- Daxili siyasət
- 09:13 26.09.2023
Avropa Şurası Parlament Assambleyasının Hüquqi məsələlər və insan hüquqları komitəsinin Parisdə keçirilən iclasında Azərbaycanın Qarabağ iqtisadi rayonu ilə bağlı müzakirələr aparılıb. İclasda AŞPA Bürosu ilə əlaqə saxlamaq qərara alınıb. Qərarda AŞPA-nın oktyabr ayında keçiriləcək payız sessiyasında Qarabağdakı humanitar problemlərin (?) təcili müzakirəsini təşkil etmək öz əksini tapıb. Bundan əlavə, Avropa Şurasına üzv dövlətlər tərəfindən öhdəliklərin yerinə yetirilməsinə nəzarət edən monitorinq, həmçinin miqrasiya, qaçqınların və köçkünlərin işləri üzrə komitələrin Qarabağdakı vəziyyətlə bağlı birgə dinləmələrinin təşkili də nəzərdə tutulub.
Qeyd edək ki, ermənilər hazırda bütün beynəlxalq təşkilatlardan, platformalardan Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Onlar bəzi hallarda özlərinin əsassız iddialarını bu təşkilatların gündəliyinə daxil etməyə nail olurlar. İndi AŞPA ilə bağlı baş verənlər də bunlardan biridir. AŞPA-da, Avropa Parlamentində həm maddi maraq müqabilində, həm də xristian həmrəyliyindən çıxış edərək ermənilərə lobbiçilik edən çoxlu deputat var. Erməni lobbisi hazırda satın aldığı bu cür şəxsləri hərəkətə gətirməyə çalışır. Onlar da müxtəlif tədbirlərdə çıxış etməklə, sosial media hesablarında paylaşımları ilə haylara olan, necə deyərlər, borclarını ödəməyə çalışırlar. Ancaq bu zaman pul onların gözlərini elə tutur ki, az qala müzakirələrin aparılmasının nə dərəcədə doğru olub-olmadığını unudurlar.
AŞPA-da təmsil olunan deputatlar nəzərə almalıdırlar ki, söhbət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir hissəsindən gedir. Bu ərazilərin Azərbaycana məxsus olduğunu bütün dünya, elə Ermənistanın baş naziri də tanıyır. Qarabağla bağlı baş verən hər şey Azərbaycanın daxili işidir. Təbii ki, Qarabağdakı erməniləri, necə deyərlər, heç kim asıb-kəsmir, iftiraların əksinə olaraq “etnik təmizləməyə”yə məruz qoymur. Əksinə, Azərbaycan Qırmızı Aypara Cəmiyyəti “humanitar böhran”a məruz qalanlara yardım üçün iki yük maşını göndərib. Rəsmi Bakı Rusiya Qızıl Xaç Cəmiyyətinin yardım daşıyan maşınının ölkə ərazisindən keçidini təmin edib. Ancaq ermənilər yenə də inad edərək, Azərbaycandan gedən yardımı qəbul etmək istəmirlər. Təbii ki, bu da onların şəxsi seçimidir. Ümumiyyətlə, ermənilər Qarabağda yaşayıb-yaşamamaq məsələsində sərbəstdirlər. Heç kim onların Ermənistana, oradan da dünyanın istənilən ölkəsinə gedişini qadağan etmir. Ancaq Qarabağda yaşayacaq haylar Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər. Dünyanın bütün ölkələri ərazi bütövlüyü, separatçılıq məsələsində olduqca həssasdırlar. Elə AŞPA-da müzakirələr aparan deputatlar da ölkələrində bu cür təzahürlər baş verərsə, ona dözümsüz olacaqlar. Görünür ki, avropalı parlamentarilər də bir sıra qərəzli ermənipərəst şəxskər kimi, “yaxşı və pis separatçı” məntiqindən çıxış edirlər. Ancaq onların qərar çıxarması, hansısa çağırışlar etməsi haqlı Azərbaycan dövlətinin iradəsini sarsıda bilməz. Azərbaycan öz ərazi bütövlüyünü tam bərqərar etməkdə və etnik separatizm ocağını tamamilə söndürməkdə qərarlıdır. Bunu AŞPA deputatlarının da anlaması lazımdır.
Yeganə HACIYEVA,
politoloq
– Qarabağ münaqişəsinin mövcud olduğu 30 ilə yaxın müddətdə Avropa Şurasının atdığı addımlar reallığa və regional təhlükəsizliyin prioritetlərinə uyğun deyildi. Hərçənd ki, şuranın təhlükəsizlik strategiyası təhlükəsiz Avropa qurmaq naminə əməkdaşlıq etmək üzərində qurulub. Reallıqda isə həmin strategiyanın tətbiqi üçün AŞPA-nın qəbul etdiyi qərarlar yanlışdır. AŞPA-nın siyasi qərarları, sənədləri obyektiv və təhlükəsizliyə təhdidlərlə bağlı düzgün qiymətləndirmə aparılmadan qəbul olunur. Xüsusilə, böhran və münaqişəli zamanlarda Avropa Şurasının səyləri vəziyyətin həlli üçün ümumiyyətlə, yararsızdır. Çünki Avropa Şurasının mövqeyi təcavüzkarla təcavüzə məruz qalan tərəfi eyniləşdirmək üzərində qurulub. Bu isə ədalətsiz yanaşma ortaya qoymaqdır.
Azərbaycan AŞPA-nı qarşılıqlı hörmət, faydalılıq və bərabər əsaslarda üzv ölkələrdən olan həmkarlarla dialoq, müzakirələr aparmaq, etimad səviyyəsini artırmaq, demokratiya, insan hüquqları və qanunun aliliyi prinsiplərini inkişaf etdirmək üçün vacib format hesab etsə də, qurumun Ermənistanın manipulyasiyasının girovuna çevrildiyi göz önündədir. AŞPA-nın təşkilatın maraqlarına deyil, Ermənistanın milli maraqlarına və erməni lobbisinin mənafeyinə xidmət etdiyini sübut edən xeyli nümunələr çəkmək mümkündür. Erməni lobbisinin sifarişi əsasında AŞPA-nın post-müharibə dövründəki fəaliyyəti Ermənistan tərəfindən Azərbaycana yönəlik nifrətin qızışdırılmasına, həmçinin nifrət zəminində cinayətlərin artmasına motivasiya verir. AŞPA Avropa Şurasında təhlükəsizliyin gücləndirilməsinə töhfə vermək, üzv dövlətlər arasında etimad səviyyəsini artırmaq, demokratiya, insan hüquqları, qanunun aliliyi prinsiplərini müdafiə etmək, bir sözlə, sülhə və sabitliyə xidmət missiyasını həyata keçirmək istəyirsə, ilk növbədə, obyektiv və neytral mövqe sərgiləməlidir.
Səxavət HƏMİD