USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Zəfərdən zəfərə doğru


https://img.baki-baku.az/news/2021/11/photo_5592.jpg

Cəmi 6 ay 2 günə qazandığımız Zəfəri-insanlıqdan uzaq olan, insanlığa qarşı daim qəddarlıq edən erməni faşizminin üzərində möhtəşəm qələbəmizin sevincini hər an hiss edirik. Nəinki hiss edirik, hər dəqiqə bu sevinc dalğasının içindəyik və yeni-yeni zəfərlərə doğru gedirik.

Bəs bu qələbəni, bu sevinci xalqımıza kim nəsib etmişdir? Üç amilin vəhdəti: Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyevin qətiyyəti, Müzəffər Ordumuzun və xalqımızın sıx birliyi.

Bax, bu birlik 30 illik nigarançılığımıza birdəfəlik son qoydu. Torpaqlarımızı erməni faşizminin işğalından azad etdi, murdar separatçılardan, vandallardan təmizlədi.

Möhtəşəm qələbəmizin artıq ildönümüdür. Xalqımız bu 12 ayda torpaqlarımız uğrunda şəhidlik zirvəsinə yüksəlmiş igid oğullarımızı, qazilərimizi bir an belə unutmamış, onların fədakarlıqlarını yüksək qiymətləndirmişdir.

Ölkə başçımız, Ali Baş Komandan İlham Əliyevin tapşırıqları ilə müvafiq dövlət qurumlarının nümayəndələri şəhidlərimizin ailələrinə, valideynlərinə vaxtaşırı baş çəkir, onların problemləri ilə yaxından məşğul olur, qayğı göstərirlər. Qazilərimizin sağlamlıqlarının bərpası istiqamətində də böyük işlər görülür. Bir sözlə, şəhidlərimizin ailələrinin, qazilərimizin sosial-məişət problemlərinin həlli üçün çox geniş və təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bunun üçün bir neçə agentliklər, fondlar yaradılmışdır. Həmin qurumlar da bu yöndə çox səmərəli fəaliyyət göstərirlər. Prezident İlham Əliyevin göstərişi əsasında bu zümrədən olan yüzlərlə ailəyə yeni mənzillər verilmiş, evlər tikilmişdir.

Birinci ildönümünü hazırda qeyd etdiyimiz “Zəfər Günün”dən dərhal sonra azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində qlobal işlərə başlandı. Bu, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin düzgün siyasi fəaliyyəti nəticəsində olmuşdur. Cənab Prezident ikinci Qarabağ müharibəsi dövründə də işğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işlərinin həyata keçirilməsində də görüləcək tədbirlərin dəqiq qrafikini müəyyənləşdirmiş, onların reallaşmasına bilavasitə özü nəzarət etmiş və edir.

Ötən bir il ərzində nadan ermənilərin tapdağı altından azad olunmuş Qarabağda görülən quruculuq işlərinin, keçirilən mədəni tədbirlərin miqyası təsəvvür olunmayan dərəcədə böyükdür. Füzuli Beynəlxalq Aeroportunun qısa müddətdə tikilib istifadəyə verilməsi, ilk ali qonağı -  Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qəbul etməsi tarixi hadisədir. Şuşa şəhərinin mühüm obyektlərinin, kommunal xidmətlərinin bərpası, Zəngilan rayonunda Ağıllı kəndlərin yaradılması, Füzuli-Şuşa yolunun, digər magistralların, yeraltı tunellərin tikintisi, elektrik stansiyalarının qurulması və sair infrastrukturların fəaliyyətə başlaması, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” festivalının, Vaqif poeziya günlərinin keçirilməsi, digər tədbirlərin baş tutması, xarici qonaqların Qarabağa səfər etmələri çox böyük uğurlardır.

