USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İrəvandan Rusiyaya qarşı növbəti demarş

Paşinyan iqtidarı Moskvanın himayəsi altında keçirilən tədbirləri boykot etdi


https://img.baki-baku.az/news/2023/10/photo_8894.jpg

Nikol Paşinyanın 2018-ci ildə Hayastanda hakimiyyətə gəlişi ilə Ermənistan-Rusiya münasibətləri ziddiyyətlər dövrünə qədəm qoyub. Məhz həmin ildən etibarən İrəvanla Moskva arasında vaxtaşırı problemlər yaşanır. Bu ziddiyyətlər bəzən yoxuşda, bəzən enişdə olur. Amma heç zaman səngimir. Çünki onların yaranmasına əsas verən səbəblər aradan qaldırılmır. Nəinki aradan qaldırılmır, əksinə, üzərinə yeniləri əlavə olunur. Maraqlıdır ki, tərəflər hər biri özünü haqlı sayır və qarşı tərəfin narazılığına gətirib çıxaran səbəbləri aradan qaldırmaqda maraqlı görünmür.

Son olaraq, Ermənistan Azərbayca­nın sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunun erməni azlığının yaşadığı his­səsində lokal xarakterli antiterror tədbir­ləri keçirərək suverenliyini tam bərqərar etməsinə Rusiyanın münasibətindən narazı qaldı. Bu istiqamətdə ilk narazı­lığı antiterror tədbirlərinin başladığı gün erməni xalqına müraciətində baş nazir Paşinyan dilə gətirdi. O qeyd etdi ki, Ru­siya Ermənistanı Azərbaycanın antiter­ror tədbirləri barədə xəbərdar etməyib. Bundan əlavə, Paşinyan Ermənistanın təhlükəsizlik strukturunun qeyri-effektiv olduğunu bəyan etdi.

Baş nazirin nəyi nəzərdə tutduğu ay­dın idi. Məsələ bundadır ki, 2018-ci ilədək Ermənistan Rusiyanın Cənubi Qafqazda əsas müttəfiqi sayılırdı. Əsas beynəlxalq məsələlərin əksəriyyətində Rusiya və Ermənistanın mövqeləri üst-üstə düşür və ya yaxın olurdu. Ermənistan Rusiya ilə Avrasiya İqtisadi İttifaqı çərçivəsində iqtisadi, Kollektiv Təhlükəsizlik Müqa­viləsi Təşkilatı çərçivəsində isə hərbi-si­yasi əməkdaşlıq edirdi. Bundan əlavə, Ermənistan və Rusiya arasında ikitərəfli formatda da geniş əməkdaşlıq əlaqələri qurulmuşdu. Dövlətlərarası münasibət­ləri müəyyən edən müqavilə və saziş­lər arasında 1997-ci il 29 avqust tarixli “Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım Müqaviləsi” və Rusiyanın 102 saylı hərbi hissəsinin Ermənistan ərazisində olması­nı tənzimləyən bir sıra sənədlər var.

İndi isə Paşinyan xalqına müraciə­tində deyir: “Ermənistanın olduğu təh­lükəsizlik strukturu qeyri-effektivdir. Bu, 2021-ci ilin may və noyabr, həmçinin 2022-ci ilin sentyabr hadisələri zamanı aydın idi. Siyahını uzatmaq olar. Azər­baycanın davam edən təcavüzü (?) və Laçın dəhlizinin bağlanması (?) suallar doğurur. O cümlədən, Rusiya sülhmə­ramlılarının fəaliyyəti və motivləri kon­tekstində...”

Hərçənd ki, Rusiya Xarici İşlər Nazir­liyinin rəsmi nümayəndəsi Mariya Zaxa­rova elə həmin gün jurnalistlərə açıqla­masında ölkəsinin antiterror tədbirlərinin başlanacağından xəbərsiz olduğunu dilə gətirdi. O qeyd etdi ki, Paşinyanın itti­hamları doğru deyil. Belə ki, informasiya antiterror tədbirlərinin başlamasına bir neçə dəqiqə qalmış Rusiya sülhməram­lı kontingentinə çatdırılıb. Bununla da M.Zaxarovanın timsalında Rusiya tərəfi Ermənistanın və ermənilərin əlindən on­ları xəbərdar etməməklə bağlı əsas arqu­menti almış oldu.

