USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

Erməni faşizmi – satanizmin irqçi təzahürü


https://img.baki-baku.az/news/2021/04/photo_3591.jpg?v=MjAyMS0wNC0yMSAxMzozNzo0Nw==

Elçin Mirzəbəyli,
Əməkdar jurnalist, “Xalq Cəbhəsi” qəzetinin Baş redaktoru

___________________________________________________________________

Vandalizmin bəşəriyyətə bəlli olan tarixi, bizim eradan əvvəl 356-cı ildən, şöhrət qazanmaq üçün Efes şəhərindəki Artemida məbədini yandıran Herostratdan başlayır. “Vandalizm” sözünün etimologiyası isə qədim alman tayfası olan vandallarla bağlıdır:

Belə ki, Romanın Afrikadakı canişini Bonufasi imperiyaya qarşı qiyam qaldırdıqdan sonra kömək üçün vandallara müraciət edir və onlar Afrikadakı Roma torpaqlarını qəsb etdikdən sonra, 528-ci ildə burada Vandal dövləti yaradırlar. Daha sonra vandal ordusu Roma imperiyasının əyalətlərinə hücuma keçirlər. 455-ci ildə isə Romanı ələ keçirir, antik dövrə aid olan bütün mədəniyyət nümunələrini, ədəbi əsərləri, abidələri məhv edirlər. Vandalları digər işğalçılardan fərqləndirən əsas cəhət isə soyğunçuluq və quldurluğun onların mövcudluğu təmin edən əsas vasitə olması ilə bağlıdır. Məhz bu amil də nəticədə Vandal dövlətinin Yer üzündən silinməsinə səbəb olur.

Qeyd edim ki, vandallardan öncə romalılar da eramızdan əvvəl 146-cı ildə Korfagen dövlətini məhv etmiş, şəhəri xarabalığa çevirmişdilər. Bu baxımdan, qədim romalıların da vəhşilikdə vandallardan bir o qədər də fərqi olmayıb və Roma imperiyasının vəhşiliklərinin izlərini bu gün də Tunis ərazisində yerləşən Korfagen xarabalaqlarında görmək mümkündür.

Müasir dövrdə vandalizmdən söz açanda, daha çox faşist vandalizmindən, onun ən bariz nümunəsi kimi Sankt-Peterburq ətrafındakı saray-park komplekslərinin heç bir hərbi əhəmiyyət kəsb etmədikləri halda dağıdılmasından danışılır. Yaxud Talibanın 2001-ci ildə Buddanın nəhng heykəlini uçurması və ya İŞİD terror qruplaşmasının Nimrud Hatra şəhərindəki arxeoloji abidələrini, həmçinin Mosuldakı şumer, assuriya və vavilion mədəniyyətinə məxsus mədəniyyət nümunələrini darmadağın etməsi yada düşür. Roma imperiyasından, alman vandal tayfalarından başlayan dəşhətli dağıdıcı təfəkkürün izi, vaxtilə Platonun, Aristotelin və neçə-neçə dühanın əsərlərini inkivizisiyanın amansız vandalizmindən qoruyan, bugünümüzə çatdıran böyük İslam mədəniyyətində axtarılır. Halbuki Talibanın da, İŞİD-in də kimlər tərəfindən yaradıldığını, onların xidmətlərindən yararlananlar hər kəsdən yaxşı bilirlər. Və bu dağıdıcı təfəkkürün sahibləri, idarəediciləri bu gün ermənilərin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində törətdikləri dəhşətli, bəşər tarixində tayı-bərabəri olmayan cinayətlərini görməzdən gəlməyə cəhd göstərir. Halbuki vandallar yalnız mədəniyyət abidələrini, alman faşistləri park-kompleksləri, Taliban və İŞİD isə dünyəvi dinlərə qədərki mədəniyyət nümunələrini dağıdıblar, yaşayış evlərini, infrastrukturu, kilsələri, ziyarətgahları, məscidləri, sosial obyektləri yox...

Məhz bu baxımdan, ermənilərin Azərbaycan ərazilərində törətdikləri cinayətlərə bəşəriyyətin bizə bəlli olan tarixində rast gəlmək mümkün deyil. Erməni faşizmi faşizmin bütün təzahürlərindən daha amansız və daha dəhşətlidir. Ermənizm vandalizmin ən amansız, ən qəddar nümunəsidir.

