USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İCTİMAİ NƏZARƏT: siyasi-hüquqi baxış və Covid-19 pandemiyası


https://img.baki-baku.az/news/2020/09/photo_720.jpg

Rəna Mirzəzadə professor,

AMEA, Fəlsəfə İnstitutu

“Müasir siyasətin fəlsəfəsi” şöbəsinin müdiri.

_____________________________________________________

XXI əsrin bəlalı Pandemiya dövrü - “Covid-19”  görünməz “soyuq silahlı müharibənin”  fəsadlarında ictimai-sosial nəzarət, sosial məsuliyyət, sosial məsafə, ictimai davranış kimi paradiqmalar da aktuallaşdı. Bəs cəmiyyətdə məsuliyyətlilik münasibətlərini özündə ehtiva edən ictimai nəzarət nədir?

“Mütləq çox güclü ictimai nəzarət olmalıdır” (3) qətiyyətli  bu fikir Prezident İlham Əliyev tərəfindən söylənilmişdir. Ölkə Prezidentinin məntiqi fikri elmi-nəzəri baxımdan da əsaslıdır. Dövlət başçısı İlham Əliyev vurğulayır ki: “Dövlət nəzarəti, ictimai nəzarət, vətəndaşların nizam və məsuliyyəti artmalıdır” (15). Belə ki, bu nöqteyi baxımdan da məsələyə ictimai və siyasi-hüquqi, elmi kontekstdə nəzər yetirək.

Dünya yaranandan bəşər tarixində iki hal nəzəri cəlb edir. İlk öncə, mədəni cəmiyyətlərdə insanlar bir yerə toparlanıb, məhz özlərinin haqq və hüquqlarını qorumaq üçün dövrə uyğun dövlət təsisatını formalaşdıraraq, insanların əmək və həyat fəaliyyətini yönəldən, idarə edən qurumlar yaradıblar. İkinci isə, məhz dövlət və hakimiyyətdən həm də özlərinin haqlarını müdafiə etmək üçün artıq müxtəlif metodlar, vasitələr də axtarmağa cəhd ediblər. Təbii ki, məhz ən müvafiq təsirli metod ictimai nəzarət məsələsidir. İctimai nəzarətin, həyata tədbiqində isə bütün vətəndaşlar, ictimai və siyasi təsisatlar, eyni zamanda isə vətəndaş cəmiyyəti  və media, xüsusən də TV-lər da vacib rol daşıyırlar. Qeyd edək  ki, bu həm də bütövlükdə sosio-hüquqi ictimai-siyasi, nəzəri-praktik məsələdir. Belə ki, hüquqi mətndə qanunlar, sosio-siyasi yöndə təsisatlar və praktik aspektdə də ictimai nəzarətin bazis tərkibi olaraq,  ən çətin məqamlarda ictimai davranışın, ictimai məsuliyyətin, ictimai rəyin, hətta ictimai qınağın da önə keçməsi zəruriləşir. Hazırki Covid-19 pandemiyası dövründə isə bu məsələlər həyatın yaşam tərzinin  vacib tələbləridir.

İctimai nəzarətin həyata keçirilməsi metodunda hakimiyyət strukturlarının  üzərinə müəyyən vəzifələr düşür. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyev çətin Covid-19 pandemiya dövründə mühüm hüquqi-sosial çevik tədbirlərə qanunlara müvafiq imza qoydu. Bəlalı virusun vaxtında qarşısının alınması yolunda Prezident İlham Əliyevin vurğuladığı kimi: “İctimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır” (16) fikri problemin mahiyyətinə tək hüquqi tənzimləmə ilə deyil, həm də ölkə vətəndaşının sağlamlığına diqqət, insanların qarşılıqlı ünsiyyətinə də istiqamət verir. Burada ilk əvvəl, bu sahədə qanunvericilik dövrün və zamanın tələb və təlabatına adaptik olaraq təkmilləşdirilərək, bəzi məqamlar yumşaldıldı, bəzən də karantin tətbiqi ilə şərtləşdirildi. İkincisi, ictimai institutların fəaliyyəti və təsir mexanizmlərinə yönəlik işlər artırıldı. Bu yöndə xüsusən də həm dövlət qurumları, həm siyasi təsisatlar, həm də vətəndaş cəmiyyəti və sosial medianın, TV-nin daha da aktiv olması zəruriləşdi. Üçüncüsü isə, institusional və peşəkar resursların fəaliyyəti də yüksəldildi.

