USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Amerikalıların «köhnə tüfəngi» və ya qlobal məqsədli silah sevdası


https://img.baki-baku.az/news/2020/09/photo_534.jpg?v=MjAyMC0wOS0wMyAxNDozMzozOA==

Məşhur sovet atom fiziki, SSRİ-nin hidrogen bombasının ixtiraçısı olduğu deyilən dissident yazar Andrey Dmitriyeviç Saxarov müasirlərinin gözündə qəribə adam təsiri bağışlamaya bilməzdi. Sonradan insan hüquqlarının müdafiəçisinə çevrilib hakimiyyət  əleyhinə çıxmaqla ad qazanmış, anti-sovet baxışları səbəbindən sülh üzrə Nobel mükafatı laureatı adına layiq görülmüş bu adam hətta SSRİ-nin ekstravaqant baxışları ilə seçilmiş və haradasa ciddi qəbul edilməyən lideri Nikita Xruşşovu da təəccübləndirmişdi. Saxarov hələ tədqiqatçı kimi fəaliyyət göstərdiyi dönəmdə Amerika qitəsinin kənarları boyunca 100 meqatonluq bombalar yerləşdirmək və zəruri anda onları işə salaraq qitəni batırmaq fikrini irəli sürmüşdü.

Tarixdən kiçik fraqmenti yada salmaqla heç də dissident barədə danışmaq niyyətində deyilik. Nə də bundan sonra deyəcəklərimizdən o qənaət formalaşsın ki, Saxarov fikrində haqlı idi. Amma «soyuq müharibə»nin var gücü ilə davam etdiyi şəraitdə onun söylədikləri əslində mübarizə formasının beyinlərdəki psixozu baxımından vurğulanmalıdır. Çünki mübarizə təkcə Qərb sistemi qismində ABŞ hakimiyyəti ilə deyil, eyni zamanda əli silahlı Amerika cəmiyyətinə qarşıydı. Fərdin fərdlə mübarizəsi - çox güman, Saxarov da bundan xəbərdar idi.

Bəli, əli silahlı Amerika cəmiyyəti. SSRİ-yə qarşı «soyuq müharibə»ni silahsız qazanmasına baxmayaraq, Amerika cəmiyyəti təpədən dırnağacan silaha sarılmış vəziyyətdəydi.

Tarixə diqqət yetirsək, silah amerikalıların əlindən heç zaman düşməyib. XVIII əsrdə müstəqillik silahla qazanıldı. XIX əsrdə müstəqilliyi qoruyan vətəndaş müharibələri silahla getdi. XX əsrdən başlayaraq silah amerikalılara müstəmləkələr gətirdi. SSRİ kimi nəhəng yarandıqdan sonra isə silahın belə demək mümkünsə, mövqeyi dəyişdi və lap əvvəlki vəziyyətinə qayıtdı. Əvvəlki vəziyyət dedikdə XVIII əsri nəzərdə tuturuq. Həmin vaxt müstəqilliyini qazanmış ABŞ-ın konstitusiyası silahı obrazlı desək, insan azadlığının rəmzinə çevirdi. Söhbətimizdə bu məsələ barədə də danışacağıq. Amma hələlik gələk XXI əsrə.

ABŞ-ın müxtəlif ştatlarında artıq adət halını almış silahla qırğın törətmə faciələrindən sonra ümumən dünyada silahdan istifadə və onun əldə edilməsi ilə bağlı məsələlərə yanaşma tərzi dəyişməkdədir. Əlbəttə, Birləşmiş Ştatlarda sıradan birinin məktəb binasına daxil olaraq içəridəkiləri loru desək, biçməsinə oxşar olay ilk dəfə deyil müşahidə edilir. Mövcud mənada bəlkə də problemin təkcə ABŞ üçün xarakterikliyini düşünərək onun qlobal əhəmiyyətindən danışmaq yersizdir. Amerikalılardan fərqli olaraq rusların «hətta süpürgə ildə bir neçə dəfə atəş açır» deyimini də rəhbər tutub ehtiyatlılıq amilini qabartmırıq. Məsələ dünyaya demokratiya dərsi keçən ölkənin belə desək, silahlı azadlığının bəşəri dəyərlər məcmusundan tam uzaqlığındadır. Hər halda Birləşmiş Ştatlarda baş verənlər bunu deməyə əsas verir.

