USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Tarix üçün yaşayan və yaradan Adam


https://img.baki-baku.az/news/2021/05/photo_3903.jpg

Vətənin qıraqda qalan yerində doğulmuşam. “Dil içində dil, din içində din saxlayan” dədələrimizin andı da, amanı da, son gümanı da Vətən – Azərbaycan olub. Özümüz oralarda, ruhumuz buralarda – Təbriz, Dərbənd, İrəvan qalasında, ala gözlü Xəzərin yaxasında olub. İlk məhəbbətimiz, məskənimiz, mətfənimiz Odlar Yurdu olub. Vətən qalan, qalan hər şey yalan demişik. Üzü qibləyə deyil, sular şəhərinə – Bakıya yatmışıq. Yolumuz, yönümüz kitablar olub. Qəvi düşmənə, Tiflisdə bizə “tatrebuli”, İrəvanda “turkes” deyənlərə (əslində düşmən adamın adını ondan daha doğru çağırırmış) görk olsun deyə daha çox oxumuşuq. Əlimərdan bəy Topçubaşov, Mustafa bəy Topçubaşov, Nəriman Nərimanov, Əziz Əliyev, İmam Mustafayev, Heydər Hüseynov, Həsən Əliyev, Zahid Xəlilov kimi adlarını sadalamadığım qüdrətli dövlət və elm xadimlərimiz bu “hikkəmizdən” doğulub. Söz ruhumuzun, Qılınc qolumuzun davamı olub. Qaraqoyunlu Yusif bəyi, Cahanşah Həqiqini, Ağqoyunlu Həsən bəyi doğan diyarımız Xətainin gülzarında, Alxas Ağanın, Səməd Ağanın, Kərbəlayi İsmayılın, Sarı Aslan ləqəbli Həsən xanın vətən sevgisində, cəsarətində, qeyrətində var olub. Nəriman Nərimanov kimi inandığı quruluşun qılıncına doğranan Abbasqulu bəy Şadlinksinin yoxluğundan sonra bəlkə də, yağılar, qanımıza susayanlar düşünürdü ki, Miskin Abdalın, Dədə Ələsgərin ocağına od düşüb. Amma amması var, gərək deyim: Müdiklərin, müqəddəslərin diyarı Çuxur Sədd bəylərbəyliyində, İrəvan xanlığında, Zəngəzur mahalında, Göyçə mahalında, Qaraqoyunlu Yusif bəyin, Cahanşah Həqiqinin diyarında düşmənə göz dağı olan elə şəxsiyyətlər doğulub ki, tərcümeyi halı ilə tarix yaranıb. “Ustadnamə”ni bir yox, beş deyən Ustadların diyarından ­– Qaraqoyunlu bəylərindəndir Misir müəllim. Əlimərdan bəy Topçubaşovun Cümhuriyyət sevdasından, Kərbəlayi İsmayılın haqq davasından, Əziz Əliyevin İrəvana, Təbrizə, Dərbəndə, Bakıya bağlı qovğasından, Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Azərbaycanlıyam” nidasından payı var.

Polkovnik-komissar Əziz Əliyevlə bağlı akademik Mustafa bəy Topçubaşovun aforizmə çevrilən, çox tutarlı bir kəlamı var: “Əziz Əliyev yalnız şəxsiyyət deyil, onun fəaliyyəti xalq səhiyyəsinin inkişafında bütöv bir mərhələdir. Təhsildə, əxlaqda, mülayimlikdə, xeyirxahlıqda, işgüzarlıqda tayı bərabəri yox idi. Hippokrat elə bil həkim haqqında andı onun kimilərinə baxıb yazmışdı”.

Misir müəllimin tələbəsi, nazir olanda rəhbərliyi altında çalışmış bir insan kimi deyim. Unudulmaz Əziz Əliyevlə bağlı cümlələri tərəddüd etmədən onun ünvanına yazmaq olar. Gerçəkdən o, yalnız şəxsiyyət deyil, onun fəaliyyəti Azərbaycan, bir qədər də irəli getsək Şərqin, Türk dünyasının təhsilinin, elminin, pedaqoji fikir tarixinin inkişafında bütöv bir mərhələdi. Təhsildə, əxlaqda, xeyirxahlıqda, mülayimlikdə, işgüzarlıqda tayı-bərabəri yoxdu Misir müəllimin. Tanrı onu bu dünyaya sevməyə, sevindirməyə, könüllərdə köç əyləməyə, söküləni tikməyə, tikiləni dirçəltməyə göndərib. Könül qırmaz, problem çıxarmaz, olsa da özü könül alar, işi axara salar. Desəm inanmazsınız, onu özünə böyük qardaş, ağsaqqal sayan akademik Nizami Cəfərovun xatirələri də dediyimə söykəkdir: “Misir müəllim o şəxsiyyətlərdəndir ki, bu dünyaya problem yaratmaq üçün yox, mövcud problemləri həll etmək üçün gəlib”.

