USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Prezidentin postmüharibə hesabatı


https://img.baki-baku.az/news/2021/07/photo_4468.jpg

Elman Babayev

________________________________________________________

Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına sonuncu müsahibəsini bu ilin 6 ayının, həmçinin müharibədən ötən 8 ayın hesabatı kimi də qiymətləndirmək olar. Müsahibəni şərti olaraq 3 istiqamətə bölmək mümkündür: ölkənin sosial iqtisadi inkişafı, postmünaqişə dövrünün nəticələri-Qarabağda quruculuq işləri və xarici siyasət, xüsusilə Ermənistanla münasibətlər.

1. Ölkənin sosial-iqtisadi inkişafı

Bəlli məsələdir ki, İkinci Qarabağ müharibəsindən sonra dövlətin əsas hədəfi işğaldan azad edilmiş torpaqlarda quruculuq işlərinin həyata keçirilməsidir. Bu istiqamətdə görülən işlərin miqyası göz önündədir. Bununla belə, digər regionların inkişafı ilə bağlı olan proqramlarda ciddi axsamaların olmadığı faktı da ortadadır. Bölgələrdə yeni obyektlərin istifadəyə verilməsi, iş yerlərinin açılması prosesi davam etdirilir.

Ötən il qələbə ilə sonuclanan müharibə, digər yandan pandemiyanın doğurduğu problemlər ölkə iqtisadiyyatında, əhalinin güzəranında ciddi ağırlaşmalar olacağı barədə proqnozlara əsas verirdi. Amma bu ilin altı ayının yekunları fərqli mənzərə ortaya qoyur. Prezident bəyan etdi ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb. İqtisadiyyatımız 2 faiz artıb və ilin sonuna qədər daha da artacağı proqnozlaşdırılır. Qeyri-neft sektorundakı artım isə 5 faizdən çoxdur. Qeyri-neft sənayesi 16,6 faiz, kənd təsərrüfatı 5,6 faiz, ixrac 15 faiz, qeyri-neft ixracı 27 faizdən çox artıb. 6 ayın nəticələrinə əsasən, xarici ticarətimizin müsbət saldosu 3,4 milyard dollardır, ilin sonuna qədər müsbət saldonun təqribən 6-7 milyard dollar olacağı gözlənilir. İnfilyasiya isə məqbul hesab edilən rəqəmlər ətrafındadır – 4,3 faiz. Bununla yanaşı, valyuta ehtiyatlarımız 1 milyard dollar həcmində artıb (ümumi 52 milyard dollar valyuta ehtiyatımız var). Aparılan islahatlar nəticəsində 6 ayda vergi və gömrük orqanları nəzərdə tutulandan daha çox vəsait toplayıblar. Vergi orqanları 810 milyon manat daha çox, gömrük orqanları 206 milyon manat.

Dünyanın bir sıra ölkələrində iqtisadi tənəzzülün davam etdiyini nəzərə alsaq, müharibədən çıxmış bir ölkənin əldə etdiyi bu nailiyyətlərin üzərində xüsusi dayanmağa lüzum qalmır.

Ən mühüm məqamlardan biri Azərbaycanda valyuta ehtiyatlarının xarici dövlət borcundan təxminən 6 dəfə çox olmasıdır. Buna heç də adi statistik göstərici kimi yanaşılmamalıdır. Nəzərə almaq lazımdır ki, hazırda ölkələrin mütləq əksəriyyətinin dövlət borcu valyuta ehtiyatlarından qat-qat böyük rəqəmlərlə ifadə olunur.

Postmüharibə dövrünə təsadüf edən cari ilin 6 ayı ərzində əhaliyə sosial ödəmələrdə hər hansı ləngimə olmayıb. Şəhid ailələrinin, müharibə əlilllərinin, qazilərin sosial müdafiəsi ilə bağlı tədbirlər daha da gücləndirilib.

2. Postmünaqişə dövrünün nəticələri-Qarabağda quruculuq işləri

Müharibədən ötən 8 ayın hər günü Qarabağdakı quruculuq işləri ilə bağlı qürurverici xəbərlərlərlə zəngin olub. Görülən işlərin həcmi olduqca böyükdür. Düşmənin mina xəritələri ilə bağlı insanlığa zidd siyasətinə rəğmən, təmizləmə işləri geniş müstəvidə aparılıb. Çünki bu, Qarabağda quruculuq işləri ilə bilavasitə bağlı məsələdir.

Qarabağda elektrik təsərrüfatının qurulması işi sürətlə davam edir və bu ilin sonuna qədər azad edilmiş torpaqlarda - həm Qarabağda, həm Şərqi Zəngəzurda bütün elektrik infrastrukturunun tamamlanması hədəflənib. Bununla yanaşı, yaşıl enerji layihəsi icra ediləcək. Prezident bildirib ki, artıq 200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılığa gəlinib.

