USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

Ümidləri gerçəkləşdirən PREZİDENT


https://img.baki-baku.az/news/2021/12/photo_5939.jpg

Qələbəyə gedən yolda hər şeydən daha vacibi qələbəyə olan ümiddir. Bütöv bir xalqı isə qələbəyə inandırmaq liderlərə məxsus xüsusiyyətdir. 

Xalqlar, dövlətlət tarixin axarında müxtəlif situasiyalara düşə bilərlər. Hələ elə bir millət yoxdur ki, tarixi sınaqlardan keçməsin. Amma bu sınaqlardan necə çıxmaq tam ayrı söhbətdir. Öz milli mədəniyyətini, dəyərlərini, əxlaqını qoruyaraq belə sınaqlara sinə gərmək hər millətə qismət olmur.  Belə məqamlarda ən vacib olan şey ümidləri canlı tutmağı bacarmaqdır. Bunun üçün də qüdrətli, uzaqgörən bir liderə ehtiyac yaranır.

Azərbaycan xalqı 2020-ci ilin noyabrın 8-də 30 illik həsrətində olduğu qələbəni əldə edə bildi. Lakin qazanılan hər uğurun təməlində illərlə qurulub yaradılan inama, qələbəyə olan ümid yer alır. “Zəfər Günü” təkcə silah-sursatın deyil, həm də qələbə əzminin təntənəsi idi. Bu əzmi bizə bəxş edən və arxada qoyduğumuz 30 il ərzində bizi daim qələbəyə inandıran, zəfər ümidlərimizi sönməyə qoymayan Ali Baş Komandanımız vardı. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 18 il ərzində sözü ilə əməli bir oldu. Düz 18 il boyunca, istər beynəlxalq toplantılarda, istərsə də öz vətəndaşları ilə görüşdə ancaq bir sözü oldu: - Biz tarixi dədə-baba torpaqlarımızın itirilməsi ilə barışmayacağıq. Biz hökmən öz torpaqlarımıza qayıdacağıq. 

Xalqın qarşısındakı hər çıxışında, hər sözünün başlanğıcında Qarabağ, Azərbaycan dövlətçiliyi və vətəndaşı oldu. Rəhbərliyi dövründə bir an da olsun ümidsizliyə qapılmadı və Azərbaycan xalqını da uğurlu gələcəyə, Zəfər yürüşünə inandırmağı bacardı, ümidləri daim canlı tutdu.

İstər Milli Olimpiya Komitəsinin, istərsə də ölkə prezidenti kimi İlham Əliyev, 90-cı illərin ağır sınaqlarından çıxmış Azərbaycanı gücləndirməyin tək yolunun xalqın özünəinam hissini bərpa etməkdə olduğunu görürdü. Azərbaycanın ümidə ehtiyacı vardı, özünə qayıtmağa, özünü dərk etməyə ehtiyacı vardı. Bunun üçünsə xalqı qələbələrə alışdırmaq, onu qalib olmağa öyrətmək lazım idi. İlham Əliyev bu fəlsəfəni çox dərindən başa düşürdü və bunları etmək üçün haradan başlamaq lazım olduğunu da müəyyən etmişdi. 
Onun 1997-ci ildə Milli Olimpiya Komitəsinin perzident seçilməsi ilə QƏLƏBƏ MARAFONUNA start verildi. Artıq bir lider kimi İlham Heydər oğlu bu yola qədəm qoymuşdu. 

İlham Əliyevin ilk işi yeni vəzifəyə təyin olunduğu 1997-ci ildə qarşıdan gələn Sidney Yay Olimpiadası üçün hazırlıq konsepsiyasının işlənib hazırlanması oldu. İdmançıların sosial problemlərinin həll olunması və federasiya daxilində səmərəli fəaliyyətin təmin olunması Sidney uğuruna gedən yolun sadəcə kiçik pillələri idi. Olimpiadalara tamamilə fərqli münasibət nəticəsində 2000-ci ildə Azərbaycan idmançıları Sidneydə tarix yazdı. [email protected] qızıl və 1 bürünc olmaqla qazanılan 3 medal Azərbaycan xalqının mübarizə ruhunu yenidən oyatmışdı. İllər sonra əldə olunan ilk qələbə gələcək uğurların xəbərçisi idi. Dünya Azərbaycan himninin sədalarını dinləyərkən bizlər də öz tarixi kimliyimizi, yaddaşımızı və öz gücümüzə olan inamımızı yenidən qazanırdıq.

