USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qızıl ürəkli, geniş qəlbli insan

Mehriban ƏLİYEVA: Həyatda hər bir kəsin yerini və taleyini tarix müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir.


https://img.baki-baku.az/news/2021/08/photo_4736.jpg?v=MjAyMS0wOC0yMyAwNjo1NzozNA==

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın söylədiyi  bu hikmətli ifadələr həqiqətdir, hər bir kəsin öz həyatını qurmaq, cəmiyyətdə layiq olduğu yeri tutmaq üçün bu fikirlər sanki geniş bir layihədir, proqramdır. Məsuliyyət hissini dərk edən şəxs xeyirxahlığı, qayğıkeşliyi, qurub-yaratmağı, əsl vətəndaş olmağı fəaliyyətinin əsas istiqaməti sayır.

Dövlətimiz, xalqımız  qarşısında məsuliyyətini çox yaxşı dərk edən Mehriban xanım Əliyeva özünün söylədiyi kimi o öz həyat kitabını xeyirxah işləri, səmərəli fəaliyyəti, əzmkarlığı, işgüzarlığı, xalqına sədaqətliliyi ilə, yüksək ideyalarını həyata keçirməklə yazmışdır. Böyükdən tutmuş kiçiklərədək bütün insanların qəlbində ülvilik, nəciblik təcəssümü, qurucu insan, yenilik tərəfdarı və müəllifi kimi yer tutan bu ziyalı qadının - Mehriban xanım Əliyevanın fəaliyyət dairəsini, gördüyü işlərin, xeyriyyəçilik missiyasının miqyasını təsəvvürə gətirmək çətindir. Mehriban xanım Əliyevanın yaradıcılığı barədə düşünəndə adam bilmir ki, onun ölkə daxilində elm, təhsil, səhiyyə, humanitar məsələlər sahəsində həyata keçirdiyi tədbirlərə, erməni vandallarının işğalından azad olunmuş ərazilərimizdə mədəniyyət mərkəzlərinin yaradılması, bərpa olunması yönündəki layihələrə üstünlük versin, yoxsa bu istiqamətlərdə xarici ölkələrlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmlənməsində təqdirəlayiq, səmərəli fəaliyyətinə!

Mehriban xanım hər bir tədbiri əvvəlcədən düşünülmüş şəkildə həyata keçirir. Onların tətbiqinə tərtib olunmuş proqram, layihə əsasında başlayır. Ona görə də ölkənin Birinci xanımının - Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyəti həm qurucu insan, həm siyasi xadim kimi yüksək qiymətləndirilir. Və qürur hissi ilə qeyd etməliyik ki, Mehriban xanım Əliyevanın hər an genişlənən məqsədyönlü fəaliyyətinə həm ölkəmizin, həm xarici dövlətlərin ictimai-siyasi qurumlarının, nüfuzlu beynəlxalq təşkilatların verdikləri qiymət, onu layiq olduğu mükafatlarla, fəxri adlarla təltif etmələri hamı tərəfdən rəğbətlə qarşılanır.

2007-ci il may ayının 27-də Moskvanın Stanislavski və Nemiroviç-Dançenko adına Musiqili Teatrında Azərbaycanın Birinci xanımı Mehriban Əliyevaya “Qızıl ürək” beynəlxalq mükafatı təqdim olunmuşdur. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri - Azərbaycanın Birinci vitse-prezidenti bu mükafata genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideyalarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə layiq görülmüşdür. Mehriban xanım Əliyevaya “Qızıl ürək” mükafatını - heykəlciyi və “Beynəlxalq mükafatın laureatı” fəxri nişanını məşhur İtaliya aktrisası Sofi Loren, Rusiya Federal Məclisi Şurasının sədri Sergey Mironov və Rusiya Təhlükəsizlik Şurasının katibi İqor İvanov təqdim etmişlər. S.Mironov mükafatı Mehriban xanıma təqdim edərkən onun Heydər Əliyev Fondu çərçivəsindəki fəaliyyəti ilə yaxından tanış olduğunu bildirərək demişdir: “Belə xeyirxah və qızıl ürəklə insanlara və dünyaya fəzilət bəxş edir”.

Mehriban xanım Əliyevaya “Qızıl ürək” Beynəlxalq mükafatı təqdim edilən vaxtdan cəmi 10 gün əvvəl isə, yəni may ayının 17-də Mehriban xanım Əliyeva səhiyyə sahəsindəki xidmətlərinə görə İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatına layiq görülmüşdür. Ona həmin mükafatı Cenevrədə Dünya Səhiyyə Təşkilatının Ali orqanının - Dünya Səhiyyə Assambleyasının 60-cı sessiyasının yığıncağında təqdim olunmuşdur. 

