USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Aidənin “Türk əsgəri” İranın viran yeri


https://img.baki-baku.az/news/2021/10/photo_5464.jpg

Şərəf Cəlilli

_________________________________________________________________________

Milləti millət edən onun düşünən beyinləridi. Gün gələcək silahları kitablar əvəz edəcək deyəndə çoxları inanmırdı. 30 illik dəhşətə, intizara son qoyan Azərbaycan ordusunun, həm də Türk pualarının Xudafərin körpüsündə, Şuşa qalasında dalğalanan Bayrağın əzəmətində yaşaması deyilənləri gerçəyə çevirdi!

Yüksək texnologiyaların nailiyyəti, Azərbaycan əsgərinin qüdrəti, Ali Baş Komandanın iradəsi böyük Nizaminin – Şeyx Nizami Gəncəvinin

Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz –

 

nidasında dağda daşa, gözdə yaşa, ürəkdə başa yazdırdı.

Ulu, azman türkün, Altaylardan Anadoluya, Türküstandan İraq Türkmən ellərinə, Tanrının köç əylədiyi Şərqdən Qərbə, Gündoğandan Günbatana, İlahi eşq şərbətini içirən türklər torpaq qalan, qalan hər şey yalan söylədi. “Könül Çələbin taxtı” dedi. Darda olanın dadına, imdadına yetişdi. Kilsələri, sineqoqları məscidlərdən ayırmadı. Tanrı evi bilib səcdəyə getdi!Milli müstəqilliyimizin 30-cu ilinə 20 Yanvar, Xocalı kədəri, Şuşa nisgili, Qarabağ, Zəngəzur dəhşətləri ilə gələrdik. Səngərlərə sipər olan ərənlərimiz Şəhid köynəyini kəfən bilib geyənlərimiz, Prezident cənab İlham Əliyev adlı sərkərdəmiz, Müzəffər Ali Baş Komandanımız, canda canımız, dayağımız, qürurumuz, vüqarımız TÜRK ƏSGƏRİ olmasaydı!

TURAN-ın ürəyinin başında, Şuşa qalasında, Xudafərin körpüsündə, Murovun zirvəsində, Borsunlu, Güləbird kurqanlarının, Azıx mağarasının, Xudavəngin ətəyində dalğalanan BAYRAĞIN səadətindən sonra əmmaməli Şeytandan viran İrandan yazmağı heç şəhdi-şəyanıma sığışdırmazdım. Aidə Adıgözəlovanın – Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birinci kurs tələbəsinin “Türk əsgəri!” şeiri olmasaydı.

Bəşər boyu haqsızlığa sinə gərən,
Məzlumların yanındasan Türk əsgəri!
Yalanları, hiylələri yarıb keçən,
İnsanlığa nümunəsən Türk əsgəri!

Haqq yolunda savaşların
Hec durmasın, tükənməsin,
Tanrı sənin qollarına qüvvət versin!
Türk soyunun bayrağını

Hey göylərdə dalğalandır Türk əsgəri!
Sən hakim ol bu dünyanın işlərinə,
Şeytan üzlü dövlətlərin qorxususan,
Zaval sənə heç gəlməsin, qürurumsan Türk əsgəri!

Bu bir 17 yaşlı, çiçəyi burnunda, tumurcuğu çartlayan, damarında qanı qaynayan, könlündə sevda bulağı çağlayan Türk gözəlinin – Azərbaycan qızının şanlı TÜRK ƏSGƏRİNƏ – Xilaskarına sevgisindən boy alıb! Çar Rusiyasının, fars imperiyasının parçalıyıb Anadoluya, Təbrizə, Borçalıya, Zəngəzura, İrəvana, Türküstana, İraq - Türkmən ellərində, Kıprısda, XX yüz ilin sonunda isə Qarabağa böldüyü TURAN ellərində yüz illərdir bir bayatı səslənir, bircə cüt misrasını deyəcəm:

Qələm qurbanın olum,
Qismətimi Qarsa yaz!

Aidə Adıgözəlova Sumqayıtda doğulub. İlk təhsilini öncə 27 saylı, sonra isə 23 saylı məktəbdə alıb. Orta məktəbi fərqlənmə şəhadətnaməsi ilə bitirib. Çox kişilərə, abituriyentlərə nəsib olmayan 612 bal toplayaraq birinci ixtisas qrupu üzrə yüksək nəticə əldə edib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İnformasiya texnologiyaları fakültəsinə daxil olub. Təhsilini ingilis dilində alır. 

Unudulmaz yazıçımız Mir Cəlal müstəqilliyimiz əldən gedəndən, Cümhuriyyət devriləndən sonra üzünü soydaşlarına tutub “Dirilən adam”, “Yolumuz hayanadır” adlı əsərlərlə quruluşun üstünə yeridi. 30-cu illərin repressiya burulğanında “Bir gəncin manifesti” əsərini yazdı. Yusif-Züleyxanı, daha doğrusu yaddaş xalısını toxuyan, sevgi məktubunu gələcəyə ünvanlayan Azərbaycan Anasının – Sonanın dili ilə “İtə ataram, ingilisə satmaram” dedi. Bazara çıxardığı xalını ingilis zabitinə satmayan Sona Baharın dərdinə dərmanı, övlad sevgisinə fərmanı elə Vətəndə tapdı. Allahsızların – Ateistlərin dünyasında heyvanı – öküzü belə diri, dipdiri görən Mir Cəlal Mərdanın dili ilə: “Bunun ağzına söyə bilmərəm axı Allah deyir” – dedi.