Dünya bina olalı Oğuz oğlunun sarayını ustad sənətkarlar, el və dil biliciləri zinətləndirib. Sarayını sənətin, mədəniyyətin gülzarına çevirən sərkərdə-xaqanlarımızın baş köşəsində baş vəzir statusunda olan Ustadlar əyləşib. Göytürklərin sarayını zinətləndirən Bilgə xaqanın atasının da, varislərinin də yol göstərəni Tonyu Kuk, Oğuz Xaqanın sarayında, müdriklik, uzaqgörənlik nümunəsi olan Dədə Qorqud, Səlcuqlu sarayında dünya fatehi Alp Arslanın və oğlu Məlik şahın xüsusi ehtiram bəslədiyi Nizamülmülk, Hülakülər sarayında şöhrətlənən müdrikliyi ilə onu rövnəqləndirən Xoca Nəsrəddin Tusi, təkcə müdriklərimiz deyil, həm də müqəddəslərimiz olub. Səhni-Səman Universiteti, Nizamiyyə Universiteti, Tusi Rəsədxanası, Uluqbəy Rəsədxanası Yaxın və Orta Şərqdə ustadların cəm, dini və dünyəvi elmlərin tədris olunduğu Mərkəzlərdən sayılıb. Bu qüdrətli simalar, özü də bir ayrıca Universitet, Akademiya olan dahilər kəşfləri, ixtiraları, elmi nailiyyətləri ilə indi bizə dəyərlərdən dəm vuran Avropanı yüz illərlə qabaqlayıb. “Vəsiyyətnamə”si ilə dövlət idərəçiliyinin prinsiplərini varislərinə öyrədib əmanət edən Əmir Teymur, “Qanunnaməsi” ilə bəşəriyyətin dövlətçilik tarixində ilk qanunlar toplusunun – konstitusiyasının əsasını qoyan Salari hökmdarı Mərzban İbn Məhəmməd, Moğol hökmdarı Çingiz xaqan, Fateh Mehmet, Ağqoyunlu Həsən bəy, ustad aşıqları, xanəndələri, sənətkarları, şairləri cəm edən, ədəbi-mədəni məclislər quran Cahanşah Həqiqi, Qazi Bürhanəddin, Şah İsmayıl Xətai, Hüseyn Bayqara kimi sərkərdə-xaqanlarımızın özləri də, mütəfəkkir filosflar, şairlər, ustad sənətkarlar, dini və dünyəvi elmlərin mahir biliciləri idi. Onlar bir əlində Qılınc, bir əlində Qələm milli dövlətçilik tariximizi yaradırdılar. Mürəkkəblə yazılıb qanla yoğrulan o əsərlər indi də dünyanın müxtəlif muzeylərində mövcud olan risalələrdə, təzkirə və cünglərdə Şərqin və türk dünyasının, müsəlman mədəniyyətinin əzəmətini özündə qorumaqda, yaşatmaqdadır. Tərcümeyi-halı ilə tarix yaradan, özü də bir yeriyən universitet olan Misir müəllimin adı, titulu, mükafatları saya gəlməz, bir çox universitetlərin fəxri doktoru, professorudu. Çoxsaylı kitabları, monoqrafiyaları, dərslik və dərs vəsaitləri, elmi-publisistik əsərləri müxtəlif dillərdə işıq üzü görüb. Haqqında yazılanlar bəs qədərdir. Adı ölkənin nüfuzlu riyaziyyatçıları sırasında çəkilir. Ulu Tanrı ona uzun, incə bir ömür verib. Sevdikləri, sevənləri ilə hüzur dolu ömür sürüb. Ailəsi, övladları, nəvə-nəticələri ona problem çıxarmayıb, ad batırmayıb. Evinin, rəsmi otaqlarının qapısı kimi könlünün bacası da insanların üzünə açıq olub. Sadəliyin əzəmətini yaşayıb. Yusif Vəzir Çəmənzəmənli, Firudin bəy Köçərli, Üzeyir bəy, Mustafa bəy Topçubaşov, Nəriman Nərimanov, Əziz Əliyev, Şəfaət Mehdiyev, Yusif Məmmədəliyev, Qoşqar Hüseynov, Zahid Xəlilov, Musa Əliyev, Mir Cəlal Paşayev, Mehdi Mehdizadə kimi hansı vəzifəni tutmasından asılı olmayaraq Müəllim olub. Müəllimdən müqəddəs vəzifə tanımayıb. Mirzə Fətəli Axundzadə, Abbasqulu Ağa Bakıxanov, Mirzə Kazım bəy, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Cəlil Məmmədquluzadə kimi sinif otaqlarına, auditoriyalara sığmayan səsini kürsülərə gətirib, kitablara daşıyıb. Cünglər tutub təzkirələr bağlayanlara, millətin çırağına dönənlərə qoşulub kitablar yazıb. Ensiklopedik biliyinə, analitik təfəkkürünə, nitqinə, məntiqinə görə adına Universitet, yeriyən Ensiklopediya deyiblər, seviblər. Sevməyənləri, gözü götürməyənləri də içində onun qüdrətli pedaqoq, böyük ziyalı, müdrik şəxsiyyət, mütəfəkkir alim, alicənab insan olduğunu inkar etməyib.

Elə dahilər, qüdrətli şəxsiyyətlər, mütəfəkkir alimlər, müqtədir qələm sahibləri, dövlət xadimləri var ki, onların hansı vəzifəni tutması fərq etmir. Olduqları yer, baş olur, başda olur. Adları çəkiləndə istər-istəməz ayağa durulur, təzim edilir. “Həyatda ən doğru yol göstərici edilmir. Elm və bilikdən kənar yol axtarmaq qəflətdir, savadsızlıqdır, doğru yoldan çıxmaqdır... Mən mənəvi miras olaraq heç bir ehkam, heç bir doqma, heç bir donmuş və qəlibləşmiş qayda qoymuram. Mənim mənəvi mirasım elm və ağıldır. Məndən sonra mənim mirasımı mənimsəmək itəyənlər bu təməl, məhvər üzərində ağıl və elmin rəhbərliyini qəbul edərlərsə, mənəvi mirasçılarım olarlar” nidası ilə iflasa uğramaqda olan Osmanlını Səlib yürüşündən xilas edən Qazi Mustafa Kamil Paşa Atatürk modern Türkiyə Cümhuriyyətinin təməlini elmdə, tərəqqisini təhsildə, elmi-irfanda gördü.

