- Daxili siyasət
- 09:39 08.12.2023
Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa 20 sentyabr 2023-cü il tarixli müraciətində bildirdikləri onu deməyə əsas verir ki, torpaqlarımızda otuz ildən artıq müddətdə mövcud olan erməni separatizminin kökü kəsildi.
Həqiqətən, bu, çox böyük hadisədir. Qətiyyətlə söyləyə bilərik ki, biz bir toplum olaraq qürurverici, fəxarət dolu olaya şahidlik etdik. Əlbəttə, olayın müstəsnalığının ən mükəmməl ifadəçisi elə dövlətimizin başçısının özüdür. Onun müraciətindəki hər fikir Azərbaycan xalqı üçün tarixi əhəmiyyət kəsb edən hadisənin miqyasını Cənubi Qafqaz, bütövlükdə isə, dünya müstəvisinə daşıyır. İlham Əliyev böyüklüyü də elə budur.
***
Azərbaycan Prezidenti, ilk növbədə, lokal xarakterli antiterror tədbirlərini zəruri edən məqamlardan söz açır. Mövcud istiqamətdə mükəmməl xronoloji təsvirə üstünlük verir. Ermənistan və Qarabağdakı separatçı rejimin 19 sentyabr tarixinin yaşanmasını doğuran “fəaliyyətinin” ayrı-ayrı məqamlarını vurğulayır. Dövlətimizin başçısı diqqəti mina terroruna yönəldir. O terrora ki, 2020-ci ildən bu yana xeyli sayda can alıb. “Bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır. Yəni, bu, bir daha onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün bu minalar gətirilmişdir”.
Nəinki qorxunc kabusa çevrilmiş mina terroruna, ümumən, 44 günlük müharibədən sonra reallaşdırılmış çoxsaylı təxribat əməllərinə, atəşkəsin pozulması hallarına və digər neqativ məqamlara görə cavab verilməli idi və verildi də. Dövlətimizin başçısının vurğuladığı kimi, qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onun istənilən oyunbazlığı layiqli cavabını alacaq.
Ancaq bu cavabın özündə də humanizm və ədalət prinsipləri gözlənildi. Qarabağda yaşayan erməni sakinlər zərbə altına düşmədi, onların həyatları üçün təhlükə yaradan amillər ciddi şəkildə nəzərə alındı. Əslində, peşəkarlıq elə budur. Ona görə cənab Ali Baş Komandan lokal xarakterli antiterror tədbirlərini həyata keçirən hərbçilərimizin əməyinə böyük dəyər verir. Bu dəyər müstəsna qədirbilənlik nümunəsidir: “Bir daha demək istəyirəm ki, ordumuzun, bütün Silahlı Qüvvələrimizin peşəkarlığı, texniki imkanları bizə bu vəzifəni şərəflə yerinə yetirməyə şərait yaratmışdır və bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərmişdir”.
Azərbaycan Prezidenti müraciətində lokal xarakterli antiterror tədbirləri zamanı həlak olmuş Vətən övladlarının xatirəsini də yüksək qədirbilənliklə yad edir. Bu məqamın üzərində dayanmağa ehtiyac var. Çünki dövlətimizin başçısının bütün fikirləri reallıqla ciddi fiksasiya təbiətinə malikdir. Lokal xarakterli antiterror tədbirlərinədək mövcud olan bir reallığa da diqqət çəkərək bildirək ki, Vətən uğrunda canını fəda etmiş şəxslər torpaqlarımızın azadlığı naminə şəhid olmuşlar. Cənab İlham Əliyev müraciətində bu barədə demişdir: “Allah bütün şəhidlərimizə rəhmət eləsin! Yaralı əsgər, zabitlərimiz olub. Allah onlara şəfa versin! Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır”.