Yeri gəlmişkən, Paşinyanın Rusiya ilə hərbi əlaqələrə dair mövqeyindəki kəs­kin dönüşü göstərmək üçün bir müqa­yisə aparmaq istərdik. Əgər 2021-ci ildə Ermənistanın baş naziri Birgə Qoşun­lar Qrupunun (Birgə Qoşunlar Qrupu 2016-cı ildə yaradılıb. Rusiya və Ermə­nistan müdafiə nazirləri tərəfindən 30 noyabr 2016-cı ildə imzalanmış sazişə əsasən, qrupa 102-ci Rusiya bazası və Ermənistan silahlı qüvvələrinin hərbi his­sələri daxildir – S.H.) gücləndirilməsinin vacibliyini bəyan etmişdisə, 2023-cü ildə belə sıx inteqrasiyanın və Ermənistanın hərbi təhlükəsizlik sahəsində Rusiyadan asılı olmasının yanlış olduğunu bəyan etmişdi.

N.Paşinyan bu il sentyabrın 3-də İta­liyanın “La Repubblica” qəzetində dərc olunan müsahibəsi zamanı isə demişdi: “Ermənistanın təhlükəsizlik arxitekturası 99,999 faiz Rusiya ilə, o cümlədən, silah və sursat əldə etmək baxımından bağ­lı idi. Amma bu gün Rusiyanın özünün silaha və sursata ehtiyacı olduğu döv­rdə aydındır ki, o istəsə də, Ermənista­nın təhlükəsizlik ehtiyaclarını təmin edə bilməyəcək”.

Beləliklə, Rusiya XİN-in rəsmi nü­mayəndəsinin qeyd etdiyimiz açıqlama­sına baxmayaraq, N.Paşinyan iqtidarının mənsubları və sadə ermənilər arasında Rusiyadan narazılıq azalmadı. Əksinə, artan xətt üzrə getdi və getməkdə davam edir. Bu günlərdə rusiyalı jurnalist Aleksey Pivovarovun “YouTube”dakı “Redaksiya” kanalında Ermənistanda baş verən pro­seslərlə bağlı bir saatlıq reportajını izlədik. Bütün məqamların hərtərəfli əks olundu­ğu reportajda 19-20 sentyabr hadisələri günlərində gecə vaxtı İrəvandakı Rusiya səfirliyi qarşısında etiraz aksiyası keçirən və rusca “Pozor, pozor!” (Rəzalət!) şüar­ları səsləndirən etirazçı şəhər sakininin dediyi fikirlər diqqətimizi cəlb etdi. İrəvan sakini Qrayr Dadikyan deyirdi: “Bu, bizim dinc etiraz aksiyamızdır. Hazırda Qara­bağda olan Rusiya sülhməramlılarına mən sülhməramlı deyə bilmərəm. Onların adının qarşısında dırnaqarası sözü işlədil­məlidir. Onlar orada sadəcə, dayanıblar. Heç bir iş görmürlər. Ermənistan müstəqil­liyini bərpa etdikdən indiyədək hazırda ən rusofob dövrdür”.

***

Qeyd etdiyimiz kimi sentyabrın 19–20-dəki lokal antiterror tədbirlərin­dən sonra Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi getdikcə güclənir. Ötən müddət ərzində iki ölkənin rəsmi şəxsləri arasında yalnız bir istisna olmaqla əlaqə saxlanılmasına dair heç bir məlumat yox­dur. Həmin istisna hal isə N.Paşinyanın oktyabrın 7-də Prezident Vladimir Putini doğum günü münasibətilə təbrik etməsi­dir. Bu da protokol xatirinə yaradılan ün­siyyətdir.