Mətləbdən, daha doğrusu, hədəfdən azca uzaqlaşaq: ötən əsrin 70-ci illərinin ortalarından 90-cı illərinədək Avstraliyada bir neçə kütləvi qırğın hadisəsi yaşandı. Onların 1996-cı ildə baş vermiş daha dəhşətlisindən sonra ölkənin o zamankı baş naziri Con Hovard silah sahiblərinə münasibətdə sərt tədbirlər görməyə başladı. İlk növbədə silahdan istifadəyə dair qaydalar sərtləşdirildi. Hazırda Avstraliyada həmin sərt qaydalar tətbiq edilir. Buradakı mövcud qanunvericiliyə görə, silah üçün rəsmi razılıq müddəti bir neçə il çəkə bilər. Mövcud siyasət öz bəhrəsini verir. 1996-cı ildən bəri Avstraliyada qətl halları bir neçə dəfə aşağı düşüb.

Təzadlıdır ki, ABŞ-da belə sərt tədbirlərə əl atmaq istəyənlər yoxdur. Kolarada kinoteatrındakı kütləvi qətl, Miluokidə siqxlərin cəmiyyətinə silahlı hücum, Oreqonda ticarət mərkəzindəki atəş səsləri, digər bənzəri hallar və nəhayət, 20-si uşaq, 7-si böyük olmaqla Nyutanda törədilmiş kütləvi qorxunc hadisə… İctimaiyyət nəticə çıxarmır - Birləşmiş Ştatlarda belə demək mümkünsə, silah lobbisi hələ də güclüdür və siyasətçilər həmin lobbiyə qarşı heç nə edə bilmirlər. Hətta bəzi konqresmenlərin çıxışlarından görünür ki, ikincilər birincilərin hədəfinə tuş gəlməkdən yamanca qorxurlar.

Ekspertlər bu kimi halları götür-qoy edərək belə rəyə gəlirlər ki, bəzi cəmiyyətlərdə təhsil səviyyəsinin və gəlirlərin yüksəkliyindən asılı olmayaraq, zorakılıq daha da çiçəklənməkdədir. ABŞ-da qətl olaylarının faiz dərəcəsi Qərbi Avropa ölkələrindən qat-qat çoxdur, Latın Amerikasında vəziyyət ABŞ-dakından dramatikdir. Ümumən Birləşmiş Ştatlar və Cənubi Amerika mövcud göstərici üzrə Avrasiyanı xeyli üstələyir.

Amerika zorakılığının kökləri dərin tarixə malikdir. Ümumən ABŞ və Latın Amerikası işğalçıların cəmiyyəti hesab olunur. Avropalıların ağalıq etdikləri bu cəmiyyətlərdə müxtəlif irqlərdən olan insanlar yaşayıblar və yaşamaqdadırlar. Bir çoxunda Avropadan gələn intervensionistlər və onların nəsilləri yerli əhalini demək olar, tamamilə qırıb-çatıb. Bunun üçün kütləvi xəstəliklər yaymağa, vaxtsız məcburi köçürmələrə, aborigen sakinləri ac saxlamağa, amansız istismara və əlbəttə ki, silaha üstünlük veriblər. Klassik quldarlıq quruluşu xüsusiyyətlərinə xas hərəkətlərin bu yerlərin orta əsr cəmiyyətləri üçün xarakterik olduğu dövrdə zülmə məruz qalanların nəsilləri də yetişib. Elə zülm verənlərin də. Psixoloqların bildirdiklərinə görə, insanlara qarşı zorakı münasibət əsrlərin süzgəcindən çıxmış Amerika düşüncə tərzinin məhsuludur.

Tarixdən söhbət düşmüşkən, ABŞ-da eyni zamanda belə bir konkret populist fikir olmuşdu ki, silahdan istifadə hakimiyyətin tiran üsul idarəsilndən qorunmaq üçün həyati əhəmiyyətli müdafiə vasitəsidir. Bu də təsadüfi deyil. Çünki əvvəldə qeyd etdiyimiz kimi, Birləşmiş Ştatlar Britaniya ağalığına qarşı üsyan ruhunda doğulub. Mövcud cəhət konstitusiyon təməl də qazanıb. ABŞ-ın əsas qanununa ikinci düzəlişdə göstərilib ki, ölkənin yaxşı tənzimlənmiş asayişə malik olması naminə vətəndaşlar silah gəzdirmək hüququnu özlərində saxlamalıdırlar.

