USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qərb mediasının antiterror tədbirlərinə qərəzli yanaşması


https://img.baki-baku.az/news/2023/09/photo_8459.jpg

Azərbaycanın Qarabağ regionunda 19 sentyabrda başlatdığı lokal xarakterli antiterror tədbirləri dünya KİV-lərinin diqqət mərkəzindədir. Qlobal ictimai rəyə təsir imkanları ilə seçilən BBC, CNN, “France 24”, “Reuters”, “The Guardian”, “The Washington Post”, “The New York Times”, “Bloomberg”, “Al-Jazira”, “The Wall Street Journal”, “Euronews TV”, “Deutsche Welle” , “TRT World” kimi nüfuzlu media qurumları son günlərdə xəbər başlıqlarını bu mövzuya həsr ediblər. 

Azərbaycan informasiya işini səmərəli qurub

Azərbaycanın rəsmi qurumları da informasiya işini modern tələblərə uyğun qurublar. Azərbaycan Müdafiə Nazirliyinin nəzdində yaradılmış İnformasiya Mərkəzi vasitəsilə yerli və xarici KİV-lərin informasiya təminatı çevik şəkildə ödənilir. Bu mərkəzin brifinqlərində müvafiq dövlət qurumlarının təmsilçiləri ilə jurnalistlərin canlı təmaslarının təşkil edilməsi ciddi nəticə verir. Azərbaycan Prezidenti İlham Əliyevin sosial media platformaları üzərindən paylaşdığı postlar, Prezidentin köməkçisi Hikmət Hacıyevin xarici KİV-lərə verdiyi müsahibələr, diplomatik korpusun nümayəndələri ilə keçirilən operativ görüşlər, Xarici İşlər Nazirliyinin intensiv şəkildə paylaşdığı bəyanatlar transmilli KİV-lərin istinad mənbəyinə çevrilir. 

Transmilli KİV-lərin əksəriyyəti mövzu üzərinə bir neçə dəfə dönüş ediblər. Məsələn, “The Washington Post” bir gün ərzində 2 analitik material dərc edib. “Dağlıq Qarabağ münaqişəsi nədir və Azərbaycanla Ermənistan onun üzərində niyə savaşırlar?”, həmçinin “Qafqazda daha bir müharibə başladı” başlığı ilə dərc edilmiş 2 məqalədə 19 sentyabr tədbirləri barədə informasiya verilir. O cümlədən, Qarabağ münaqişəsinin kökü təhlil edilir. Münaqişənin səbəblərinə aydınlıq gətirilməsinə cəhd olunur. BBC, CNN, “France 24” və digərləri də mövzuya gün ərzində bir neçə dəfə dönüş ediblər. Onların mövzuya yanaşmaları, baxış istiqamətləri də təəccüblü dərəcədə fərqlidir. 

“Reuters” 19 sentyabrda başladılan antiterror tədbirlərinə yer ayıran KİV-lər sırasında öz operativliyi ilə seçilib. Paylaşdığı ilk informasiyada Azərbaycan Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin açıqlamalarına istinad edib. Antiterror tədbirlərinin səbəbləri, hədəfləri və gedişatı barədə detallar “Reuters”in paylaşdığı xəbərdə öz əksini tapıb. 

Hiss olunur ki, “Reuters” də operativ görünmək üçün 19 sentyabrda mövzu üzrə əlinə düşən ilk xəbəri paylaşıb. Həmin xəbər isə AMN nəzdində yaradılmış İnformasiya Mərkəzinin yaydığı məlumatlardan ibarətdir. Təəssüf ki, “Reuter” öz bitərəfliyini sonadək qoruya bilməyib. Operativ görünmək tələbinə uyğun olaraq, ilk informasiyanı real arqumentlərə əsaslanaraq paylaşıb. Buna rəğmən, xislətindən də əl çəkməyib. Növbəti məqalədə “düzəlişlər” edib. 

“Azərbaycan hərbi qüvvələrinin ermənilərin nəzarətində olan Qarabağa zərbələr endirməsi Qafqazda müharibə riskini artırır” başlığı ilə təqdim etdiyi məqalədə erməni şəbəkəsinin yalanlarına da yer ayırıb. Antiterror tədbirlərin Qarabağdakı separatçı rejimi və qeyri-qanuni silahlı qüvvələri hədəf aldığını bilsələr də, bu məqamın üzərindən keçməyə çalışıblar. Separatçı qüvvələrin Ermənistan tərəfindən dəstəklənməsi və antiterror tədbirlərinin də məhz bu səbəbdən başladılması faktını arxa plana keçiriblər. Əvəzində, guya, mülki əhaliyə xəsarətlər yetirilməsi barədə Ermənistan tərəfinin verdiyi informasiyaları qabardıblar. 