Atatürk inqilabının, dövlətçilik təliminin təməl prinsipləri olan bu müqəddəslik müasir Türkiyə Cümhuriyyətini irəliyə aparan yol oldu. Cümhuriyyət elan olunduqdan sonra fəaliyyətə başlayan elmi qurumların, birliklərin bir çoxu bu gün Atatürk adını daşıyır. Türk Kültür Mərkəzinin açılışına dövləti işləri ilə bağlı azca yubanan Atatürk mərasimi pozmamaq üçün qapı ağzında ayaq üstə dayanıb nitqə qulaq asır. Bunu görən sədr Qazinin artıq tədbirə gəldiyini deyəndə türklüyün gələcək taleyini həll etmiş olan alimlər ayağa qalxır. Atatürk onları dayandırıb, çıxışçıya davam etməsini, iştirakçılara isə: “Sizin qabağınızda ayaq üstə dayanmaq şərəfdir, çünki, siz millətin qabağında gedib, onları sabaha aparırsınız” söyləyərək ehtiramını bildirir. Türkün ünlü ziyalılarının, şair və sənətkarlarının, teatr sənətçilərinin cəmləşdiyi digər bir mərasimdə isə ona ehtiram əlaməti olaraq əllərindən öpmək istəyənlərə üz tutaraq: “Sənətkar əl öpməz, onun əli öpülər”, deməklə xaqanlarımızın sənətkara ehtiramını yenidən canlandırır. Bu həm də Şirvanşahların, Atabəylərin, Eldəgizlərin, Oğuz səlcuqların, Qaraqoyunluların, Ağqoyunluların, Səfəvilərin, Osmanlıların, Teymurluların, Hülakülərin, neçə-neçə türk sultanlarının və xaqanlarının saraylarında sənətkarlara göstərilən qayğı və ehtiramının Atatürk duyğularından cücərməsi idi...

Mustafa Kamal Paşanın bu düşüncələri Şərqin ilk Demokratik Cümhuriyyəti qurulanda Azərbaycanda yaşanmışdı. Məhəmməd Əmin Rəsulzadənin öndərliyi ilə qurulan Xalq Cümhuriyyətinin ən möhtəşəm imzasının biri Bakı Universitetinin qurulması ilə atılmışdı. “Var millətimin imzası bu imzalar içərisində” deyən bir millət ölməz Nizaminin “Elmlə, biliklə başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” hikmətini gerçəyə çevirmişdi. Tərəddüd etmədən, cəsarətlə yenə deyirəm, Misir müəllim canlı tarix, yeriyən ensiklopediya, Cümhuriyyətdən nişanə Universitetdi. Adı, mükafatı, uğurları, nailiyyəti, şöhrəti, hörməti, çörəyi, suyu Universitetdən çıxıb.

Qorxa-qorxa, hürkə-hürkə qapısını açdığı Universitet sevdası, haqq davası, Bütöv Azərbaycan nidası olub. O, Universitetə qədəm qoyanda Azərbaycan kimi qolları bağlı, dili qıfıllı, Mərkəzdən idarə olunan bir Universitet vardı. Qanı, qadanı, repressiyanı, müharibəni görən Universitetin başında toplar atılmışdı, qara şimşəklər, ildırımlar çaxmışdı. Üç tarixi hadisəni, faktı isə unuda bilməmişdi. Nazim Hikmətin Universitetə gəlişini, tələbələrlə görüşünü, ona ünvanlanan “bir insan öz dilini bilib də danışmaya, ona deyərlər” sualına Nazim Hikmətin yerinə Ali Sovetin sədri, akademik Mirzə İbrahimovun verdiyi cavabı əbədi olaraq yaddaşına həkk etmişdi. Mirzə İbrahimovun bu böyük suala kiçik cavabı: “ƏCLAF” ifadəsi yeri yerindən oynatmışdı. KKB bir anın içərisində “URRA!” deyən Universitet tələbələrini mühasirəyə almışdı. Nazim Hikmət Moskvaya dönəndən qısa vaxt sonra Mirzə İbrahimov Ali Sovetin sədri, Yusif Məmmədəliyev Universitetin rektoru, İmam Mustafayev Mərkəzi Komitənin katibi vəzifəsindən alınmışdı. Bu Misir müəllimin mənsub olduğu nəslə tarix dərsi idi. Qolları bağlı, buxovlu Azərbaycan vardı...

1969-cu ildə ölkənin zəncir qıranı, arxasında dağ kimi duranı iqtidara gələndə Universitetin 50 illik yubileyində ana dilindəki nitqi ilə tarix yazacaqdı. “Oğuznamələr”dən “Kitabi – Dədə Qorqud” gülzarında sonra, saray, siyasət, mədəniyyət dili olaraq fars imperiyasına, ərəb xilafətinə qurban gedən, yalnız “Künhül- əxbar” ın müəllifi, XVI əsr türk tədqiqatçısı Alinin dili ilə desək: “Türkcə şeirə şöhrət verən”, Sultan Məcid Qənizadənin təbirincə söyləsək: “Ustad bir sənətkar kimi milli ədəbiyyatımızın bayrağına Hürriyyət şüarını yazan” Seyid İmadəddin Nəsimi poeziyasında dirilik suyu tapan, Mövlana Məhəmməd Füzulinin türkcə divanından dirçələn, Şah İsmayın Xətainin diqtəsi ilə saray, siyasət dili elan olunan ərəb, fars, sonra isə rus basqısından xilas olan Azərbaycan türkcəsi Ulu Öndərin iradəsi ilə Əbədi İstiqlalını, nicatını məhz Universitetdə tapdı. Sonra anayasada – konstitusiyada dövlət dili olaraq təsbit olundu. Bu bir tarixdi. Ulu Öndərin Misri qılınca çevirdiyi Qələmin tarixi!

Misri qılıncı göylərdən Koroğluya haqqın-ədalətin bəlgəsi olaraq göndərən Ulu Tanrı Misir Mərdanova, Universitet müəllimindən müqəddəs vəzifə, Universitet rektorundan uca məqam tanımayan, zaman üçün yaşayan, tarix üçün yaradan şəxsiyyətə, “vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı” nidasına tapınan vətəndaş alimə ən böyük səadəti 1988-ci ildə yaşadıb. Topxana düzündə qırılan bir tək armud ağacından, əslində Yaddaş Ağacından ötrü Xəzərin sahilinə axışan, Lenin Meydanını Azadlıq Meydanına çevirən Azərbaycan xalqı Əbədi İstiqlalının Dastanını Universitetin gizli təşkilatlarında 50-ci illərdə yazmışdı. Hilallı, ulduzlu, üç rəngli bayrağımız məhz bu Məbəddən - Cümhuriyyətdən nişanə Universitetdən boy vermişdi.

