USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Cavanşir Paşazadəyə bir gün gecikmiş təşəkkür


https://img.baki-baku.az/news/2021/10/photo_5477.jpg?v=MjAyMS0xMC0yNiAxNDozODoyNw==

Milli Məclisin deputatı cənab Cavanşir Paşazadənin iki sətirlik bir facebook statusunda yeddi səhvə yol verməsi gündəm oldu. Əslində ilk baxışdan mənzərə təəccüblü sayılmamalıdır. Guya C.Paşazadə kimi deputatlar və ya vəzifə sahibləri yoxdur? Var əlbəttə...

Cavanşir müəllim deyir ki, paylaşımı özü etməyib. Belə söyləmək onu daha da gözdən salır. Əgər birinci halda cənab Paşazadə iştirak etdiyi tədbirin, yəni Özbəkistanda keçirilmiş prezident seçkilərində Azərbaycan adından müşahidəçiliyin əhəmiyyətini vurğulamaq üçün özü paylaşım etmişdisə, ikinci halda məlum olur ki, müəllim o əhəmiyyətlilik naminə iki cümələlik nə isə yazmaq iqtidarında deyil və bu işi kiməsə tapşırır. Tapşırdığı adam da sürücüymüş. Sürücüyə də yazı yazmağı tapşırarlar? Yaxşı bəs, statusa düzəliş edən kimdir? Axı o düzəliş də xətasız deyildi. Nə isə, sözümün canı başqadır. Amma sözümün başqa canı da olacaq...

Məncə, burada başlıca məqamlardan biri Cavanşir Paşazadənin bilmədiyi işə girişməsidir və o, əslində bacarmadığı məsələyə qol qoymanın obrazıdır. Bu obraz əməlli başlı parlayır. O qədər parlayır ki, özündən əmindir, iddialıdır. Təxminən belə: bacarmadığım iş yoxdur, pulum pul, biznesim biznes, hər yerdə yaşıl işıq, yazmaq nə olan şeydir ki, onu edə bilməyim? Budur C.Paşazadə obrazının parlaqlığı.

Mən, sən və digər bizi kimilər ağlımızın ucundan da keçirmir ki, Cavanşir müəllimin malik olduqlarından bizdə olsun. Heç bunu yuxularımızın məşğul etməsinə də yol vermirik. Məsələn, mən qəti anlamışam ki, məndən Cavanşir Paşazadə olmayacaq. Olmayacaq deyərkən, yanına “Allah eləməsin” kəlməsini əlavə edirəm. Amma niyyətim bunu vurğulamaq deyil. Yəni mütləq mənada dərk etmişəm ki, məndə Cavanşir Paşazadədəki imkan perspektivi yoxdur. Bəlkə onun qədər zirək deyiləm. Girib müəllimin obyektlərinin birinə “bura mənimdir” də deyə bilmərəm. Ən azından sürücüsünə tapşırar, sürücü məni həmin obyektdən qovar, ya da qovdurar. Ən çoxunu isə özünüz təsəvvür edin. Digər tərəfdən, yanaşmanı etik saymıram. Nəyi varsa, sağlığına qismət.

Amma gərəkdir ki, müəllim də sözün, yazmağın onluq olmadığını düşünsün. Düşünsün ki, bu, heç sürücülük də deyil. Necə ki, yazı-pozu adamları onun ərazisinə girmir, o da yazı-pozu adamlarının ərazisində “qatır oynatmağa” qalxmasın. Özü də gördü ki, girməyi ilə “tikə-parça olmağı” bir oldu. Adama deyərlər, sənə lazım idi, ilin-günün bu vaxtı dilə-dişə düşmək? Getmisən Özbəkistana, əcəb eləmisən, yalandan bax ora-bura, gör özbəklər necə nümunəvi seçki keçirir, sifətinə ağıllı görkəm verib başını tərpət, baş barmağınla da əla göstər, çıx gəl də. Sənə bir söz deyən var? Neyniyirsən axı, yazmağı? Yazmaq kasıb-kusubun, avaranın işidir, sən elə-belə adamsan?!

Bəli, Cavanşir Paşazadə bilmədiyi işə girişməyin obrazıdır. O da məlum oldu ki, burada məsələ yalnız işi bilib-bilməməkdə deyil. Məsələ iddiadadır. Dediyim kimi, hər şeyi bacarıramsa, yazmağı da bacararam. Onu da dedim ki, ölkədə cavanşir paşazadələr kifayət qədər çoxdur və sizi əmin edirəm ki, onların içərisində ən səmimisi elə Cavanşir müəllimin özüdür. İstəyib ki, hamı kimi facebookda nə isə paylaşsın. Axı o birilər şübhə, qorxu içindədirlər. Bir cümləni belə yazanda dayanıb əlli dəfə o tərəf-bu tərəfinə baxırlar ki, görəsən buna görə problem yaranmayacaq? Çox fikirləşdikdən sonra ümumiyyətlə yazmırlar. Amma baxın, Cavanşir müəllim düz iki sətir buraxıb, özü də o qədər səmimidir ki, dediyi, danışdığı kimi əldən qoyub. Kimdəsə varmı belə səmimiyyət? Mən inanmıram olsun.

Elə bilirsiniz, Cavanşir müəllim kimi facebookda status yazmağı arzulayanlar yoxdur? O qədərdirlər! Onlar da hər şeyi bacardıqlarına iddialıdırlar. Onlar elmlər namizədidirlər, professordurlar, ölkədə və xaricdə qalaq-qalaq məqalələri çıxır, kitabları işıq üzü görür. Bu adamlar həyatda hər şeyə çatdırırlar. Bu azmış kimi, hələ ona-buna əl atmağa, canlı görüntü açıb nə isə göstərməyə də vaxt tapırlar... Yəni bir alim kimi gerçək alimin, bir müəllim kimi həqiqi pedaqoqun ərazisində at oynadırlar, yeddi-səkkiz yerdən maaş alırlar və s. Onların üzdə olanları da var, üzünü heç əzrayılın görə bilmədiyi də kifayət qədər çoxdur. Cavanşir müəllimə təşəkkür həm də ona görə düşür ki, ümumiləşdirilmiş obraz kimi belələrinin mövcudluğunu yada saldı. Eyni zamanda belələrinə münasibətdə ictimai qınağın, daha dəqiq desəm, amansız linçin olduğunu bir daha göstərdi.

...Belələrinin mövcudluğu cəmiyyətdə pozulmuş nizamın, ölçünün, sıradan çıxmış dəyərlərin göstəriciləridir. Və əmin olun ki, C.Paşazadənin bərbad facebook statusu yalnız bir elementidir. Yəni müəllimi əslində çox da qınamağa, məzəmmət etməyə dəyməz. Həm də ona görə dəyməz ki, onun kimilər qınanan kimi günahı başqasında görürlər. Mən gözləyirdim ki, bu işdə erməni barmağı olacaq. Şükür ki olmadı. Amma daha pisi baş verdi – “günahkar sürücü” işdən qovuldu. Deməli, yekunda zərər görən, cəza çəkən yenə bizdən biridir.

Əvəz Rüstəmov




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Əvəz RÜSTƏMOV