Bu günlərdə isə Ermənistan Rusiya­ya qarşı daha bir demarş edib. İrəvan oktyabrın 9-dan 13-dək Qırğızıstanda ke­çirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin sülhməramlı qüvvələrinin birgə təliminə qatılmayıb. Bu barədə təşkilatın katibliyi məlumat yayıb. Təlim “Sarsılmaz qardaşlıq–2023” adı al­tında keçirilir. Yeri gəlmişkən, qeyd edək ki, təlimlərə 200-dən çox xüsusi və zirehli texnika, hərbi nəqliyyat, qırıcı və döyüş təyyarələri, pilotsuz uçuş aparatları və döyüş katerləri cəlb olunub. Oktyabrın 9-da Qırğızıstanın İssık-Kul gölü sahil­lərində yerləşən Edelveys poliqonunda təlimlərin açılış mərhələsi baş tutub. Tə­limlərdə Qırğızıstanla yanaşı, Rusiya, Qazaxıstan, Belarus və Tacikistanın hər­bi kontingentləri iştirak edirlər.

Onu da qeyd edək ki, N.Paşinyan 2022-ci ilin noyabrında KTMT-nin Kol­lektiv Təhlükəsizlik Şurasının, yəni təşkilatın dövlət və hökumət başçıları sammitinin bəyannaməsini və Ermənis­tana yardım üzrə birgə tədbirlər layihə­sini imzalamaqdan imtina etmişdi. İrəvan öz mövqeyini sənəddə Azərbaycanın “təcavüzkarlığı”na qiymət verilməməsi ilə əsaslandırmışdı. 2023-cü ilin yanvarın­da Ermənistan öz ərazisində “Sarsılmaz qardaşlıq–2023” təlimini keçirməkdən də imtina etmişdi.

Cari ilin sentyabrın 5-də isə Ermənis­tan prezidenti Vaaqn Xaçaturyan Viktor Biyaqovu respublikanın KTMT-dəki daimi və səlahiyyətli nümayəndəsi vəzifəsin­dən geri çağırıb. Bu barədə qərar baş nazir Paşinyanın təklifi əsasında qəbul edilib. Yeni daimi nümayəndənin təyin edilməsi ilə bağlı hələ də heç bir sərən­cam imzalanmayıb.

Buna paralel olaraq, sentyabrın 11-dən 19-dək Ermənistanda ABŞ-la bir­gə “Qartal tərəfdaşı – 2023” təlimləri ke­çirilib. Manevrlərdə 85 amerikalı və 175 erməni hərbi qulluqçusu iştirak edib.

Bundan əlavə, Hayastanın xarici iş­lər naziri Ararat Mirzoyan da Müstəqil Dövlətlər Birliyi Xarici İşlər Nazirləri Şu­rasının oktyabrın 12-də Bişkekdə keçi­riləcək iclasında iştirak etməyəcək. Xa­rici İşlər Nazirliyindən bildirilib ki, iclasda Ermənistanı Mirzoyanın müavini təmsil edəcək. XİN-in rəsmi nümayəndəsi Ani Badalyanın verdiyi məlumata görə, onlar oktyabrın 4-də bu barədə MDB İcraiyyə Komitəsinə yazılı şəkildə məlumat ve­riblər. Onu da qeyd edək ki, oktyabrın 9-da Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzin Bişkekdə Ermənistan, Ru­siya və Azərbaycanın xarici işlər nazirləri arasında danışıqların mümkünlüyünü nəzərdən keçirdiklərini bildirmişdi.