Universitet rektoru demirəm, universitet müəllimi olmaq belə, çox çətindir. Olduqca çətin. O zamanlar olduğu kimi elə indinin özündə də Universitet deyəndə elə Universitet yada düşür. Millətin, məmləkətin düşünən beyinləri məhz onu deyib gəlir. Dünyanın Oksfordu, Kembrici, Sarbonnası var. Öz yerində. Bizim də Universitetimiz. Dahilərin divanıdı burası. Hər kəs baş çıxara bilməz, hər kəs söz sahibi olanmaz. Hər nə qədər “İki qoçun başı bir qazanda qaynamaz” desək də, burada bəlli simalar, “qoçlar”  olub. Humanitar və ictimai elmlərin, fundamental tədqiqatların sultanı, adı ilə bağlı məktəblərin Memarları olub Universitetin. Misir müəllim bir müəllim, alim, təşkilatçı rəhbər kimi çox xoşbəxt adamdı. Təkcə sarayda sultan, məbəddə mələk ömrü sürməyib. Sultanların, ustadların xası olub. Elə olmasaydı Böyük Qayıdışı ilə Qurtuluşun dastanını yazan Ulu öndər Heydər Əliyevin fərmanına dövran olmazdı. Heydər Əliyev böyük şəxsiyyət, qüdrətli dövlət xadimi, peşəkar çekist idi. Ölkəsində yaşayan, nüfuza sahib olan hər ziyalının, alimin soyuna, soykökünə, şəcərə dəftərinə qədər tanıyırdı. Bələd olmadığına, inanıb tanımadığına Universitet etibar etməzdi. Millətin gələcəyi bildiyi təhsilin taleyini tapşırmazdı. O, kadrlarını bir bir seçər, sınayar, sonra etibar edərdi. Üsyanların, qurbanların, həm də qurub yaradanların diyarıdı Universitet. “Ağıl olan yerdə zora ehtiyac yoxdur!” nidası ilə tarix yazan Ulu Öndər Universitetə təkcə bir tədris mərkəzi, elm ocağı kimi baxmırdı. Beyin Mərkəzi kimi dəyər verirdi. Universitetin rektorunu təkcə müəllim, alim nəzəri ilə deyil, dövlət xadimi, dərin dövlətin bilicilərindən biri kimi seçir, təyin edirdi. Dövlət qalan, qalan hər şey yalan, “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” prinsipi ilə özünün dövlət idarəçilik prinsiplərinin prioritetlərini müəyyənləşdirən o, qüdrətli şəxsiyyət, əvəzolunmaz dövlət xadimi, Ümummilli Lider rektorları seçəndə məhz analitik təfəkkürünü, ensiklopedik biliyini, səlis nitqini, məntiqini, Azərbaycançılıq məfkurəsinə sədaqət hissini, aydın təfəkkürünü, xalqa bağlı qəlbini nəzərə alırdı. Misir Mərdanovun rektorluğu ölkənini iqtisadi, sosial, həm də siyasi baxımdan gərgin illərinə təsadüf edirdi. Nazirliyinin ilk mərhələsi də belə idi. Ölkə təhsili ənənəvi sistemdən qopur, yeni, tamam fərqli dəyərlərə inteqrasiya edirdi. O, Heydər Əliyev idi. Kimi hara, niyə, nə üçün təyin etdiyini, eyni zamanda kimə nəyi etibar etdiyini gözəl bilirdi... Ulu Öndərimizin siyasi hakimiyyətindən on il sonra da varisinin, Müzəffər Ali Baş Komandanımızın, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Misir Mərdanov Azərbaycan təhsilinə rəhbərlik edib. 2013-cü ildən üzü bu yana onun məhz elmə həsr olunan illəri başlayıb, daha doğrusu üst-üstə qalanıb. Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edir Misir müəllim. Milli Elmlər Akademiyasının müxbir üzvü kimi elm tariximizə töhfələr verir. Azərbaycanın nüfuzlu riyaziyyatçıları – öz məktəbi olan Ustad riyaziyyatçıları kifayət qədərdi. Zahid Xəlilov, Əşrəf Hüseynov, Qoşqar Əhmədov, İbrahim İbrahimov, Məcid Rəsulov, Tahir Əhmədov, Cəlal Allahverdiyev, Fərəməz Maqsudov, Akif Hacıyev, Mirabbas Qasımov, Yusif Məmmədov, Maqsud Cavadov kimi adlarını sadalamadığım onlarla böyük alim təkcə keçmiş SSRİ-də - MDB məkanında deyil, Avroatlantik məkanda elmin nüfuzu olaraq şöhrət tapıb, ölkəmizin mənəvi zənginliyini, analitik təfəkkürünü, səlis məntiqini bəşəriyyətə sübut edib. Xoca Nəsirəddin Tusinin təməlini qoyduğu Marağa Rəsədxanası, Lütfi Zadənin Səlis-məntiq nəzəriyyəsi ilə Qoca Şərqin, Türk dünyasının,  Odlar Yurdu Azərbaycanın, Bağdaddakı “Müdriklər evi”ni, Marağadakı “Marağa rəsədxanası”nı, Səmərqənddəki “Uluqbəy Rəsədxanası”nı quran millətin əzəməti, fundamental elmlər sahəsində hələ yüz illər öncə əldə etdiyi nailiyyəti bəşəriyyətə bəllidir.

