USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Kanadanı Ermənistana bağlayan nədir?

Cənubi Qafqazda etnik separatizmi qızışdırmaq beynəlxalq hüquqa ziddir


https://img.baki-baku.az/news/2023/09/photo_8112.jpg?v=MjAyMy0wOS0wOSAxMjowNzowOQ==

Kanada Cənubi Qafqaz regionundan az qala on min kilometr uzaqlıqda yerləşməsinə baxmayaraq, bölgədə aranı qarışdırmaqda davam edir. Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlayan, soyqırımı cinayətləri törədən, mülki infrastrukturu məqsədyönlü şəkildə kütləvi surətdə dağıdan, mədəni irsimizi məhv edən, ətraf mühitimizə və biomüxtəlifliyə ziyan vuran, bu gün də Qarabağdakı qondarma rejimin arxasında dayanan Ermənistana hərtərəfli dəstək göstərməyi başqa cür izah etmək mümkün deyil. 

Son illərdə, ələlxüsus, Nikol Paşin­yanın 5 il öncə Ermənistanda hakimiy­yət gəlişindən sonra Kanadanın İrəvana dəstəyi xeyli artıb. Kanada Xarici İşlər Nazirliyi tərəfindən vaxtaşırı Ermənis­tan–Azərbaycan münasibətləri barədə, Qarabağla bağlı bəyanatlar verilir. Bu ölkə vaxtaşırı vəziyyəti gərginləşdirən təşəbbüslərlə çıxış edir.

Yayılan son məlumata görə, Kanada sentyabr ayında Ermənistanda səfirlik açacaq. “Armenpress” bildirib ki, ölkə­nin xarici işlər naziri Melani Colinin bu məqsədlə İrəvana səfəri planlaşdırılır. Nazir səfər çərçivəsində Kanada səfirli­yinin rəsmi açılışında iştirak edəcək.

Qeyd edək ki, M.Coli erməni di­asporunun avqustun 18-20-də Monreal şəhərində keçirilən illik festivalında çıxış edərək Kanadanın Qarabağ ermənilə­ri ilə bağlı məsələlərin həllində fəal rol oynayacağını bəyan etmişdi. “Ermənilər Artsaxda real təhlükə ilə üz-üzədir”, – deyən Coli erməni auditoriyasına bildir­miş və onun təmsil olunduğu hökumətin Cənubi Qafqazda baş verən proseslərə fəal şəkildə müdaxilə edəcəyinə eyham vurmuşdu. Nazirin çıxışında Qarabağı “Artsax” adlandırması, təbii ki, erməni diasporunun könlüncə olub.

Kanada həm də Aİ-nin Ermənistanda­kı missiyasına (EUMA) qoşulan yeganə qeyri-Avropa ölkəsidir. Yeri gəlmişkən, qeyd edək ki, missiyaya “töhfə verən” Avropa ölkələri Avstriya, Cənubi Kipr, Çexiya, Danimarka, Estoniya, Fransa, Almaniya, Litva, Lüksemburq, Niderland, Polşa, Portuqaliya, Rumıniya və İsveçdir.

Kanada XİN başçısı bu ilin iyulunda bildirmişdi ki, onun ölkəsi məramı Ermə­nistan və Azərbaycan arasında növbəti müharibənin qarşısını almaq olan (?) Av­ropa İttifaqının missiyasını dəstəkləmək üçün bölgəyə iki mütəxəssis göndərəcək. İndi isə Ottavanın Azərbaycanla sərhəd­boyu ərazidə monitorinq aparmaq üçün Ermənistana müşahidəçilər göndərəcəyi məlum olub. Qeyd olunub ki, müşahidə­çilər Kral atlı polisindən cəlb olunacaqlar.

Aprel ayında isə xanım Coli demiş­di ki, o, Azərbaycanın əsas giriş yolunu bağlayaraq əyalətlə (Qarabağ iqtisadi rayonunu nəzərdə tutur-S.H) bağlı Er­mənistanla uzun müddətdir davam edən mübahisəni gücləndirməsindən (?) dərin narahatdır.

***

Ümumiyyətlə, qeyd etdiyimiz kimi, Kanada son illərdə aktiv ermənipərəst siyasət yürüdür və kanadalıların Ermə­nistana ayaq açmaları da Paşinyanın iqtidara gəlişindən sonraya təsadüf edir. Məsələn, Robert Koçaryanın, Serj Sar­kisyanın hakimiyyətdə olduqları dövrdə Kanada–Ermənistan əlaqələri çox zəif idi. Əlaqələrin inkişaf etməsində, Ka­nadanın bugünkü ermənipərəstliyində Fransa amilinin mühüm rolu var. Məsələ ondadır ki, Kanada Millətlər Birliyinin (Böyük Britaniyanı və onun demək olar ki, bütün keçmiş dominionlarını, müstəm­ləkələrini və protektoratlarını özündə birləşdirən suveren dövlətlərin könüllü birliyi-S.H) üzvü olsa da, onun üzərində Fransanın da təsirləri var. Kanada ikidilli və multikultural bir ölkədir. Burada ingilis və fransız dilləri federal səviyyədə rəs­mi dillər kimi tanınır. Fransızdilli əhalinin mütləq çoxluq üstünlük təşkil etdiyi əyalət Kvebekdir, qalan əyalətlər və ərazilər əsasən ingilisdillidir.

