USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

Qalxın, məhkəmə gəlir …sakit durun, cərimə olunmayın? - BAXIŞ


https://img.baki-baku.az/news/2021/07/photo_4256.jpg?v=MjAyMS0wNy0wMiAxMzoyODozOA==

Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, məhkəmə açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə edə bilər. Parlament isə bununla bağlı ictimai müzakirə də təşkil olunub. Elə bu yazı da eyni mövzudakı kiçik müzakirədir. Beləliklə başlayaq.

Haqqında söz açdığımız dəyişikliyin edilmə niyyəti qaranlıq qaldı açığı. Hərə bir cür danışır. Məsələyə siyasi don geydirənlər də var, təbii qarşılayanlar da. Əlbəttə, tam əhəmiyyətsiz yanaşanlar daha çoxdur. Bəziləri isə bildirir ki, düz əməlli vəkillər niyə narahat olurlar? Kim işini bilirsə, cərimələnməyəcək və s. Belə çıxır ki, dəyişiklik məhkəmə sistemindəki əbləh yığımını sıradan çıxarmaq üçündür. Məsələyə başqa ad qoymaq olmur. Maraqlıdır bu əbləhlər nəyə görə var? Əgər belələri varsa…

Təsəvvür edək ki, adamlar vəkil olmaq məqsədilə əvvəl ali məktəb bitirir, sonra işləmək üçün imtahan verir, bir neçə prosedurdan keçib gəlirlər. Və onu da təsəvvürə gətirək ki, həmin adamlar gedib məhkəmədə ağızlarına gələni danışırlar, əsassız iddialar qaldırırlar və hakimlər də beziblər onlara deməkdən ki, özünüzə yığışın. Sual olunur – bu vəkillər necə imtahan veriblər, necə işə düzəliblər? Axı onların işləri hüquq işidir. Qanunlarda isə hər şey yazılıb.

Təbii, vəkillərin, məhkəmə tərəfinin nümayəndəsinin, elə özünün də qanuna söykənməsi məsələsi var. Məhkəmədə qanun müdafiə edilən, yaxud iddia irəli sürən tərəfin mənafeyi baxımdan izah edilir.  Prinsipcə tutalım vəkil Qarayevin əsassız vəsatət qaldırdığı, şikayət verdiyi aşkara çıxa bilər. Amma Qarayev əsassız iş görəndə Hammurapinin qanunlarına söykənərək bunu etmir axı. Nə də Kamasutra kitabına baxır. Onun da söykəndiyi öz qanunlarımızdır. Əsassız iddia halı varsa, hakim onsuz da məsələni təmin etməyəcək. Bəs kim və necə müəyyənləşdirir ki, vəkil və ya hansısa məhkəmə iştirakçısı nəyisə ləngitmək, nəyəsə aşkar maneçilik törətmək fikrindədir? Aşkar maneçilik törətmək, ləngitmək, məhkəmə prosesi gedə-gedə tez-tez tualetə çıxmaq üçün icazə almaqdan ibarətdirsə, hər halda buna qarşı olacaq inzibati tədbir Mülki Prosessual Məcəllə ilə tənzimlənməz.

Hətta vəkilin, nümayəndənin və ya iddiaçı tərəfin özünün məqsədi nəyisə ləngitmək, nəyəsə maneçilik törətmək olsa da, onlar bunu prinsipcə hansısa qanunu və ya digər hüquqi dövlət sənədlərini ön plana çəkərək edir və etməlidir də. Hakim də, ittihamçı da və digər məhkəmə subyektləri də onu nəzərə almaya, qanunun aliliyi baxımdan tamam başqa məqamları qabarda bilərlər. Yəni ortada hüquq davası gedir. Nəyə görə qaldırılmış iddianın əsassızlığı aşkarlanırsa, kimsə cərimə olunmalıdır, əslində anlaşılmayan budur.

Məhkəmə mübahisələrin hüquqa söykənərək həllinin tapıldığı yerdir. Burada hüquq çərçivəsində hər bir davranış keçərlidir. Bəli, deyək ki, kimsə məhkəmədə söyüş söyərsə, digər hansısa nalayiq hərəkətə yol verərsə, bu başqa məsələ. Cərimə də edilsin, digər tədbirlər də görülsün. İndiki dəyişiklik isə məhkəmə zalında özünü apara bilməyənlə vəkili və ya digər məhkəmə prosesində maraqlı tərəfi sanki eyniləşdirir. Bu eyniləşdirmə hansı fəsadlara yol açacaq, onu Allah qoymasa, görmərik.

Əvəz Rüstəmov




Redaktorun seçimi

Şuşada yaranmış muğamlar
  • Mədəniyyət
  • 11:50 13.07.2021
Şuşada yaranmış muğamlar

Siyasi təhlil