USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan mina terrorundan da xilas olacaq


https://img.baki-baku.az/news/2021/06/photo_4000.jpg

1992-ci ilin dəhşətli işğal günləri idi. Kəlbəcər köçürdü. Kəlbəcərlilər qan yaş tökürdü. Aranın papağı, dağların kövrək günləri idi. Murovun dumanı ürəyimə çökürdü. Biz Şuşa qalasına Ruh yüksəkliyində, Murovun zirvəsində dalğalanan BAYRAQLA vardıq. Nigaran ruhlara xəbər apardıq. Gəlirik dedik. O gün düşündüm ki, səngərdə sipər, zirvədə çəpər olan Oğullarımız Murovun başından özünü dərəyə atan, yağı əlinə düşməmək üçün qayalara çırpılan Kəlbəcərli qız-gəlinlərin, Başlıbeldə qanı tökülənlərin, xəndəklə bir olanların qisasını alıb. Qisas qiyamətə qalmayıb. Sonra daha acı, kədərli hadisə yaşandı. Susuzluqda ciyərim yandı. Vətənin canısulu, dəliqanlı igidləri: Sirac, Məhərrəm, Arif param-parça oldu...

Yağının, gavurun evinə od düşsün. Şurabad, Müşfiqabad, Murovun zirvəsi deyil, ətəyi Siraca, Məhərrəmə, Arifə son məzar oldu. Müşfiqin ocağına od salmışdı Şura hökuməti. Şurabad adında kəndimiz, Müşfiqabadımız əslində qəmli dastanımız, bərbadımız oldu. Susuzluq deyib 28 ildir yanan Arif azad Kəlbəcərin ilk şəhidi oldu. Ruhu keşik çəkir oralarda. Üzünü doğmalarına tutub hələ Kəlbəcərə gəlməyin deyir. Düşməni yer üstündən qovmuşuq, yer altında yeri var deyir. Sirac çəkdiklərində, Məhərrəm yazdıqlarında, Arif sevdiklərində qalacaq. Bu böyük kədərə susan dünya da ikili standartlarında. Sosial şəbəkələrdə, yeraltı “cənnət”də özünü mələk bilənlər isaflı olun. Bizim bir, tək bir düşmənimiz var. Adı “Sülhməramlı”dı. Erməninin dalında dağ kimi durur. Sinəmizə dağlar vurur. Siracın, Məhərrəmin, azad söz naminə qurban gedənlərin xətrinə yalan yazmayın. Özünüzü aldatmayın. Bizim bir hədəfimiz, bir kədərimiz, kəfənimiz var. Gəlin, onu parçalayaq. Bir xəstə sağalanda “kəfəni yırtdı” deyirlər. Gəlin, kəfənimizi yırtaq. Özümüzdə güc tapaq. 44 günlük tarixi savaşda bizə yar, Yumruq olan Gücü. Düşməni içimizdə, özümüzdə deyil, aid olduğu yerdə bilək. Layiq olduğu cəzanı verək. Sirac çəkdi. Məhərrəm yazdı. Yağı düşmən mina boyda qəbir qazdı. Bizim min aya dəyən mina gərdan gözəllərimiz, bir də soysuzlardan qalan “mina” adlı kədərimiz var. Biz dərdi qədər böyük olan Millətik! Soyqırımlarda, deportasiyalarda, repressiyalarda, müharibələrdə yollara həsrətlə baxıb “Ərim gəldi” deyən mina gərdan gözəllərin gözünə su gəlib, könlü cadar-cadar olub. Müharibə bitib, həm də davam edir. Tez-tez evlərimizə, ellərimizə Şəhid gəlir. Sirac, Məhərrəm, Arif kimi. Onların balalarının kirpikləri qoç-qoçdu. Sevdiklərinin dodaqları cadar-cadardı. Qarakənddə Şəhid olan Alının, Arifin, Osmanın əzizləri kimi. Onların qanı tökülən Torpağın, ruhu dolanan Göyün xətrinə düşməni özgə yerdə axtarmayın. Mina axtarın. Ölüm mələyini bircə-bircə tapıb yox edin. İçinizdən şeytanı qovun. Düşmən elə ordadı. Adı Sülhməramlıdı! Erməni kimdi axı? Onun üç yüz illik xofunu 44 günə heç edib, puç etmədikmi?

Kor gözlərini açıb Susuzluqdakı qanı görməyən dünya kar qulaqlarını açıb eşitsin! İki dünya bir olsa da, Azərbaycan mina terrorundan da xilas olacaq! Xudavəngdə, Ağoğlan qəsrində, Xocalıda, Xankəndində Azərbaycan bayrağı dalğalanacaq! Azərbaycan qanunları işləyəcək!

Şərəf Cəlilli




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Şərəf Cəlilli