Nəhayət, Rusiyaya qarşı daha bir demarşı Paşinyan bilavasitə özü nüma­yiş etdirib. Dünən Ermənistan baş naziri ilə Qırğızıstan Prezidenti Sadır Japarov arasında telefon danışığı olub. Qırğızıs­tan liderinin mətbuat xidmətinin yaydığı məlumata görə, Paşinyan MDB Dövlət Başçıları Şurasının iclasında iştirak et­məyəcəyini bildirib. “Telefon danışığı zamanı Paşinyan təəssüflə bildirib ki, bir sıra şərtlərə görə MDB Dövlət Başçıları­nın Sammitində iştirak edə bilmir”, – deyə “İnterfaks” Qırğızıstan liderinin mətbuat xidmətinin məlumatından sitat gətirib.

Əlbəttə, Paşinyanın hansı şərtləri əsas gətirdiyi açıqlanmasa da, prosesləri izləyən diqqətli oxucu Ermənistan lideri­nin Bişkekə hansı səbəbdən getmədiyini başa düşür. Rusiya–Ermənistan münasi­bətlərindəki soyuqluq və bizim yazımızın ana xəttini təşkil edən məqamlar Nikolun Rusiyanın eqidası altında keçirilən həmin tədbirlərdən imtinasının əsas səbəbləri­dir.

Orxan BAĞIROV,
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin baş elmi işçisi:

– Paşinyan hakimiyyətə gəldiyi ilk gündən Qərbmeyilli siyasət yürüdür­dü. Biz bunu onun bir çox addımların­da açıq-aydın hiss edirdik. Ancaq ilk dövrlərdə Rusiya ilə münasibətlər indi­ki kimi pis vəziyyətdə deyildi. Paşinya­na qədər hakimiyyətdə olan şəxslər – Koçaryan və Sarkisyan Rusiyaya bağlı adamlar idilər. Rusiya onların hakimiy­yətə gəlişində böyük rol oynamışdı. Ona görə də onların vasitəsilə Rusiya Ermənistan üzərində təsir imkanlarını saxlayırdı.

Paşinyan tamam fərqli formada hakimiyyətə gəldi. Burada daha çox erməni xalqının iradəsi rol oynadı. İn­sanlar Koçaryan-Sarkisyan rejimindən bezmişdilər. Elə bunun nəticəsidir ki, Ermənistanın İkinci Qarabağ mühari­bəsində sarsıdıcı məğlubiyyətinə bax­mayaraq, erməni xalqı yenə Paşinyanı seçdi. Belə deyək, onlar çox pisdənsə, pisi seçməli oldular. Paşinyan Rusi­yaya qarşı çıxarkən daha çox erməni xalqına güvənir. Çünki hətta müharibə, ondan sonra baş verən hadisələr belə hayları Paşinyana qarşı çevirə bilmədi.

Rusofobiyaya gəldikdə isə bu, Er­mənistanda hər zaman olub. İndi isə sadəcə, güclənib. Hətta İkinci Qara­bağ müharibəsi dövründə rusların fərdi qaydada Ermənistana kifayət qədər dəstək göstərməsinə baxmayaraq, müharibəni uduzduqdan sonra rusların ünvanına ciddi tənqidlər səsləndirilirdi. Bu da ondan irəli gəlir ki, erməni xalqı hər zaman kimdənsə kömək umur.

Laçın yolu ətrafında yaşanan pro­seslər zamanı Rusiya sülhməramlı­larından narazılıq daha da gücləndi. Qeyd edirdilər ki, sülhməramlılar öz funksiyalarını yerinə yetirmirlər. An­caq erməni xalqı dərk etmirdi ki, bu məsələdə Rusiyanın əvvəlki potensialı yoxdur. Bildiyiniz kimi, Ukrayna mü­haribəsi Rusiyanı gücdən salıb. Digər tərəfdən, Rusiyanın yanaşması bu idi ki, erməni xalqı hakimiyyətə elə bir adam gətirib ki, o, Rusiyaya qarşı Qər­bin göstərişlərini yerinə yetirir.

Bununla belə Ermənistanla Rusiya arasında güclü iqtisadi əlaqələr var. Ermənistanın Rusiyadan qopması, tamamilə ayrılması o qədər də asan məsələ deyil.

Səxavət HƏMİD




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Səxavət HƏMİD