USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Erməni baş nazir köhnə şakərindən əl çəkmir

Regionda yeni hərbi təxribat törətmək istəyən rəsmi İrəvanı layiq olduğu cavab gözləyir


https://img.baki-baku.az/news/2023/09/photo_8169.jpg

Ermənistan baş naziri Nikol Paşinyan köhnə şakərindən əl çəkmir. Onun sentyabrın 9-da Azərbaycanın, guya, qoşunlarını Qarabağdakı separatçı xuntanın mövcud olduğu ərazilərdə cəmləşdirməsi iddiası ilə Fransanın, Almaniyanın, İranın və Gürcüstanın dövlət və hökumət başçılarına, ABŞ dövlət katibinə telefonla zəng etməsi bundan xəbər verir.

Yada salaq ki, 44 günlük Vətən müharibəsi dövründə də Paşinyan bir sıra dövlətlərin və beynəlxalq təşkilatların rəhbərlərinə Azərbaycan Ordusunun yürüşünü dayandırmaq xahişi ilə müraciətlər edirdi. Nikol o vaxt əsas üstünlüyü Rusiya Prezidenti Vladimir Putinlə dialoqa verirdi. Hətta, Paşinyanın Vətən müharibəsi dövründə Putinin keçirdiyi müşavirə zamanı ona zəng etməsi, Rusiya dövlət başçısının isə dəstəyi qaldırmaması məsxərəyə qoyulmuşdu.

Girişdə qeyd etdiyimiz kimi, bir neçə gün öncə Paşinyan yaxın-uzaq paytaxtlara zənglər edib. O, Azərbaycan Prezidenti ilə gərginliyin azaldılması istiqamətində təcili müzakirələr aparmağa hazır olduğunu bildirib. Yeganə fərq baş nazirin bu dəfə təkcə Rusiya Prezidentinə zəng etməməsidir. Bizim yazımız isə bununla bağlı deyil. Hərçənd ki, Paşinyanın Putinə zəng etməməsi çox ciddi mətləblərdən xəbər verir.

Ermənistan baş naziri üç il öncə də təxribatla məşğul idi. 2020-ci ilin iyulun 12-16-da tariximizə “Tovuz döyüşləri” kimi düşən hadisələr baş vermişdi. Bu döyüşlərdən sonra da tərəflər arasında gərginlik davam etmişdi. Tovuz döyüşləri 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin başlanmasına aparan prosesdə mühüm rol oynamışdı. Paşinyan hakimiyyətə gələndən sonra danışıqlar prosesinin pozulması üçün hər şeyi etdi, Vətən müharibəsinin başlanmasına rəvac verən təxribatçı addımlar atdı. Nəhayət, istəyinə çatdı. Onun “səyləri” nəticəsində iki ölkə arasında müharibə başlandı. Müharibənin elə ilk günlərində Azərbaycan Ordusunun gücünü gördükdən sonra Rusiya Prezidentinə zəng edərək ordumuzu dayandırması üçün, sözün həqiqi mənasında, ona yalvarırdı. Ancaq onun bu təşəbbüsləri uğursuz oldu.

***

Ermənistan baş nazirinin təqsiri üzündən Azərbaycanla münasibətlərin normallaşma prosesi yenidən ciddi çağırışlarla üz-üzədir. İrəvanın müşahidə etdiyimiz davranışı 30 il ərzində bu ölkəyə xas olan danışıqların imitasiyası, əldə olunmuş öncəki razılaşmalardan geri çəkilmək və müxtəlif siyasi, hərbi və digər təxribatlara əl atmaqla üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırmaq təcrübəsinin təkrarıdır. Xüsusilə ötən ilin sonlarından bəri Paşinyan iqtidarı Qarabağda “humanitar böhran” yaşandığı iddiası ilə Azərbaycanı beynəlxalq arenada ləkələməklə məşğuldur. İyul ayında isə Ermənistan əvvəlcədən planlaşdırılan daha bir təxribata əl ataraq sərhədə “humanitar konvoy” göndərib. Bu, beynəlxalq ictimai rəyi manipulyasiya etmək və növbəti addımlar üçün zəmin yaratmaq məqsədilə törədilmiş açıq təxribatdır.

Bundan əlavə, Azərbaycan Xarici İşlər Nazirliyində sentyabrın 8-də ölkəmizdə akkreditə olunmuş diplomatik korpus üçün keçirilən brifinqdə bildirildiyi kimi, Ermənistanın təxminən 10 min nəfərlik silahlı qüvvələri Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğunu davam etdirir. Onlarca tank və digər zirehli texnika, 200-dən çox ağır artilleriya silahı, o cümlədən reaktiv yaylım atəşi sistemləri, müxtəlif növ radioelektron mübarizə vasitələri, 200-ə yaxın minaatan hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində yerləşdirilib.

Bu azmış kimi, N.Paşinyan sentyabrın 2-də Azərbaycan torpaqlarında qondarma “dqr”in yaradılmasının 32-ci ildönümü münasibətilə müraciət yayıb. O, müraciətdə deyib: “Bir daha qeyd etmək istərdim ki, Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələləri dönməz şəkildə həll olunmayana qədər, Dağlıq Qarabağın ərazi qurumu kimi mövcud olmaması və Dağlıq Qarabağ probleminin həlli ilə bağlı bütün bəyanatlar əsassızdır”. Sentyabrın 9-da isə qeyri-qanuni qurumun “prezidenti”nin qondarma “seçkiləri” keçirilib. Bu, son dərəcə təxribatçı addım Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulmasıdır ki, heç bir halda məqbul və qəbuledilən deyil. Bütün bunlar Azərbaycanın səbr kasasının daşmasına yol açan amillərdir. Ölkəmiz öz ərazisində qondarma rejimin varlığına dözmək fikrində deyil. Azərbaycanın ərazi bütövlüyü tam təmin edilməli, onun dövlət bayrağı bütün ölkə ərazisində dalğalanmalı, milli valyutamız Qarabağ iqtisadi rayonunun hər yerində tədavül vasitəsi olmalı, erməni azlıq ölkə vətəndaşlığını qəbul etməli, qanunlarımıza sayğı duyulmalıdır. Rəsmi Bakı bu tələblərində israrlıdır. İlk növbədə isə təbii ki, Ağdam-Xankəndi yolu açılmalıdır.

Bugünlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də “X”də paylaşımında yazıb ki, Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində Azərbaycanın gömrük və sərhəd nəzarəti rejiminə əməl edilməlidir. “Qanunsuz marionet rejimi ləğv olunmalı və tərksilah edilməlidir. Bu, Qarabağın erməni və azərbaycanlı sakinlərinin yaşaya və birgə mövcud ola biləcəyi davamlı sülhü təmin etməyin yeganə yoludur”, – deyə Hikmət Hacıyev bildirib.

Bundan əlavə, Azərbaycanın Ermənistan hökumətindən Prezident İlham Əliyevlə təcili danışıqların aparılması ilə bağlı təklif almadığı məlum olub. Bu barədə isə Hikmət Hacıyev “Reuters”ə açıqlamasında bildirib. Bunun özü də olduqca maraqlıdır. Belə çıxır ki, Paşinyan yenə də blef edir. Bəlli olur ki, onun gerçək niyyəti Azərbaycanla müzakirə apararaq dialoq qurmaq yox, yenidən ortalığı qarışdırmaqdır. Təəssüf ki, bu vəziyyətdən yenə də ən çox ziyan çəkən şəxsən Paşinyanın özü yox, erməni xalqı olacaq.

Azərbaycan Xarici İşlər Nazirliyinin az öncə qeyd etdiyimiz brifinqində bildirildiyi kimi, Ermənistan tərəfindən törədilmiş təxribatlar normallaşma prosesinə mənfi təsir göstərir və beynəlxalq aktorların bu istiqamətdə səylərini heçə endirir. Ermənistanın məsuliyyətsiz və destruktiv davranışından irəli gələn risk və təhdidlərin adekvat şəkildə başa düşülməsi və Ermənistanı bu cür hərəkətlərdən çəkindirmək üçün müvafiq tədbirlərin görülməsi zəruridir. Azərbaycanın sülh prosesinə sadiqliyi möhkəmdir və bu mövqe 2020-ci ilin noyabr ayından etibarən atdığımız ardıcıl addımlarla sübut edilib. Suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq əzmimiz eyni dərəcədə möhkəm və qətiyyətlidir.

Rizvan HÜSEYNOV, 
hərbi-siyasi şərhçi

– 2020-ci ildə də müharibənin başlanmasına səbəb olan təxribatları Paşinyan törətmişdi. Həmin ilin iyulunda baş verən Tovuz döyüşlərində məqsəd Azərbaycanı tamamilə başqa istiqamətdə yeni münaqişəyə cəlb etmək idi. Ona görə də təxribatları Qarabağ istiqamətində deyil, ondan yüz kilometrdən çox uzaqda yerləşən Tovuz rayonunda törətdilər. Ermənistan yeni münaqişə ocağı alovlandırmaq, sonra isə Rusiyanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxiləsinə nail olmaq istəyirdi. Paşinyanın 2019-cu ilin avqustunda Xankəndidə səsləndirdiyi “Qarabağ Ermənistandır və nöqtə” tipli sərsəm bəyanatlar da müharibənin başlanmasına “töhfə” verdi. Nəticə etibarilə Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi və torpaqlarımız azad olundu.

İndi də proseslər təxminən həmin ssenari üzrə gedir. Dəyişən Rusiyanın yerini, guya, Fransanın tutacağıdır. Necə ki, 2020-ci ildə Ermənistanın ümidi Rusiyanın və KTMT-nin ona kömək edəcəyi idi. Ancaq nə Rusiya kömək etdi, nə də KTMT. Bu dəfə də Ermənistanın ümidi Fransayadır. Parisin isə imkanları qat-qat zəifdir. Fransa regionda bilavasitə yoxdur. Paşinyan bunu anlayaraq, yenə də məsələni silsilə zənglərlə çözmək, Ermənistanın başını Azərbaycanın “dəmir yumruğu”ndan qurtarmaq istəyir. Hər halda Azərbaycan tələsmir. Necə ki, 2020-ci ildə məsələni tələsmədən, proseslər tam yetişəndən sonra hərbi-siyasi yolla həll etmişdi. İndi də ölkəmiz üçün istər beynəlxalq münasibətlərdə, istərsə də regionda ən münbit şərait olanda həm Ermənistan, həm də Qarabağdakı qanunsuz separatçı rejim cəzasını alacaq.

Səxavət HƏMİD 




Redaktorun seçimi

“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası
“İki pərdəlik” ifşa
  • Daxili siyasət
  • 09:36 18.07.2024
“İki pərdəlik” ifşa
Mirzoyan “sülh göyərçini” qiyafəsində
  • Daxili siyasət
  • 09:32 18.07.2024
Mirzoyan “sülh göyərçini” qiyafəsində
“Freedom House” ciddiliyini itirib
  • Daxili siyasət
  • 11:16 17.07.2024
“Freedom House” ciddiliyini itirib

Səxavət HƏMİD