“France 24” “dinc sakinlərlə” “separatçı rejim”i qarışıq salır

Eyni tendensiyanı “Deutsche Welle”, “France 24”, “Bloomberg”, “Euronews TV” də davam etdirib. Onlar da mövzu üzrə yaydıqları ilk informasiyalarını Azərbaycanın paylaşdığı məlumatlar əsasında qurublar. Amma sonrakı məqalələrində erməni şəbəkəsinin yalanlarına istinad edilib. Antiterror tədbirlərin mahiyyətini kontekstdən çıxarmağa çalışıblar. 

“Deutsche Welle” mövzu üzrə ilk informasiyasını “Azərbaycan Qarabağda “antiterror əməliyyatı” elan edib” başlığı ilə paylaşıb. O da Azərbaycan Müdafiə Nazirliyinin və Xarici İşlər Nazirliyinin məlumatlarına istinad edib. Amma elə həmin məqalənin başlığında “antiterror əməliyyatı” ifadəsini dırnaq arasına salmaqla, Azərbaycanın həyata keçirdiyi tədbirləri şübhə altına almağa çalışıb. Antiterror aktı məqalədə “müharibə elanı” kimi təqdim edilir. 

“Bloomberg” isə daha da irəli gedib. Qarabağda gerçəkləşdirilən antiterror tədbirləri nəticəsində mülki əhalinin zərər çəkməsi barədə qeyri-real xəbərlər paylaşıb. “Azərbaycan mübahisəli ərazidə ermənilərə qarşı yeni hücuma başlayıb” başlığı ilə paylaşdığı xəbərdə mülki əhalinin zərər çəkməsi iddiasını irəli sürüb. Amma iddiasını əsaslandırmaq üçün heç bir faktı təqdim edə bilməyib. Yeri gəlmişkən, bu iddia bəzi digər transmilli KİV-lərin səhifələrində də görünüb. Bəzi KİV-lər “7 nəfəri uşaq olmaqla, 32 nəfər mülki Qarabağ sakininin həlak olması” barədə xəbər yayıblar. Digərləri isə “2 uşaq olmaqla, 27 nəfər mülki şəxsin öldüyünü” yazır.

Belə nümunələrin sayını artırmaq da olar. Amma nəticə birdir. Görünən odur ki, Qərb ölkələrində yerləşən transmilli KİV-lərin mövzuya yanaşmaları əksər hallarda qərəzli və birtərəflidir. Bu baxımdan beynəlxalq KİV-lərin 19 sentyabrda başladılan antiterror əməliyyatlara yanaşmalarını 2 qrup üzrə təsnifatlaşdırmaq olar:

– hadisələrə informativ yanaşanlar, tədbirlər barədə obyektiv, qərəzsiz informasiya yayanlar;

– münaqişədə tərəf sərgiləyənlər, qeyri-obyektiv, qərəzli davrananlar. 

KİV-lər jurnalistika prinsiplərini pozublar

Müşahidələr göstərir ki, əksər transmilli KİV-lər öz fəaliyyətlərində jurnalistika prinsiplərinə deyil, ərazisində yerləşdikləri dövlətlərin siyasi maraqlarına söykənirlər. Fransa ərazisindəki transmilli KİV-lər bu baxımdan öndə gedir. “Euronews”un Fransa xidməti, “France 24” TV, “Le Fiqaro” qəzeti Makron hökumətinin ruporuna çevriliblər. Fransa prezidentinin Qarabağ mövzusuna yanaşmasında görünən qeyri-sabit, qərəzli münasibət eyni şəkildə qeyd edilən KİV-lərin fəaliyyətində də təzahür edir. 

Həmin KİV-lər Azərbaycanla bağlı prosesləri birtərəfli qaydada və qərəzli şəkildə yayımlayırlar. Sentyabrın 19-da 7 nəfər Azərbaycan vətəndaşının mina qurbanına çevrilməsi faktının üzərindən onlar sükutla keçirlər. Son 3 il müddətində Qarabağ regionunda 304 nəfərdən çox insanın mina təxribatlarına qurban getməsi faktına toxunmurlar. Bu təxribatların Ermənistana bağlı olan silahlı birləşmələr tərəfindən törədilməsi faktını gizlədirlər. Azərbaycanın suveren ərazisində yenidən separatçı rejim qurulmasına cəhd göstərilməsi barədə faktlara laqeyd yanaşırlar. 

Ümid edirik ki, Qərb mediası özü tərəfindən hazırlanmış prinsiplərə əməl etmək haqqında düşünəcək.

Müşfiq ƏLƏSGƏRLİ




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Siyasi təhlil