Maraqlıdır ki, üzərindən iki əsrdən artıq vaxtın keçməsinə baxmayaraq, ABŞ-da bir növ, köhnə mahnılar oxunur. Ölkədə odlu silahdan istifadə səbəbindən anarxizm baş alıb gedir. Amma onun sahibləri təhlükəli oyuncaqlarından əl çəkmirlər və belələrinin sığındıqları dəyər qəribə səslənsə də, XVIII əsrdə olduğu kimi, yenə tiranlıqdan müdafiədir. Ən böyük axmaqlıq isə ölkənin Ali Məhkəməsinin sağ qanadının da belə düşüncəni bölüşməsidir.

Amma azadlığın müdafiəsi bu gün kütləvi qan axıdılması ilə nəticələnir. Silahın azadlığı təmin etməsinə dair mülahizə ona görə absurd səciyyə daşıyır ki, dünyanın əksər demokratik ölkələri artıq çoxdandır odlu silahın fərdi istifadəsinə qarşı mübarizə aparırlar. Axı, bir qədər öncə haqqında bəhs etdiyimiz Avstraliyada Hovardın həyata keçirdiyi islahatlardan sonra tiranlıq baş alıb getmədi. Görəsən, Amerika cəmiyyəti nədən qorxur? Yoxsa, zülm kimi, silah da psixoloji mahiyyət daşıyır? Amma onu da nəzərə alaq ki, «soyuq müharibə» ömrünü başa vursa da, Birləşmiş Ştatların apardığı qlobal müharibələr başa çatmaq bilmir. Yəqin elə məhz buna görə də ölkə rəhbərliyi insanların əlini silahdan, mahiyyətini zülmdən və istibdaddan uzaq salmaq istəmir. İmkan vermir ki, əhali öldürmək yönümlü köklənişdən düşsün.

XXI əsrdə azadlıq heç də vətəndaşların fərdi şəkildə silahdan istifadəsinin tənzimlənməməsindən keçmir. Fikrimiz, mübahisələndirilməsin, faktlar bolluğunda başqa cür düşünmək də olmur. Söhbət məhz tənzimlənməmədən və ya tənzimlənmənin imitasiyasından gedir. Mövcud anlamda demokratiyanın liberal mahiyyətinə xələl gəlir, qanunsuzluqlara yol açılır. Nəzərə almaq lazımdır ki, silahdan istifadənin Amerika mədəniyyətinin son on il ərzində prezident, senator və vəzifəli şəxslərin canına qəsd olunması kimi də faklar var. Deməli, hansısa mənada dövlətin idarəçilik qabiliyyətli potensialı da təhdidlə üzləşir.

Daim şəffaflıqdan danışan və dünyaya bunu təlqin edən Birləşmiş Ştatlarda bu gün neçə nəfərin silah gəzdirdiyinə dair rəsmi statistika gündəmə gətirilmir. Əlbəttə, müəyyən hesablamalar var və onlara görə, bu rəqəm 270 milyona yaxındır. ABŞ-da əhalinin sayı 320 milyona çatmırsa, mövcud rəqəm olduqca böyük sayılmalıdır. Daha bir statistika: ölkədə aparılmış rəy sorğularının nəticələrinə əsasən müəyyənləşib ki, Amerika evlərinin 47 faizində tapança var.

Psixoloqların hesablamalarına görə, belə qətlləri törədənlər hərəkətlərinə öz intiharlarının tərkib hissəsi kimi yanaşırlar. Onlar kütləvi günahsız insan ölümlərini planlaşdırmaqla, cəmiyyətdən qisas alır və axırda özlərini də öldürməklə əldə edə bilmədikləri məşhurluğu həyatdan köçmək bahasına qazanırlar. Ən əsası isə, bu cür adamlar heç də köklü cinayətkarlar deyillər. Əksəriyyətinin üzərində ümumiyyətlə məhkəmə hökmü yoxdur. Sadəcə kağızsız-filansız xəstədirlər və təəssüf ki, belələrinin silahdan kənar saxlanılmasını nəzərdə tutan qanunvericiliyin mövcudsuzluğu silah azadlığının pafoslu təqdimatı nəticəsində ört-basdır olur, qlobal oyunların əks reaksiyasından qorxu notları günahsız insanların həyatlarından üstün tutulur.

"Baki-Baku.az"




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Siyasi təhlil