USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Heydər Əliyev Heydər Əliyevdir!


https://img.baki-baku.az/news/2021/05/photo_3751.jpg

 

Ənvər MƏŞƏDİYEV,
“Bakı” və “Baku” qəzetləri redaktorunun müavini

_________________________________________________________

Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan durduqca neçə-neçə əsrlər bundan sonra da xalqımızın qəlbində dahi şəxsiyyət, dünya miqyaslı siyasətçi, millətimizin xilaskarı, müasir Azərbaycan dövlətinin banisi, uzaqgörən diplomat, dərin biliyə, fenomen yaddaşa, möhkəm idarəçilik qabiliyyətinə malik rəhbər, əsl ziyalı, nümunəvi davranış sahibi, mehriban ailə başçısı, mərd, sərt və həmdərd insan, vətən fədaisi, böyük azərbaycanlı, ən nəhayət nurani, xoşxasiyyətli, vüqarlı sima kimi yaşayacaq.

Ölkəmizin siyasi-iqtisadi, sosial-mədəni inkişafında silinməz izlər qoyan Ulu Öndərimiz Heydər Əliyevin düzgün siyasi kursu uzunmüddətlidir. Ümummilli Lider əbədiyyətə qovuşduqdan sonra da Azərbaycanın qazandığı uğurlar həmin siyasi kursun, geniş proqramın nəticəsidir. Heydər Əliyev kursu mükəmməldir, yenilməzdir. Heydər Əliyevin doğum tarixi, əbədiyyətə qovuşduğu tarix uzaqlaşdıqca belə onun müqəddəs adı qəlblərə dərindən həkk olur, böyük ehtiramla yad edilir. Ulu Öndərin adı, əməlləri ilə bağlı tarixi günlər həmişə bayrama, el şənliklərinə çevrilir. Bu elə-belə özü-özlüyündən yaranmamışdır. Ümummilli Liderimiz Heydər Əliyev mənalı ömrünün böyük hissəsini xalqına həsr etmişdir. O, deyirdi: “Xalq mənim dayağım, gücüm və inamımdır”.

Xalqına, millətinə sadiqliyi ilə seçilən böyük siyasətçi həm də əyilməzliyi, yenilməzliyi ilə nümunə göstərən şəxsiyyət idi. O, elə bir zəka sahibi idi ki, bütün fəaliyyəti dövründə nə əqidə, nə də bir siyasi səhvə yol vermişdir. Onun qəbul etdiyi qərarlar həmişə xalqının rifah halının yaxşılaşmasına yönəldilmişdir.

Adamlara qiymət verməyi bacaran bu sadə və nurlu insan daim əmək kollektivləri, incəsənət adamları, ziyalılar arasında olmağa önəm verirdi.

Heydər Əliyev insanlar arasında olarkən özünü çox şən, işgüzar rəhbər kimi aparırdı. Onun belə hərəkətləri, xalqla mehriban davranması əmək kollektivlərində də yüksək işgüzarlıq yaradırdı.

Azərbaycanda dövlət quruculuğunun, iqtisadi inkişafın, sosial-siyasi həyatın 1969-2003 illəri əhatə edən dövrü Heydər Əliyevin adı, əməli fəaliyyəti ilə bağlıdır. O, müasir Azərbaycanı, onun indiki gerçəkliyini yaratmış, ölkəmizi gələcəyə aparan yolları, perspektivləri müəyyənləşdirərək bəyan etmişdir ki: “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”. Ulu Öndər bu ideya ilə də hüquqi, demokratik, dünyavi dövlət - Azərbaycan dövləti yaratmışdır. Ümummilli Liderimiz Heydər Əliyevin öz xalqına sədaqətliliyinin, onun dünya dövlətləri arasında layiqli yer tutması üçün göstərdiyi səylərinin bariz nümunələrindən biri də ana dilimizin dövlət dili kimi Konstitusiyaya ayrıca bir maddə olaraq salınmasıdır.

Ulu Öndər Heydər Əliyev ölkə başçısı kimi, 1969-cu ildə Ana dilimizin – Azərbaycan dilinin qorunub saxlanması, zənginləşdirilməsi, yad ünsürlərdən təmizlənməsi üçün bütün sahələrdə səylərin artırılmasını vacib sayırdı. Bu sahədə onun imzaladığı sərəncamlar, fərman və qanunlar tarixi sənəd kimi müntəzəm olaraq tətbiq edilir. Bir sözlə, Ulu Öndərimizin təməlini qoyduğu dil siyasəti indi də uğurla davam etdirilir.

