USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ağdamın QALİB ruhu 28 il sonra...


https://img.baki-baku.az/news/2021/11/photo_5709.jpg?v=MjAyMS0xMS0yMiAxNDowODo0OQ==

Müzəffər sözü Zəfərin müəllifi anlamına gəlir əslində, Zəfərin müəllimi kimi də anlamaq olar bu ifadəni.

8 noyabr Şuşa Zəfərindən sonra indi alnına qismət kimi həkk olunan gör neçə MÜZƏFFƏRİMİZ var. Bütün onların da Zəfər müəllimi Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

Azərbaycan prezidentinə həm də ona görə Zəfərin müəllimi deyirəm ki, həmin Böyük Zəfərdən cəmi 12 gün sonra bir güllə belə atmadan, bir can belə qurban vermədən Ağdamın da xilasını təmin etdi.

Nədənsə Ağdam haqqında 27 il Ağdamsız düşüncələrimdə bu ifadə vardı – Müzəffər! Çünki işğaldan əvvəl də Ağdamın duruşu, haqqında düşüncə elə bu cür idi – Müzəffər! Ağdam qalib olmağı sevən bir cəmiyyət idi əslində. Elə o bərk yerindən çat vermişdi Ağdam! Sındırmışdılar namərdlər onun qalib qamətini, təfərrüata varmayacam. 

Qarabağın itirilməsi Ağdamın işğalı ilə sona çatmışdı... 

Xatirimdə Sosialist Əməyi Qəhrəmanı Xuraman Abbasovanın Ağdam gənclərinin qarşısında yerə sərdiyi baş örtüyü var... Bir də Ağdam gənclərinin bu dəyəri tapdayıb gedə bilməyən, boğazlarında düyünlənən qisası...

Həmin qeyrət rəmzinə bükülüb torpağa kömülən 6 min ŞƏHİDDİR Ağdam! 27 ildə hər biri 6 min dəfə ölüb dirilən ağdamlılardır  Ağdam! Onu udmaqmı, unutmaqmı olardı?

2020-ci ilin sentyabrın sonuna qədər mərmilərin partlaması Tərtərdə, Goranboyda, Bərdədə eşidilirdisə, indi İrəvanda ermənilərin canına qorxu salır... Xəyal etməzdik!

Xəyal etməzdik ki, indi bu yol Ağdamdan keçib Şuşanın da boynuna dolanıb üzü Zəngəzur Naxçıvana gedəcək. Şərqin Qapısından bütün Türk dünyasına açılacaq. 

Qarabağa Böyük Qayıdış yolu Ağdamdan keçir, çünki bu yol Ağdamda qırılmışdı.

Bütün bunları görmək və duymaqdan əlavə, həm də bu prosesi yaşamaq da varmış qismətdə. Prezident İlham Əliyevin iştirakı ilə rayonun özündə, erməni vandallarının tarmar etdiyi şəhərdə bu möhtəşəm layihənin təqdimatı keçirildi.

Qarabağı, Ağdamı düşməndən xilas etmiş Müzəffərlərin Ali Baş Komandanı yerli ictimaiyyətin və tanınmış ziyalıla­rın iştirakı ilə təqdim edilən baş planda nəzərdə tutulan əsas tədbirlərin təməlini qoydu.

Mayın 28-də Respublika Günündə Ağdam şəhərinin baş planının rayonun özündə təşkil edilən təqdimatı şübhəsiz təkcə rəmzi xarakter daşımırdı. Çünki Ağdam həm də azadlığın havasıdır. 

Bərdə–Ağdam magistralının çəkilişi sürətlə davam edir. Ağdamın ilk si­vil məktəbinin, yaşayış evinin, Zəfər muzeyinin özülü qoyulub. Qarabağ xanlarından yadigar qalmış “İmarət” kompleksinin bərpasına və İşğal müzeyi yaradılmasına qərar verilib.

Bu isə Qarabağın, onun döyünən ürəyi olan Ağdamın həqiqi sahiblərinin əbədi bu yerlərə qayıtması deməkdir!

Ağdamın azadlığa qovuşduğu bu bir ilinin tamamında müqəddəs torpağımızın qalib görkəminin bərpa edib yenidən əzəmətli tarixini davam etdirəcəyinə əminəm! 

Ağdam Qafqazın Xerosiması olmaqdan qurtulacaq, qəlbində min yara olsa da bərpa olunacaq, qalib görkəmini də qaytaracaq. Damlarını yenidən ağ tikək Ağdamın, qoy, bundan sonrakı taleyi də ağ olsun.

Bizi müqəddəs, ulu əcdadlarımızın, bir də 6 min şəhidimizin ruhu bağışlasın! Bağışlasın, hallalıq versin ki, bu müqəddəs torpaqlarda halal ev-eşiyimizə qayıdıb halal həyatımızı başlaya bilək!

Qarabağın süqutu Ağdamın işğalı ilə baş vermişdi, Qarabağın qüruru da Ağdamın bərpası ilə təmin olunacaq! Və bu gün mən Ağdamdayam... 27 ildir viranəyə çevrilmiş YURDda ağac əkirik! Bəli, bu xoşbəxtlikdir, göz yaşları içində də olsa, xoşbəxtlik...

İndi bu ulu torpağın sinəsini yarıb ora ağac əkirik ki, artıq o qorxu-hürkü çıxsın canından. Qoy torpaq da hiss eləsin ki, indi onun üstündə gəzənlər doğma insanlardır, artıq əsarətdən qurtarıb... Artıq onun viranəlik dövrü bitib!

Müzəffər Ali Baş komandan İlham Əliyevin dediyi kimi, Ağdam Azərbaycandır! İndi Ağdam bunu bizdən daha yaxşı hiss edir...

                                                                                                             Mətanət Ağamirli, əməkdar jurnalist

 




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları

Mətanət Ağamirli