Mehriban xanım vurğulayır ki, bu mükafatlar onun xeyriyyəçilik missiyasını, ölkəmizdə ana, uşaq və ailə sağlamlığının yaxşılaşdırılması məqsədilə göstərdiyi səyləri daha da gücləndirmişdir.

“Yeniləşən Azərbaycana yeni məktəb”, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Azərbaycan muğamları”, “Hərəmiz bir ağac əkək!” Bunlar Heydər Əliyev Fondunun layihələrinin tam siyahısı deyil. Özünün həyat amalını insanlara qayğı göstərməkdə, ölkəmizin iqtisadi, mədəni inkişafını artırmaqda görən Mehriban xanım rəhbərlik etdiyi Fondun layihələri çərçivəsində nəzərəçarpacaq dərəcədə işlər görmüş və bu fəaliyyətini indi də uğurla davam etdirir. Bütün bunlar Mehriban xanımın insanpərvərliyindən, vicdanlılığından, humanistliyindən, dövlət, xalq qarşısında vəzifə məsuliyyətini dərindən dərk etməsindən irəli gəlir.

Mehriban xanım Əliyeva Fondun prezidenti kimi də, Azərbaycanın Birinci vitse-prezidenti kimi də Beynəlxalq təşkilatlarla əlaqə sahəsində də işlərini yüksək səviyyədə qurmuşdur.

Təsadüfi deyildir ki, 2011-ci ildə Mehriban xanım Əliyevanın Kanadanın birinci paytaxtı, gözəl mənzərəli Niaqara on the Lake şəhərində “İlahi Muza - Azərbaycan muğamının hamisi” adlı abidəsi qoyulmuşdu. Abidəni Azərbaycanın görkəmli heykəltəraşı, akademik Ömər Eldarov yaratmışdır.

Həmin vaxtlar Niaqara şəhərində Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri keçirilmişdir. Beynəlxalq Niaqara festivalı çərçivəsində təşkil olunmuş və çox  böyük uğurla keçən bu tədbirdə Beynəlxalq Azərbaycan Muğamı  Studiyasının təntənəli təqdimat mərasimi də baş tutmuşdur. Tədbirdə Niaqaranın xoşməramlı səfiri, akademik Ömər Eldarovun helkəltəraşlıq portretlərindən ibarət fərdi bədii sərgisi təşkil edilmişdir. Kanadalı sənətsevənlər sərgidə həmçinin Azərbaycan musiqi sənətinin görkəmli xadimləri Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Cövdət Hacıyev, Tofiq Quliyev, Niyazi, Əminə Dilbazi, Müslüm Maqomayev və başqalarının heykəltəraşlıq obrazları ilə yaxından tanış olmuşlar. Görkəmli sənət ustası, akademik Ömər Eldarov bu əsərləri qranit, mərmər və tuncdan bədii düşüncələrinin, zəngin təcrübəsinin, zəkasının gücü ilə yaratmışdır. Bütün bu portretlər kimi “İlahi Muza - Azərbaycan muğamının hamisi” adlı abidə də çox yüksək zövqlə işlənmişdir. Əsər “Böyük ustalığa və bədii kamilliyə görə” XII Beynəlxalq Niaqara festivalının “Qran-pri” mükafatına layiq görülmüşdür.

Beynəlxalq Niaqara festivalının bədii rəhbəri Atis Bankas Azərbaycan Mədəniyyəti və İncəsənəti Günlərinin sonunda söylədiyi bəzi məqamları qeyd etməmək olmaz. O, belə bir həqiqəti vurğulayaraq, demişdir: “Azərbaycan muğamının dirçəlməsi və onun beynəlxalq səviyyədə geniş təbliğ edilməsi, habelə bütün dünyada sülh naminə sivilizasiyaların dialoqunun səmərəli inkişafı və möhkəmləndirilməsi, dünya mədəniyyətlərinin bir-birinə yaxınlaşması və qarşılıqlı nüfuz etməsi  Mehriban xanım Əliyevanın adı ilə bağlıdır”. Doğrudan da bu belədir. Musiqi mədəniyyətimizin, Incəsənətimizin, mədəni irsimizin qoruyub saxlanması, təbliğ edilməsi, yeni inkişaf mərhələsinə çatdırılması sahəsində YUNESKO-nun  və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, onun prezidenti olduğu Heydər Əliyev Fondunun təşəbbüsü və yaxından köməyi ilə həyata keçirilən işlərin miqyası olduqca genişdir və ölkəmizin hüdudlarından çox-çox uzaqlara adlamışdır. Bu sahədə görülən işləri, keçirilən beynəlxalq tədbirləri sadalamaqla bitən deyil. Fakt budur ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və yaxından köməyilə həyata keçirilən işlərin, tədbirlərin nəticəsini hər bir Azərbaycan vətəndaşı görür və layiqincə dəyərləndirir.

Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti seçildikdən sonra onun həm quruculuq, həm də  siyasi fəaliyyət dairəsi daha da genişlənmişdir. Mehriban xanım bu çox mühüm və yüksək vəzifəyə özünün zəhmətsevərliyi, qurub-yaratmaq bacarığı, siyasi yetkinliyi, insanlarımızın rifahının yaxşılaşdırılması, mədəni, mənəvi işlərimizin, milli adət və ənənələrimizin qorunub saxlanması, möhkəmləndirilməsi, zənginləşdirilməsi üçün bilik və bacarığından səmərəli istifadə etməsi, geniş qəlb, qızıl ürək sahibi olması sayəsində ucalmışdır. Bəli Mehriban xanım Əliyevanın bu xüsusiyyətləri ölkə başçımızın diqqətindən yayınmamışdır. Mehriban Əliyevanın Birinci vitse-prezident kimi Azərbaycanın çiçəklənməsinə daha da səmərəli fayda verəcəyini nəzərə alan möhtərəm cənab Prezidentimiz İlham Əliyev onu bu vəzifəyə təyin etmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, Müzəffər Sərkərdə İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 30 il erməni qəsbkarlarının tapdağı altında olan torpaqlarımızın cəmi 44 gün ərzində azad etdikləri ərazilərimizdə nankor qonşularımızın dağıtdıqları mədəniyyət abidələrimizin, muzeylərimizin, incəsənət mərkəzlərimizin yenidən yaradılması, bərpası istiqamətində də Heydər Əliyev Fondunun geniş layihələri vardır və onlar Mehriban xanım Əliyevanın rəhbərliyi ilə icra olunmaqdadır. Artıq Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşada müəyyən layihələr həyata keçirilmişdir.

İşğaldan azad olunmuş digər şəhər və rayonlarımızda da bu istiqamətdə layihələrin icrası davam etdirələcək.

Birinci xanım Mehriban Əliyevanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birlikdə işğaldan azad edilmiş torpaqlarımıza səfər etməsi də diqqət çəkən amillərdəndir. Qışın oğlan çağında da, yayın cırhacırında da çətin relyefli, sərt iqlimli bu yerlərə səfər etməyin başqa bir mühüm mənası da var. Bu, möhkəm  silahdaşlıq rəmzidir. Çovğunlu havada qarlı, palçıqlı, isti günlərdə tozlu-torpaqlı yollardan piyada keçərək erməni vandallarının xarabalıqlara çevirdikləri ərazilərimizi görmək nə qədər çətindirsə də, azad edilmiş torpaqlarımızda olmaq, oralara qədəm basmaq  şərəfdir, 30 il həsrətini çəkdiyimiz dilbər guşələrimizin rahat, saf nəfəs almasıdır. Digər tərəfdən, incə, zərif bir qadının sıldırım qalalıqlarda, sərt yoxuşlarda, çay daşlarının üzərində şux yeriməsi onun siyasi iradəsinin möhkəmliyinə, xalqına, prezidentinə sədaqətliyinə, etibarlı silahdaş olduğuna dəlalət edir.

Bəli, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin dəyanətli silahdaşıdır.

Siyasi fəaliyyəti, hərbi taktikası, quruculuq bacarığı, diplomatik gedişləri ilə diqqət çəkən ölkə başçımız, Ali Baş Komandanımız İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərimizə səfərlərindən məqsəd orada start verilmiş işlərin icrasına nəzarət etmək, vəziyyətlə yerində tanış olmaq, yeni yaradılacaq infrastrukturkarın təməlini qoymaq, hazırları işə salmaqdır. Ən başlıcası isə  yağı düşmənlərimizə siyasi möhkəmliyimizi, Ordumuzun gücünü, xalqımızın monolit birliyini göstərmək, sözümüzün ağası olduğumuzu sübut etməkdir.

Bu il avqust ayının 16-da Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Birinci xanım Mehriban Əliyeva ilə birlikdə Kəlbəcər və Laçın rayonlarına səfərləri zamanı bunun bir daha şahidi olduq.

Ölkə başçımız, Ali Baş Komandanımız İlham Əliyevin Birinci xanım Mehriban Əliyeva ilə birlikdə Kəlbəcər və Laçın rayonlarında olmaları barədə, möhtərəm cənab Prezidentimizin oradakı çıxışları haqda kütləvi informasiya vasitələrində, televiziya kanallarında çox geniş, ətraflı məlumatlar verilmiş, müzakirələr aparılmışdır.

Biz bu yazıda Heydər Əliyev Fondunun, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin çox cüzi məqamlarını diqqətə çatdırmağa çalışdıq. Mehriban xanım Əliyevanın siyasi-iqtisadi, quruculuq, humanistlik fəaliyyətinin miqyası isə genişdir, çoxsahəlidir. O, həmişə xalqının yanındadır, qəlbi həmvətənlərinin qayğısı ilə döyünür.

 

 

 

 

 

Ənvər Məşədiyev
 

 




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Ənvər Məşədiyev