Misir müəllim nüfuzlu riyaziyyatçı, öz sahəsinin mahir bilicisidi. “Onun elmi tədqiqatları adi, xüsusi törəməli, gecikən arqumentli diferensial tənliklər və diskret sistemlərlə təsvir olunan məsələlərdə optimallıq üçün zəruri şərtlərin alınmasına həsr edilmişdir. O, neytral tipli gecikən arqumentli tənliklərlə təsvir olunan optimal idarəetmə məsələsi üçün neytrallıq tənliyə xətti daxil olmadıqda; idarəedici funksiyaya sonlu sayda gecikmə daxil olan sistemlər üçün ilk dəfə olaraq Pontryaginin maksimum prinsipini isbat etmişdir; məxsusi idarəedicinin optimallığı üçün daha güclü ikinci tərtib zəruri şərtlər isbat etmişdir; Geniş sinif-müxtəlif məhdudiyyətləri olan optimal idarəetmə məsələləri üçün Pontryaginin maksimum prinsipini, həmçinin ikinci tərtib zəruri və kafi şərtlər isbat etmək məqsədi ilə yeni, vahid metod işlənmişdir. Təklif olunan metod, məlum metodları tətbiq edərkən ortaya çıxan bəzi prinsipial çətinlikləri aradan qaldırmağa imkan vermişdir. Həmin çətinliklərə-idarəediciyə daxil olan gecikmələrin bir-biri ilə müqayisə oluna bilməməsi, tədqiq olunan ekstremalın normallıq şərtini ödəməməsi, faza məhdudiyyətlərinin olması, tənliyin sağ tərəfinin zamana görə ölçülən olması və zamanın qeyd olunmaması daxildir. Gecikən arqumentli sistemlərdə məxsusi idarəedicinin optimallığı üçün yeni ikinci tərtib zəruri şərtlər isbat edilmişdir. Diskret sistemlərlə xarakterizə olunan daha geniş sinif optimal idarəetmə məsələlərinin həlli üçün yeni anlayışlar daxil edilmiş və daha səmərəli metod işlənmiş, onların tətbiqi ilə optimallıq üçün daha güclü birinci və yüksək tərtib zəruri şərtlər almışdır. Təklif olunan üsulun köməyi ilə analoji nəticələr paylanmış parametrli Qursa-Darbu tənlikləri ilə təsvir olunan idarəetmə məsələləri üçün isbat etmişdir. İdarəedici funksiyalarda gecikmə olan proseslərdə ilk dəfə olaraq, idarəedici funksiyanın optimallığı üçün Kelli, Koop-Mayer və bərabərlik tipli zəruri şərtlər ardıcıllığı almışdır. O, son illərdə diskret tənliklərlə təsvir olunan idarəetmə məsələləri üçün yeni optimallıq şərtlərinin alınması istiqamətində tədqiqatlarını davam etdirir. Eyni zamanda diskret sistemlərlə təsvir olunan optimal idarəetmə məsələlərinin həlli zamanı yeni γ, γ ± - qabarıq çoxluq anlayışları verərək Pontryaginin maksimum prinsipinin yeni diskret analoqunu və ikinci tərtib çox nöqtəli zəruri şərtlər almış, funksionalın sıfırıncı, birinci və ikinci tərtib variasiya anlayışlarını yeni formada verərək daha güclü və konstruktiv optimallıq şərtləri isbat etmişdir. Həmçinin klassik variasiya məsələlərində güclü ekstremum üçün yeni zəruri (birinci və ikinci tərtib) və kafi şərtlər almışdır. Bu zəruri şərtləri mümkün funksiyaya yeni tip variasiya verərək, kafi şərtləri isə funksionalın invariant qalmasının yeni variantını tətbiq edərək isbat etmişdir. Misir Mərdanov “Azərbaycan təhsil tarixi” fundamental dördcildliyin, “1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar” adlı fundamental çoxcildliyin, təhsillə bağlı 10 kitabın və 120 məqalənin müəllifidir. Misir Mərdanov riyaziyyata aid beş monoqrafiyanın, 150 məqalənin (onlardan 40-ı Clarivateanalyticsin siyahısında olan jurnallarda çap olunub), orta məktəblər üçün 20 dərslik və dərs vəsaitinin, ölkənin görkəmli şəxsiyyətləri ilə bağlı 64 məqalənin müəllifidir”...

İKT resurslarından əldə etdiyim bu faktları diqqətlə oxuduqca heyrətləndim. Fizika-riyaziyyat və texnika elmləri bölməsinə, daha doğrusu fundamental elmlərə elə orta məktəb səviyyəsində bələd olan adam kimi riyaziyyatçı Misir Mərdanovdan çəkindim. Dünyanın alimi, dünyanın adamı mənə müəllim, ictimai xadim, insan kimi daha doğma, yaxın, məhrəm gəldi. Bildiyindən danışmaq, anladığından yazmaq insanın özünə də huzur verir. Akademik Nizami Cəfərov deyir ki, “Misir müəllim fəaliyyətində, bütün proqnozlarında, ehtimallarında riyazi dəqiqliyə əsaslanır. Azərbaycanda Misir Mərdanovdan daha böyük riyaziyyatçılar, şübhəsiz ki, var, ancaq təsəvvür edə bilmirəm ki, biliyini onun qədər məharətlə tətbiq edən ikinci bir riyaziyyatçı olsun. Mövlana Cəmaləddin Rumi deyir ki, hər kəsin elmi öz bildiklərini başqalarına nə dərəcədə anlada, həyatda nə dərəcədə istifadə edə (və faydalana) bilsə o qədərdir”. Bu fikirlərdə məntiq, özü də çox ciddi məntiq var.

