- Daxili siyasət
- 09:39 08.12.2023
Azərbaycanın Qarabağ iqtisadi rayonunda baş verən prosesləri, o cümlədən, ordumuzun keçirdiyi lokal xarakterli antiterror tədbirlərini məqsədli şəkildə yanlış təsvir edənlərdən biri də Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, eyni zamanda, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borreldir.
Qarabağla bağlı bəyanat verməyə vərdiş etmiş cənab Borrelə mövqeyinin yanlış olduğu, reallıqdan kənar danışdığı, faktları təhrif etdiyi Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən dəfələrlə bildirilsə də, kor tutduğunu buraxmadığı kimi, o da öz fikirlərinə düzəliş etmir.
Ali nümayəndə sentyabrın 21-də yeni bəyanatla çıxış edib. O, Aİ-nin “Azərbaycanın Qarabağın erməni əhalisinə qarşı hərbi əməliyyatını” (?) pislədiyini bildirib. Bəyanatda deyilir: “Biz atəşkəs razılaşması ilə bağlı verilən açıqlamaları nəzərə almışıq. Hərbi əməliyyatların dərhal və tam dayandırılmasını və atəşkəs rejiminə əməl olunmasını gözləyirik. Aİ Azərbaycanı Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il fevral və iyul aylarında çıxardığı qərarlara uyğun olaraq, ehtiyacı olan insanlara təcili və maneəsiz humanitar yardımın, o cümlədən, Laçın yolunun tam açılması vasitəsilə təmin etməyə çağırır. Humanitar təşkilatlar sərbəst fəaliyyət göstərə bilməlidirlər. Aİ və ona üzv ölkələr təcili humanitar yardım göstərməyə hazırdır. Aİ Bakını və Qarabağ ermənilərini təcili olaraq hərtərəfli və şəffaf dialoqa çağırır. Azərbaycan Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin, o cümlədən, qorxu və ayrı-seçkilik olmadan öz evlərində yaşamaq hüquqlarının təmin edilməsinə cavabdehdir. Mülki əhalinin hərbi və ya digər vasitələrlə zorla köçürülməsi Aİ-ninsərt cavabı ilə qarşılanacaq”.
C.Borrel vəziyyətin pisləşəcəyi təqdirdə Aİ-nin müvafiq tədbirlər görməyə hazır olduğunu da vurğulayıb. Sonda isə təşkilatın Azərbaycan və Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyib. Amma burada da ayrı-seçkilik etməyi unutmayıb. Ölkəmizi 1991-ci ildə qəbul edilmiş Alma-Ata Bəyannaməsinə əsasən, Ermənistanın ərazi bütövlüyünü tanınmasını bir daha təsdiq etməyə çağırıb. Aİ Ermənistanın demokratik yolla (?) seçilmiş hakimiyyətini dəstəkləməyə davam etməyə hazır olduğunu vurğulayıb. Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfində təhlükəsizlik vəziyyətinin monitorinqini və hesabatını davam etdirəcəyini qeyd edib. Sonda Aİ-nin sülh müqaviləsi bağlamaq üçün Ermənistan və Azərbaycanı bütün məsələlər üzrə danışıqları bərpa etməyə çağırıb.
Göründüyü kimi, bəyanat tamamilə radikal-revanşist ermənilərin mövqeyindən çıxış edərək yazılıb. Orada əksini tapan fikirlər, hətta, bu gün Ermənistanın baş naziri tərəfində də səsləndirilmir. Bu mənada, Borrel ermənilərdən daha çox canfəşanlıq edir.
Bu, danılmaz bir faktdır ki, Azərbaycan 24 saatdan az davam edən hərbi əməliyyatları Ermənistanın və qondarma rejimin davamlı təxribatçı hərəkətlərinə cavab olaraq, həyata keçirməyə məcbur olub. Ümumiyyətlə, sülhpərvər ölkə olan, regionda əmin-amanlığı səmimi şəkildə istəyən Azərbaycan hərb yoluna hər zaman məcburiyyətdən əl atıb. Ölkəmiz torpaqlarının sülh yolu ilə azad olunacağına inamını itirənədək Ermənistanla danışıqlar apardı. İrəvanın mövqeyi üzündən danışıqlar prosesi tam iflasa uğradıqdan sonra 44 günlük Vətən müharibəsi başladı. Eləcə də Azərbaycan müharibədən sonrakı 3 ilə yaxın dövr ərzində erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasına dair Ermənistanın üçtərəfli Bəyanatla üzərində götürdüyü öhdəliyini yerinə yetirməsini gözlədi. Ancaq bu öhdəlik yerinə yetirilmədi. Əksinə, biz Ermənistanın və qondarma rejimin yeni-yeni təxribatlarının şahidi olduq. Belə olan təqdirdə ölkəmiz məcbur qalaraq lokal xarakterli antiterror tədbirləri keçirdi. J.Borrelin bunu bildiyi halda başqa cür təqdim etməsi riyakarlıqdır.
