədi. Coğrafi baxımdan bizdən uzaq ölkələr – Fransa, ABŞ, Kanada, Hindis­tan diqqət və qayğı göstərsələr də, post­sovet düşərgəsindəki qonşularımız kar, lal və kor oldular. Hətta, dərman və qida da göndərmədilər. Bütün MDB ölkələ­ri “erməni faciəsinin” laqeyd seyrçisinə çevrilib. Hərçənd ki, yox, səhv edirəm. Onlar laqeyd deyildilər. Onların bir çoxu Azərbaycanın adına sevinir, hətta, bəlkə də ərazi bütövlüyünün bərpası münasi­bətilə Bakını qeyri-publik şəkildə təbrik edirdilər. Qazaxlar, özbəklər, qırğızlar, belaruslar mütləq təbrik ediblər. İndi belə bir qeyri-dost reaksiya fonunda bizim təmsilçilərimiz MDB sabantuyu (saban­tuy tatar, başqırd, çuvaş və bəzi digər türk xalqlarının hər il qeyd etdikləri milli bayramdır – S.H.) üçün Bişkekə getməli idilər? Yox! İrəvanda tamamilə düzgün qərar verdilər”.

“Armenian Report” daha sonra yazır: “İndi isə başqa sual yaranır. Bizim haki­miyyət nə vaxt yetkinləşəcək ki, Ermənis­tanın MDB-dən de-yure çıxması təşəb­büsü ilə çıxış etsin? Məsələn, Moskvanın hərəkətlərindən böyük zərər çəkən Er­mənistan kimi Moldova artıq MDB çər­çivəsində silahlı qüvvələr və sərhəd qoşunları, eləcə də strateji təyinatlı si­lahlı qüvvələr haqqında sazişlərdən çıxır. Moldova haqlı olaraq bunu edir. Silahlı qüvvələrinizi özünüz idarə etməlisiniz və sonra öz barmağınızı dişləməmək üçün onu Rusiyanın nəzarəti altına verməməli­siniz. Bizim də Ermənistan–Rusiya Birgə Qoşunlar Qrupu ilə bağlı müqavilələrimiz var. Həmin müqavilələr 2021 və 2022-ci illərdə bizə çox kömək etdilər? Gümrüdə­ki Rusiya hərbi bazası bizə çox kömək etdi? Ümumiyyətlə, həmin baza orada nə üçündür? Ermənistanın, yoxsa Rusi­yanın maraqlarını qorumaq üçün? Cavab aydındır”.

Qeyd olunur ki, bütün bunlara görə həm MDB-dən, həm KTMT-dən, həm də Avrasiya İqtisadi İttifaqından çıxmağın vaxtı çatıb: “Bu ölü doğulmuş təşkilat­lara üzvlük Ermənistan dövlətinə yaxşı heç nə verməyib. Əksinə, xüsusilə KT­MT-yə üzvlük NATO ilə, ümumiyyətlə, Qərblə hərbi-texniki əməkdaşlıq baxı­mından əl-qolumuzu bağlayır. İndi isə bi­zim üçün son dərəcə vacibdir ki, rusların əlinə keçəcəyindən qorxaraq heç kimin bizə vermədiyi Qərb silahlarının köməyi ilə dövlətin müdafiə qabiliyyətini güclən­dirək. Buna görə də, iki stulda oturmağa cəhd etməməyin vaxtı gəlib çatıb, xü­susən də stullardan birinin ayağı sındığı üçün... Qərb strukturlarına inteqrasiya istiqamətində aydın kurs götürməyin vax­tı çatıb. Bizim gələcəyimiz oradadır. Pa­şinyan isə MDB-yə qarşı demarşı ilə hər şeyi düzgün etdi. O, Ermənistanı ölkə­mizin bütün düşmənlərinin toplaşdığı bu absurd birlikdən çıxarsa, xalqın daha bö­yük rəğbətini qazanacaq. Görünür, son hadisələr fonunda o gün uzaqda deyil”.

Onu da qeyd edək ki, Ermənistan dip­lomatiyası nümayəndələrinin hansısa “bir sıra səbəblər” üzündən beynəlxalq təd­birlərə qatılmaması ilk dəfə deyil. Belə ki, bu ilin martında Ermənistanın “Civilnet” informasiya portalı Ararat Mirzoyanın 2022-ci ilin dekabrında rusiyalı və azər­baycanlı həmkarları Sergey Lavrov və Ceyhun Bayramovla görüşdənsə, ipote­ka ilə mənzil almağa üstünlük verdiyini yazmışdı. Paşinyan isə mətbuat konfran­sında jurnalistləri inandırmağa çalışmışdı ki, Mirzoyan Laçın yolunun bağlanması (?) ilə bağlı yaranmış obyektiv şəraitə görə görüşə getməyib. Amma sonra məlum olmuşdu ki, Mirzoyan həmin gün ipoteka müqaviləsi imzalayıb. Sazişin bağlanma tarixi 2022-ci il dekabrın 23-də, yəni xarici işlər nazirlərinin Moskvada görüşünün keçirildiyi gündə baş verib.