Bu uğurlar öz-özlüyündən qazanılmır. Erməni faşizminin 30 il xarabalığa çebvirdikləri ərazilərimizə müharibədən dərhal sonra yeni nəfəs, həyat vermək, həmin bölgələrə səfərlər etmək, ali qonağı-qardaş Türkiyənin Cümhur başqanı Rəcəb Tayyib Ərdoğanı iki dəfə orada – öz sahibini tapan Qarabağda qarşılamaq, tarixi əhəmiyyət kəsb edən Şuşa Bəyənnaməsini qəbul etmək, Füzuli Beynəlxalq Aeroportunun açılışını keçirmək böyük iqtisadi-siyasi bilik, mükəmməl diplomatiya tələb edir. Bu xüsusiyyətlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevdə var və onu çox bacarıqla və məharətlə yerinə yetirir.

Cənab İlham Əliyev də, ölkəmizin birinci xanımı Mehriban Əliyeva da daim xalqımızın yanındadırlar. Bu möhtərəm insanlar xalqımızın sevincini də, kədərini də bölüşürlər. Bunu müharibə dövründə də, indiki quruculuq zamanı da etdikləri paylaşımlarından, respublikamızın bütün bölgələrində insanlarla görüşlərindən də aydın görmək mümkündür.

Xalqımız “Zəfər Günü”nü qeyd edir. Bu Zəfər sevincini bizə bəxş edən, əbədi ehtiram ünvanı olan hər bir şəhidimiz yad edilir, torpaqlarımız uğrunda canlarını fəda etmiş Vətən oğulları haqqında verilişlər hazırlanır, barələrində kitablar yazılır. Qələbəmiz münasibətilə “Zəfər” yarmarkaları təşkil edilir, idarə və təşkilatlarda, ayrı-ayrı müəssisələrdə əyani və onlayn formada tədbirlər keçirilir. Şəhidlərimizin hər birinə abidələr qoyulması, küçə və prospektlərə, oxuduqları məktəblərə onların adlarının verilməsi prosesi davam edir. Bütün bunlar şəhidlərimizə böyük ehtiram nümunəsidir.

Qaldı ki, təcavüzkar Ermənistanın öz havadarlarının himayəsi altında 30 ilə yaxın müddətdə işğalda saxladıqları, tamamilə xarabalıqlara çevirdikləri və sözü, əməli bir olan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun azad etdikləri şəhər, rayon və kəndlərimizə, hazırda onların hər bir bölgəsində qızğın bərpa-quruculuq, minalardan təmizləmə işləri aparılır, yeni-yeni zəfərlərə doğru addımlar atılır, uğurlar qazanılır.

Erməni vandallarının məhv etdikləri dini məbədlərimiz, tarixi abidələrimiz, təhsil, mədəniyyət ocaqlarımız bərpa edilir, yeniləşdirilir. Sosial-mədəni obyektlərin, təhsil müəssisələrinin həyata qaytarılmasında, yenilərinin inşa edilməsində Azərbaycanın Birinci vitse- prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilməlidir və dəyərləndirilir də!

Heydər Əliyev Fondu bütün respublikamızda, o cümlədən də təcavüzçü ermənilərin işğalından azad edilmiş ərazilərimizin mədəni həyatında genişmiqyaslı fəaliyyətini əzmkarlıqla davam etdirir, yeni-yeni uğurlarımızın qazanılmasında yardımçı olur. Mayası, necə deyərlər, humanistliklə, xeyirxahlıqla yoğurulmuş Ulu Öndərimiz Heydər Əliyevin adını daşıyan bu Fondun nümayəndələrinin eyni zamanda hərbi hissələrdə əsgərlərimizin yanında olduqlarının, onlara müxtəlif sovqatlar çatdırdıqlarının şahidi olur, şəhidlərimizin ailələrinə, valideynlərinə baş çəkdiklərini görürük.

Bütün bunlar şəhidlərimizin müqəddəs ruhlarına olan ehtiramın təzahürüdür.

Allah şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə, övlad və valideynlərinə səbr versin!

Ənvər Məşədiyev      




Redaktorun seçimi

Atəşkəs niyə pozulur?
  • Daxili siyasət
  • 09:47 09.04.2024
Atəşkəs niyə pozulur?

Ənvər Məşədiyev