Bəs bütün bu hallarda milli qanunvericilikdə nə deyilir... Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin I bəndində: “Əmək fərdi və ictimai rifahın əsasıdır” olması, VI bəndində: “Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək .... hüququ vardır” (1;14); 41-ci maddənin III bəndi: “İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanunun əsasında məsuliyyətə cəlb edilirlər” (1;16) kimi və 46-cı maddənin I bölümü: “Hər kəsin öz şərəf ləyaqətini müdafiə etmək hüququ vardır” kimi, II bölümü isə “şəxsiyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alşaldılmasına əsas verə bilməz” (1;17) kimi təsbit olunmuşdur.

Bəs Azərbaycan Respublikası Əmək Məcəlləsində deyilir? Azərbaycan Respublikası Əmək Məcələsinin 9–cu maddəsinin c) bəndində: “həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmək” üzrə hər bir işçinin əsas hüquqları açıqlanır, 10-cu maddənin b) bəndi: “əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək”, e) “iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq” kimi əsas vəzifələr göstərilir. Həmçinin 31-ci maddənin n) “iş yerində və ya işlə əlaqədar olaraq, ayrı-ayrı işçilərə qarşı ələsalma, aşkar düşmənçilik hərəkətləritəhqiramiz hərəkətlər barəsində izahat işi aparılmasına və informasiya verilməsinə yardım göstərilməsi və belə hərəkətlərin qarşısının alınması, işçiləri bu cür davranışdan qorumaq üçün bütün lazımı tədbirlərin göstərilməsi” təsbit olunmuşdur. (10) Məsələn, peşəkar resurslar deyəndə Ulu Öndər Heydər Əliyev tərəfindən 1999-cü il 28 oktyabrda imzalanan “Polis haqqında” Azərbaycan Respublikasının qanunun 3-cü maddəsinin II hissəsinin birinci bölümü problemin mahiyyətini açır: “ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin vəzifəsidir”. Maddə 10-nun II bölümündə isə: “Hər bir şəxs polisə öz vəzifələrini yerinə yetirməkdə kömək göstərə bilər” ifadəsi də vardır”.(11)

Digər bir 2013-cü il 22 noyabrda Prezident İlham Əliyev tərəfindən imzalanan, 2014-cü il iyunun 1-dən qüvvəyə minən “İctimai iştirakçılıq” haqqında Qanunun 1.0.1.bəndində deyilir ki: “ictimai iştirakçılıq – dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, .... ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti inastitutlarının bu qanunla müəyyən edilmiş formalarda iştirakı, dövlət və yerli özünüidarəetmə orqanlarının ictimaiyyətlə məsləhətləşməsiictimai rəyin nəzərə alınması üçün və “1.0.2.” vətəndaş cəmiyyəti institutları – QHT, KİV, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri” və 2.2. qeyd olunur ki: “ictimai iştirakçılığın həyata keçirilməsi ilə bağlı bu Qanunda nəzərdə tutulmamış digər hüquqlarını məhdudlaşdırmır”. Bu baxımından adı çəkilən Qanunda ictimai iştirakçılığın formaları da göstərilir. Bu isə ictimai Şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, hüquqi akt layihələrinin ictimai ekspertizası, yazılı məsləhətləşmə və s. kimi fəaliyyətdir. (12) Prezident İlham Əliyevin 30 sentyabr 2005-ci ildə imzaladığı daha bir “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3.0.3. bəndində deyilir: “İctimai informasiya – qanunlarla və ya digər normativ hüquqi aktlarla müəyyənləşdirilən ictimai vəzifələrin yerinə yetirilməsi prosesində yaradılan və ya əldə edilən faktlar, rəylər, bilgilərdir” və bu qanunun 4.1.3. bəndində “informasiyanın əldə olunmasının təşkilinə nəzarətin həyata keçirilməsi” qaydaları da açıqlanır.(11)

