USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Homskinin «Amerika imperializmi»nin yeddi bəndi - PRİZMA


https://img.baki-baku.az/news/2020/09/photo_507.jpg

Naom Homski adı çəkilərkən gözümüzün önündə bir çox sahələr - linqvistika, təbliğat, iqtisadiyyat və sair üzrə ekspert canlanır. Amma bir sahə də var ki, orada onun istedadı özünü daha qabarıq formada göstərir. Bu istiqamət belə demək mümkünsə, Amerika imperiyasının ideyası, strukturu və funksionallığı barədə fikirlərdir. Homski həmin istiqamət barədə hələ ötən əsrin 60-cı illərindən yazmağa başlayıb. Aşağıdakı 7 bənddə onun Amerika imperializmi haqqında ifadə etdiyi baxışların ən qatıları cəmləşib.

1. 2007-ci ilin əvvəlində dünyanın kütləvi informasiya vasitələrində Çinin hərbi qüdrətinin müxtəlif tərəflərinə dair məlumatlar ön plana çıxmağa başladı. Pentaqon bildirdi ki, 400 nüvə başlıqlı raketi olan Çin özünün hərbi potensialını artırmağa başlayıb. Bu mövzuda debatlarımız oldu: Çin bununla dünyanı ələ keçirməkmi istəyir, yoxsa səslənmiş rəqəmlər xüsusi məqsəd daşıyır. Ancaq kiçik bir qeyd var - ABŞ-ın hərbi potensialında zərbə qüvvəsi olan neçə raket mövcuddur? Məlum olur ki, onların sayı 10 mindən artıqdır.

Əgər dünya mediasına diqqət yetirsək, məlum olur ki, Çinin hərbi potensialını artırması heç də təkcə ABŞ-ın sərhədsiz aqressivliyi ilə bağlı deyil. O səbəbdəndir ki, Birləşmiş Ştatlar öz raketlərinin hədəfə vurma imkanlarını yaxşılaşdırıb. Bütün bunlardan sonra əslində kim dünyanı ələ keçirmək istəyir? Əlbəttə, çinlilər. Çünki dünya bizə tabedir. Onlar dünyanı bizdən alıb özlərinə tabe etmək niyyətindədirlər. İstəklərini sonsuza qədər davam etdirə bilərlər. Sadə prinsip - dünyanın bizə məxsusluğu beynəlxalq məsələlərdəki diskussiyaları izah etmək üçün yetərlidir.

2. Biz kosmosun hərbiləşdirilməsini dayandıra bilərikmi? Çoxları deyir ki, bəli. Səbəb odur ki, hazırda faktiki olaraq yalnız ABŞ hərbiləşdirilmədə israrlıdır. Bütün dünya isə əleyhinədir. Çünki qorxur. ABŞ bütün planetin önündə gedir. Əgər başqa ölkələr dünyada hegemonluq barədə düşünmürlərsə, deməli onlar xeyli geridə qalıblar. Buna görə də belələri reaksiya göstərəcək. İstəyəcəklər ki, kosmik yarışı dayandırsınlar. Hazırda bütün dünya tərəfindən dəstəklənən bir çox razılaşmalar da var ki, həmin sənədlər faktiki olaraq Birləşmiş Ştatları mövcud istiqamətdəki fəaliyyətdə kökdən salmağa yönəlib. Sənədlərdən biri 1967-ci il sazişidir. Həmin sənəd kosmik məkanda silah yerləşdirilməsini qadağan edir. Onu hamı, o cümlədən ABŞ da imzalayıb. Məsələ burasındadır ki, sazişin bəndlərinin pozulmasını müəyyənləşdirmək çox asandır. 1999-cu ildə sənəd BMT-nin Baş Assambleyasında müzakirə olunub. 163 ölkə lehinə səs verib. ABŞ və İsrail də həmçinin. Başqa variant yox idi.

3. Qloballaşma - bu, nüfuzlu dövlətlərin, o cümlədən ABŞ-ın dünyanın bir çox xalqlarının boğazına ticarət və sair münasibətləri dürtdükləri prosesdir. Səbəb isə ondadır ki, iri korporasiyalar və varlılar dünyanın müxtəlif yerlərinin iqtisadiyyatında hakim mövqe tutsunlar və bunun müqabilində heç bir öhdəliklər yerinə yetirməsinlər.

4. ABŞ-da hələ də hərbi helikopterləri soyqırım qurbanlarının şərəfinə adlandırırlar. Bu vəziyyətdə heç kəs hətta gözünü də qırpmır. «Qara qırğı» var. «Apaç» da var. Hətta «Komanç» da. Düşünürəm ki, Almaniyada hərbi helikopterləri «Yəhudilər» və ya «Qaraçılar» adlandırsaydılar, hamı məsələdən duyuq düşərdi.

5. Əgər sizin üçün nə isə düzdürsə (və ya səhvdirsə), bu, başqaları üçün də düzdür (və ya səhvdir). Bundan belə nəticə çıxarmaq mümkündür - əgər Kuba, Nikaraqua, Haiti və başqaları üçün Vaşinqtonu və Nyu-Yorku bombalamaq düzgün olmadığı kimi, Ramsfeldin (ABŞ-ın eks-müdafiə naziri Donald Ramsfeld nəzərdə tutulur -red.) Əfqanıstanı da bombalaması düzgün deyil. Əgər o, bombalayırsa, deməli onu hərbi cinayətkar kimi mühakimə etmək lazımdır.

6. Təsəvvür edək ki, Çin sabah Kolumbiyada ABŞ-ın Kentukki və Şimali Karolina ştatlarına qarşı oradakı tütünün məhvi məqsədilə kimyəvi silah tətbiqi üçün raket kompleksləri yerləşdirəcək. Səbəb həmin yerlərin tütününün çinliləri məhv etməsidir (Homski ABŞ-ın Mərkəzi və Cənubi Amerikada apardığı anti-narkotik müharibəsindəki paradoksları göstərərkən belə yazmışdı).

7. Əlbəttə, ABŞ İran təsirindən narahatdır. Buna görə də onlar 1980-1988-ci illərin İran-İraq müharibəsi zamanı ikinciyə müharibənin taleyini həll etmək üçün köməklik göstərdilər. Məhz buna görə də Amerika Səddam Hüseynin Birləşmiş Ştatların planlarını pozmamasınadək diktatoru bəslədi. Vaşinqtonun narahatlığı o qədər yüksək idi ki, Səddam 1991-ci ildə İranın təsirinə məruz qalması ehtimalı ilə İraqın şimalının şiə əhalisinə divan tutanda susmaq məcburiyyətində qaldı. Təbii ki, İran İraq şiələrinə təsir göstərə bilərdi. Xalq inqilabı başlasa və qələbə qazansa, bu, ikiqat uğursuzluq olardı. Əgər bunu ingilis dilinə çevirsək, təhlükəni belə xarakterizə etmək olar: müvəffəqiyyət demokratik tendensiyalara yol aça bilərdi. Nəticədə ABŞ-ın bölgə xalqlarını özünə tabe etdirmək üçün ümid etdiyi diktatura quruluşlarına zərbə vurulardı.

"Baki-Baku.az"




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Siyasi təhlil