- Daxili siyasət
- 09:10 26.09.2023
Dünyadakı erməni lobbi-diaspor təşkilatlarının və havadarlıq edən ayrı-ayrı şəxslərin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına imkan verməmək istiqamətində fəaliyyəti davam edir. Onlar Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının, bütövlükdə, iki ölkənin və xalqın yaxınlaşmasının qarşısını almaqla burada öz maraqlarını təmin etməyə çalışırlar. Belələrindən biri ABŞ Senatının (Konqresin yuxarı palatası) son dərəcə anti-Azərbaycan və anti-türk mövqeyi ilə seçilən Demokrat Partiyasından olan senatoru Robert Menendezdir.
Sentyabrın 14-də onun təşəbbüsü ilə Senatın Xarici əlaqələr komitəsində “Qarabağdakı böhranın qiymətləndirilməsi” mövzusunda dinləmələr keçirilib. Dinləmələrdə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim də iştirak edib.
Qeyd edək ki, bu, ABŞ Konqresində ay ərzində Qarabağla bağlı keçirilən sayca ikinci dinləmədir. Bundan əvvəl sentyabrın 6-da ABŞ Konqresinin Nümayəndələr Palatasının Tom Lantos adına İnsan Hüquqları Komissiyasında Qarabağın “blokadası” məsələsi ilə bağlı dinləmələr keçirilmişdi. Dinləmələrdə Beynəlxalq Cinayət Məhkəməsinin 2003–2012-ci illərdə prokuroru olmuş bədnam Luis Moreno Okampo da iştirak edərək, Qarabağdakı “böhranlı vəziyyətlə” bağlı ekspert rəyini təqdim etmişdi. Həmçinin Corctaun Universitetinin professoru Devid Fillipsin də çıxışı dinlənilmişdi. Hər ikisi ermənipərəst olan bu şəxslər xislətlərinə uyğun olaraq, Azərbaycan əleyhinə danışmışdılar.
İndi isə “növbə” R.Menendezindir. Konqresin ən yaşlı üzvü olan Menendez Nyu-Cersi ştatından senator olmaqla 2021-ci ildən strateji önəm daşıyan Senatın Xarici əlaqələr komitəsinə rəhbərlik edir. Yeri gəlmişkən, qeyd edək ki, o, bundan öncə də (2013-2015-ci ilərdə) sözügedən komitəyə rəhbərlik edib. Budəfəki dinləmələrin təşəbbüskarı da başabəla senatordur.
Menendez hər zaman erməni lobbisinin maraqlarına uyğun hərəkət edib və 1995-ci ildən ABŞ Konqresinin erməni məsələləri qrupunun üzvüdür. O, ABŞ-ın Azərbaycana helikopter satışına icazə verən qətnaməni, eləcə də Metyu Brayzanın Amerikanın ölkəmizə səfiri vəzifəsinə təyin olunmasını bloklayıb. Bundan əlavə, o, ABŞ-ın Azərbaycana hərbi yardım göstərməsinin və Türkiyəyə F-16 qırıcılarının, habelə onun komponentlərinin satışının qarşısını alıb.
Menendez bir ay əvvəl Kaliforniyadan olan senator Aleks Padilla ilə birlikdə BMT Təhlükəsizlik Şurasından Azərbaycanı “Qarabağın blokadasını” dərhal aradan qaldırmağa məcbur edən qətnamə qəbul etməyi tələb etmişdi. Ermənipərəst təbliğatçıların səyləri gözlənilən nəticəni verməsə də, onlar “blokada” və “humanitar fəlakət” barədə aşkar yalanlar yaymağa çalışırlar.
***
Onu da qeyd edək ki, Menendez ermənilərə göstərdiyi bu xidmətlərin qarşılığını artıqlaması ilə alıb. Onun erməni lobbiçisi kimi hayların ABŞ-dakı diaspor təşkilatlarından pul aldığı heç kəsdə şübhə doğurmur. Bundan əlavə, R.Menendes 2022-ci ilin mayında Ermənistanın “Dostluq” ordeninə layiq görülüb.