Bəs bu haqda fəlsəfi, hüquqi lüğətlərdə nə yazılır? Belə ki, “Fəlsəfə ensiklopedik lüğətində yazılır ki: “ictimai münasibətlər” – insanlar arasında onların birgə əməli və mənəvi fəaliyyəti prosesində qərarlaşan münasibətləridir.”  və “ictimai rəy” – “xalqın, sinifin (yəni əhali qrupu, əhali təbəqəsi) sosial qrupun əksəriyyətinin onların təlabat və mənafeylərinə toxunan gerçəkliyin fakt, hadisə və proseslərinə real münasibətlərinin ifadə olunduğu, kütləvi şüurun movcudluğu və təzahürü üsullarından biridir. İctimai rəyin formalaşması və inkişafı istər məqsədyönlü şəkildə - siyasi təşkilatların və sosial –sinfi təsisatların və idarələrin kütlələrin şüuruna təsiri nəticəsində, istərsə də körtəbii şəkildə yəni, həyat hadisələrinin, sosial təcrübənin və ənənələrin bilavasitə təsiri altında baş verir. İctimai rəyin əlamətlərinə onun intensivliyi və sabitliyi aiddir. İctimai rəy rasional, emosionaliradi ünsürlərin üzvü vəhdətidir. İctimai rəy üç səviyyədə təzahür edə bilər: Birincisi, mənəvi münasibət kimi (qiymətverici mühakimələr vasitəsi ilə); ikincisi, mənəvi –praktik münasibət (emosional –iradi meyllər, səylər, niyyətlər və s); üçüncüsü isə, praktik münasibət kimi (kütləvi hərəkatlar və əməllər vasitəsilə” (5; s.200)

İctimai rəy – “bütünlüklə cəmiyyətə, əhalinin müxtəlif sosial təbəqə və qruplarının maraqlarına toxunan prosesləri qiymətləndirən, disskussion xarakter daşıyan ictimai statuslu fikirdir”. (13; s.311) İctimai rəyin əsas funksiyası kütləvi şüurun əsas meyllərini araşdırmaq, “sosial gərginlik zonalarını” qeydə almaq, müvafiq informasiya bazası yaratmaqdır. Hazırki Covid-19 pandemiyası məhz sosial gərginlik zonasına nümunədir.

İctimai rəyin nüfuz gücü nədir? Bu güc əksəriyyətin şüuruna əsaslanaraq təzahür edir. Həmin əksəriyyət, yəni çoxluq düzgün, real həqiqəti əks etdirən mövqedədirsə, bu əksəriyyətin – çoxluğun yetkin rəyi kimi nəzərə alınır. Məhz bu nöqteyi –nəzər ictimai rəyin sosial əhəmiyyətini və praktik təsirliliyini artırır.

Bəs ümümilikdə “ictimai nəzarət” anlayışı nədir? Hüquq ensiklopedik lüğətində “ictimai nəzarət – sosial nəzarətin kütləvi növüdür” kimi göstərilir. İctimai nəzarət – dövlət, dövlət – ictimai (xalq) nəzarətindən  ibarət olan nəzarət sisteminin mühüm tərkib hissəsidir. İctimai nəzarət demokratiyanın həyata keçirilməsinin bir forması, geniş kütlələrin cəmiyyətin və dövlətin idarə olunmasına cəlb edilməsi üsulu, ...aşkara çıxarılan nöqsan və çatışmazlıqların aradan qaldırılmasının zəruri şərtidir” və hakimiyyət xalqa məxsus olduğundan nəzarət də xalqın mənafeyinə xidmət edir” (4; s.209)  Məhz Prezident İlham Əliyevin Covid-19 pandemiyası dövründə “ictimai nəzarət”, “dövlət nəzarəti”, “vətəndaşların məsuliyyəti” fikirləri siyasi-hüquqi elmi kontekstin təzahürüdür.

Bəs ictimai təsir özünü nədə ehtiva edir? İctimai təsir-hüquqda tərbiyə xəbərdarlıq tədbirləridir. İctimai təsir ictimai rəyə, ictimaiyyətin təşkilatı və tərbiyəvi iş sisteminə əsalanır. İctimai təsir şəxsə onun davranışının ziyanlı olmasını izah etməkdən, ictimai təşkilatın, kollektivin adından bunun pislənməsindən, qaydanı pozan üzərində sosial nəzarətin artırılmasında və onun pozitiv maraq sahəsinə cəlb edilməsindən ibarətdir. İctimai təsir söhbətlərdə, iclaslarda müzakirə, mətbuatda tənqid, hamilik, nizamnamə tənbehləri, müvəqqəti olaraq imtiyazlarından məhrumetmə, bəzən isə kollektivin məhkəməsində (iş əməkdaşlarından ibarət komissiyada)  baxma və s. yolla həyata keçirilir” kimi ifadə olunur. (4;210)

Belə olan surətdə “ictimai rəy” anlayışı nəyi ehtiva edir? “İctimai rəy” – insanların sosial gerçəkliyin hadisə və faktlarına, müxtəlif qrupların və ayrı ayrı şəxsiyyətlərin fəaliyyətinə münasibətlərini (gizli və ya açıq çəkildə) təsbir edən qeyri-rəsmi, kütləvi şüurun mövcud olması üsüludur. İctimai rəydə insanların həyat hadisələrinə, siyasi partiyaların, ayrı-ayrı  qurumların fəaliyyətinə münasibəti öz əksini tapır”. (6;512). Məhz bu yanaşmadan da “ictimai münasibətlər” termininə də nəzər yetirək. İctimai münasibətlər – insanlar arasında onların birgə təcrübi və mənəvi fəaliyyəti prosesində yaranan münasibətlərdir. İctimai münasibətlər maddi və ideoloji münasibətlərə bölünür”. (6;200)