Bu arada, birinci dünya müharibəsində Qriqoryan kilsəsini öz ultramillətçi, dağdıcı təfəkkürlərinin ideoloji mərkəzinə çevirən ermənilərin ikinci dünya müharibəsində aşkara çıxan irqçi düşüncələri ilə bağlı, Vətən Müharibəsindən öncə qələmə aldığım araşdırmadan bir parçanı xatırlatmağın yerinə düşəcəyi qənaətindəyəm.

Haşiyə:

“1936-cı il, sentyabrın 17-də, ABŞ-da “Daşnaksütun” partiyasının nəzarətindəı olan “Ayrenik” qəzetində dərc olunan məqalədə deyilir: “Birinci Dünya müharibəsində məğlub olan, milli birlik, həmrəylik problemi yaşayan Almaniyanın qeyri-müəyyən, dolaşıq siyasəti onu heç yerə aparmırdı... Adolf Hitler hakimiyyətə gəldikdən sonra almanların qəlbindəki irqçi hisslərə toxunmaqla, milli dahilik mənbəyini ortaya qoymaqla məğlubiyyət əhval-ruhiyyəsinə son verdi...

Almaniya Birinci Dünya Müharibəsindən sonra heç vaxt Hitler hakimiyyətində olduğu kimi real, yaxşı düşünülmüş, planlaşdırılmış siyasət yürütməyib. Alman düşüncəsi heç vaxt indiki qədər belə ifadəli, dəqiq və zəngin olmayıb. Xaricilərin Hitler və faşizm haqqında nə deməsindən asılı olmayaraq, faşizm Almaniya və İtaliya kimi iki dövləti yenidən doğmaqla və canlandırmaqla özünü təsdiqlədi...”

Elə eyni mətbu orqanın 19-21 avqust 1936-cı il sayında Almaniyadan ABŞ-a yenicə qayıdan “Daşnaksütun” təmsilçilərindən biri yazır: “Yəhudilər bütün xalqlardan daha millətçidirlər və öz irqlərinin təmizliyi üçün fanatikcəsinə mübarizə aparırlar.

...Bəzən bu zəhərli elementlərdən xilas olmaq çox çətin görünür. Onlar xroniki xəstəliklər kimi daha dərində gizlənirlər. Bu zaman hansısa xalq onları ənənəvi olmayan üsullarla qırmağa başlayır və bu üsullar inqilabi üsullar kimi qəbul olunur. Cərahiyyə əməliyyatları zamanı qanın axması adi məsələdir. Belə vəziyyətlərdə diktatura xilaskar rolunda çıxış edir ”.

Ermənilərin irqi-dini təlimatlarının müəllifi, Ermənistanın paytaxtında “şərəfinə” 6 metr hündürlükdə abidə ucaldılan muzdlu, faşist Qaragin Njde ingilisdilli “Ayrenik Uikli”nin 10 aprel 1936-cı il tarixli sayında yazır:

“Təmiz irqli insan öz təmiz qanının ilahi təbiətinə inanır. İrq hər şeydən üstündür və yüksəkdə dayanır. İrq birinci yerdədir. Hər şey irq üçün. İrqi-dini təlimatlara görə, təmiz qanlıların eyni inamı, eyni rəhbərliyi, eyni siyasi rəmzləri var. Təmiz qanlı insanların öz geyimi, öz himni, öz adətləri, öz bayramları olacaq...

Bu gün Almaniya və İtaliya ona görə güclüdürlər ki, millət olaraq öz irqlərinin maraqları ilə nəfəs ala və onu sevə bilirlər”.

Qaragin Njde Hitlerin gənclərə xitabən dediyi şüarlardan birinin sözlərinin yerini dəyişərək, erməni gəncliyinin tərbiyəsi üçün daha sərt, daha amansız faşizm modelini seçmişdi: “Gənclik, ürək və dəmir”. Njde, Mandalyan, Darbinyan və digər faşist ideoloqlarının ardıcılları olan erməni gəncləri öncə “irqçi vətənpərvərlər” adlandırılırdılar, sonra isə faşist cəlladları onlara “Seqakron” – “İrqçi inanclılar” adını verdilər...

