USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bəxtimizin 20 illik üzüyü - Ramiz Əzizbəyliyə 9 il öncəki müraciətim


https://img.baki-baku.az/news/2021/06/photo_3988.jpg?v=MjAyMS0wNi0xMCAxNTo1Njo0NQ==

Müəllifdən: Dəyərli sənətkarımız Ramiz Əzizbəylinin əziz xatirəsinə ehtiram əlaməti olaraq "Bəxt üzüyü" filminin 20 illiyi ilə bağlı 9 il öncə yazdığım bu yazını yenidən paylaşıram. 

_________________________________________________________________________________________________

Azərbaycanın müstəqillik dövrü kino sənətinin şah əsəri – “Bəxt üzüyü” 20 yaşını qeyd edir. Film haqqında indiyədək çox fikirlər səslənib, çox sözlər eşidilib. Düşünmürəm ki, deyilənlərə nə isə yenilik gətirmək iqtidarındayam. Onların filmə layiqli qiymət mənasında yetərli olduqlarını söyləməkdən də uzağam. Bəlkə yazdıqlarımın oxşarını da nə vaxtsa oxumusunuz. Amma “Bəxt üzüyü” seyr edilməklə doyulmadığı kimi, barəsindəki fikirlərin də beyinləri yorma ehtimalı yoxdur. Həm də ona görə ki, bu düşüncələrin hamısı ürəkdən gəlir.

Gözəl sənətkarımız Ramiz Əzizbəylinin rejissor işinin təntənəsi saydığım “Bəxt üzüyü”nü adi film kimi izləmək çətindir. Çünki onun ayrı-ayrı epizodlarında hamının həyatında az və ya çox dərəcədə rol oynamış bütöv bir mərhələ tam dolğunluğu, yaşantıları ilə əksini tapıb. Hər azərbaycanlının böyük ümidlərlə can atdığı və acı xəyal qırıqlığına uğradığı mərhələ...

Bəzən adama elə gəlir ki, o dövr hələ başa çatmayıb, bitməyib. Bitməyib təbii. Zənnimcə, hər dəfə izlənildikdə “Bəxt üzüyü”ndən yeni nələrsə tapıla, orada baş verənlərlə hazırkı zaman arasında paralellər aparıla bilirsə, demək onun tənqid hədəfi kimi götürdüyü vəziyyət hələ hökm sürür. Bu mənada film yeni quruluş arzulayan xalqın düşdüyü acınacaqlı duruma böyük, bənzərsiz və təkrarsız sənət etirazıdır.

Ekran əsərində insanlar dərdləri ilə baş-başadırlar. Onlar səmimiyyətin, dostluğun, mərdliyin laqeydlik, biganəlik, mütiliklə əvəzləndiyini görür, yeni ictimai münasibətlər sistemində qərarlaşmış keyfiyyətlərin boyunlarına biçilmədiyini duyurlar. Hərəkətləri ilə özləri üçün sanki ortaq mənafelər, dəyərlər formalaşdırırlar. Bir masa arxasında əyləşirlər. Kimsə kiminsə nə işlə məşğul olduğunun fərqinə varmır – başqalarının paltarlarını yumaqla ruzusunu qazanan, müharibədə keçdiyi şərəfli döyüş yoluna umduğu qiyməti ala bilməyən, təfəkkürün mücərrəd guşəsindən uzağa gedə bilməyən, həyatdakı istəyini spirtli içkidə aramaq məcburiyyətində qalan – hamı bir yerdədir. Deyir-gülür, danışır, yeyir-içir, amma bunu da doyunca edə, məntiqi sonluğa çatdıra bilmirlər. İtən qızıl üzüklə birgə taxılan maskalar yırtılır. Hadisələr real, sərt, soyuq məcrasına qədəm qoyur...

Eh o dövrdə kimlər necə üzüklər itirdilər. İtən üzüklərlə birgə neçə-neçə dəyərlər də itdi, batdı, yox oldu. Yeni, qorxunc, bağışlamağı, bir-birənə can yandırmağı bacarmayan insanların birgə yaşayış etalonları formalaşdı. Yox, elə bilməyin ki, bunlara öyrəşmədik. Bir toplum olaraq hər şeyə uyğunlaşdıq, məhrumiyyətlərə qatlaşdıq.

Ramiz müəllim, artıq rasimlərə alverçi demirik. Onlar ticarətçidirlər, biznesmendirlər, sərmayədardırlar, maqnatdırlar, nə bilim nədirlər! O gün qonşumuz Səltənət xala elələrindən biri haqqında fəxrlə danışırdı. Diqqətlə qulaq asdım. Dedim bəlkə, nə isə öyrənər, necə deyərlər, xoşbəxtliyə qafiyə taparam. Məlum oldu ki, qonşumun qibtə ilə yanaşdığı “rasim” hazırkı obyektlərinə vaxtilə piştaxtanın üstündə dərman satmaqla sahib çıxıb. Həyatındakı dönüşü beş manata aldığı həbi on qat artığına sırımaqla əldə edib. Ramiz müəllim, Səltənət xanım buna normal yanaşır və həmin adamı fərasətli kimi qələmə verir! Deməli, cəmiyyətin alverçi adını daşıyanlara vaxtilə mövcud olmuş ictimai qınağı əhəmiyyətini itirib. Halbuki belə tiplər sonradan ayrı-ayrı insanların həyatları ilə də alverdən çəkinmədilər. İndi hamıdan hörmətlidirlər. Beş-altı dəfə Həccə, Məşədə də gedib-gəlib günahlarını “yuyublar”... Doğrudan, xoşbəxtliyə qafiyə yoxdur!