Misir müəllim bir riyaziyyatçı kimi fundamental əsərlərin müəllifidi. Çoxsaylı yetirmələri, davamçıları var. Bu öz yerində. Çox böyük səmimiyyətlə onu 30 ildir tanıyan, fəaliyyətini diqqətlə izləyən, Vətənə, xalqa, dövlətə təmənnasız xidmətlərini özündə ehtiva edən ömür yoluna bələd olan (eyni zamanda nə rektor, nə də nazir kimi bircə dəfə də olsun xahiş etməmişəm, qapısını döyməmişəm)  bir insan kimi tərəddüd etmədən deyim ki, Misir müəllim gerçəkdən böyük alim, nüfuzlu ziyalı, öz məktəbi olan, Ustad ucalığından boylanan Müəllimdi. Nəzəriyyə ilə praktikanı birləşdirən mütəxəssisdi, riyaziyyatçıdı. Bu öz yerində. Onun hər hansı bir tarixi şəxsiyyət, hadisə və faktla bağlı çıxışını dinləyən, məqaləsini, kitab və monoqrafiyasını oxuyanlar onu daha çox humanitar və ictimai elmlər üzrə mütəxəssis hesab edir. Tarixçi, filoloq, filosof, hətta deyərdim ki, 60-cı illər publisistikasının öndərlərindən sayır. Qəribə gəlməsin, səslənməsin Misir müəllim sözün həqiqi mənasında tarixçidir. Təhsil və elm tarixçisi. Şura hökuməti gələndə bizi inandırmışdı ki, elm, təhsil, mədəniyyət, səhiyyə, ümumiyyətlə milli-mənəvi dəyərlər tarixində əldə etdiyimiz onların adı ilə bağlıdır. Dünyamız İşıq lampaları ilə işıqlanır. Kommunuzmin qılıncının dalının, qabağının kəsdiyi bir vaxtda müəllim Misir Mərdanov bütün “izmlər”ə yox deyərək qəlbləşmiş bu tendensiyalara, formalaşmış düşüncələrə öncə auditoriyada Ustad ucalığı ilə yox dedi. Şəyirdlərini, ruhunu, duyğusunu beyinlərinə köçürdüyü yetirmələrini başqa havada böyütdü, yetişdirdi. Bu üzdən də indi müstəqilliyimizin 30 illiyini təntənə ilə qeyd etməyə hazırlaşdığımız ərəfədə bizə Əbədi İstiqlalı qazandıran haqq aşiqlərinin şükran duyğuları ilə anır, onların sırasında Misir müəllimin çoxsaylı yetirmələrinin olduğunu etiraf edirik...

Nazir, təhsil təşkilatçısı Misir Mərdanov məhz bu üzdən təhsil tarixçisi oldu. “Azərbaycan təhsil tarixi” kitabı ilə quruluşa, zamana etirazını bildirdi, düşmənə tarix dərsi verdi. “1920-ci ilədək Ali məktəblərdə oxumuş Azərbaycanlılar” ensiklopedik soraq kitabı – dörd cidliyi ilə Al bayraqlı Şura hökumətini “ala bayraq, qara qundaq etdi”, çəkiclə, öz çəkici ilə yalan düşmən başını əzdi, öz orağı ilə dilini kəsdi, kökünü biçdi. “Azərbaycan Riyaziyyatçıları” riyaziyyatçı Misir Mərdanovun ustadlarına, “Bakı Universiteti” əsəri isə Cümhuriyyətin Şah Əsərinə ucaldılan ən möhtəşəm Abidələrdən oldu. İllərini, yuxusuz gecələrini verib Misir müəllim qiblə bildiklərinə, könül verdiklərinə, sevdiklərinə. Bu kitabları vərəqlədikcə içimdən kədər qarışıq bir sevinc hissi keçdi. Millətin Kəbəsi, Mədinəsi, Məkkəsi olan Ustadların ildırımlı yollardan, sıldırımlı qayalardan keçdiyi anları ruhən, mənən onlarla birgə yaşadım. Milli mənlik, milli kimlik tariximizi yaradan, milli mətbuatdan milli məfkurəyə, milli dövlətçiliyə yol gələn, mənsub olduğu milləti, məmləkəti qartal qanadına alan, cəhalətin girdabından xilas edən, zindanların, mühacirətin əzabında, repressiyanın burulğanında, Şura hökumətinin qırmızı qaranlığında belə Əbədi İstiqlaldan dönməyənlərin – Böyük Müəllimlərin ən çətin anlarda, dar məqamlarda belə milli məfkurədən qopmayanların ruhu qarşısında səcdəyə gəldim. Klassika ilə müasirlik, keçmişlə gələcək arasında körpü olan professor Misir Mərdanovu, onun məsləkdaşlarını şükran duyğuları ilə andım. Bizi bizdən edənləri, varlığından çox sevənləri sevdim. Əbədi imzası ilə Əbədi İstiqlala xidmət edənləri unutmamağın bir sədaət, unudulmağa qoymamağı bir özgə xoşbəxtlik olduğunu anladım. Misir müəllimi niyə Elm Məbədimizdə – Azərbaycan Milli Elmlər Akademiyasında, Mir Əsədulla Mirqasımov, Yusif Məmmədəliyev, Mustafa bəy Topçubaşov, Üzeyir bəy Hacıbəyli, Səməd Vurğun, Mirzə İbrahimov,  Əliəşrəf Əlizadə, Heydər Hüseynov, Zahid Xəlilov, Şəfaət Mehdiyev, Musa Əliyev, Həsən Abdullayev, Həsən Əliyev kimi magikanların ruhunun dolaşdığı Məbədlər panteonunda məqam sahibi olduğunu, bütün həyatını pedaqoji faəliyyətdə, təhsil sistemində keçirən bir təhsil təşkilatçısının niyə elm təşkilatçısı olaraq önə çəkildiyini bir daha anladım. Müqəddəslər kitablar buyurur, ulular gerçəyi deyir: Allah, görən, bilən, eşidən, Dövlət haqq etdiyini haqq sahibinə verəndi.

                                                 ***

Ulu Tanrı Oğuz oğlunu sonsuz sevgisindən xəlq edib. Qəlbi dağların, bol sulu çayların, yaşıl yaylaqların yaxasını onlara bina edib. Üzünün nurundan, batini işığından pay verib. İşıqlı, nurlu sima, qızılı, ipək tellər, könüllərə məlhəm, dərdə dərman səs, xoş avaz, şirin danışıq, düşüncələri muncuq kimi ipə-sapa düzmək məharəti, ləyaqət, cəsarət, xeyirxahlıq, yaxşılıq dolu qəlb, iradənin gücü, xarakterin əyilməzliyi Oğuz oğlunu dünyanın dörd bir yanının fatehi edib. Misir müəllim də belədi. Onu yaxından tanıyanlar bu cizgilərin çoxunu, diqqət etsə hər birini onun dönməz xarakterində, əyilməz iradəsində, onu hamıya sevdirən kübar görkəmində, ünsiyyət mədəniyyətində, bütün keyfiyyətlərinin, ali cizgilərinin fövqündə dayanan SƏMİMİYYƏTİNDƏ Oğuz Oğluna ad verməyi boynuna götürən, adına Ordum deyən, qəzəbləndiyi qövmün üstünə yeridən Ulu Tanrının “əşrəfim” dediyi Adəm Oğluna sevgisini görəcək.