***
Bəli, lokal xarakterli antiterror tədbirlərinin başlıca hədəfi suverenliyimizin tam bərpası idi. Nəzərə alaq ki, əvvəldə haqqında söz açdığımız mina terroru da məhz bunun nəticəsi idi. Artıq Xankəndili, Ağdərəli, Əsgəranlı, Xocalılı, Xocavəndli Azərbaycanda yaşayırıq. Uca Tanrı bu xoşbəxt günü bizə nəsib edib. Bu xoşbəxt günə Prezident İlham Əliyevin qətiyyəti və prinsipiallığı ilə çatdıq. Mövcud səbəbdəndir ki, dövlət başçımız xalqa müraciətində ölkəmizin lokal xarakterli antiterror tədbirləri ilə bağlı qətiyyətli mövqeyini bir daha ortaya qoyur. Axı, Azərbaycan ictimaiyyəti 23 saat 43 dəqiqə ərzində Ermənistanın və xaricdəki havadarlarının ölkəmiz əleyhinə yağdırdıqları hədyan dolu fikirlərə sinə gərdi. Daha doğrusu, onların anti-Azərbaycan baxışlarına bir daha şahidlik etdi. Onu da nəzərə alaq ki, onların 44 günlük Vətən müharibəsi dönəmindəki həyasızlıqları yaddan çıxmayıb. Amma necə ki, o vaxt bütün cəhdləri faydasız olmuşdu, yenə eyni aqibətlə üzləşdilər.
O da məlumdur ki, ermənipərəstlər dünya güclərini Azərbaycana qarşı qaldırmaq yolu tuturlar. Hərəkətləri ilə onların baxışlarına təsir göstərməyə çalışırlar. Ümumən, dünya erməniliyi bu “ampluada” xeyli təşkilatlanmış struktura malikdir. Müxtəlif ölkələrin liderlərinin Azərbaycan Prezidentinə telefon zənglərini də, saxta sülh çağırışlarını da müəyyən mənada həmin “ampluadan” irəli gələn “fəaliyyətin” nəticəsi kimi qiymətləndirmək mümkündür. Bütün bunların qarşısında duruş gətirmək isə adi məsələ deyil. Cənab İlham Əliyev xalqımız üçün həm də bu duruşun, dirənişin rəmzidir. Ona görə də onun xalqa müraciətindəki aşağıdakı fikirlərlə, sözün əsl mənasında, öyünməyə dəyər: “Bizim şərtlərimizi isə mən dünən mənə zəng etmiş Amerika Birləşmiş Ştatlarının Dövlət katibinə çatdırmışdım. Məndən soruşuldu ki, antiterror tədbirlərini dayandırmaq üçün nə lazımdır? Mən dedim ki, Ermənistan ordusunun bizim ərazimizdə qanunsuz məskunlaşmış birləşmələri silahları yerə qoymalı, tərk-silah olunmalı, bizim ərazimizdən tamamilə çıxarılmalıdır və eyni zamanda, bütün silahları və texnikaları təhvil verməlidirlər. Ancaq o təqdirdə Azərbaycan antiterror tədbirlərini dayandıra bilər. Əks-təqdirdə sona qədər gedəcəyik və düşmən bizim gücümüzü də, qətiyyətimizi də yaxşı bilir”.
Bəli, hərbçilərimizin Ali Baş Komandanın cəsarətindən, prinsipiallıq və qətiyyətindən nəşət alan qəhrəmanlığı və rəşadətini görən, sona qədər gedəcəyimizi bilən separatçılar təslim olmaq məcburiyyətində qaldılar. Onlar Ermənistanın bayrağına bənzər əski parçalarını ağ bayrağa dəyişməkdən başqa çıxış yollarının qalmadığına əmin oldular. Əmin oldular və ölkəmizin şərtlərini qəbul etməyə, tərksilaha, bölgəni tərk etməyə razılaşdılar. Ən əsası isə Yevlaxa ölkəmizin nümayəndələri ilə görüşə gəlmək niyyətlərini açıqladılar. Halbuki, indiyədək bundan boyun qaçırırdılar. Necə deyərlər, özlərini qaldırıb dağın başına qoyurdular. Azərbaycan Prezidentinin xəbərdarlıqlarından nəticə çıxarmırdılar.