İctimai münasibətlərdə ictimai məzəmmət amili də vacib sindromdur”. İctimai məzəmmət  əsasən tərbiyəvi xəbərdarlıq xarakteri daşımaqla davranışa verilən əxlaqı qiymətdir”. (4;209)

Bu kontekstdə digər bir “sosial nəzarət” termini də diqqət çəkir. Bəs “sosial nəzarət” nədir? “Sosial nəzarət – sosiologiyada hamılıqla qəbul olunan mühüm anlayışlardan biridir. Özünün qeyri-itaətkar üzvlərini nizama çəkmək üçün hər bir sivilizasiyalı cəmiyyət onun tədbiqinin ən müxtəlif vasitələrindən istifadə edir. Heç bir cəmiyyət sosial nəzarətsiz ötüşə bilməz. Hətta adamların təsadüfən bir araya gəlmiş kiçik bir qrupuna öz nəzarət mexanizmlərini işləyib hazırlamaq lazım gəlir”. (8;192). Nəzarət tək bir fərd tərəfindən həyata keçirilsə, o məhz fərdi xarakter daşıyır. Əgər bu bütöv bir kollektiv tərəfindən (ailə, qohumlar, dostlar, müəssisə, qurumlar və s.) baş tutarsa İctimai xarakter daşıyırsa və bütövlükdə tam olaraq sosial nəzarətdir.

Hüquqi dövlətdə mövcud demokratik institutların möhkəmləndirilməsində sosial nəzarət mexanizmi vacib rola malikdir. Bu baxımdan sosial nəzarət demokratik institutların əsas atributlarından olub, əsasən sosial davranış qaydalarını tənzimləməklə, cəmiyyətdə davranış normalar sistemini təsbit edir. Sosial nəzarət dedikdə, normativ tənzimetmənin praktiki-mənəvi vasitələrinin köməyilə sivilizasiyalı sistemi nizamlı, dinamik-müvazinətli vəziyyətdə saxlamaq üsulu başa düşülür” (8; 358). Demək, ictimai qaydanın və onun xüsusi mexanizmlərinin qorunması üçün hakimiyyət səlahiyyətlərindən istifadə olunur. Bu zaman sosial normalar, müəyyən  sanksiyalar tədbiq edilir və dövlət-hakimiyyət-vətəndaş anlayışı ön plana çəkilir. Başqa sözlə, cəmiyyət üzvlərinin fəaliyyətinə dövlət və cəmiyyətin özü tərəfindən nəzarət keçirilir.

Bəs sosial davranışın özü nədir? Sosial davranış – fərdlərin tam olaraq cəmiyyətin həyatına, fəaliyyətinə dövlət və sosium tərəfindən nəzarətin sosial mexanikasıdır. Sosial davranışın məqsədli tənzimlənməsi incəzərif  xarakter daşıyır, eləcə də dəyər yönümlərinin seçilməsində sərbəst və azad iradənin maksimum fəal iştirakını nəzərdə tutur. (7;358). Bu baxımdan əsrlərlə formalaşan adətlər, yazılmamış qanunlarla riayət edilən ənənələr, iman və inamdan irəli gələn dini ayinlər, əxlaq normaları bəzən hüquqi qanunlarsız belə insanlar tərəfindən özü nəzarət edilir. Məhz bu ictimai, ya da başqa sözlə ifadə olunsa elə hüquqi müdaxiləsiz sosial nəzarət insanların davranışının təmin edilməsini göstərən çeşidli münasibətlər, qayda və normalar, həmçinin demokratik insanlararası institutların münasibətlərinin qaydalar məcmusudur.

İctimai nəzarət mexanizmlərində cəmiyyətdə, məhz fərdin özünün davranışından yaranan xətalar, qüsurlarıifadə etdiyi qeyri-etik sözləri ilə qınaq obyektinə çevirir. Burada fərd qeyri-etik davranışı ilə “təcrid olunur”, onun nəinki özü, həmçinin digər şəxslərə münasibətdə davranış və ifadələri, onu “arzu olunmayan şəxsə” çevirir. Bəzənsə ətrafın loyallığı da belə davranışlara stimul verir.  Qeyd edək ki, “İnsanlar bu və başqa hərəkətləri mexaniki deyil, tam anlaqlı şüurlu şəkildə, müəyyən məqsədlərə yetmək üçün yerinə yetirir. Həmçinin insanların davranışı istər sosial, istər siyasi maraq və emosiyaları ilə bahəm, ənənələr, adətlər, din, dil, tərbiyə və təlimin müəyyənləşdirdiyi istiqamətlərlə şərtlənir.

