USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Çingiz Abdullayev divara kəllə vursun...


https://img.baki-baku.az/news/2021/11/photo_5550.jpg?v=MjAyMS0xMS0wMiAxNjo1NDoxNw==

Xalq yazıçısı Çingiz Abdullayevin Birinci Qarabağ Müharibəsi ilə bağlı fikrini kontekstdən çıxarıb onu fərqli məzmuna salanlar oldu. Təbii, dəyərli Çingiz müəllim müharibənin olduğunu danmaq fikrinə düşəcək adam deyil. Fikrimcə, bir çox məsələlər barədə bizim hamımızdan daha məlumatlıdır. Azərbaycan cəmiyyəti indiyədək onu avanturist istedad sahibi kimi tanımayıb. Heç tanımayacaq da.

Ç.Abdullayev ağır adamdır və ağırlığını Azərbaycanla bağlı məsələlərdə qoymağı bacarandır. Nəinki postsovet məkanında, ümumilikdə dünyada qəbul edilir. Belə insanlar hər zaman yetişmir. Dünya bizə dəyər verərkən həm də özünün qəbul etdiyi yazıçıya bizim nə dərəcədə qiymət verməyimizə baxır. Nə olsun ki, Çingiz müəllimin rusca danışıq tərzi Azərbaycan dilində danışığından daha səlistdir. Məncə, o, rusca azərbaycanlı düşüncəsinin məhsulunu ortaya qoymaqda ustadır. Bunu Vətən müharibəsi dönəmində gördük. O boyda Rusiya auditoriyası qarşısında haqq işimizi müdafiə edən iki-üç adamımız oldu ki, onlardan birincisi Çingiz Abdullayev idi. Bu, sıradan məsələ deyil. Həmin vaxt Çingiz müəllim az qala bir ordunun görməli olduğu işi gördü. Məqsədim buna görə onu öymək deyil. Güman edirəm, heç yazıçının özü də kimdənsə tərif gözləmir. Məni kimi tanımadığı adamdan heç gözləmir. Əlqərəz, o düşüncədə də deyiləm ki, Ç.Abdullayev toxunulmazdır...

Bəli, Çingiz Abdullayev şəxsiyyətinə yanaşma birmənalı deyil. Ümumən heç bir şəxsiyyətə yanaşma birmənalı olmayıb. Linç etməyi xoşlayanıq. Səhv etdinsə, batdın. Biz həm də kimdəsə səhv tutmağa can atanıq. Təxminən belə: səhv tutaq və deyək ki, əşi, bu da bir şey deyilmiş.

Ç.Abdullayevə münasibətdə eyni vəziyyəti görürük. Amma bu məqamı vurğulamaq niyyətindən uzağam. Əgər kütləvi halda linç edənlərimiz, düşünüb düzgün nəticə çıxarmayanlarımız çoxdursa, demək cəmiyyətdə nə isə qaydasında deyil. Çingiz müəllim və  digər ziyalılarımız bunu görməli, nə isə etməlidirlər. Nə etməlidirlər, əlbəttə, bu da maraqlı məsələdir. Bəlkə də edirlər...

Ç.Abdullayevi tənqid edənlərin cərgəsinə baxıram. Tənqid əksər hallarda siyasət üzərinə gətirilir. Deyirlər ki, yazıçı ölkədə özlərinin iddia etdikləri özbaşınalığa, anarxiyaya və nə bilim nələrəsə fikir bildirməliydi, bildirməyib. ...bu adamların gözündə ziyalı reallıq hissini itirmiş adamdır. Bəlkə düşünürlər ki, yazıçı və ziyalı xalqına faydanı mütləq həbsxanada yatmaqla verməlidir. Ola bilər, beyinlərində Ç.Abdullayev üçün bir hücrə, ya karser hazırlayıblar və yazıçı danışdıqca onu itələyib ora salmaq, qapısını möhkəm-möhkəm bağlamaq istəyirlər. Nə gözəl, sonra da dünyaya car çəksinlər, qəhrəman düzəltsinlər. Dünya da axı fikir verəndir, yaman ədalətlidir!.. Amma nə etsinlər, deməli, danışmalıdırlar. Əslində qınanmalı da deyillər...  