Xəbərdarlıqdan söz düşmüşkən, dövlətimizin başçısı sonuncu xəbərdarlığını bu il mayın 28-də Laçın sakinləri ilə görüşündə kifayət qədər açıq və sərt tərzdə ifadə etmişdi: "Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz saxta “dövlət atributları”nı zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq. Guya, orada “parlament” fəaliyyət göstərir, guya, orada prezident var, guya, nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalıdır, özünü “prezident” adlandıran ünsür təslim olmalıdır, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər”.
***
Bəli, Ermənistan rəhbərliyi, separatçı rejim xəbərdarlıqları heçə sayırdı. Ümumən, onlar illərlə edilmiş xəbərdarlıqlardan, çağırışlardan nəticə çıxarmırdılar. Baxın, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyi gerçəkləşdi, əvvəlki xuntanın yerini özlərini demokrat kimi qələmə verən şəxslər tutdu. Amma gördük ki, mənfur kurs dəyişmədi. Əksinə, daha da azğınlaşma getdi. “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı eşidildi, Cəbrayıla yol çəkmək istənildi, müqəddəs Şuşamızda, Cıdır düzündə “yall” getdilər. Bir sözlə, “torpağı tutmuşuq, bizimdir. Vəssalam!” ritorikası kimi sərsəmlik ortaya atıldı. Bu sərsəmliyə ən son nöqtə sentyabrın 20-də qoyuldu. Bu yerdə Azərbaycan Prezidenti çox haqlı olaraq soruşur: “Bu vəziyyətə gətirib çıxarmaq kimə xeyir gətirdi?”
Əlbəttə, xeyir gətirmədi və bu barədə Ermənistan rəhbərliyi, ümumən erməni cəmiyyəti düşünməlidir. Ölkənin tipik erməni xəstəliyinə yoluxmuş ziyalı industriyası indiyədək düşünməyib, heç olmasa, bundan sonra düz yola gəlməyin vacibliyini anlamalıdır. Düşmənçilik, ədavət səhifəsini bağlamaq, qeyri-insani təsəvvürlərdən, xam xəyallardan uzaq durmaq üçün özündə cəsarət tapmalıdır. Bütövlükdə, ermənilər anlamalıdırlar ki, azərbaycanlılardan, türklərdən düşmən obrazı uydurmaları və həmin obraza qarşı mübarizə zəminində böyümək istəmələri avantürizmdən başqa bir şey deyil. Yəni, belə böyümək, güclənmək olmur. Başqalarının torpağına göz dikmək yolverilməzdir, qonşularla doğru-düzgün keçinmək şərtdir.
***
Tarix ibrətdir, – deyirlər. Bir vaxtlar azərbaycanlıları Yevlaxa qədər qovmaqdan danışırdılar. Dünən Yevlaxa dialoq üçün gəldilər. Bu durum heç bir millət üçün arzuolunan hal deyil. Digər tərəfdən, antiterror tədbirləri başlananda Ermənistan baş naziri Nikol Paşinyan bəyan etdi ki, ölkəsi münaqişəyə girməyəcək. Əlbəttə, o, siyasi baxımdan doğru qərar verdi.
Fikrimiz heç də bu məqamları qabardıb Ermənistanı, yaxud erməni xalqını alçaltmaq deyil. Erməni millətçiliyinin qəddar, qaniçən simasını canlandırmaq niyyətindən də uzağıq. Buna heç ehtiyac da yoxdur. Sadəcə, sərt reallıqlar var. Sözümüz və istəyimiz ondadır ki, həmin reallıqlar düşünülsün. Axı, düşünülməsi bizə də sərfəlidir.
Halbuki, tam fərqli durum ola bilərdi. Bölgəmiz “Qafqazın Benilüksü”nə çevrilmək şanslarını təxirə salmazdı. Ona görə Azərbaycan Prezidenti bildirir: “Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil – Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar”.