Bundan əlavə, Kanada nüvəsində Parisin dayandığı və fransız dilinin rəsmi dil olduğu, yaxud əhalisinin önəmli qismi­nin fransızca danışdığı, Fransa mədəniy­yəti ilə tam və ya müəyyən bağlılığı olan ölkələri birləşdirən Beynəlxalq Frankofo­niya Təşkilatının üzvüdür. Eyni zamanda, Ermənistan da həmin təşkilatda təmsil olunur. Ermənistan Beynəlxalq Frankofo­niya Təşkilatının fransızdilli ölkə olmayan yeganə üzvüdür. Paşinyanın hakimiyyətə gəlişindən bir neçə ay sonra – 2018-ci ilin oktyabrında İrəvanda Frankofoniya Təşkilatının XVII sammiti keçirilmişdi. Sammitdə Kanadanın Baş naziri Castin Trüdo və Fransa Prezidenti Emmanuel Makron da iştirak etmişdilər. Kanada və Ermənistan baş nazirləri arasında yaxın dostluq əlaqələri mövcuddur. Güman et­mək olar ki, bütün bu amillər Kanadanın ermənipərəst siyasət yürütməsində vacib rol oynayan faktorlardır. Kanada rəhbər­liyi Ermənistanın tərəfini tutmaqla Fransa ilə həmrəylik nümayiş etdirmək istəyir. Trüdo özü də frankofondur, yəni soy-kö­kü fransızdır.

***

Kanadanın adı gələndə istər-istəməz bu ölkənin 44 günlük Vətən mühari­bəsindəki xoşagəlməz addımları yada düşür. Rəsmi Ottava müharibə zamanı Azərbaycanın işğalçı Ermənistan ordu­suna qarşı “Bayraktar TB2” pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməsinə görə 2020-ci ilin oktyabrında Türkiyəyə müdafiə sənayesi məhsullarının ixracına embarqo tətbiq etmişdi. Trüdo hökuməti iddia edirdi ki, PUA-larda Kanada texno­logiyasından istifadə edilib. 2021-ci ilin aprelində isə “Telemus Systems” şirkəti­nin ixrac icazəsi ləğv edilmişdi. Nəticədə həm “Telemus SyKanadanın “L3 Wes­cam” və “Telemus Systems” kimi şirkətlər milyonlarla dollar zərərə uğrayıb.

Bundan əlavə, Vətən müharibəsi za­manı Kanadanın Xarici işlər naziri olmuş Fransua-Filipp Şampan Azərbaycanı itti­ham edən bəyanatlar vermişdi.

Kanadanın ermənipərəst mövqeyi Azərbaycanda zaman-zaman etiraza səbəb olub. Bununla bağlı Prezident İl­ham Əliyev də fikirlərini açıqlayıb. Dövlət başçımız 2021-ci il fevralın 1-də Azər­baycan Televiziyasında yayımlanan mü­sahibə zamanı Kanadanın koronavirus pandemiyası zamanı əhalisinin sayın­dan dəfələrlə çox vaksin sifariş etməsi məsələsindən danışarkən Ottavanın ermənipərəst mövqeyinə də münasibət bildirmişdi: “Bir misal da gətirə bilərəm. Bu yaxınlarda verilən məlumata görə, Kanada 154 milyon əhali üçün vaksinlər sifariş edib. Kanadanın əhalisi 38 milyon­dur. Yəni, bu ölkə, bu ölkənin hökuməti, hansı ki, Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyirdi, işğal­çıları dəstəkləyirdi, bizim haqq işimizə kölgə salmaq istəyirdi və hətta “Bayrak­tar” pilotsuz uçuş aparatlarının kamera­larının Türkiyəyə ixrac edilməsi ilə bağlı əsassız embarqo qoymuşdu. Həmin bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş edir, onun pulunu verir, öz ölkə əhalisinin sayı 38 milyondur. Yəni, dörd dəfə çox. Deməli, 120 milyona bu vaksin çatmayacaq. Onlar almayacaqlar, onlar xəstələnəcəklər, öləcəklər. Bunların ve­cinə deyil. Bunlar ancaq eqoist hisslərə qapılaraq öz maraqlarını təmin etmək istəyirlər. Belə olan halda hansı de­mokratiyadan söhbət gedə bilər? Hansı ədalətdən, mərhəmətdən, insan haqla­rından söhbət gedə bilər? Deməli, kasıb ölkələrin insanlarının haqları tapdalanır, onların səhhəti, sağlamlığı risk altına dü­şür. Amma zəngin ölkələr öz maraqlarını artıqlaması ilə, o maraqların 4-5 mislini təmin etməklə, necə deyərlər, öz maraq­larını təmin edirlər”.