İndi də Paşinyan hansısa “bir sıra səbəbləri” əsas gətirir. Ancaq onun uzaq Qranadada keçirilən Avropa Siyasi Bir­liyinin sammitinə qatıldığı halda, yaxın Bişkekdə baş tutacaq MDB Dövlət Baş­çıları Şurasının iclasına getməməsi göz­dən pərdə asmaq üçün edilən uğursuz cəhddir.

Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri

– Bilirsiniz, Ermənistan indi Qərbə göstərmək istəyir ki, is­tiqaməti onlara doğrudur. Onlarla əməkdaşlığı inkişaf etdiməyə ça­lışır. Həmçinin, Ermənistan rəh­bərliyi hazırda ruslardan incik­dir. Halbuki, Paşinyan oktyabrın 10-da Ermənistanın İctimai Tele­viziyasına müsahibəsində qeyd edib ki, Rusiyanın hərbi bazası Gümrüdə qalır və KTMT ilə bağlı İrəvan tərəfindən hər hansı ciddi addım atılmayacaq. Bu, onların ruslara verdikləri strateji mesaj­dır ki, biz sizinlə bir yerdə qalırıq, amma sizdən narazıyıq. Narazılığı də müxtəlif formada ifadə edirlər.

Digər tərəfdən, hazırda sülh danışıqlarının yeni mərhələsi başlanmalı, növbəti görüş ke­çirilməlidir. Ermənistan növbəti görüşlərin Qərb platformasında keçirilməsini istəyir. Orada Fran­sanın və digər ölkənin dəstəyini alıblar. Fikirləşirlər ki, danışıqlar bu formatda getsə onlar öz niy­yətlərinə nail olacaqlar. Amma Azərbaycan Prezidenti oktyabrın 8-də bəyan edib ki, Gürcüstanda da görüş keçirilə bilər. Ən əsa­sı isə bizə heç bir vasitəçi lazım deyil. Artıq ikitərəfli formatda da görüşün keçirilməsi mümkündür. Fiziki yaxınlıq səbəbindən gö­rüşün Gürcüstanda keçirilməsi daha məqbuldur. Amma vasitəçi­siz. Bunu da ermənilər hələ müs­bət cavablandırmayıblar. Söhbət ondan gedir ki, onlar həmişə kiminsə kənardan gəlib onların problemlərini həll etməyini göz­ləyirlər. Onların bütün siyasəti bundan ibarətdir. Bu, əvvəllər Rusiya idi. Otuz il ərzində Rusi­yanın Cənubi Qafqazda güclən­məsinə, hərbi, iqtisadi cəhətdən mövcudluğuna xidmət edən ölkə Ermənistan idi.

İndi isə Qərbdə yeni mif ya­radırlar. Guya ki, onlar Qərb­lə əməkdaşlıq etmək istəyirlər, Azərbaycan isə Rusiya ilə bir­ləşərək, yaxud rus sülhməram­lılarının seyrçi nəzərləri altında Qarabağa hücum edib. Beləliklə də bizi ruslarla bağlayırlar.

Fərhad MƏMMƏDOV,
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru

– Paşinyanın bu addımları gözə kül üfürməyə bənzəyir. Çün­ki MDB Sammitinə getməmək MDB-dən, KTMT-dəki Ermənistan nümayəndəsini geri çağırmaq həmin qurumdan çıxmaq demək deyil. Roma statutunu ratifikasi­ya etmək və paralel olaraq bun­dan irəli gələn Rusiya Prezidenti ilə bağlı həbs-qətimkan tədbirini inkar etmək də yarımçıq addım­dır. Yəni, Paşinyan Qərbin dəstə­yini almaq üçün və düşünürəm ki, Fransanın məsləhəti ilə mak­simum bacardığını həyata keçirir. Lakin tam addımlar atmır.

Ermənistan-Rusiya müna­sibətlərinin hazırkı durumunu səciyyələndirəsi olsaq, demə­liyik ki, bunlar elə əvvəlki mü­nasibətlərdir. Onlar hərbi-siyasi müttəfiqlərdir. Rusiyanın orada hərbi hissəsi var. Ermənistan Rusiyanın iqtisadi-ticari tərəfda­şıdır. Ticarət dövriyyəsinin həcmi inanılmaz dərəcədə artmaqdadır. Ermənistan Avrasiya İqtisadi İtti­faqının, KTMT-nin və Gömrük İt­tifaqının tamhüquqlu üzvüdür. İn­diki yarımçıq addımlar isə ancaq informasiya kontekstində maraq doğurur. Həmin yarımçıq addım­ların sabun köpüyü kimi forma­laşdığı, ancaq bazisinin olmadığı görünür. Bu da böyük ehtimalla Qərbin irəli sürdüyü tələblərə ca­vab olaraq, Fransanın məsləhəti ilə həyata keçirilən informasi­ya-təbliğat kampaniyasıdır.

Səxavət HƏMİD




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Siyasi təhlil