Misir müəllimi yaxından tanımasaydım, prorektorum, rektorum, nazirim kimi ünsiyyətdə olmasaydım belə, yeriyən Azərbaycan, Universitet, Akademiya olan kitablarına görə həmişə ehtiramla anardım. Firudin bəy Köçərli, Mirzə Kazım bəy, Abbasqulu Ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Üzeyir bəy Hacıbəyli, Sultan Məcid Qənizadə, Heydər Hüseynov, Mirzə Feyzulla Qasımzadə, Mir Cəlal Paşayev, Əli Sultanlı, Cəfər Xəndan kimi böyük müəllimlər, özü də fundamental əsərləri ilə müxtəlif elm sahələrinin təməlini qoyub tarixini yaradan Alimlər – Müəllimlər kimi yerini ürəyimin başında, gözümün üstündə bilərdim. Bu böyük alimlər, ruhumuzun yiyəsi olan Müəllimlər, sözün həqiqi mənasında Ustad zirvəsindən boylanan İşıq Adamlar Millətin görən Gözü, düşünən Beyni, döyünən Qəlbidi!

Yeri ürəyimin başında, qəlbilim dərinliyində olan Misir müəllimin çoxlarını heyrətləndirən SƏMİMİYYƏTİNİN, BÖYÜKLÜYÜNÜN, SADƏLİYİNİN həm də öz həyatımda şahidi olmuşam. Bakı Dövlət Universitetinin 90 illik yubileyində cənab Prezidentin sərəncamı ilə təltif olunanların sırasında  Universitetin o zamankı mətbuat katibi kimi mən də var idim. Təltif olunanlara mükafatı Böyük Akt zalında Təhsil naziri və rektor, akademik Abel Məhərrəmov tədqim edirdi. Adım çəkildi. Səhnəyə qalxdım. Tale elə gətirdi ki, mənim mükafatımı Misir müəllim təqdim etdi. “Şərəf xanım, Sən zəhmətkeş adamsan, universitetin üstündə haqqın var. Bu sənin ana südün kimi halal haqqındı. Səni təbrik edirəm!” Eşidirsinizmi, ay adamlar! Nə böyük insanlar, işıqlı simalar var. Sözü deyən sıradan bir insan deyildi. Məmur idi, nazir idi. Və o, bu sözü bir rektorun qulağı eşıdə- eşıdə, gözünün içinə baxa- baxa onun təqdimatı ilə təltif olunan sıradan bir universitet əməkdaşının, ziyalının ünvanına deyirdi. Rektora mesaj verirdi. Bu adam zəhmətkeşdi, haqqı-sayını danmaq olmaz deyirdi. Bax bu idi Misir müəllimi başqa məmurlardan, nazirlərdən fərqləndirən ən ali keyfiyyət! Haqq etdiyini haqq edənə vermək, zəhməti qiymətləndirmək, insanı sevindirmək Haqqın özü, görən gözü deyil, bəs nədir?!