Prezident İlham Əliyev qeyd etmişdi ki, bu, sadəcə olaraq, pandemiya ilə bağ­lı olan məsələ deyil: “Bunun çox dərin kökləri var və bu, təsadüfi deyil. Çünki bu dərin köklər bizi müstəmləkəçilik dövrünə aparır. Amma elə bil ki, biz neomüstəm­ləkəçilik dövrünü qeyri-rəsmi müşahi­də edirik, yaxud da ki, elan edilməmiş müstəmləkəçilik, bunun başqa adı yox­dur. Belə olan halda bu ölkələrin mənəvi haqqı varmı kiməsə nəsə desin, kimisə nədəsə ittiham etsin? Bu, eqoizmdir, vic­dansızlıqdır”.

Onu da qeyd edək ki, Kanada özü et­nik separatizmdən əziyyət çəkən ölkədir. Kvebek əyalətində vaxtaşırı separatizm meyilləri baş qaldırır. Separatçılar əyalə­tin Kanadadan ayrılaraq müstəqil dövlət olması məsələsini ara-sıra gündəmə gətirirlər. Hətta, separatçılar 1970-ci ildə əvvəlcə Monrealdakı Böyük Britaniya ti­carət missiyasının rəhbərini oğurlamış, sonra isə Kvebekin əmək nazirini qətlə yetirmişdilər. Nəticədə Kanadanın Baş naziri olan Pyer Trüdo (hazırkı baş nazir Castin Trüdonun atası-S.H.) əyalətə qo­şun yeritmiş və “Kvebek azadlıq ordusu” adlanan separatçı təşkilatın döyüşçüləri məhv edilmişdilər. Bununla da Kvebek­də etnik separatizm ocağı dağıdılmışdı. Odur ki, Kanada rəhbərliyi onlardan min kilometrlərlə uzaqda yerləşən Cənubi Qafqazda etnik separatizmi qızışdır­mamalı, bu yanaşmanın domino effekti verərək, ümumilikdə dünya nizamını sı­radan çıxara biləcəyini nəzərə almalıdır.

Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri

– Ümumən baxdıqda, biz bir sıra Qərb ölkələrinin, o cümlədən, Fran­sanın, ABŞ-ın Vətən müharibəsi zamanı ermənipərəst mövqe sərgilə­diklərini görə bilərik. Yəni, Kanada burada istisna deyil. Kvebek əyalə­tində güclü erməni lobbisi mövcud­dur, erməni diasporunun nümayən­dələrinin çox hissəsi məhz həmin əyalətdə yaşayır. Necə ki, məsələn Kaliforniyada bir yer var, ona “Kiçik Ermənistan” deyirlər. Kaliforniyadan olan bir çox konqresmen və senator ermənipərəst mövqedən çıxış edir. Həmin mənzərəni biz Kanadada da müşahidə edirik. Xüsusilə qeyd et­mək lazımdır ki, Vətən müharibəsi dövründə Kanadanın xarici işlər na­ziri olmuş Fransua-Filipp Şampan Kvebekdəndir.

Kanadada əsas iki siyasi qüvvə var. Bunlar mühafizəkarlar və liberal­lar partiyalarıdır. Həmin partiyalarda erməni meyillilər var, onlar xüsusilə Türkiyəyə qarşı çıxış edirlər. Kanada parlamenti qondarma erməni soyqı­rımını tanımaqla bağlı 1996, 2002 və 2004-cü illərdə olmaqla 3 dəfə qətnamə qəbul edib. Yəni, bu ölkədə həmişə belə meyillər mövcud olub. Amma eyni zamanda, bunu da qeyd etmək lazımdır ki, ermənilər Vətən müharibəsinin sonuna yaxın Kana­dada daha bir cəhd etmişdilər. Onlar Senatda qətnamə qəbul etdirmək istəyirdilər. Qətnamədə Kanada hö­kumətinə qondarma “dqr”i tanımağa çağırış edilməli idi. Bu qətnamə keç­mədi. Yəni, Xarici İşlər Nazirliyinin və digər qurumların bəyanatlarına baxmayaraq, orada müəyyən taraz­laşdırıcı qüvvələr də var.

Səxavət HƏMİD




Redaktorun seçimi

Okamponun da arzusu ürəyində qalacaq
  • Daxili siyasət
  • 12:22 26.07.2024
Okamponun da arzusu ürəyində qalacaq
İrəvan bütün oyunlarda “piyada” qalacaq
  • Daxili siyasət
  • 12:09 25.07.2024
İrəvan bütün oyunlarda “piyada” qalacaq
Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır

Səxavət HƏMİD