Ümumiyyətlə, Menendezin adı dəfələrlə müxtəlif çirkli əməllərdə hallanıb. Ötən ilin noyabrında ABŞ-ın nüfuzlu “The Wall Street Journal” qəzeti federal prokurorların R.Menendezin həyat yoldaşı, erməni əsilli Nadine Arslanyanın müəyyən şəxslərdən rüşvət kimi hədiyyələr qəbul etməsini araşdırdığını yazmışdı. Qeyd olunmuşdu ki, Nyu-Yorkun Cənub Dairəsi prokurorluğu Menendezin 2020-ci ildə evləndiyi N.Arslanyanın şəriklərini məhkəməyə çağırıb. Onların dediyinə görə, çağırış zamanı həm Arslanyan, həm də Menendez haqqında məlumat istənilib. Qəzet bildirirdi ki, bu cinayət işi Menendezə qarşı 2015-ci ildə qaldırılan və məhkəmə prosesi ilə nəticələnən ictimai korrupsiya işindən ayrıdır.
Bundan əlavə, 2019-cu ilin sonlarında federal müstəntiqlər Nyu-Cersidə yerləşən “IS EG Halal” şirkətinin təsisçisi Vael Xananın evində və ofisində axtarış aparmaq üçün order alıblar. Vael Xana N.Arslanyanın ortağıdır. Onun şirkəti isə Misirə ixrac üçün halal ətin sertifikatlaşdırılmasına icazə verilən yeganə müəssisə kimi tanınır. ABŞ hökuməti tərəfindən müsadirə edilmiş əmlakının geri qaytarılmasını istəyən Xananın vəkili Lourens Lustberqin 2020-ci ildə təqdim etdiyi məhkəmə sənədlərinə görə, prokurorlar Birləşmiş Ştatlarda açıqlanmayan mümkün xarici lobbiçilik və federal qanunun digər potensial pozuntusu hallarını araşdırıblar.
Prokurorlar, həmçinin Arslanyanın çoxdankı dostu və Xananın maraqlarını təmsil edən Nyu-Cersilidən olan vəkil Andranik Aslanyanı da məhkəməyə çağırıblar. Aslanyan deyib ki, prokurorlar senatorun arvadı ilə münasibətini soruşduqda o, qadını 25 ildir tanıdığını və hər ikisinin erməni olduğunu bildirib. Eyni zamanda, vəkil bildirmişdi ki, prokurorların ondan nə istədikləri barədə heç bir fikri yoxdur.
Menendez və Arslanyan Nyu-Cersi ştatının Enqlevud Kliffs şəhərində yaşayırlar. Ermənipərəst senatorun arvadı haqqında onun Nyu-York Universitetində oxuduğu və beynəlxalq siyasət üzrə təhsil aldığı məlumdur. Arslanyan 2019-cu ildə Nyu-Cersidə yaradılmış “Strategic International Business Consultants LLC” şirkətinin prezidentidir. O, həmçinin Nyu-Cersidə əczaçılıq şirkəti olan “Fusion Diagnostics Laboratories”də çalışıb. Şirkətin icraçı direktoru Moataz Abdallahın sözlərinə görə, Arslanyan bir müddət satış və marketinq departamentində işləyib.
Menendezə qarşı 2015-ci ildə qaldırılmış ictimai korrupsiya işində isə federal prokurorlar Florida ştatından olan oftalmoloq Salomon Melgenə müəyyən köməklik etmək müqabilində ondan şəxsi təyyarədə uçuşlar və məzuniyyət pulu da daxil olmaqla, ümumilikdə, 1 milyon dollar aldığını iddia ediblər. Buradan o nəticə çıxır ki, senator Menendez uzun illərdir ABŞ-da ermənilərə lobbiçiliyi də maddi maraq müqabilində edir. Onun hazırkı canfəşanlığı da maraqlarının keşiyində durduğu haylardan daha çox pul qoparmaq məqsədi daşıyır. Böyük pullar qazanmaq hesabına Azərbaycanı ləkələmək isə onun heç bir mənəvi dəyər tanımadığından xəbər verir.