8 ay ərzində Qarabağda yolların çəkilişi istiqamətində görülən işlərin miqyası da olduqca böyükdür. Hazırda Bərdə-Ağdam avtomobil yolu tikilir, olduqca mürəkkəb relyefdə, heç vaxt mövcud olmayan Zəfər yoluna sentyabr ayında asfalt döşənməsi başa çatacaq. Paralel olaraq Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd, Zəngilan-Qubadlı-Laçın, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yolları çəkilir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə ilk yol inşa edilir. Bununla yanaşı, digər yollar, Kəlbəcər, Laçın rayonlarında hərbi əhəmiyyətli yollar çəkilir ki, bu yolların ümumi uzunluğu 700 kilometrə qədərdir.

Hazırda Qarabağda 3 aeroport tikilir. Ağdamın baş planı təsdiqlənib, Füzulinin, Cəbrayılın baş planlarının ilkin versiyası Prezidentə təqdim edilib. Zəngilan şəhərinin də baş planının hazırlanması prosesinə artıq başlanıb. Eyni zamanda, Qubadlı, Laçın və Kəlbəcərin də yenidən qurulması nəzərdə tutulur. Bütün bu işləri Azərbaycan ancaq və ancaq öz imkanları hesabına həyata keçirir. Heç bir qurumdan yardım alınmayıb. Bu fakt Azərbaycan dövlətinin iqtisadi qüdrətini anlamaq üçün yetərlidir

3. Xarici siyasət - Ermənistanla münasibətlər

Xarici siyasətdə Azərbaycanın mövqeləri daha da güclənib. Azərbaycan regionun güc mərkəzləri ilə münasibətlərini daha da inkişaf etdirib. İndi nəinki regionda, bütün dünyada Azərbaycana inam, etibar daha güclüdür, nəinki işğalçı Ermənistana.

Azərbaycan təkbaşına, bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, beynəlxalq hüququ və ədaləti bərpa edib, tarixi Qələbəyə imza atıb. Prezidentin də vurğuladığı kimi, bu Qələbə Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən bizə olan hörməti daha da artırıb.

Yeri gəlmişkən, Azərbaycanın 3 ildə Hərəkata uğurlu sədrliyi onunla nəticələnib ki, ölkəmizin daha 1 il quruma rəhbərlik etməsi üçün müraciət olunub. Ölkəmiz Hərəkata üzv ölkələrin maraqlarını beynəlxalq tribunalarda müdafiə etmək istiqamətində əməli addımlar atıb və bu cavabsız qalmayıb, Hərəkat ötən il müharibə dövründə BMT Təhlüksizlik Şurasındakı xain müzakirələri poza bilib.

Bundan başqa, Azərbaycan pandemiya ilə bağlı 30-dan çox ölkəyə humanitar və maddi yardım göstərib ki, onların böyük hissəsi quruma üzv ölkələrdir. Azərbaycanın təşəbbüsü sayəsində COVID-lə bağlı BMT Baş Assambleyasının Xüsusi sessiyası keçirilib və Azərbaycan yeganə ölkədir ki, ali beynəlxalq tribunalardan vaksin millətçiliyinə qarşı öz etiraz səsini daha qabarıq formada ucaldıb.

Hesabat dövründə Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri də yeni müstəviyə daşınıb. Ölkəmiz Qoşulmama Hərəkatnın sədri kimi ilk dəfə bu qurumla Avropa İttifaqı arasında ünsiyyət qura bilib. Eyni zamanda, ölkəmizin İttifaqla əlaqələrində yeni mərhələ başlayıb. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ölkəmizə səfəri zamanı əldə olunan nəticələr əlaqələrin daha da inkişafını vəd edir. Nəqliyyat, enerji, iqtisadi sahələrdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin çəkisi daha da artmaqdadır.

Azərbaycan qarşılıqlı maraqlara söykənən əməkdaşlıq əlaqələrini, dostluq və mehriban qonşuluq siyasətini möhkəmləndirib, regionun güc mərkəzlərindən olan Türkiyə, Rusiya ilə əlaqələr yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Rəsmi Bakının Gürcüstan, Türkiyə, Rusiya və İranın maraqları ilə kəsişməyən proqramlar həyata keçirməsi, paralel olaraq ABŞ və Avropa ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanı Cənubi Qafqazda geosiyasi sabitliyi təmin edə biləcək əsas gücə çevirib. Azərbaycan bütün tərəfdaşlarla bərabərhüquqlu, dostluq və əməkdaşlıq əsasında münasibətlər qura bilib.