Aidə Adıgözəlova düşüncəli balalarımız sabahımızdır. İşıqlı sabahımız. İmtahanımızdı, həm də vicdanımızdı “Türk Əsgəri!” Bir məhəbbət balladası, eşq şərbətidi. Aidənin qəlbində bir Vətən – Azərbaycan, bir Bayraq, bir də Şəhidlərimizin büküldüyü, özgürlüyümüzün simgəsi, bəlgəsi olan o müqəddəsliyi Şuşa qalasında, Xudafərin körpüsündə dalğalandıran Azərbaycan Əsgərinin arxasında dağ olan Türk Əsgərinə sevgi var! Bu adi, sadə cismani bir sevgi deyil. O bir sevda şərbətidi! Metenin, Atillanın, Alp Arslanın, Məlik şahın, Osman Qazinin, Fateh Mehmetin, Əmir Teymurun, Sultan Süleymanın, Şah İsmayıl Xətainin, Qazi Mustafa Kamal Paşanın, bir də Müzəffər Ali Baş Komandan İlham Əliyevin – Baş Qazimizin içdiyi şərbətdəndi o. Ötən əsrin əvvəllərində sevgili Əhməd Cavad “Çırpınırdı Qara dəniz baxıb Türkün Bayrağına!” deyirdi. O müqəddəs Bayrağın ayağına düşməyi, yanağından öpməyi şərəf bilirdi!

Aidə Adıgözəlova adı da, soyadı da gözəl olan qızımız “Zaval sənə heç gəlməsin, qürurumsan, Türk əsgəri” deyir.

Millət elə, belə millət olur. Millət millət olanda Dövlət olur! Şəhid olur, Vətən qalan, qalan hər şey yalan deyir.

Aida dəfələrlə şəhər olimpiadalarında qalib olub. “Əlaçı” Televiziya proqramında biliyinin aynasına çevrilib. “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Vətəni qarış-qarış gəzib. Həsrətində olduğu, yuxularının şəhəri sandığı, kitablardan, nəğmələrdən sevdiyi Şuşaya varıb. Türk əsgərinə, Vətənin igidlərinə şeirlər həsr edib. Ruhunun qidası şeirlər, bir də incə zərif barmaqlarından, pianinonun dillərindən süzülən nəğmələrdi Aidənin. Vətəni sevmək azdı, Vətənin olmaq, Vətən yolunda ölümün gözünə diri baxmaq gərəkdi” deyir, Aidə!

Xəbərin olsun, İran! 30 ilin intizarına son qoyan igidlərin çoxu Savaşdan – Birinci Qarabağ savaşından doğulanlardı! Erməninin də, dalında duranların da tifaqını İkinci Qarabağ savaşında 44 günə dağıtdı.

Aidənin nəslinə mənsub olan yüksək texnologiyaları ixtisas olaraq seçən, “Qürurumsan, vüqarımsan, Türk əsgəri!” deyib məhəbbət dastanı yazanlar bir gün dədələrinin sümüklərinə, yaddaş yerinə, nənələrinin beşikbaşı laylasına dönəcək! Türkü Ərgənəkondan çıxaran Bozqurda qoşulub söyləyəcək: “Azərbaycan uçan xalça olacaq, İran viran, TURAN olacaq!” Əmir Teymurun qılıncını qurşayan, ruhunu əyninə geyinən Türk Əsgəri Əbülqasım Firdovsinin məzarının önündə dayanıb: “Qalx, qalx! Ömrü boyu əsərində aşağıladığın Millətin qüdrətini gör!” deyəcək. Bu harasıdı! O tayda, Əlincə qalasında, Savalanın ətəyində 30 milyon igid var. Yüz illərdir Məhəmməd Hüseyn Şəhriyara qoşulub deyir:

Qalx ayağa, ya azad ol,
Ya tamam yan, Azərbaycan!

İndi türkün yanan yox, yandırıb yaxan, haqqa asi çıxanlara, viran olan Tanrı evlərinə donuz bağlayanlara, donuz otaranlara, imanını donuz piyinə satanlara, Azərbaycanı “İslam torpağı” bilənlərə DİVAN quran vaxtıdı!

Yaxınımda olsaydı, tanısaydım, təkcə bircə şeiri ilə məni məndən alan tələbəliyin dəliqanlı çağlarına aparan, bir halal ailədə Vətən sevgisi ilə Aidəni böyüdən ananın əllərindən öpərdim. Nəfəs dərib Arazdan o yana baxıb deyərdim: dədəmizdən, babamızdan, özümüzdən qorxmadın! Türk əsgərinə dastan yazan balamızdan qorx, qorx, bir də qorx! Sonra demədi demə! Aidənin “Türk əsgəri” İranın viran, ruhumun TURAN yeridi!




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Şərəf Cəlilli