USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Mirzə Ələkbər Sabirin nə işi var “Gelenvagen”də?


https://img.baki-baku.az/news/2022/01/photo_6041.jpg

Əvəz Rüstəmov

_________________________________________________________________

Bahalı maşının sükanı arxasında yol gedərkən kasıbları təhqir etdiyi bildirilən şəxsin üzrxahlıq videosunu izlədim. Əvvəl adamın avtomobildə dediklərinə də qulaq asmışdım. Bir anlıq düşünmüşdüm ki, dahi Mirzə Ələkbər Sabir “Gelenvagen”də oturub özünün məhşur şerini desə, vəziyyəti necə olardı?

Fələ, özünü sən də bir insanmı sanırsan?!

Pulsuz kişi, insanlığı asanmı sanırsan?!

Bilirəm, deyəcəksiniz ki, Mirzə Ələkbər Sabirin nə işi var idi “Gelenvagen”də? Düz deyirsiniz, “Gelenvagen” şairin yalnız şirin yuxusu ola bilərdi. Məlum üzrxahlıq videosundan da görünən budur ki, maşın kasıbları təhqir etdiyi bildirilən şəxsin özünün deyilmiş. Yəni o da yuxudaymış. Ayılanda özünü polis bölməsində görüb.

Fikrimcə, ortada xoşagəlməz durum var. Bəli, birinin kimisə, yaxud kimlərisə  aşağılaması düzgün deyil. Amma bu, çox zaman meydana əxlaq və tərbiyə məsələsi olaraq çıxır. Ölkənin böyük hissəsi kimi mən də kasıbam, amma heç ağlıma gətirmədim ki, həmin şəxs məni bu yolla təhqir edir. Düşündüm ki, axmağın biri ağzına gələni danışır. Azdırmı belələri? Aşağıları demirəm, deputatlar, vəzifə sahibləri içərisində də tərbiyəsinə quzu kəsdiklərimiz var. Adam təsadüfən “Gelenvagen” sürüb, amma birilərinin təsadüfən parlamentə düşməsi, vəzifə kreslosuna əyləşməsi xalqa daha böyük təhqir olmurmu? Nə isə, bundan danışmaq istəmirəm. Çünki mənası yoxdur...

Qeyd etmək istədiyim başlıca məqam cəmiyyətlə, hüquqi dövlət anlayışı ilə bağlıdır. Söhbət təhqirdən gedirsə, həmin videoda onun konkret hədəfi yoxdur. “Kasıb, çəkil yoldan”. Bu, nə vaxtdan təhqir olub? Məgər biz bir-birimizə demirik ki, acından günorta dururam və ya durursan? Hələ filankəs it kasıbıdır da deyirik. Ölkəni əhatə edən ifadələr nə vaxtdan təhqir sayılır?

Açığı, mən birinci videoya yox, ikinci üzrxahlıq videosuna baxanda özümü daha çox təhqir olunmuş saydım. Adam hamıdan üzr istədi. Bizdən - kasıblardan. Sanki üzümüzə vurdu kasıblığımızı. Bu dəfə ağıllı-başlı vurdu. Mən daha ona gicbəsər kimi baxmadım. İndi neyniyim, heç bilmirəm. Üzrxahlıq videosunu düz-qoş edənlərə təşəkkür edirəm. Sağ olsunlar, adam kasıblardan üzr istədi... Şair Ramiz Rövşənin təbirincə desək, başından var-dövlət yağan ölkənin bəxtəvər günündə dilənənlər var. Bəs, buna görə kim üzr istəməlidir? Bilirəm, heç kəs üzr istəməyəcək...

Üzrxahlıq videosunu yayanlar həm də ona görə yaxşı iş görməyiblər ki, onlar kasıb yaşadığımız bu ölkədəki hüquqi münasibətlər sistemini gözdən salıblar. İzah edirəm necə. Tutalım, biri başdanxarabdır, ya nə bilim e yüngül xasiyyətlidir. Lap hesab edək ki, onun gicbəsərliyi qanun pozuntusu yaradır. Deməli, cəza kəsilməlidir. Ancaq belə nümayişkəranə, təşkil olunmuş üzrxahlıq lazımdır? Biri var kimsə özü öz səhvini anlayıb üzr istəsin, biri də var dövlətin müvafiq qurumu kiminsə üzr istədiyinə dair məlumat yaysın, üzrxahlıq videosu paylaşsın. Biz ikinci variantı gördük. Və bu, heç bir halda dövlət metodu deyil. Çünki dövlət sözünü qanunun aliliyini qorumaqla deməlidir. Burada isə sanki orta əsr qınaq üsuluna baş vurulur. Adamı üzr isdətiblər. Paho, böyük iş görüblər. Bu videoda nə kimi örnək var? Yoxdur. Əksinə çox böyük yaramazlıq təbliğ olunur – kimisə üzr isdətmək. Sabah hansısa axmağın biri digərini güclə üzr istədib videosunu paylaşacaq. Dövlət qurumuna olar, vətəndaşa yox? O da edəcək. Çünki cəmiyyətə aşılanan budur. Hələ bəziləri lap irəli gedəcək. Birinin ağzını-burnunu dağıdıb videosunu yayacaq. Beləcə hüquqi dövlət anlayışı sıradan çıxacaq.

Sonda yenə dahi şairimiz Mirzə Ələkbər Sabiri görmədiyi günə çıxarmaq, onu xəyali olaraq “Gelenvagen”in sükanının arxasına əyləşdirmək istəyirəm. Əyləşsin və məhşur şerindən bir bənd də desin. Sizi bilmirəm, qoy məni təhqir eləsin, razıyam:

İnsan olanın cahü cəlali gərək olsun,

İnsan olanın dövləti, mali gərək olsun,

Himmət demirəm, evləri ali gərək olsun;

Alçaq, ufacıq daxmanı samanmı sanırsan?!

Axmaq kişi, insanlığı asanmı sanırsan?!

P.S. “Gelenvagen” sözünü səhv yazmışamsa, alman xalqından üzr istəyirəm. 




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Əvəz RÜSTƏMOV