Bunu görmək üçün son aylar baş verən proseslərə diqqət etmək yetərlidir. Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycana səfər edib, münasibətlər yeni mərhələyə qədəm qoyub. Prezident Əliyev Rusiyaya səfər edib, iki ölkə bütün məsələlərdə vahid mövqe nümayiş etdirib. Türkiyə ilə Azərbaycan iyun ayında müttəfiqlik haqqında Bəyannamə imzalayıb, əlaqələr daha da yüksək səviyyəyə qalxıb. Digər qonşu ölkələrlə - İran və Gürcüstanla dostluq əlaqələrimiz güclənib. Qoşulmama Hərəkatı Azərbaycana quruma daha bir il sədrlik etmək mandatı verib.

Ermənistanla münasibətlərin vəziyyəti isə Azərbaycanın müsbət jestlərinə veriləcək cavablardan asılı olacaq. Prezident İlham Əliyev açıq şəkildə ölkəmizin mövqeyini bir daha ortaya qoydu. Ermənistan boş xəyallardan əl çəkməlidir. Artıq nə status var, nə də Dağlıq Qarabağ: “Mən müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz. Bir də bilirsiniz, gəlin belə danışaq, bu, süni şəkildə Azərbaycanın içində daim bir münaqişə ocağı yaratmaq üçün sovet hökuməti tərəfindən ortalığa atılmış təxribat idi. Bizim tarixi torpağımızda Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmaq, bir kəndi - Xankəndini, hansı ki, kənd idi, onu oranın mərkəzi etmək və cəllad Şaumyanın adını vermək Azərbaycan xalqına qarşı çox mənfi bir addım idi. Bizim üçün təhqir idi. Tarix hər şeyi yerinə qoyub. Ancaq statusa gəldikdə, bu gün orada 25 min adam yaşayır. Orada gedən proseslərlə bağlı bizim məlumatımız kifayət qədər böyükdür, çoxşaxəlidir. Biz əvvəllər də, müharibədən əvvəl də bilirdik orada nələr baş verir. Əlbəttə, indi də bilirik, çünki onlar bizim ayağımızın altındadır. Orada yaşayanların real sayı 25 mindir. Başqa rəqəmlər də səsləndirilib ki, müharibədən sonra oraya 50 mindən çox adam qayıdıb, ola bilər, ancaq qayıdan o demək deyil ki, orada qalır. Qayıdıb, sonra çıxıb gedib, geri dönüb. İkincisi, bizim müxtəlif texniki vasitələrimiz, peykimiz var. Biz oradakı maşınların sayını bilirik. Biz insanların hərəkətini görürük. Necə deyərlər, digər obyektiv vasitələr var ki, onları əsas götürüb, dəqiq bilirik orada nə qədər adam yaşayır - 25 min maksimum. Biz gündəlik monitorinq aparırıq, neçə maşın girib Laçın dəhlizinə, neçə maşın çıxıb. Eyni zamanda, biz xaricdən gələn maşınları da görürük və demişik ki, buna son qoyulmalıdır, bu, yaxşı deyil, bu, bizim ərazimizdir. Bizim icazəmiz olmadan xarici maşın necə girə bilər ora. Bir də əgər kimsə hesab edir ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o maşınlara erməni nömrələri yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır. Oradan gündəlik çıxan maşınların sayı girən maşınlardan xeyli çoxdur. 25 min insan üçün status yaratmaq hansı məntiqə sığır? Mən sual verirəm. Bu gün Fransada və Amerikada bu məsələ ilə bağlı reallığı əks etdirməyən bəyanatlar səslənəndə haqlı olaraq Azərbaycan xalqı bundan narazı olur ki, münaqişə öz həllini tapmalıdır. Mən demişəm, deyin necə həll olunmalıdır? Mən deyirəm, mən Azərbaycan Prezidenti deyirəm, mən bu məsələni həll etmişəm, vəssalam! Dağlıq Qarabağ yoxdur, status yoxdur!”

Ermənistanın yeganə yolu reallıqla barışması, ərazi bütövlüyümüzü tanıması, sülh müqaviləsi imzalaması üçün əməli işə başlaması, sərhədlərin delimitasiyasının həll olunmasıdır. Bu gün Azərbaycanın bu mövqeyini Avropa İttifaqı, Türkiyə, Rusiya da bölüşür. Ermənistanın bu reallıqla barışmaqdan başqa yolu qalmır. Bunun əksi ermənilərə yaxşı heç nə vəd etmir. Prezidentin bəyan etdiyi kimi “Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir”.

Beləliklə, mövcud reallıq ondan ibarətdir ki, regionun geosiyasi dinamikası Azərbaycanın fəaliyyəti ilə sıx bağlıdır. Özünün xarici siyasətində regional əməkdaşlığa, təhlükəsizliyə və nəqliyyat-logistik infrastrukturun inkişafına üstünlük verən Azərbaycan işğalçı Ermənistan istisna olmaqla bütün digər qonşu dövlətlərlə strateji əməkdaşlıq qura bilib. Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət Azərbaycanın regional lider kimi mövqeyini daha möhkəmləndirəcəyini proqnozlaşdırmaq üçün ciddi əsaslar yaradır.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Elman Babayev