- Daxili siyasət
- 09:39 08.12.2023
Ermənistanın “Joxovurd” qəzeti ölkənin Rusiya və Hindistandan silah-sursat alışına dair maraqlı yazı dərc edib. Qeyd olunub ki, İrəvan Rusiya ilə alqı-satqı müqavilələrindən imtina edib. Bunun əvəzində Hindistanın özəl şirkətləri ilə müqavilələr imzalayıb. Şirkətlərin bank hesabına 500 milyon dollar köçürülüb, lakin müqavilədə nəzərdə tutulan silahların beş faizi belə alınmayıb.
Məqalədə deyilir: “İrəvandakı və Moskvadakı mənbələrimiz bildiriblər ki, Ermənistan müdafiə nazirliyi ilə Rusiyanın “SMERÇ” tipli raketlər istehsal edən “Splav” Açıq Səhmdar Cəmiyyətinin zavodu arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, Rusiya zavodu Ermənistana lazım olan “SMERÇ” tipli raketlər istehsal etməli idi. Zavod Ermənistan müdafiə nazirliyinə bildirib ki, yük çatdırılmağa hazırdır və onlar yükü qəbul etmək üçün mütəxəssislər göndərə bilərlər. Ancaq Ermənistanın müdafiə nazirliyi 1 il 3 aydan sonra da yükü Ermənistana daşıya bilməyib. Yükü götürmək üçün “Splav” ASC-nin zavodu 3 dəfə Ermənistan müdafiə qurumu ilə əlaqə saxlayıb, bu ölçüdə olan yükü anbarda uzun müddət saxlamaq mümkün olmadığından onları qısa müddətdə almaq xahişi ilə müraciət edib. Bu qədər müraciətdən sonra da İrəvan yükün daşınmasını təşkil etməyib”.
Bundan əlavə, məlum olub ki, İkinci Qarabağ müharibəsindən sonra Rusiya Federasiyası Ermənistana 1 milyard ABŞ dolları dəyərində silah-sursat təklif edib və bunu verməyə hazır olduğunu bildirib. Daha 400 milyon dollar dəyərində silah-sursatı isə 20 illik kreditlə verməyi təklif edib. 400 milyon ABŞ dolları məbləğində müqavilə artıq təsdiqlənibmiş, müqavilələr imzalanmağa hazır imiş, 1 milyardlıq müqavilələrin isə iki ölkənin hökumətləri və maliyyə nazirlikləri tərəfindən təsdiqlənməsinə bir neçə gün qalıbmış. Lakin Ermənistan birdən-birə bu müqavilələrdən imtina edərək Hindistandakı özəl şirkətlərlə müqavilələr bağlayaraq onların hesabına 500 milyon ABŞ dolları köçürüb. Buna rəğmən, bu yükün heç 5 faizini də almayıb.
“Joxovurd” qəzeti şərh almaq üçün Ermənistan müdafiə nazirliyinə müraciət edib. Lakin nazirlikdən qəzet əməkdaşına sualları yazılı şəkildə göndərməsini təklif ediblər.
Göründüyü kimi, Ermənistan rəhbərliyi Rusiyadan imtina edərək Hindistanı seçib. Ancaq vəd olunan silahın heç beş faizi də çatdırılmayıb. Bununla belə, il ərzində uzaq Asiya ölkəsinin Ermənistana silah-sursat daşımasına dair çox fakt aşkarlanmışdı. Belə ki, bu ilin iyulunda Nurdüz (İran) sərhəd-buraxılış məntəqəsindən Ermənistana avtomobil karvanının hərəkəti qeydə alınmışdı. Kadrlardan görünürdü ki, daşınan yük onun içərisində olanların gizlədilməsi məqsədilə çadırla örtülüb. Operativ çəkiliş kadrlarını dərc edən Caliber.az saytının məlumatına görə, İrandan Ermənistana daşınan yük hərbi təyinatlıdır və İranın Bəndər-Abbas limanına çatdırılıb. Sayt iki müstəqil mənbəyə istinadla dəqiqləşdirmişdi ki, silahların tədarükçüsü son zamanlar Ermənistanla hərbi-texniki əməkdaşlığı sürətlə inkişaf etdirən Hindistandır.
Onu da qeyd edək ki, məsələ ilə bağlı Prezident İlham Əliyev də Hindistana açıq xəbərdarlıq etmişdi. May ayında Hindistanın yeni səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edən dövlət başçımız onun diqqətinə çatdırmışdı ki, bu gün Ermənistanda ölkəmizə qarşı ərazi iddialarını davam etdirən revanşist qüvvələr baş qaldırır. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını bildirən Prezident İlham Əliyev qeyd etmişdi ki, əgər, doğrudan da, Ermənistan Azərbaycanla sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır? Azərbaycan Prezidenti vurğulamışdı ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.
Bundan əlavə, iyulun 26-da Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu məsələ ilə əlaqədar Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananla görüşmüşdü.
Qeyd edək ki, Hindistan böyük-böyük beynəlxalq hüquqdan danışır, lakin Cənubi Qafqazda açıq-aşkar hərbi münaqişənin qızışdırılması və ölkələrin ərazi bütövlüyünə hörmətsizlik siyasətini dəstəkləyir. Eyni zamanda, o, bütün bunların Bandunq konfransının və Hindistanın da üzvü olduğu Qoşulmama Hərəkatının prinsiplərinə zidd olduğunu da nəzərə almır.
Bunu da deməliyik ki, Hindistan Ermənistana müqavilədə nəzərdə tutulan silahın heç beş faizini də çatdırmayıb. Bu da Paşinyanın xarici siyasətinin uğursuzluğundan xəbər verir.
Rizvan HÜSEYNOV,
hərbi-siyasi şərhçi
– 2023-cü ildə müdafiə büdcəsini 47 faiz artırmağı planlaşdıran Ermənistanın hərbi büdcəsi ilk dəfə olaraq 1 milyard dolları keçəcək. Ermənistana silah tədarükü ilə bağlı öhdəlikləri yerinə yetirmədiyinə görə Rusiyanı ittiham edən Paşinyan, həm də ölkəsinə silah ixracının qarşısını aldığı üçün Azərbaycandan vaxtaşırı gileylənirdi. Buna görə də Azərbaycanın hərbi qüdrəti və uğurlu diplomatiyası qarşısında tab gətirə bilməyən Ermənistan dövləti Hindistandan silah almaq niyyətinə düşdü.
Hindistan Ermənistana “Pinaka” raket sistemləri, tank əleyhinə raketlər və bir sıra digər hərbi sursatlar verib. Bundan başqa, 80 mm-lik artilleriya qurğularının və “Akaş” zenit-raket kompleksinin alınmasına dair müzakirələr aparılırdı.
Nyu-Dehlinin Ermənistana silah satışı bundan əvvəl də olub. 2020-ci ildə Hindistan Ermənistana təxminən 40 milyon dollara dörd “Svati” əks-artilleriya radarı tədarük edib. 2017-ci ildən Hindistan ordusunda tətbiq edilən bu əks-artilleriya sistemi Cammu və Kəşmir bölgələrində Pakistanın artilleriya atəşlərinin qarşısını almaqda aciz olub. Pakistanın artilleriya zərbələrini aşkar edə bilməyən “Svati” kimi digər Hindistan silahları da erməniləri yarı yolda qoyacaq. Çünki Vətən müharibəsində də bu sistemlər özünü doğrultmayıb və Azərbaycan Ordusunun artilleriya silahları qarşısında aciz qalıb.
Səxavət HƏMİD