Hazırda “Bəxt üzüyü”ndəki rasimlərin “Mersedes”lərinin sayı bir deyil, onlarladır. Belələri etdikləri naqisliklərə, danışdıqları yalanlara, saxtakarlıqlarına, talanlarına, harınlamışlıqlarına sosial-iqtisadi və ideoloji don geydirməyi bacarıblar. Yeni termin də çıxarıblar – bazar iqtisadiyyatı. Toplum olaraq prosesə keçidi yaşayırıq. Necə deyərlər, ayağımızın biri sosializmdə, digəri kapitalizmdədir. İnsanlar itirdikləri bəxtlərini ayaqlarını 20 ildir, aralı saxlamaqla axtarırlar.

Artıq dənizdə özümüzü batırmaq şansımız yoxdur. Ona görə yox ki, bizim bu dünyanı tərk etməyimiz kimisə narahat edir. O səbəbdən ki, rasimlər dəniz kənarlarını özəlləşdiriblər. Hərəsinin ayrıca dalğıc qrupu, mühafizə dəstəsi var. Başağrısı olmasın deyə kimsənin onların obyektlərində boğularaq canını tapşırmasını istəmirlər. Nəzərə alırlar ki, “milisəner”lər artıq qırıq motosikletlərdə gəzmirlər. Deməli, ölmək də olmur...

Üzüklərimizin çoxluğundan deyil, “Bəxt üzüyü”ndən ötən 20 ildə səadət saraylarımız heyrətamiz dərəcədə artıb. Bir mərhələdə rasimlər onları təkcə “detdomların” deyil, kitabxanaların, məktəblərin, mədəniyyət ocaqlarının yerində tikdilər. Sonradan sanki qəflət yuxusundan ayıldılar. Yox, ayılmadılar. Sadəcə şadlıq saraylarından başqa da qazanc yerləri tapmaq istədilər.

Milləti yox, sırf öz imiclərini düşündülər. Xarici ölkələrdə gördükləri mədəni, sivil cəmiyyəti yalnız imitasiya etmək yolu tutmağa cəsarətləndilər ki, barbarlıqları ört-basdır olunsun. Belə desək, “abrazavolski” görünmək fikrinə düşdülər. Yeni tədris, səhiyyə müəssisələri tikməyə girişdilər. İndi də tikirlər. Amma nə qədər tikirlərsə, sayları “səadət sarayları”nı keçmir. Görünür, heç keçməyəcək və keçmədikcə Moşunun altı övladı bədbəxt atalarının namusuna, qeyrətinə tapınmaqdan xeyir tapmadıqlarını görəcək və günü on manata həmin saraylarda “ofisiantlıq” edəcəklər. Görəsən, Moşunun cibində indi nə qədər pul var?

Salam hasar müəllim, gözün aydın! 20 illik müddət haqqın sadiq qullarının barmaqla sayılacaq qədər azaldıb! Demək olar, yoxdurlar, ölüblər... Bəli, hasarlar daha “Bəxt üzüyü”ndəki kimi yarımçıq, uçuq halda deyillər. İndi möhtəşəmdirlər, həqiqətən də müəllimdirlər! Qəribə təzad yaranır: müəllimə böyük dəyər verildiyi sovet quruluşunu hasarların müəllimlərdən yüksəkdə dayanmalarına görəmi dağıtdıq?!

Daş hasarların hamısına salam vermək olmur. Əvvəla salamı almırlar. İkincisi, sayları həddən artıq çoxalıb. Hündürlüklərinə də söz ola bilməz, əlçatmazdırlar. Onlara görə artıq zavallı qatıqsatanlar rasimlərin həyətlərinə boylana bilmirlər. Hasarların o tayındakı dünyanı xəyallarında canlandırıb dərindən köks ötürürlər. Geridə qalan 20 il ərzində hasarların tərəfləri arasında dərin mənəvi, psixoloji uçurumlar yaranıb.

“Bəxt üzüyü”nün 20 yaşında bir-birimizdən keçilməz sərhədlərlə ayrılırıq. Təəssüf ki, böyük hesabla qazandıqlarımız itirdiklərimizi üstələmir. Daş qəlbli insanlarımızın da sayı çoxalıb və Hüseynin dediyi kimi, burada müqəssir təkcə daş hasarlar deyil. Bəxt üzüklərimizin itirilməsinə görə hamımız günahkarıq. Nə edək, səhv etmişik. Amma səhv xəyanət deyil. Ona görə də üzülməyək. Axı, TƏMİZ ADAMLARIQ!

Əvəz Rüstəmov




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Əvəz RÜSTƏMOV