Sosial davranış fərdin və qrupun davranışının həm obyektiv, həm də subyektiv ilkin şərtlərinin nəzərdən keşirilməsinə əsaslanan sosial davranış kateqoriyası cəmiyyətin mənəvi həyatının başa düşülməsi və qiymətləndirilməsi üçün həlledici əhəmiyyətə malikdir”. (14)

İctimai nəzarət özündə ictimai normaqaydalar, sosial göstərişlər hüquqi cəzalar kimi anlamları da birləşdirir. Sosioloq P.Bergerin fikrincə, “sosial nəzarət” konsepsiyasına uyğun olaraq, insan öz ətrafında baş verənlərin və sosial nəzarətin müxtəlif növlərindən, tiplərindən və formalarından ibarət olanların mərkəzində dayanır. İnsanı əhatə edən hər bir dairə yeni nəzarət sistemidir. Dövlət  aparatından ibarət olan siyasi-hüquqi sistem ən böyük dairədir”. (6;362).

İctimai və ya sosial nəzarətdən bəhs edərkən ilk öncə, hər bir fərdin məhz özününəzarət – yəni daxilən nəzarət məsələsi əsas önəm daşıyır. Hər bir kəs (fərdi, şəxs, vətəndaş) öz davranışının bütövlükdə cəmiyyətdə qəbul olunmuş normalarla uyğunlaşdıraraq tənzimləməlidir. İkincisi, xarici nəzarətdir. Bu isə ümumilikdə qəbul edilən qanunlar, davranış tərzi – normalarına əməl edilməsinə məsul olan institut və mexanizmlərin məcmusudur. Təbii ki, burada da (xarici nəzarətdə) iki hal meydana çıxır. Birinci, Qrupdaxiliyəni qeyri- formal nəzarət. Burada əsasən iş yoldaşları, həmkarlar, qohum və qonşular, tanış  dostlar qeyri- formal sürətdə əsasən fərdin qeyri-etik davranışını tənqid etməyə əsaslanaraq, tövsiyyə, məsləhət və s. şəkildə ictimai rəyi dəstəkləyir, hətta tənbeh də edirlər. Bu məhz Pandemiya dövründə vacib zəruri hallar kimi meydana çıxdı.

İkincisi isə, İnstitusional- formal nəzarətdir. Burada daha çox rəsmi strukturlar və ya bəzən də inzibati orqanlar cəlb edilməklə tədbirlər görülür. Diqqətə yetirək ki, Ailəİş kollektivi daha çox ictimai (sosial) nəzarəti yerinə yetirməyə dəstək olur. Unutmayaq ki, Ailə İnstitutu ən önəmli Sosial institut, iş – kollektiv isə Həmkar-əməkdaşlıq İnstitutdur. Deməli, həm Ailə, həm də Kollektiv qeyri-formal nəzarətin subyekti, aparıcı vahidi, yaxud sosioloji anlamda desək, “agentləridir”. Məhz Covid-19 pandemiya dövründə də hər bir ailədə sosial davranış, sosial məsafə gözləmə hallarının təbliği, qaydalara riayət olunması  aşılanmalıdır.

Bir halı da qeyd edək ki, formal nəzarət qeyri-formal nəzarətdən sonra yaranmış və reallıqda ondan sonra gəlir. Əgər qeyri-formal nəzarəti kiçik qrup, dəstə, kollektivdə, həyata keçirmək mümkünsə, formal nəzarətin böyük insan çoxluğu çərçivəsində tətbiqi qeyri- mümkün olur. Məhz burada inzibati institutlar daha çox önəm daşıyır. Bu baxımdan da qeyri-formal nəzarət əgər lokal-yerli xarakter daşıyırsa, formal nəzarət isə dövlətin bütün ərazisində səlahiyyət kəsb etdiyi üçün qlobal nəzarətdir. Formal nəzarəti təhsil ocaqları, istehsalat müəssisələri, ordu, məhkəmələr, KİV, siyasi qurumlar, QHT-lər və s. ictimai təsisatlar məhz həyata keçirməklə məşğuldurlar.

