- Daxili siyasət
- 11:41 14.09.2024
...Türkiyənin parçalanmasının qarşısını almaq üçün təşkil edilən Böyük hücum 1922-ci il avqustin son günlərində Afyonda başlanıb və qardaş Türk Ordusunun qələbəsi ilə başa çatıb. Anadolu torpaqlarının "Türk Vətəni" olduğu bir daha düşmənlərə sübut edilib. O zaman Türk Ordularının Baş Komandanı general Mustafa Kamalın şəxsən rəhbərlik etdiyi böyük hücumun son nöqtəsi avqustun 30-da qoyulub.
Bu zəfər ilk dəfə 1923-cü il avqustun 30-da Ankara, Afyonkarahisar və İzmirdə böyük təntənə ilə bayram edilib. Növbəti ildə isə Dumlupınarda Çal Kəndi yaxınlarında Cümhurbaşqanı Mustafa Kamal Atatürk şəxsən zəfər mərasiminə qatılıb və ömür-gün dostu Lətifə xanımla birlikdə Naməlum əsgər abidəsinin təməlini qoyub. O vaxtdan Zəfər Bayramı ilbəil çox böyük coşğu ilə keçirilir. Hazırda bu gün, eyni zamanda, Türkiyə Cümhuriyyətinin və Şimali Kipr Türk Cümhuriyyətinin milli bayramı hesab olunur.
O zaman hərbi gücü xeyli zəiflədilən, amma Vətən qeyrəti ilə ölüm-qalım savaşına qalxan türk xalqı ölkəsinin parçalanıb bölüşdürülməsinə qarşı çıxdı və ərazi bütövlüyünü bərpa edə bildi. Həmin ərəfədə, necə deyərlər, ayaqları yer almış ingilis və fransız orduları Çanaqqalaya o əminliklə hücum etmişdilər ki, özlərinin üstün müasir silahları, təlimi qarşısında, Balkan müharibəsindən yorğun çıxmış türk əsgəri mübarizə apara bilməyəcək. Hətta türklərlə müttəfiqlik edən alman zabitləri də eyni düşüncədə idilər. Lakin Ənvər Paşanın sərt intizamı ilə ilyarım ərzində hazırlanan Türk Ordusu düşməni tapdaq etmək istədiyi torpaqlardan birdəfəlik qovdu. Mustafa Kamal Paşa bu mübarizəni bütün məzlum millətlərin, bütün Şərqin mübarizəsi adlandırıb.
Artıq bir əsrdir ki, Türkiyə Silahlı Qüvvələri dünyada ən yurdsevər, millətsevər, bayraqsevər və əyilməz bir ordu sayılır. Bir millət, iki dövlət olan Azərbaycanla Türkiyə arasındakı münasibətlər bu gün bütün sahələrdə olduğu kimi, hərbi əməkdaşlıq sahəsində də bir nümunədir. Hələ 1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. O zaman Bakının işğaldan azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olub.
Elə Çanaqqala savaşında da azərbaycanlılar gizli yollarla Türkiyəyə gedərək öz canları və qanları ilə bütövlük mübarizəsinə qatılıblar. Həmin sınaq və şərəf döyüşündə Türkiyənin 253 min döyüşçüsü ilə yanaşı, 3 minə yaxın azərbaycanlı da şəhid olub. Balkan savaşlarında, Türkiyənin İstiqlal mücadiləsində də yüzlərlə azərbaycanlı döyüşərək canından keçib. Geliboludakı türk şəhid məzarlıqlarında azərbaycanlılara aid qəbirlər türk zəfərlərində bizim də izimizin olmasını təsdiqləyir. 1915-ci ildə Rusiya və Osmanlı Türkiyəsi arasında müharibə başlanan zaman müəyyən sayda soydaşımız Tiflis şəhərində toplanaraq Çanaqqala cəbhəsinə yola düşüb və Türkiyənin harayına tələsib. Eyni zamanda, Güney Azərbaycandan olan həmvətənlərimizin də Osmanlı tərəfdə vuruşmaq üçün Qarakilsədə toplaşaraq Geliboluya yola düşməsini təsdiqləyən faktlar mövcuddur...
