USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İndulgensiya, onlayn nəzir və ya Martin Lüterdən Ceyhun Məmmədovadək


https://img.baki-baku.az/news/2022/01/photo_6171.jpg?v=MjAyMi0wMS0zMSAxNDozMjozOA==

Əvəz Rüstəmov

______________________________________________________________

İndulgendiya. Avropanın orta əsr kilsələrində günaha görə cəzalardan azad olunma belə adlanırdı. 1517-ci ildə ilahiyyatçı Martin Lüter buna qarşı çıxdı. Nəticədə reformasiya başlandı. O reformasiya ki, qitənin və ümumilikdə dünyanın tarixini dəyişdi. İnkişafa və tərəqqiyə yol açdı. O inkişaf və tərəqqiyə ki, nəinki Azərbaycanın, elə Şərq aləminin də ona çatmasına azı yarım əsr qalıb.

Azərbaycan insanı günaha görə cəzadan xilas olunmasını istədiyi üçün nəzir verir. İndulgensiya dövründəki kimi. İnsanımız nəzir verərkən həm də kiməsə yaxşılıq etdiyini, əl tutduğunu düşünür. Yəni belədə günah bağışlanır (?)

Yəqin fərqinə varmısınız, Bakıdan rayonlara tərəf gedəndə avtomobillərini Bibiheybət məscidinin yanında saxlayıb nəzir qutusuna qəpik atanlarımız var. Yəni Allah görsün ki, bunlar yaxşılıq etməyi bacarırlar, bunun müqabilində xatasız-bəlasız yol versin, sükan arxasında yatmış kamaz şoferi onları tapdalamasın…

Nəzir-niyazın inanclarımızdakı yeri və rolu barədə müxtəlif baxışlar mövcuddur. Bu barədə geniş danışmaq istəməzdim. Onsuz da hər bir xalq yaddaşına hopmuş bəlli ehkamları qoruyur. Bunların bəziləri qədim ənənəyə əsaslanır. Zaman o ənənədəki nələrisə tədricən sıradan çıxarıb tarixə yollayır. Bu, iqtisadi inkişafın bəlli mərhələlərində baş verir. Çünki dövlətlər o ənənəyə alternativ daha uyğun prioritetlər müəyyənləşdirir.

Bizdə iqtisadi inkişaf gedib və dövlət yeni prioritet müəyyənləşdirir. Baxaq necə? Nəzir varsa, onu belə demək mümkünsə, onlayn nəzirə çevirmək lazımdır. Düşünün ki, Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək. Və bu, “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb. Azərbaycanda din dövlətdən ayrıdır. Ölkə konstitusiyasında belə yazılıb. Nəzərdə tutulan dəyişikliyin ana qanunumuzla nə dərəcədə uzlaşdığını mübahisələndirməkdən uzağam. Amma…

Əslində həyatın bütün sahələrində şəffaflıq vacibdir. Di gəl, belə şəffaflıq lazımdır? Ümumiyyətlə bu şəffaflıqdır? Nəzirə, ianəyə ehtiyacın yaranmadığı, heç kəsin heç kəsdən asılı olmadığı cəmiyyət qurmaq yerinə nə işlə məşğuluq? Qanuna dəyişiklik edirik.

Bu yerdə yadıma təhsil nazirimiz Emin Əmrullayevin bir müddət öncə dedikləri düşür. Cənab nazirin sözlərindən belə qənaət hasil olmuşdu ki, valideynlərdən yığılan fond və süpürgə pulları leqallaşmalıdır, şəffaf olmalıdır. Adam təhsil müəssisələrində pul yığımın qarşısını almaq əvəzinə görün, görün nə deyir? Allaha şükür, məktəblərin də bank hesabı var, valideynlər pulu ora köçürsünlər, şəffaflıq yaransın. Nə gözəl! Müasirləşirik axı. Təhsil Nazirliyi pul yığımı üçün mobil əlavə də yaratsa, lap müasirləşərik...

Yeri gəlmişkən, “Nəzir” mobil əlavəsini də yaratmağın tam zamanıdır. Niyə insanlarımız Bibiheybət yolunda əziyyət çəkib maşından düşərək nəzir qutusuna yaxınlaşmalıdırlar? Vaxt qızıldır, onu itirmək olmaz. Yaxud da məscidə dua etməyə gələn vətəndaşımız nəyə görə nəzir qutusuna tərəf dönüb vaxtını itirməlidir? Elə dua edə-edə telefonda mobil əlavəyə daxil olub nəzirini versin, ya da ödəsin. Ümumiyyətlə, nəzir qutularını da ASAN xidmətə verməyin vaxtı çatıb...

İndulgensiyanın XVI əsrdə sıradan çıxdığı Avropada nəzirə oxşar inanc qalıb. Köhnə qitənin müxtəlif şəhərlərində bu adət saxlanılır. Verilən pulların da təyinatı məlumdur. Ancaq ortada ianəyə ehtiyac duymayan, kiminsə yardımını özünə rəva görməyən möhkəm cəmiyyət var və o cəmiyyətdə bir çox məsələlərin qanunla tənzimlənməsinə heç ehtiyac da yoxdur. Çünki qarşılıqlı inam və etibar mövcuddur. Biz də elə bir cəmiyyət qurmalıyıq. Ancaq düşündüyümüz bu deyil. …düşündüyümüz onlayn nəzirdir. Hələ ilahiyyatçı olan deputatımız Ceyhun Məmmədov telekanala çıxıb məsələni əsaslandırır da. Soruşan yoxdur ki, a kişi, nə danışırsan, niyə gedib öz işinlə məşğul olmursan? Sən axı ali qanunverici orqan Milli Məclisin təmsilçisi kimi nəzir-niyaza ehtiyacın duyulmadığı quruluşun formalaşmasına çalışmalısan. Nəyi qoyub nəyi axtarırsan?

Bəli, məsələ nəyi qoyub nəyi axtarmaqdadır. Təəssüf ki, böyük ölçüdə bizimki budur. Və beləcə inkişafa və tərəqqiyə doğru yol getdiyimizi düşünürük. Bəlkə də gedirik. Amma çox piyada gedirik. Gərək nəzir verək ki, gedişimiz sürətlənsin. Özü də onlayn nəzir.




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Əvəz RÜSTƏMOV