Onu da qeyd edək ki, R.Menendezin qərəzli mövqeyi ölkəmizdə dəfələrlə tənqid olunub. Senatın Xarici əlaqələr komitəsinin sədrinə sonuncu dəfə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev cavab verib. Hikmət Hacıyev ermənipərəst senatorun lobbiçiliyinin Konqresin qlobal reputasiyasına xələl gətirdiyini bildirib. Bununla bağlı “X” platformasında (“Twitter”) etdiyi paylaşımda cənab Hacıyev yazıb: “Konqresmen Menendez ciddi korrupsiya iddialarına cavab vermək əvəzinə Senatın Xarici əlaqələr komitəsinə yalan məlumat verir və saxta şəkillərlə böhtan atır. Şəkildə təqdim olunan şəxs xərçəng xəstəliyindən dünyasını dəyişib. Ermənilər özləri də tibbi sübutlar təqdim etdikdən sonra bu çılpaq yalandan istifadə etdikləri üçün utanırlar. Bu cür lobbiçilik, “pul danışır” yanaşması, azərbaycanlılara və başqalarına qarşı açıq-aşkar yalan və irqçi nifrət ABŞ Konqresinin imicinə və qlobal reputasiyasına xələl gətirir”.
Eyni zamanda, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Senatın Xarici Əlaqələr Komitəsinə açıq məktub ünvanlayıb. Məktubda dinləmələrin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsi ilə bağlı keçirildiyi vurğulanır. Qeyd olunur ki, dinləmənin təşkili bizi heç də təəccübləndirməyib. Çünki bu, ABŞ Konqresindəki müəyyən dairələrin uzun müddətdən bəri ölkəmizə qarşı dəstəklədiyi bədnam qərəz, ayrı-seçkilik və manipulyasiyanın növbəti təzahürüdür.
Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk gündən etibarən radikal erməni qruplaşmaları və Birləşmiş Ştatlar Konqresində onlarla əlbir olan qüvvələr respublikamıza qarşı təcavüzü təşviq edən, radikalları cəzasız olaraq insan iztirablarına səbəb olan ağır cinayətlər törətməyə təhrik edən fəaliyyət yolu seçiblər. Nəticədə Ermənistan 250 min azərbaycanlını bugünkü Ermənistan ərazisindəki doğma torpaqlarından zorla didərgin salıb, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini 30 il işğal altında saxlayıb, müxtəlif etnik və dini mənşəyə mənsub olan 700 mindən çox azərbaycanlını etnik təmizləməyə məruz qoyub.
Bildirilib ki, dinləmənin təşkili regionda qeyri-sabitlik və münaqişənin alovlanmasına xidmət edir. “Əsas məsələ budur ki, son 30 ildə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı Ermənistanın təcavüz siyasətinin dəstəklənməsi və himayə edilməsi ABŞ-a fayda verməyib, daha çox Azərbaycanın aparıcı rol oynadığı strateji əhəmiyyətli regionda Vaşinqtonun strateji maraqlarına və mövcudluğuna xələl gətirib. Göstərilən bütün cəhdlərə baxmayaraq, Azərbaycan öz suverenliyinin pozulmasına yönələn hərəkətlərin qarşısını alacaq, dönmədən sülhə, normallaşmaya və öz Konstitusiyası çərçivəsində erməni əsilli vətəndaşlarının reinteqrasiyasına nail olacaqdır”, – deyə məktubda qeyd olunub.
Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri:
– Aydındır ki, Robert Menendez Azərbaycana qarşı fəaliyyəti ilə digərlərindən fərqlənir. Bu, onun təşəbbüsü ilə keçirilən ilk dinləmələr deyil. Yəqin ki, sonuncu da olmayacaq. Hazırda bu kontekstdə Azərbaycana böyük təzyiqlər var. Menendez də ənənəvi olaraq, öz fəaliyyətindədir.
Senatın Xarici əlaqələr komitəsindəki müzakirələrə Azərbaycandan da mütəxəssis və ya nümayəndə dəvət olunmalı idi. Belə olan təqdirdə hər iki tərəfin mövqeyi eşidilər və müzakirələr balanslı olardı. Əgər bu baş vermirsə, deməli, müzakirələr qərəzlidir və şou xarakteri daşıyır. Odur ki, bu dinləmələrə böyük əhəmiyyət vermək də istəməzdim.
Səxavət HƏMİD