2016-cı il iyul ayının 15-də İstanbul və Ankarada baş vermiş dövlət çevrilişi cəhdinin qarşısı alınan zaman da biz qardaşlarımızdan siyasi və mənəvi dəstəyimizi əsirgəmədik.
Bu gün NATO-nun üzvü olan Türkiyə yaxın Şərq və Aralıq dənizi regionunda sülhün təminatçısı kimi tanınır. Qardaş ölkə Cənubi Qafqazda da sülh carçısı olan və səsi aydın eşidilən bir dövlətdir. Türkiyənin Qarabağ məsələsində tutduğu mövqe, 44 günlük Zəfər yürüşündə bizə hər cür siyasi və mənəvi dəstək göstərməsi, Ermənistanın işğalçılıq siyasətini daim pisləməsi, bu sahədə bütün imkanlarını səfərbər etməsi qürurvericidir.
Bu yerdə 2020-ci ilin 10 dekabr – Bakı qələbəliyi, Şərəf nümayişimiz olan Zəfər Paradı yada düşür. Prezident İlham Əliyevlə yanaşı, Prezident Rəcəb Tayyib Ərdoğan da tədbirdə böyük məmnuniyyətlə iştirak edirdi. 2018-ci ildə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən parada da qardaş ölkənin rəhbəri qatılmışdı. Azadlıq meydanındakı yüksək tribunada 2 prezident – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan yanaşı dayanmışdılar. Qürurlu, qətiyyətli, müdrik, millətinə və dövlətinə böyük sevgi ilə dolu – 2 qardaş! Tribunanın önündən isə mətin addımlarla hər iki ölkənin igid hərbçiləri keçirdilər. Bir daha əmin olduq ki, Azərbaycan–Türkiyə qardaşlığı sarsılmazdır. Zəfər Paradı Vətən müharibəsində canını qurban vermiş şəhidlərimizin sayı qədər – 3 min mehmetciyin iştirakı ilə daha da möhtəşəm oldu. Onların bir gün əvvəldən Bakı küçələrindən keçərək hərbi orkestrin müşayiəti ilə türk marşlarını ifa etmələrinə baxdıqca gözümüz, könlümüz işıqlanırdı.
Vətən müharibəsindən sonra birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin keçirilməsi fərəh doğurmaqla yanaşı, bədxahlarımıza gücümüzü, birliyimiz göstərir. Hələ bir təlimlərin bəzilərinin adlarına fikir verin: “Mustafa Kamal Atatürk”, “Anadolu Qartalı”, “TurAz Qartalı”, “Anadolu ulduzu”, “Erciyes”, “Sarsılmaz Qardaşlıq”... Necə deyərlər, görünən dağa nə bələdçi!?
2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi isə əməkdaşlıq platformasını daha da genişləndirib. Bu sənəddə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlığımız, fəaliyyətimiz, siyasi, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti– demək olar ki, bütün sahələr əhatə olunur. Müdafiə sahəsində əməkdaşlıq isə xüsusi mahiyyət daşıyır. Bu, o deməkdir ki, biz bundan sonra da hər zaman bir yerdə olacaq, bir-birimizin təhlükəsizliyini təmin edəcəyik.
Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması istiqamətində işlər uğurla aparılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 28-də Türkiyə Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Metin Gürakı qəbulu edib və söhbət zamanı bu, xüsusi vurğulanıb. Ordu generalı M.Gürak Bakıda həmkarları ilə görüşündə Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə cari ildə və 2024-cü ildə keçirilməsi planlaşdırılan birgə tədbirlərin əhəmiyyətini qeyd edib.
...Bəli, Türkiyə və Azərbaycan ən mürəkkəb dövrlərdə bir-birinə qeyd-şərtsiz dəstək olublar. Bizi birləşdirən köklər Dədə Qorquddan Koroğluya, Mövlanadan Nəsimiyə, Nuru Paşadan, Çanaqqala savaşından Qarabağa qədər zəngin bir tarixi özündə yaşadır. Mübarizə və zəfərlərlə zəngin olan son yüzildə birlikdə yaşadıqlarımız isə xalqlarımızı və dövlətlərimizi bir-birinə daha sıx bağlamışdır.
Əli NƏCƏFXANLI