Əldə olunan uğurlu başlanğıcı davam etdirən Azərbaycan Afinada (2004) 5, Pekində (2008) 7, Londonda (2012) 9, Rio-de-Janeyroda (2016) isə 18 medal qazandı. Ardıcıl qələbələr, idmanın bir çox sahəsində əzəli və əbədi düşmənlərimiz üzərində inamlı zəfərlər ümidlərimizi yenidən oyatmışdı. Tatamilərdəki kiçik qələbələri daha böyük meydanlardakı uğurlar izləyirdi. Bütün bu uğurların fonunda isə ağıllı və məntiqə əsaslanan, saat mexanizmi kimi işləyən idarəçiliyin, lider obrazının mövcudluğu hiss olunurdu. 
Əldə olunan qələbələr, qazanılan medallar Azərbaycan üçün sadəcə uğur yox, həm də milli özünüdərkin önəmli tərkib hissəsi idi. Hər qələbə bizi gələcəkdə gözləyən şanlı Zəfər gününə bir addım daha yaxınlaşdırırdı. Hər uğur bizi layiq olduğumuz qələbə üçün hazırlayır, nüfuzlu idman yarışlarında Ali Baş Komandan İlham Əliyevin daşıdığı məşəllər Azərbaycanın tarixi qələbəsinin rəzmi olan Zəfər tonqalının ilk qığılcımlarına çevrilirdi.

İlham Heydər oğlu Əliyev Milli Məclisin deputatı olanda da bu ümidləri özünün digər bacarıqları ilə də doğrultmağı bacardı. Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi ali kürsülərdən ən yüksək və diplomatik tərzdə sözün həm müstəqim, həm də məcazi mənasında onları öz dilində başa sala bildi ki, Azərbaycan haqq işindən ötrü mübarizə yoluna çıxıb və bu yolda qalib olmaqdan başqa çarəsi yoxdur. Xalq bir daha öz liderinə onda inandı və bir daha ümidləndi.

Prezident seçildiyi 2003-cü ildən bəri də hər dəfəsində ancaq bir sözü oldu: - mən hər birinizin prezidenti olacam. Dedi də, elədi də!

Bu gün, qalib ölkənin vətəndaşları olaraq yaxın keçmişə nəzər saldığımızda bir vaxtlar dağınıq və xaotik görünən tarixi hadisələr nəzərimizdə yenidən mənalanır. Bu illər ərzində ilmək-ilmək toxunan qələbənin hər anını sanki yenidən yaşayırıq. İndi başımızı daha məğrur tutaraq Yer üzündə daha qürurla addımlayırıq. Bütün bu məğrurluğun isə ancaq bir səbəbi var – özünəgüvən, gələcəyə ümid və QALİB olmaq duyğusu. 
Bunları bizə yaşadan isə Müzəffər Ali baş komandan İlham Əliyev təkcə prezident deyil, o həm də bir xalqın qələbə ümidini sönməyə qoymayan, addım - addım bu ümidi daha da közərtdiyi və tarixi əzəmətini ona geri qaytardığı üçün həqiqi LİDERdir. Bu gün bizim Liderimiz, ümidlərimizin güc mənbəyi, Cənab Ali Baş Komandanımız özünün kamillik, müdriklik yaşını qeyd edir. Prezidentimizin yubiley yaşını cani-könüldən təbrik edirik. Ona güvənimizin sonsuz olduğunu, bizi qələbələrə, zəfərlərə alışdırdığı üçün  böyük təşəkkürümüzü bildiririk. Var olun, möhtəçəm olun Müzəffər Ali Baş Komandan!

Mətanət Ağamirli,

Əməkdar jurnalist




Redaktorun seçimi

Üç pulyoxtyor -  TƏFSİLAT
  • İqtisadi təhlil
  • 15:57 15.11.2021
Üç pulyoxtyor - TƏFSİLAT

Mətanət Ağamirli