Təbii ki, bu zaman qanunlar, hökumət qərarları, sərəncam və s. bu kimi təlimatlar ictimai (sosial) nəzarətin əsasını təşkil edir. Bu isə İnstitusional dəstəkdir.

Sosial nəzarətin bəs hansı nəzarət üsulu – forması vardır?  Burada bir neçə amil qarşılaşdırılır. Belə ki, ilk əvvəl a) yüngül –asan forma, b) sonra- dolayı (yanaki) forma; c) daha sonra bibaşa (düzünə) üsul və nəhayət, sonda; d) sərt üsuldan istifadə edilir. Nədir bu üsullar? Yuxarıda qeyd etdiyimiz kimi Ailə və Kollektiv Sosial İnstitutları yüngül və dolayı nəzarəti həyata keçirirsə, birbaşasərt üsullar artıq rəhbərlik tərəfindən və qanunlarla tənzimlənir. Biz bu kimi hallara məhz Covid-19 Pandemiyası dövründə rast gəlindi.

Belə bir fikir də var ki, istənilən nəzarət prosesini hətta idarəetmə metodu ilə də adaptasiya edirlər. Nəzarət prosesi yalnız fəaliyyətin istiqamətini tənzimləyir. Məsələn: ailədə uşağın təlimi, təhsili, valideynlərin qarşılıqlı hörmətinin qorunması və s. Əmək kollektivlərində isə hər bir müəssisənin öhdəliyi- fəaliyyətinin idarə olunmasına nəzarət tətbiq edilir. Deməli, nəzarət anlayışı məhdud, idarəetmə isə daha genişdir. Və nəzarət prosesi məhz idarəetmədən yaranır. Çünki, idarəetmə zəif olanda, yuxarıda qeyd olunan üsul (metodlar) kollektivdə həyata keçirilməyəndə, orada artıq ictimai nəzarət də zəif olur.  M.Veber qeyd edirdi ki: “İnsan öz fəaliyyəti üçün məqsədlərdən və onlara məna verən dəyərlərdən təkan alır. Əgər bir insanın öz qarşısına məqsəd qoyan varlıq olması fikri ilə razılaşırıqsa,onun davranışının sirlərini hər hansı məqsəd qoymaq prinsipinin müəyyən etdiyi yollarda axtarmaq lazımdır. Dəyərlərin düzgün dərk edilməsi cəmiyyətin mənəvi tənəzzüldən yaxa qurtarmasına kömək edə bilər”. (14) Həqiqətən də, məhz istənilən fərd fəaliyyət normalarına, əxlaq dəyərlərinə riayət etsə, bütövlükdə ictimai- (sosial) nəzarət də mükəmməl və mühit yüksək mədəniyyətli olar.

Bu mənada tərbiyə - təlim metodikasında həmişə mədəniyyət elementləri yüksək dəyərlər çərçivəsində olması labüd sayılırdı. Yazılmamış qanunlarla tənzimlənən ictimai davranış kodeksləri çərçivəsində insanlar yüksək nəzakətlə bir-birilə davranmalıdırlar. Təbii ki, hər fərd qarşısındakına münasibətdə “buyurun”, “bağışlayın”, “rica edirəm”, “zəhmət olmasa”, “mümkünsə” və s. kimi müraciəti ilə seçilməsi əxlaqi mədəniyyətdir. Xüsusən də, Təhsil, Elm-Mədəniyyət ocaqlarında, nəqliyyatda, ictimai yerlərdə ucadan danışmaq, söhbətləşmək, zaraftalaşmaq, əl-qol hərəkətlərii etmək, şit hərəkətlər, ucadan mahnı oxumaq və s. qeyri-etik davranış tərzi qeyri-məqbul, hətta qəbuledilməzdir.