Həmin gün uçmağa qanadım yox idi. Qaça-qaça, payı-piyada universitetə yaxın məsafədə olan evimizə gəldim. Düşündüm ki, Müəllim (uşaqların atası, Misir müəllimin rektor olaraq haqqını bir tələbə olaraq alıb özümə verdiyi tələbəsi) “Halal olsun, Sənə. Evin, uşaqların qayğısına qalıbsan, işdə işlərini axsatmayıbsan, kitablar yazıbsan, hələ üstəlik təltif də olunubsan deyib, tərifləyəcək. Elə olmadı. Qapını açdı. Bir problemmi var işdə? dedi. Yox, dedim. Təltif olunmuşam. Onu deməyə gəldim. Həyatda, addan, mükafatdan uca dəyərlər üçün yaşayan qeyrəti, ləyaqəti, şəxsiyyəti ən ali titul, mükafat hesab edən Nərman müəllim çox sakit və əsəbi tonla nə almısan? – dedi. “Tərəqqi” medalı dedim. Səni ciddi, abırlı adam sayırdım. Tağı Əhmədovun yanında tunel qazan da “Tərəqqi” medalı alır, Səndə. Bir yazdıqlarına bax, sonra muştuluğa gəl” dedi. “Ölüb yerə girdim”. Amma özümü o yerə qoymadım. “Onlar tunel qazır, mən yazı yazıram” dedim. Görünür pərt olduğumu bildi, sənə qalan yazdıqların yox, səndən qalan yazdıqların olacaq. Get, işinlə məşğul ol. Bir də sənə 16 il əvvəl demişəm, sənin ən böyük mükafatın Ailəndi!... Universitetə qayıtdım. Utanmışdım. Yalan nə deyim. Əlimi telefona atıb Göyçədən Borçalıya, Borçalıdan Bakıya didərginlik taleyi yaşayan atama zəng etdim, təltif olunduğumu dedim. Dedi, hansı təşkilat verib: Dedim, cənab Prezident. Dedi, qəzetdə çıxıb, bala? Bəli dedim. Bir qəzet göndər, dedi. Qəzet ona çatandan sonra yüksək vəzifələr görmüş, bir Türk, Azərbaycanlı olaraq özgə millətin içərisində ötkəmliyi, əyilməzliyi, həm də mükəmməl biliyi ilə ad çıxarmış atam kövrələ-kövrələ zəng etdi. “Sənə qurban olum, Mən səni Universitetə qoyub, əlinə qələm verdim, Sən Qələmindən mənə ayaq  düzəltdin” dedi. (Atamın bir ayağı dizdən aşağı yox idi). O səs hələ də, qəlbimin dərinliyində qövr edir. Bu təkcə ata sevinci deyildi, ata qüruru, bağban səadəti idi. Atamız bizi – balalarını əkdiyi ağac, səpdiyi dən kimi bilirdi. Sevirdi, boyumuza sevinirdi. Bunu mənə, bizə, Vətən həsrətini, Təbriz, Göyçə, Borçalı nisgilini daşıyan ailəmizə rektor Abel Məhərrəmovun, nazir Misir Mərdanovun təqdimatı, Prezident cənab İlham Əliyevin sərəncamı yaşatmışdı. Misir müəllimin, daha doğrusu əvəzsiz Misir müəllimin danıb unuda bilmədiyim ikinci unudulmaz haqqı-sayını 2014-cü il iyulun 14-də (qəribəsi, həm də kədərlisi odur ki, həmin gün atamın xatirə günü kimi tarixdə qalıb). Ulu Öndərimizin 1969-cu ildə siyasi hakimiyyətə gəlişinə həsr edilən AMEA-nın Rəyasət Heyətində təşkil olunan tədbirdə yaşadım. Unudulası gün deyil. AMEA-nın o zamankı prezindenti hörmətli Akif Əlizadənin rəhbərliyi ilə keçən tədbirdə mən çıxışçı olaraq üçüncü idim. Məndən əvvəl nüfuzlu akademiklər çıxış etdi. Və akademik Akif Əlizadə sözü elmi dərəcəsi, vəzifəsi AMEA-da daha kiçik olan Şərəf Cəlilliyə verdi. Və mən insafən çox yaxşı bir çıxış etdim. Misir müəllim yerindən durdu, söz istədi və şübhəsiz ki, kürsüyə qalxdı. İlk cümləsi bu oldu: “Hər nə qədər Şərəf xanımdan, onun bu gözəl nitqindən sonra çıxış etmək çətin olsa da, Ulu Öndərin Türk dünyasına verdiyi töhfələrdən söz açmaq, Kunanbayevin, Nazarbayevin taleyi ilə bağlı xilaskarlıq missiyasından danışmaq istəyirəm”. Bu görünməmiş hal idi. Ölkənin ən nüfuzlu təhsil ocağına Universitetə rəhbərlik etmiş, Təhsil naziri kimi tarix yaratmış, AMEA-nın Rəyasət Heyətinin üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru kimi xüsusi çəkiyə, nüfuza malik bir alim, ictimai-siyasi xadim, ensiklopedik biliyi, nitqi, məntiqi ilə Söz sahibinə çevrilmiş bir ziyalı “Şərəf xanımdan, onun bu gözəl nitqindən sonra çıxış etmək çətin olsa da” deyirdi. Bax, bu idi Sadəliyin Əzəməti, xarakterin əyilməzliyi, iradənin gücü, insanın böyüklüyü... Akademik Nizami Cəfərovun qeydlərində mənim də düşündüklərimi özündə ehtiva edən bir məqam var: “Professor Misir Mərdanov hansı vəzifədə çalışıbsa, orada isti bir mühit yaradıb, əsası, aşağıları yuxarı çəkib, yuxarılarda aşağılar barədə obyektiv təsəvvür formalaşdırıb. Və daxildən gələn zəngin kənd (milli!) kübarlığı ilə hər cür saxta, süni “kübarlıq”dan həmişə yüksəkdə dayanıb”.

Həmin günü də, həmin tədbiri də, Misir müəllimin İnsanlığının, Səmimiyyətinin, Böyüklüyünün nümunəsi kimi qəlbimdə ucalan Abidəsini də Bütöv Azərbaycan sevdası, ana laylası, ilk məhəbbətin işartısı kimi o gündən bu günə ən xoş xatirə, tutiyə kimi qoruyuram! Bizim tərəflərdə, dil içində dil, din içində din bəsləyən ellərdə Vətəni sevmək imandan olub. Yenə deyirəm torpaq qalan, hər şey yalan demişik. Üzü qibləyə deyil, Təbrizə yatmışıq. Andımız, amanımız, son gümanımız, ilk məhəbbətimiz, məskənimiz, mətfənimiz Azərbaycan olub. Misir müəllim Vətəni Vətən edən, Ulu Öndərin seçdiyi, başa keçirdiyi, taleyimizi etibar etdiyi tarixi şəxsiyyətlərdən, müdrik ziyalılardan, mütəfəkkir alimlərdən, yeri həmişə baş olan, başda olan Müəllimlərdəndir. Və Mən fəxr edirəm ki, onunla eyni zamanda yaşamışam. Onun udduğu havadan udmuşam, içdiyi sudan içmişəm, doğulduğu torpaqda doğulmuşam. Böyük qələbəyə, Əbədi İstiqlala, indi Xudafərin körpüsündə, Murovun zirvəsində, Ruh yüksəkliyində dalğalanan bayrağın Şuşa qalasında dalğalanacağına inanmışam. Qələbə, Zəfər Memarımız, xoş müjdəli Levitanımız, Müzəffər Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyev inamla, ümidlə deyir: “Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi. XX əsrin əvvəllərindəki xəritəyə baxmaq kifayətdir. Oraya baxarkən Sevan görməyəcəksiniz, Göyçəni görəcəksiniz. İrəvanla bağlı da eyni məsələdir. Ermənilər İrəvanın tarixi hissəsini dağıdıblar. Bu, aydın faktdır, mənim əcdadlarım daxil olmaqla, Azərbaycanlılar orada yaşayıblar. Mən demişəm, biz Zəngəzura qayıdacağıq. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə, niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik”. Qaraqoyunlu Yusif bəyin, Cahanşah Həqiqinin, Səməd Ağanın, Dədə Ələsgərin, Aşıq Nəcəfin, Seyid Bayramın məskəni, mətfənidir. O, həm də elmi-pedoqoji, ictimai-siyasi fikir tariximizə Misir Mərdanov kimi bir şəxsiyyət, vətəndaş, ziyalı bəxş edən Cümayıl müəllimin, Mələk xanımın dədə-babalarının diyarıdır. Millət, məmləkət də insan kimidir, yaddaşı ilə yaşayır. Kim bizi Yaddaşımızdan qopara bilər ki?!

Şərəf Cəlilli




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Şərəf Cəlilli