Bəli, bu gün bütün olanlara baxmayaraq, Prezident İlham Əliyev böyüklük göstərərək bir daha Ermənistana, Qarabağ ermənilərinə əlini uzadır. Onları “Qafqaz evi” ideyası ətrafında sıx birləşməyə çağırır. Bu, müstəsna nəciblik, humanizm nümunəsidir. Bu, yaşadığımız coğrafiyanı inkişafa daşımaq əzminin göstəricisidir. Azərbaycanın lideri təklif edir ki, Cənubi Qafqaz müharibələrsiz, münaqişələrsiz məkan olsun. Bu məkanda yaşayanlar özlərində mənfi təmayüllərə - ekstremizmə, millətçiliyə, şovinizmə qarşı immunitet, müqavimət hissi formalaşdırsınlar, xarici faktorlar üçün siyasi alətə çevrilməsinlər.
Dövlətimizin başçısı xalqa müraciətində gələcək inkişaf üçün təminatlar da verir. Sözü imzası qədər dəyərli olan cənab İlham Əliyev Qarabağ ermənilərini bu təminatın əməli iş müstəvisinə şahidliyə, durumdan faydalanmağa çağıracaq qədər böyük liderdir. “Biz müxtəlif sosial proqramlar icra etməyə hazırıq. Biz bütün Qarabağı və Şərqi Zəngəzuru yenidən qururuq, görün, nə qədər böyük işlər görürük, cəmi iki il ərzində. O bölgədə bəlkə də 30 il ərzində heç 1 faiz də iş görülməyib – elektrik stansiyaları, körpülər, tunellər, su anbarları, yaşayış binaları, kəndlər, şəhərlər qurulur. Cəmi iki il ərzində. Heç bir yardım almadan, özümüz. İkinci Qarabağ müharibəsi başa çatanda mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik və çeviririk, hər gələn insan onu görür. Eyni şəraiti biz Xankəndidə, Ağdərədə, Xocavənddə, kəndlərdə yaradacağıq, Əsgəranda yaradacağıq. Bu, bizim əlimizdədir. Ona görə bizim təklifimiz budur və bu gün dönüş nöqtəsi idi”, - deyən ölkəmizin rəhbəri bu dönüş nöqtəsinin Azərbaycan-Ermənistan sülh prosesinə müsbət təsir göstərəcəyinə ümidvar olduğunu açıqlayır.
Ermənistan Azərbaycana münasibətdə konstruktiv davranmalı, yola getməyi bacarmalıdır. Birincisi, Prezident İlham Əliyev bu prosesin müsbət tərəflərindən, dividendlərindən söz açır, ikincisi isə Azərbaycan hər ötən gün daha da qüdrətli olur. Ermənistan və havadarları anlamalıdırlar ki, nə qədər güclənsələr də, ən azı təbii potensial, insan resursları baxımından, ölkəmizdən həmişə geri qalacaqlar. Yəni, gücü şərtləndirən sadə amillər belə hər zaman bizim tərəfimizdədir. Güc isə özü ilə hesablaşılmasını qaçılmaza çevirən faktordur. Elə dövlətimizin başçısının vurğuladığı da məhz budur: “Ancaq bununla bərabər, onu da bildirməliyəm ki, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt, heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”
***
Sonda ümumiləşdirmə apararaq belə nəticəyə gəlmək mümkündür ki, Prezident İlham Əliyevin Azərbaycan xalqına 20 sentyabr 2023-cü il tarixli müraciəti həm də erməni xalqına ünvanlanmış, kifayət qədər, əhatəli məzmuna malik manifest idi. Çünki müraciət onlara çağırış ruhludur. Yazımızı nikbin notlarla bitirmək üçün dövlətimizin başçısının müdrik düşüncələri ilə məsələyə yenidən qayıdaq və fikrimizi tamamlayaq: “Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq! Biz bunu tələb edirik və bir daha demək istəyirəm, Ermənistan dövlətinin dünən və bu gün sərgilədiyi mövqe ümidlər verir. Ümidlər verir ki, o gün uzaqda deyil - Azərbaycan və Ermənistan öz aralarında olan məsələləri tənzimləyəcək, sülh müqaviləsi imzalayacaq və Cənubi Qafqaz ölkələri üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqlar”.
Əvəz CAHANGİROĞLU