 Bəs demokratiya-müstəqillik sosial davranış kimi hərəkətlərə də aiddirmi... Müasir Azərbaycan hüquqi, Vətəndaş cəmiyyəti yönlü dövlətdir. Söz, fikir, ifadə, əqidə azaddır... Hərəkət, davranış, nizam intizam, məsuliyyətlilik hissi isə hüquqi tənzimlənmədən savayı, həm də hər bir vətəndaşın da həyat tərzi daxilən nəzarətində olmalıdır. Burada məhz müvafiq qanunlara riayət olunması vacibliyində daxili məsuliyyət də əsasdır. Özünəməsuliyyət hissi güclü olmalıdır. Unutmayaq ki, Ulu Öndər Heydər Əliyev daima mənəvi tərbiyəni əsas prioritet saymış və söyləmişdir: “Cəmiyyətimizdə saf  mənəviyyatı, bərqərar etmək, inkişaf etdirmək, bütün mənfi hallara qarşı mübarizəni gücləndirmək əsas vəzifəmizdir” (2;78) və ya “Hər bir insan həyatda yaşamalı, inkişaf etməlidir, öz yerini tapmalıdır. Amma öz yerini, özünə məxsus olan yeri tapmalıdır. Kim ki, öz bildiyindən, bacarığından artıq iddialar edir, o, həmişə məğlub olur” (2;83) Və yaxud da Ulu Öndər Heydər Əliyev sanki uzaqgörənliklə bu günümüzə belə səslənərək deyir: “ Biz bütün qüvvələrimizi toplasaq, Ziyalılardan, Din xadimlərindən,  alimlərdən, hörmətli adamlardan istifadə etsək, onlar bu işi mütəşəkkil apara bilsələr,... lazımi iş görərək tərbiyə, əxlaq, mənəviyyat məsələlərini ... aşılaya bilərlərsə, mənəviyyatı, iradəni möhkəmləndirə bilsələr, bu bizim həm siyasi, həm də ideoloji işimiz olacaqdır. Lakin bu iş nəzəri şəkildə deyil, mütəşəkkil aparılmalıdır” (2;90)

Bu nəzəri yanaşmadan ölkə Prezidenti İlham Əliyev çox siyasi dəqiqlik və ictimai motivdə söyləmişdir ki; “Bu gün Azərbaycan dövləti möhkəm əsaslar, milli maraqlar üzərində qurulub. Bizim milli ideologiyamız azərbaycançılıq fəlsəfəsi bütün cəmiyyəti birləşdirir. Müstəqil Azərbaycan dövləti möhkəm milli dəyərlər üzərində qurulubdur. ...Ölkəmizdə ictimai proseslər müsbət istiqmətdə inkişaf edir... idarəetmə sahəsində müsbət islahatlar aparılır. Mən burada ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. ... ictimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. ... mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırlması üçün yeni bir mexanizm yarana bilər... ictimaiyyət də daha fəal olmalıdır.” (3)

XXI əsr Yeniləşən Azərbaycanda məhz bu proseslər də demokratik idarəetmə üsullu hüquqi dövlətdə Prezident İlham Əliyev tərəfindən daima qəti olaraq diqqətdə saxlanılır. Cəmiyyətdə sürətlə dəyişən yeni mədəniləşmə prosesi ilə bahəm sorğu yaranır ki, bəs bəzən “meydana çıxan bəzi neqativ təzahürlər nədir”... Dəyərlər yeniləşir və dəyişir, sosial, mədəni-mənəvi ölçülərdə isə bəzən müəyyən neqativ hallar da  nəzərə çarpır.

Təhsil, Elm, mədəniyyət, KİV, Vətəndaş cəmiyyəti, siyasi təsisat  nümayəndələri yuxarıda nümunə gətirilən Ulu Öndər Heydər Əliyev kəlamlarının bu günlə tarazlaşmasında maarifləndirmə, məlumatlandırma, təbliğ-təşviq işində Dövlət-hakimiyyət, həmçinin özəl sektorda əməkdaşlıq çərçivəsində fəal olması da zərurətdir. Bu prosesdə ən böyük rol məhz TV-lərin üzərinə düşür. Çünki daha geniş, böyük auditoriyası olan TV-lərdir.

XXI əsr Azərbaycanında iqtisadi yönümdə şəhərlə kənd arasında getdikcə fərqlər də dəyişir. Kəndlər, qəsəbələr şəhərləşib, hər yerdə ailəvi park mədəniyyəti formalaşıb, yaşıllaşdırma, asudə vaxtın səmərəliliyi yönümündə Modernlik vardır. Bəs dəyişən nədir? Ailə daxili mədəniyyətinə bəzən riayətsizlik və ailədaxili qətl, övladdan imtina və uşaqlarını küçələrə atma, ağsaqqal (qarasaqqal) – ağbirçək (qarabirçək) məfhumunun münasibətlərdə bəzən dəyərsizliyi, müəyyən etik normalardan çıxma, hansısa neqativ mənəviyyatsızlığın “peşə”yə çevrilməsi və bu proseslər çərçivəsində MƏNƏVİ zombiləşmə, ictimai nəzarətin, ictimai rəyin, hətta ictimai qınağın belə sönükləşməsi...Bu mətndə Prezident İlham Əliyevin milli qanunvericilikdə müəyyən istiqamətlərdə dövrə uyğun dəyişikliklərlə bağlı imzaladığı Sərəncamlar müvafiq sahələr üzrə də məhz neqativ halların aradan qaldırılmasına qarşı yönəlik Müsbət Addımdır. Bu ölkədə Gender strategiyasında qanunvericiliyin tənzimlənməsində Gender nəzarəti, Gender ekspertizasıdır.