Doğrudanmı bilmirlər ki, Çingiz müəllim nəyi, nə vaxt, necə deməyi gözəl dərk edir? Çingiz Abdullayevin cəmiyyətdəki ədalətsizliklərə qarşı çıxışlarını görməzdən gəlirlər. Gəlsinlər, canları sağ olsun. Ancaq anlamalıdırlar ki, onun bir düşünülmüş çıxışının rezonansı siyasi baxımdan əks fikir irəli sürən yüz siyasətçinin səsləndirdiklərindən qat-qat təsirlidir. Bu gün hakimiyyətə qarşı ən qatı mövqe tutan siyasi partiya liderinin söylədikləri cənab Abdullayevin on cümləlik fikrinin yanında heç nədir. Nəyə görə? Çünki insanlar onu səmimi qarşılayırlar. Onu daha yaxşı duyurlar. Görünür, kimlərsə Azərbaycanı bundan məhrum etməyi düşünür. Yazıçının bir cümləsinin başına ip salıb o yan-bu yana çəkənlərin niyyətini başqa cür qiymətləndirmək olmur. Yəqin istəyirlər ki, Çingiz müəllim də reallıq hissini itirib, loru desəm, divara kəllə vursun. Vurmayacaq, ona görə yox ki, çəkinir yaxud qorxur, o səbəbdən ki, nə zaman hansı sözünün daha keçərli və faydalı olacağını gözəl anlayır.

***

Bir məqam üzərində də dayanmaq istərdim. Bilirsiniz ki, Ç.Abdullayev bu neçə gündə artıq ikinci dəfədir hədəfə tuş gəlir. Birinci dəfə o, hava limanında su istəyən uşağa su verib bunu daxili rahatlıq hissi kimi anladanda qınanmış, məsxərəyə qoyulmuşdu. İkinci dəfə isə haqqında əvvəldə söz açdığım məlum hadisə.

Sözüm odur ki, hörmətli Çingiz müəllimin bu xalqı daha çox sevməsinə ehtiyac var. Əsla ruhdan düşməməli, küsməməlidir. Dedim axı, biz səhv tutmağı sevən xalqıq. Qanımızdadır. İndi isə linç etməyi öyrənmişik. Səbəblər müxtəlifdir. Hər halda problem cəmiyyətdən gəlir. Və yazıçı da hansısa fikrini cəmiyyətə çatdırmaq istəyirsə, zəhmət çəkib onu daha əhatəli və məzmunlu ifadə etməlidir. Mən Çingiz müəllimin hava limanındakı uşağa su verib rahatlıq tapmasındakı emosiyanı başa düşdüm. Amma onu da hiss etdim ki, müəllimi bu statusuna görə “topa tutacaqlar”. Zənnimdə yanılmadım. Onu da düşünürəm ki, Sabir, Mirzə Cəlil, Əli bəy Hüseynzadə, Üzeyir Hacıbəyov Ömər Faiq Nemanzadə və başqa dühalarımız emosiyalarını və hisslərini on cümləlik facebook statusu ilə ifadə etsəydilər, heç şübhəsiz, onlar da hədəfə gələcəkdilər. Elə zamanlarında da hədəfə gəlmişdilər.

Deməli, Çingiz müəllim özünə bir qədər əziyyət verib məlum statusunu daha əhatəli, daha dolğun və təsirli formada çatdırmalıydı ki, ortada tutulacaq məqam sırf yazıçının daxili aləmi, yaşantısı olsun. Axı mənim bu yazımı vur-tut yüz nəfər oxuyacaqsa, Ç.Abdullayevin yüz sözlük facebook statusunu minlər, on minlər oxuyur. Yazıçı bunu mütləq qaydada nəzərə almalıdır. Eləcə də o, Qarabağ müharibəsi kimi həssas məsələyə dair fikir bildirirsə, sözünü elə söyləməlidir, o dərəcədə izah verməlidir ki, kiminsə nəyisə fərqli anlamasına yer qalmasın.

Əvəz Rüstəmov




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Əvəz RÜSTƏMOV