Ulu Öndərimiz hər şeyi ölçüb-biçən, qətiyyətli adam idi. Bir misal gətirmək istəyirəm. Müstəqillik dövrümüzün ilk illərində latın qrafikasına keçmək məsələsi tilsimə düşmüşdü. Məktəblərdə dərslər latın qrafikası ilə keçirilirdi. İdarə və müəssisələrdə, qəzet redaksiyalarında və başqa təşkilatlarda isə hələ kiril əlifbasından istifadə olunurdu. Bir sözlə, bu taleyüklü məsələdə hərc-mərclik hökm sürürdü. Heydər Əliyev tarixi bir sərəncamı ilə tam latın qrafikasına keçmək məsələsini həll etdi. Dərsliklər buraxılmağa, bütün təşkilatlarda yazı-pozular məhz bu əlifba ilə aparılmağa başlandı. Bu, əsl inqilab idi, mədəni inqilab!

Yeri gəlmişkən Heydər Əliyev haqqında ayrı-ayrı dövlət başçılarının, ictimai-siyasi, din xadimlərinin fikirlərini diqqətə çatdırmaq istəyirəm. Keçmiş ABŞ prezidenti Corc Buş demişdir: “Heydər Əliyevin mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını  möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ulu Öndər Heydər Əliyev barəsində söylədiyi fikirlər bunlardır: “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən lider idi. Türkiyə-Azərbaycan dostluğunu çox gözəl ifadə edən “Bir millət, iki dövlət” ifadəsi də ona məxsusdur. Biz çalışmalıyıq ki, bu hikmətanə deyimin ifadə etdiyi amal bundan sonra da davam etsin. Böyük Heydər Əliyevin ruhu şad olsun deyə biz türk dünyasının birliyini və qardaşlıq münasibətlərini qoruyub möhkəmləndirməyə çalışmalıyıq”.

Rusiya Ferasiyasının prezidenti Vladimir Putin: “Mən Heydər Əlirza oğluna sadəcə münasibət bəsləmirdim, ona məhəbbət bəsləyirdim, ona məhəbbətlə yanaşırdım. Mübağiləsiz deyə bilərəm ki, o siyasət nəhəngidir”.

XX əsr liderlər əsridir. Heydər Əliyev XX əsrin lideridir”. Bunlar isə Gürcüstan Respublikasının sabiq prezidenti Eduard Şerdnadzenin fikirləridir.

Roma Papası II İohan Pavel isə Heydər Əliyev haqqında aşağıdakı fikirləri söyləmişdir: “Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdu. Azərbaycanda hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğurla həyata keçirilməsi sahəsində görülən işləri diqqətlə izləyir və onları dəstəkləyirəm”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Heydər Əliyevin ideyaları yaşayır, onun siyasəti yaşayır, onun fəlsəfəsi, ideologiyası yaşayır və onun qurduğu, yaratdığı müasir Azərbaycan yaşayır və onun yolu ilə inkişaf edir ”.

Bəli, Ümummilli Lider Heydər Əliyevin ideyaları məhz onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi və diplomatik səyləri nəticəsində həyata keçirilir və Azərbaycan düzgün mexanizm üzərində inkişaf edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu ləyaqətlə, çox yüksək səviyyədə davam etdirərək onun bütün tövsiyələrini həyata keçirməyə, reallaşdırmağa səy göstərir və buna tam şəkildə nail olur. Xalqımızın sevimli oğlu, möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyev yeni əsrin şanlı tarixini qızıl hərflərlə yazır. Böyük siyasətçi Heydər Əliyevin özünün yeganə varisi İlham Əliyevə vəsiyyətinin ən vacibi və birincisi Ermənistanın hərbi birləşmələrinin xarici havadarlarının köməyi ilə işğal etdikləri ərazilərimizi düşmən tapdağından azad etmək idi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızın bu taleyüklü problemini cəsarətlə həll etmişdir, özü də cəmi 44 gün ərzində. Rəşadətli Ordumuz möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi, rəhbər qabiliyyəti ilə Ermənistanın hərbi birləşmələrini, döyüş texnikasını darmadağın etmiş, mənfur düşməni əbədi və əzəli torpaqlarımızdan iti qovan kimi qovmuşdur. Və dərhal işğaldan azad edilmiş bütün şəhər və rayonlarımızda minalardan təmizlənmə, geniş bərpa işlərinə başlanmışdır. Hazırda həmin ərazilərdə bütün infrastrukturlar bərpa edilir, yollar salınır, hava limanları yaradılır. Bir sözlə, Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən öz sahibinə qaytarılmış doğma torpaqlarımızda geniş quruculuq işləri vüsət almağa başlamışdır. İnşallah Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin özünə inamlılığının, əminliyinin və xalqımıza etimadının sayəsində bu möhtəşəm işlər də yaxın gələcəkdə öz həllini tapacaqdır.

Bütün bunlar Ulu Öndərimiz Heydər Əliyevin müqəddəs ruhuna, doğum gününə olan sədaqətin, sonsuz məhəbbətin, onun tövsiyələrinin layiqincə yerinə yetirilməsinin təzahürü kimi qiymətləndirilir.




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Ənvər Məşədiyev