- Daxili siyasət
- 09:39 08.12.2023
Azərbaycan Ordusu hərb tariximizə daha bir şərəfli səhifə yazdı. Ordumuzun sentyabrın 19-da günorta saatlarında başlayan və bir sutkadan az davam edən lokal xarakterli antiterror tədbirlərini yüksək peşəkarlıqla yerinə yetirməsi belə deməyə əsas verir. Bu tədbirlər zamanı Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı.
Lokal xarakterli antiterror tədbirlərinin uğurlu olması Prezident İlham Əliyev tərəfindən də qiymətləndirildi. Dövlət başçımız sentyabrın 20-də xalqa müraciətində bu barədə dedi: “Qeyd etməliyəm ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir daha qeyd etdiyim kimi, qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır”.
Beləliklə, ordumuzun yüksək peşəkarlığına dostlarımız da, düşmənlərimiz də bir daha şahid oldular. Dostlarımız sevindilər, düşmənlərimiz kədərləndilər. Əminliklə demək olar ki, antiterror tədbirlərinin peşəkarlıqla həyata keçirilməsi nəticəsində ölkəmizin qarşısına qoyduğu strateji hədəflərə tam nail olundu. Qondarma separatçı rejimin bir sutka ərzində ağ bayraq qaldırması da, əslində, tədbirlərin uğurlu olmasının təsdiqidir.
Ümumiyyətlə, qondarma rejim, onu yaradan və 30 ildən artıq himayə edən Ermənistan Azərbaycan Ordusunun gücünü ilk dəfə hələ 2016-cı ilin Aprel döyüşləri zamanı görmüşdülər. Aprel döyüşləri bizim gələcək qələbələrimizin müjdəsi idi. Ondan iki il sonra – 2018-ci ilin mayında Günnüt əməliyyatı keçirildi. Bu əməliyyat Aprel döyüşlərindən sonra növbəti ən böyük uğurumuz oldu.
Həmin əməliyyat bir sıra yüksəkliklərin, ərazilərin azad olunması baxımından əhəmiyyətli idi. Belə ki, Azərbaycan Ordusu yeddi gün ərzində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya, Qaraqaya dağlarını azad etdi. Bundan başqa, Dərələyəz mahalının Arpa kəndinin bir sıra mühüm strateji ərazilərinə nəzarət sayəsində gələcək əməliyyatlara ciddi töhfə vermiş oldu. Qısa müddət ərzində 11 min hektar ərazinin azad olunması düşmənə ciddi mənəvi-psixoloji təsir göstərdi. Çünki Azərbaycan Ordusu bu ərazilərdən İrəvan-Yexeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə müvəffəq oldu. Məhz bu nəzarət 44 günlük Vətən müharibəsində düşmənin Naxçıvan Muxtar Respublikası istiqamətində təxribat törətməsinə imkan vermədi. Çünki düşmən fərqində idi ki, belə olacağı təqdirdə, tam şəkildə mühasirəyə düşəcək.
Ümumilikdə, həm Aprel döyüşləri, həm də Günnüt əməliyyatı Azərbaycan Ordusunun peşəkarlığını, döyüş əzmini göstərdi. İstər Aprel döyüşləri, istərsə də Günnüt əməliyyatı Vətən müharibəsindəki Zəfərimizə ciddi töhfə verdi.
2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi isə 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması ilə nəticələndi. Cəmi 44 gündən sonra Ermənistan ağ bayraq qaldıraraq təslimolma aktını imzaladı.
Bu il sentyabrın 19-da başlayıb 20-də bitən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycan özünün beynəlxalq birlik tərəfindən tanınan torpaqları üzərində hakimiyyətini tam bərqərar etdi.
***
Lokal miqyaslı antiterror tədbirlərinin hərbi planda uğuru ilə yanaşı, digər məqamları da qeyd etmək lazımdır. Burada da, ilk növbədə, yaşayış məntəqələrinə hərbi vasitələrlə – tanklarla, toplarla daxil olmamağımızı vurğulamaq olar. Nəticədə, dinc insanlar arasında itkilər olmadı. Həmçinin mülki obyektlər ziyan görmədi. Tədbirlər çərçivəsində yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınaraq siradan çıxarıldı. Kommunikasiyalar və yüksəkliklər nəzarətə götürüldü.