Digər tərəfdən, Ermənistan baş naziri özü də sentyabrın 21-də Qarabağın mülki əhalisinə birbaşa təhlükənin olmadığını bildirib.
***
Bəyanata Azərbaycan Xarici İşlər Nazirliyinin münasibəti də özünü çox gözlətməyib. Nazirlik qeyd edib ki, ali nümayəndə tərəfindən bölgədə baş verən son hadisələrlə bağlı verilən və regiondakı reallıqları qəsdən təhrif edən bəyanat tamamilə qeyri-adekvatdır: “Avropa İttifaqının Azərbaycanın suveren ərazilərinin 30 ilə yaxın davam edən işğalını, azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasətini və insanlıq əleyhinə cinayətləri qınamaqdan çəkinməsi ilə yanaşı, 2020-ci ildə baş vermiş müharibədən sonra ölkəmizə qarşı qərəzli yanaşmanı təhdidlərlə bəyanatlar səviyyəsinə qaldırması, ölkəmizin bölgədə sülh və əmin-amanlığın bərqərar olması istiqamətində addımlarına heç vaxt dəstək göstərməməsi regionumuzun sabitliyinə hədədir. Azərbaycanın öz suveren ərazilərində yerləşən qeyri-qanuni erməni silahlı qüvvələrinin çıxarılması istiqamətində legitim tədbirləri bu qanunsuz qüvvələrin növbəti təxribat və hücumlarının qarşısının alınmasına yönəlib. Ölkəmizin antiterror tədbirlərinin, guya, erməni sakinlərə qarşı aparıldığına dair iddialarla bağlı isə qeyd etmək lazımdır ki, bu iddialar hətta Ermənistan baş nazirinin sentyabrın 21-də xalqa müraciətində də təkzib olunub”.
Bildirilib ki, sentyabrın 21-də Azərbaycanın mərkəzi hakimiyyətini təmsil edən şəxslərlə erməni əhalinin nümayəndələri arasında onların reinteqrasiyası, infrastrukturun bərpası, ölkə Konstitusiyası və qanunvericiliyi əsasında fəaliyyətin təşkili ilə bağlı Yevlaxda aparılan konstruktiv müzakirələrə Aİ-nin açıq şəkildə etinasızlığı bir daha İttifaq daxilindəki müəyyən dairələrin dar siyasi məqsədlərini nümayiş etdirir: “Humanitar vəziyyət və yerli erməni əhalinin hüquq və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı iddialara gəldikdə isə beynəlxalq tərəfdaşların da dəstəyi ilə Azərbaycanın 21 sentyabr görüşünün nəticələrinə uyğun olaraq, yerli erməni sakinlərin sosial və humanitar vəziyyətinin yaxşılaşdırılması üçün lazımi yardım göstərəcəyini, ölkəmizin bu istiqamətdə addımlarına müdaxilənin hər hansı fayda və səmərə verməyəcəyini bildiririk. Azərbaycan Ermənistanla sülh gündəliyinə sadiqdir və qondarma rejimin, habelə qanunsuz erməni silahlı qüvvələrinin qalıqlarının ərazilərimizdən çıxarılması tədbirlərinin Ermənistanla sülh sazişinin bağlanmasına müsbət təsir göstərəcəyinə inanır”.
Onu da qeyd edək ki, C.Borrelin ölkəmizin Qarabağdakı lokal xarakterli antiterror tədbirlərinə dair qərəzli anti-Azərbaycan bəyanatı Aİ-nin bütün ölkələrinin (27 ölkə) birgə bəyanatı olacaqdı, lakin Macarıstan buna veto qoyub. Bunu “X” platformasında (keçmiş “Twitter”) “Azad Avropa/Azadlıq Radiosu”nun Avropa bölməsinin redaktoru Rikard Jozviak yazıb. O, bu barədə məlumatı ayrı-ayrı üç avropalı diplomatik mənbədən aldığını qeyd edib. Müəllifin sözlərinə görə, nəticədə Aİ-nin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi öz adından bəyanat yaymaq məcburiyyətində qalıb. Beləliklə, Macarıstanın ədalətli və prinsipial mövqeyi anti-Azərbaycan bəyannaməsinin Aİ-nin 27 ölkəsinin birgə sənədi kimi qəbul edilməsinə mane olub. Zənnimizcə, bu cür ədalətli mövqelər C.Borrel kimi qərəzli insanlara dərs olmalıdır. Başa düşməlidirlər ki, bütün platformalarda haqqı müdafiə edənlər var. Müdrik atalarımızın dediyi kimi, haqq nazilsə də, üzülməz.
Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri
– Cozef Borrelin verdiyi bu bəyanata görə təəssüf edirəm. Avropa İttifaqı faktiki olaraq vasitəçi rol oynamaqdansa, Ermənistanı birmənalı dəstəkləməyə başlayıb. Azərbaycan torpaqları otuz ilə yaxın işğal altında idi. Nə Azərbaycanla sərhədə monitoriq missiyası göndərilirdi, nə Ermənistana təzyiq göstərilirdi, nə də tutarlı bəyanat verilirdi. İndi Aİ Şurasının prezidenti Şarl Mişel müəyyən vasitəçi rol oynamağa çalışır, Jozef Borrel isə belə bir bəyanat verir. O, bununla, təbii ki, ilk növbədə, Aİ-nin maraqlarına zərbə vurur. Azərbaycan qarşıya qoyulan bütün hədəflərə nail oldu. Amma Aİ-nin nüfuzu və burada hansısa vasitəçilik rolu bundan sonra şübhə altına alınır. Bu mənada, mənim Borrelin bəyanatına münasibətim mənfidir.
Macarıstanın mövqeyinə gəldikdə isə bu, gözlənilən idi. Macarıstan Azərbaycanın müttəfiqidir, biz Budapeştlə sıx əməkdaşlıq edirik. Bəzi ölkələr Aİ-də Fransanın və Almaniyanın diktaturasını yaratmağa çalışırlar. Bu çərçivədə bir ölkə digər ölkəyə hansısa bəyanatın qəbul olunması üçün təzyiq göstərməyə çalışır. Macarıstan çoxdandır ki, Aİ daxilində həm Brüsselin, həm də fərdi şəkildə bəzi ölkələrin bu diktaturasına qarşı çıxır.
Yeganə HACIYEVA,
politoloq
– Qeyd edim ki, Cozef Borrel, ümumilikdə, ötən ilin sentyabrından başlayaraq, birtərəfli şəkildə Ermənistanın mövqeyini müdafiə edir. Bunu da Borrelin aid olduğu fransız qrupunun fəaliyyəti, Fransanın təzyiqlərinin nəticəsi kimi qiymətləndirmək olar. Amma onun mövqeyi həm də beynəlxalq hüquqa ziddir. Aİ-nin ali nümayəndəsinin beynəlxalq hüquqa zidd çıxışlarını eşitmək Avropa nizamında daha ciddi narahatlıqların ola biləcəyinin anonsudur. BMT Baş katibi də bugünlərdə bildirdi ki, dünya təhlükəli mərhələyə qədəm qoyur. Bu mərhələdə mövcud üsul-idarələrin qanunların əleyhinə, maraqların lehinə fəaliyyəti dünyanın nizamının pozulması deməkdir. Bu mənada, Borrelin anti-Azərbaycan mövqeyini onun həm də beynəlxalq hüquqa zidd mövqeyi kimi dəyərləndirmək lazımdır.
Digər tərəfdən, Aİ-nin müəyyən rəsmi şəxsləri Macarıstanın hər zaman beynəlxalq hüquq nöqteyi-nəzərindən çıxış etməsinə görə, dəfələrlə Budapeştin veto hüququnun əlindən alınması təklifi ilə çıxış ediblər. Macarıstan bu cür mövqeyinə görə zaman-zaman təzyiqlərə məruz qalıb. Budapeşt bununla qeyd etdiyimiz kimi, ümumilikdə, beynəlxalq hüquqa uyğun mövqe nümayiş etdirmiş olub. Bu, həm də Budapeştin təhlükəsizliyə, Aİ-nin enerji təhlükəsizliyinə verdiyi töhfədir. Nəhayət, Macarıstan Azərbaycana dost və qardaş ölkədir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatında təmsil olunur. Bu baxımdan, Budapeştin mövqeyi tam təbii qarşılanmalıdır.
Səxavət HƏMİD