Məhz bu irqçi inanclılar Azərbaycan torpaqlarında Alban kilsələrini darmadağın etdilər, albanlara-azərbaycanlılara məxsus dini və mədəniyyət abidlərini erməniləşdirdilər. Çünki onların inancı Tanrıya deyil, qondarma, saxta, mifik tarixə söykənən ultrairqçi ideyalara idi... Əslində erməni faşizmi satanizmin kilsə daxilində gizlədilmiş və xristianlığın aşıladığı humanizm dəyərlərinə meydan oxuyan təzahürüdür. “İrqçi inanclılığın” təməlində bütün digər millətlərə qarşı nifrət aşılandığı üçün, bu qanlı ideologiya ən yaxşı halda satanizmlə müqayisə oluna bilər. Qeyd edim ki, tarix boyu xristianlıq ermənilər üçün ultramillətçilik ideyalarının pərdələnməsi üçün vasitə olub və qondarma, mövcud olmayan tarix üzərində tərbiyə olunan radikal erməni millətçiləri heç zaman xristianlığın gerçək dəyərlərinin daşıyıcısı olmayıblar.

Bunu xristianlığa qarşı ən kəskin və hətta düşmən mövqedə dayanan pavlikian təriqətinin məhz ermənilərlə bağlığı da sübuta yetirir. Tarixi faktlar sözügedən təriqətin üzvlərinin təkcə ermənilərin yaşadığı ərazilərdə xristianlığın təbliğ etdiyi dəyərlərə və humanizm prinsiplərinə qarşı savaş açmadıqlarını, xristiqanlıq əleyhinə çıxış edən bu erməni təriqətinin daha geniş əraziləri öz ağuşuna aldığını sübuta yetirir. Xristianlığa mahiyyət etibarilə heç bir aidiyyatı olmayan bu erməni təriqətin üzvləri Bizans imperatorları tərəfindən “dindənkənar” elan edildikdən sonra Qərbə doğru hərəkət ediblər. Orta əsr Avropasını araşdıran təqdqiqatçılar pavlikianığı Bizansdan Avropaya daşıyan erməni tacirlərinin apardıqları təbliğat nəticəsində bu antixristian təriqətinin təsiri altında boqomil, katar, albiqoy təriqətlərinin yarandığını qeyd edir, bu təriqətlərin çoxsaylı insan ölümünə bais olduğunu bildirilər. Və eyni zamanda vurğulayırlar ki, XI-XII əsrlərdə albiqoy müharibələri Fransanın cənubunun tamamilə boşalmasına səbəb olub. Kəsəsi, pavlikianlıq da, satanizm də mahiyyət etibarilə Tanrıya asilik, inanclı insanlara nifrət üzərində qurulan cərəyanlardır və ermənilərin ANTİXRİST təfəkkürü, özünü vaxtilə işğal etdikləri Azərbaycan ərazilərində törətdikləri cinayətlərdə də büruzə verir.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində erməni faşizminin bütün bəşəriyyət üçün təhlükəli olduğunu deyəndə, məhz bu tarixi həqiqətlərdən çıxış edir, yüksək mədəniyyət və humanizm ideyalarının daşıyıcısı olan bir xalqın lideri kimi insanlığa səslənirdi.

Sitat: “Dünya tarixində bir çox müharibələr olub. Ancaq bu qədər qəddarlıq, bu qədər düşmənçilik, məncə, dünya müharibə tarixində olmayıb. Hətta İkinci Dünya müharibəsi ilə müqayisə etsək, o vaxt belə vəhşiliyə yol verilmirdi, dini abidələr dağıdılmırdı. Bütün bunları biz yaxşı bilirik. Erməni faşizmi bütün ölkələrdə olmuş faşizmlərin ən eybəcəridir, ən qəddar faşizmdir. Biz bu müharibədə təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, həm də erməni faşizmini məhv etmişik. Bu, bizim tarixi missiyamızdır - təkcə Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında. Erməni faşizmi məhv edilib. Onu məhv edən Azərbaycan xalqı olmuşdur. Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Biz imkan verə bilmərik ki, erməni faşizmi yenə baş qaldırsın. Biz imkan verə bilmərik, Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Biz əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir - həm Ermənistan, həm də onun havadarları. Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir”. Bununla paralel olaraq, biz əməkdaşlığa da hazırıq - baxmayaraq ki, Ermənistan azərbaycanlılara qarşı dövlət səviyyəsində soyqırımı törətmişdir. Baxmayaraq ki, bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, biz gələcəyə baxmalıyıq. Biz, əlbəttə ki, erməni vəhşiliyini heç vaxt unutmayacağıq.”

Unutmayacağıq və bağışlamayacağıq! Çünki sivil bəşəriyyərin gələcəyi ədalətin və humanizmin vəhdətindədir!




Redaktorun seçimi

Şuşada yaranmış muğamlar
  • Mədəniyyət
  • 11:50 13.07.2021
Şuşada yaranmış muğamlar

Elçin Mirzəbəyli