USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İran və öküz üçün “kanserva” qutusu


https://img.baki-baku.az/news/2021/10/photo_5248.jpg?v=MjAyMS0xMC0wNCAxOTowNzoxOQ==

Əvəz Rüstəmov

___________________________________________________________

Son günlər Azərbaycan ictimai rəyinin ən əsas mövzularından biri İrandır. Daha doğrusu, Azərbaycan cəmiyyəti İrandan gələn mesajlara belə demək mümkünsə, cavab atəşi açmağa köklənib. Böyükdən tutmuş kiçiyə hamı İranla məzələnir. Azərbaycan ictimai rəyi əzəmətli İranı yerlə bir edir. Düzdür, soyuq yanaşsaq, qıraqdan bu mənzərə böyük filin üstünə qarışqaların düşməsinə oxşayır. Amma obrazlı desək, qarışqalar çox inadkar görünürlər. Fili az qala parçalayacaqlarmış kimi davranırlar. Belədə sual yaranır, şir, üzr istəyirəm fil nə edib ki, qarışqalar ona qarşı bu qədər qəzəblidirlər?

Bəli məhz qəzəb? İllərdir İran Azərbaycanda özünə qarşı ancaq qəzəb formalaşdırıb. Siyasi məsələləri kənara qoyuram. Yəni o böyüklükdə ölkənin normal düşünən beyni, beyin institutu  yoxdur ki, bu tendensiyanı görsün və aradan qaldırsın, İranı təkcə Azərbaycan cəmiyyətinə deyil, elə bütün qonşularına böyük kimi təqdim edə bilsin? Axı böyüklə hamı hesablaşır. Nə qədər olar erməni kimi yarıtmaz məxluqatın gözündə böyük görünmək? Bu nə düşüncədir, nə siyasətdir, nəyə hesablanıb, hansı strategiyaya əsaslanır?

İran bu illər ərzində nə edib? Beş-altı arvad, üç-dörd savadsız başıboş yığını ilə Azərbaycanda özünə dayaq qurub. Bəli, etiraf edək, Azərbaycanda təhsil səviyyəsi aşağıdır, bundan İran da istifadə edib adını yazanda beş-altı səhv buraxanların beyninə İmam Hüseynlə bağlı saxta sevda saldırıb. Budur İran kimi ölkəyə yaraşan ideoloji xətt? Budur tarixi şəxsiyyət, ideya fədaisi, prinsipiallıq simvolu İmam Hüseyn yoluna sədaqətin təbliği? Yəni qədim dövlətçilik ənənələrinə malik məmləkət özünə regionda tərəfdar tapmaq üçün belə iş aparır? Axı Azərbaycanın savadsız, cahil dediyimiz daha böyük kütləsi var ki, o kütlə heç özü də səbəbini izah edə bilmədən İrana nifrət bəsləyir, qəzəb püsgürür. O kütlə İrandan nə üçün zəhləsi getdiyinə düz-əməlli izah tapa bilmir, amma qəti şəkildə başına salıb ki, İran hətta düşməndir? Və bu deyimdə səmimiyyət var.

Hələ ölkəmizin ziyalı kontingentini demirəm. Bu kontingent açıq qəzəb püsgürməsə də, İrana münasibətdə əsaslandırılmış antipatiya ortaya qoyur. Ola bilməz ki, bunların heç biri baş verməyəydi? Bəli, müəyyən əndazəni aşma meylləri nəzərə çarpır, amma o da mümkün deyil ki, anti-İran mövqeyinə görə Azərbaycanın ictimai rəyi tamamilə günahkar olsun? Siyasətdən səmimiyyət gözləmək sadəlövhlükdür, amma rəsmi Tehran hər nə qədər olsa, bu illər ərzində səmimi davrana bilərdi. Axmaq mollaları mənasız fikirlərlə doldurub ağızlarını açdırmaqdansa, gərək düşünəydi. Tamam İranın İsraildən vəlvələdən ya zəlzələdən zəhləsi gedir, amma nə olsun ki, Azərbaycan İsraillə yaxındır? Axı bütün dünya İrana qarşı çıxanda Azərbaycan öz ərazisində ani-İran hərbi plasdarmının yaranmasına icazə verməmişdi. İndi İranın ali dini rəhbəri deyir ki, müstəqilliyini kənar qüvvələrlə qoruyanlara şapalaq atacaq. Demək o zaman Azərbaycan müstəqil idi, indi yox? Ay ağsaqqal, sənin dövlətinin şapalaq atan vaxtı da deyil...