İctimai nəzarət prosesində vətəndaş cəmiyyəti, əsasən üçüncü sektorun ictimai mühitin yeniləşməsində rolu, yeri və mövqeyi də önəmlidir. Belə ki, passionar insanları maarifləndirmək vətəndaş cəmiyyətinin ən vacib vəzifəsidir. Cəmiyyətin demokratikləşməsi, yeni kreativ, yaradıcı, intellektualların müxtəlif təşkilatlarda aktivliyi labüddür. Vətəndaş cəmiyyətinin sosial, humanitar, ictimai prosesə cəlb edilməsi məqsədilə AR Prezidenti köməkçilərinin Covid-19 pandemiya dövründə QHT-lər və siyasi təsisat rəhbərləri ilə görüşü də müsbət tendemdir. Konstruktiv istər  ictimai, istər siyasi dialoq və ictimai məsuliyyətdə hər bir təsisatın roluna şərait yaradılması, habelə aktual sosial davranış, sosial məsafə kimi hallara kömək, demokratik Azərbaycanda modernləşmə yolunda aparılan mühüm islahatlarda dövlət-cəmiyyət dialoqunun formalaşmasına köməkdir. Bu dövlət – vətəndaş, dövlət-cəmiyyət qarçılıqlı münasibətlərində vacib məqam, yeni mərhələdir.

Ölkədə vətəndaş təşəbbüskarlığı, yeni ictimai davranış normaları mədəniyyətinin formalaşmasında tələb olunan hüquqi-siyasi-ictimai qaydalara riayət də zəruri davranış hallarıdır. Bu kimi proseslər ölkədə ictimai-mədəni və yenilənən cəmiyyətdə məhz Prezident İlham Əliyevin söylədiyi “İctimai nəzarət”ə dəstək məsələlərin maarifləndirilmə, məlumatlandırma  istiqamətində fəaliyyət mexanizmidir.

Bu mənada siyasi-hüquqi, sosial-hüquqi konteksdə araşdırılan “ictimai nəzarət” mövzusunu Ölkənin Birinci Vitse Prezidenti Xanım Mehriban Əliyevanın dünya Gender məktəbinə töhfə olan  fikirləri ilə yekunlaşdıraq: “Hazırda dünya öz inkişafının elə bir dövrünə qədəm qoyur ki, yekun məqsəd bu vəziyyətin dəyişməsindən ibarətdir. Vəziyyətin dəyişməsində uğurlar bir çox siyasi, ictimai, sosial, dini və mənəvi amillərdən asılıdır. Lakin, yekun nəticədə hər şey bizdən, bu planetdə yaşayan Kişilər və Qadınlardan asıldır” (9)

Ədəbiyyat siyahısı

  1. Azərbaycan Respublikasının Konstitusiyası. B., 2016
  2. Heydər Əliyev “Müstəqillik yolu” Bakı, 1997
  3. AR Prezidenti İlham Əliyevin 27.05. 2015-ci il Respublika günü münasibətilə olan tədbirdə çıxışından  http://www.president. Az/articles/15346.
  4. Hüquq ensiklopedik lüğəti, Bakı, 1991.
  5. Fəlsəfə ensiklopedik  lüğəti, Bakı, 1997
  6. A. Quliyev. Hüquq ensiklopediyası, Bakı, 2007
  7.  F.Vahidov, T.Ağayev “Sosiologiya” Dərs vəsaiti, B, 2008
  8.  Hüquq sosiologiyası, Bakı, 2012.
  9. Rəna Mirzəzadə “Multikulturalizm siyasəti: Din və gender dialoqunda” B, 2013.
  10. Azərbaycan Respublikasının Əmək Məcəlləsi, B, 2011. (www. Genprosecutor.qov.az) files/uploader/ AR-in emek_mecellesi/doc
  11. Bax: www/e-qanun/az»framework»data
  12.  Bax:http: /www meclis.qov.az/?/az/leqislation/view/1331
  13. Sosiologiya, Ali məktəblər üçün dərslik B, 2003.
  14. WWW.Гu.m.wikipedia.org/wiki/социальное -поведение
  15. Bax: salamnews.org/az/news/read/38 8072
  16. Bax: yap.org.az/az/view/news/43231



Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Rəna MİRZƏZADƏ