Bu antiterror tədbirləri mülki əhalinin, demək olar ki, zərər görməməsinə dair çox nadir nümunədir. Hətta BMT-nin bu sayaq tədbirlərində belə mülki insanlar arasında itkilər olur. Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən atəş vasitələrinin yaşayış yerlərinin yaxınlığında yerləşdirilməsini nəzərə alaraq, Azərbaycan Müdafiə Nazirliyi ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırış etdi. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərildi. Eyni zamanda, səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edildi və məlumat vərəqələri paylanıldı. Müdafiə Nazirliyinin açıqlamasında o da qeyd olundu ki, qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq. Əhalinin təhlükəli ərazidən təxliyyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələrinin yaradılması da görülən tədbirlər sırasında idi.
Eyni zamanda, Azərbaycan qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olundu. Onlara xətər yetirilmədi.
Beləliklə, Azərbaycan bu məsələdə də nümunə göstərdi. Bu isə yenə də bilavasitə Prezident İlham Əliyevin tapşırıqlarının icrasının nəticəsidir. Dövlət başçımız xalqa müraciətində bununla bağlı bildirib: “Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir”.
Beləliklə, Azərbaycan rəhbərliyi ölkəmizi müxtəlif məsələlərdə ittiham edənlərə heç bir bəhanə vermədi. Əlbəttə, bəzi dairələr lokal miqyaslı antiterror tədbirləri zamanı hansısa xoşagəlməz halların baş verməsini çox istəyərdilər. Onlar, məsələn, uşaqların, yaşlı insanların ölümü kimi hallardan çox “məharətlə” yararlanmağı bacarırlar. Azərbaycanın öz ərazisində lokal xarakterli antiterror tədbirlərini bir sutka ərzində yüksək peşəkarlıqla həyata keçirməsi xüsusilə BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı 21 sentyabr tarixli iclası ərəfəsində anti-azərbaycançı dairələrin xəbis niyyətlərini gözlərində qoymuş oldu.
Zaur MƏMMƏDOV,
Bakı Politoloqlar Klubunun sədri
– Azərbaycanın bir sutka ərzində böyük hədəflərə nail olmasının şahidi olduq. Bu, Ali Baş Komandan, Prezident İlham Əliyevin uzaqgörənliyinin və Azərbaycan Ordusunun yüksək peşəkarlığının nəticəsidir. Daha öncə razılığa gəlmək istəməyən, Azərbaycanın sosial-iqtisadi, hüquqi sisteminə reinteqrasiya etməkdən yayınan, qanunsuz hərbi birləşmələrin bölgədən çıxarılmayacağını bildirən, onu “müdafiə ordusu” adlandıran separatçı xunta rejimi “dəmir yumruğ”un gücünü bir daha gördü. Nəticədə, müqavimət göstərməyin mənası olduğunu başa düşərək təslim oldular, ağ bayraq qaldırdılar.
Bu, günümüzün reallığıdır. Bu reallığı ərsəyə gətirmək asan olmadı. Ermənistan öz yaxın müttəfiqləri ilə birgə ölkəmizə qarşı çirkin planlar hazırlayırdı. Ayrı-ayrı beynəlxalq və regional oyunçuların bölgə ilə bağlı planları var idi. Lakin rəsmi Bakı apardığı müdrik siyasətlə bütün bu planları alt-üst etdi və sübut elədi ki, Azərbaycanla hesablaşmaq lazımdır. Azərbaycan suverenlik, ərazi bütövlüyü məsələsində heç kəsə güzəştə getmək fikrində deyil.
Azərbaycan Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaşlarını qoruyacaq, onların konstitusion hüquqlarını bərpa edəcək və separatçı xunta rejiminin girovluğundan qurtaracaq. Bu, eyni zamanda, Qarabağ ermənilərinin yeni həyata başlaması üçün bir şansdır. Azərbaycan lokal antiterror tədbirləri nəticəsində stateji hədəflərə nail oldu, öz əraziləri üzərində suverenliyini tam bərqərar etdi.
Məsələ Azərbaycanın tamamilə daxili işidir və heç bir kənar qüvvə bu kövrək sülh prosesinə müdaxilə etməməlidir, qərəzli bəyanatlardan çəkinməlidir. İftira və böhtanların da bir həddi olmalıdır. Onlar bu addımlardan çəkinməlidirlər ki, Azərbaycanın müvafiq qurumları mülki əhali ilə birgə gələcək quruculuq işlərini planlaşdırıb həyata keçirə bilsin. Zənnimcə, Cənubi Qafqazda sülh istəyən, o cümlədən özünü ermənilərin yaxşı yaşamasının tərəfdarı kimi təqdim etməyə çalışanlar da baş verənlərdən nəticə çıxarmalıdırlar.
H.SƏXAVƏT