Böyük dövlətsən, bacar, işini düzgün tut, yaxın ol, yaxşı ol! Sərhəddə qoşun yığıb uşaqlıq eləməyə nə var? Yəni doğrudan İrandakı molla başlılar Azərbaycan üzərinə hücum edib, müharibə aparıb qalib gələcəklərini düşünürlər?! İran heç özünün ictimai rəyi ilə bacarmır. Pafosdan uzağam, heç də tam mənada düşünmürəm ki, sabah İranla Azərbaycan arasında hərbi vəziyyət yaransa, İran ordusundakı türklər silahı bizə yox, mollaların özlərinə qarşı çevirəcəklər. Əsgər əsgərdir, əmrə tabedir. Amma o savaş başlasa, Tehran heç bir halda daxilindəki türk faktorunu yenə bilməyəcək. O faktorun başını “İsrail şeytandır, kafirdir Azərbaycana kömək edir” kimi xəstəliklə doldurmağı bacarmayacaq. Çünki o faktor daxili idarəçiliyə münasibətdə bizdən də artıq qəzəblidir. O faktor İslam dini adı altında ona sırınan cəfəngiyyatdan bezib. O faktor ağaca qara lent bağlayıb min üç yüz il əvvəl baş verənlərə yas tutmaqdan usanıb, sıxılıb, azad yaşamaq istəyir. Və nəhayət o faktor müstəqil Azərbaycana azadlıq adası kimi baxır, ora getməyə can atır, gəlib Bakı küçələrində nəfəs almaq, lap elə kef eləmək istəyir. Tək türkü yox, əfqanı da, bəlucu da, bəxtiyarı da, loru da, hətta farsı da bu nəfəsliyə can atır. İran dövləti isə sərhəddə qoşun yığıb o nəfəsliyi bağlayacağı ulə təhdid edir. Bacarar, buralarda olsun!

Bəli, İrandakı idarəçilik illər ərzində bilavasitə daxildəki türk faktoruna qarşı səmimiyyət nümayiş etdirə bilməyib. Məktəbini bağlayıb, qəzetini çıxmağa qoymayıb, dilini yasaqlayıb və s. Və bu düşüncə ilə müstəqil Azərbaycana loru desəm, xox gəlmək? Tamam güclüsən, qüdrətlisən, ərazicə, iqtisadi potensial baxımından üstünsən, amma nə olsun? İnsanını ələ ala bilməmisən. “İran mənim vətənimdir” deyəndə ağzının min yerindən səmimiyyət tökülən türkünü razı sala bilməmisən. Gəl, bundan sonra müstəqil Azərbaycana qarşı zor dili ilə danış! Belə böyüklük olmur, yalnız cılızlıq olur.

Azərbaycanın dünyada tanınmış sərhədləri var. İran istəsə də, istəməsə də bunu qəbul edib, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. O ərazi bütövlüyünün nəticəsidir ki, İran “tır”ları Ermənistan ərazisinə daxil olub mənzil başına yetişmək üçün Azərbaycan ərazisində məsafə qət edirlər. Yaxşı mən soruşmuram ki, niyə həmin “tır”lar Azərbaycan ərazisindəki separatçı erməni rejiminin töküntülərinin müvəqqəti qərar tutduğu bölgəyə yollanırlar? Bəs biz soruşmayaq ki, o rejimə boğulmamaq üçün saman çöpünü uzatmaq nəyə lazımdır? Dünya ermənilikdən əlini çəkir, İran dövləti ondan bərk-bərk yapışır – heç bunu da soruşmayaq. Soruşduğumuz odur ki, nə üçün Azərbaycan ərazisində  Azərbaycanın qanunlarına tabe olmaq istəmirsən? Axı hər öküz üçün bir “kanserva” qutusu var. Heç bir güc nümayişi dünyaya o qutudan baxmaq aqibətinin yaşanmasından sığortalamır.




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Əvəz RÜSTƏMOV