USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

“Məxməri inqilab”, Qarabağ məğlubiyyəti və erməni elitasındakı dərin çatlar - MÜSAHİBƏ


https://img.baki-baku.az/news/2021/03/photo_3116.jpg?v=MjAyMS0wMy0wNCAxNjoxNjowMA==

Ermənistanın baş naziri Nikol Paşinyanla generalitet arasındakı problem ölkədə onsuz da gərgin olan duruma fərqli motiv gətirib. Təbii ki, böhran İkinci Qarabağ Müharibəsindəki acınacaqlı məğlubiyyətin nəticəsidir. Ancaq bəzi suallar yaranır. Məsələn, nəyə görə 10 noyabr kapitulyasiyasından dərhal sonra Paşinyanı qoruyan hərbçilər indi ona qarşıdırlar? Nəzərə alaq ki, həmin vaxt kütlə baş naziri sadəcə linç edə bilərdi. Bu kimi məqamlara aydınlıq gətirilməsi baxımından Ermənistandakı Qafqaz İnstitutunun direktoru, politoloq Aleksandr İngəndəryanın “Verelq” informasiya portalına müsahibəsi maraq doğurmaqdadır.

A.İsgəndəryan müsahibəsində bildirir ki, Ermənistandakı hazırkı durum ölkə elitasındakı dağınıqlığın nəticəsidir. Elita daxilindəki qruplar arasında münaqişə isə 2018-ci ilin aprelində - “məxməri inqilab” baş verəndə, yəni N.Paşinyan hakimiyyətə gələndə yaşandı və bu konflikt həm peşəkar qruplara, həm də hərbçilərə aiddir. Hərbçilərlə bağlı münaqişə uzun müddət latent xarakter daşıyırdı və kənara sızmırdı. Cəmiyyət yalnız ali hərbi idarəçilikdə kimlərinsə vəzifəyə təyin edilməsini və vəzifədən uzaqlaşdırılmasını görürdü. Bütün bunlar münaqişənin təzahürləri idi. O münaqişənin ki, həm də general dairələrlə siyasi rəhbərlik arasında gedirdi. Müharibədən sonra isə ziddiyyətlər kənara çıxmağa başladı.

Politoloqun sözlərinə görə, hərbi dairələrdə siyasi rəhbərlərin onların işlərinə qarışmalarına dair fikirlər hələ müharibə dönəmində dövriyyəyə girməyə başlamışdı. Siyasi elitada ittihamların xarakteri bu idi ki, ordu düzgün silahlanmayıb, rəhbərlik isə korrupsiyalaşıb. Müharibədəki məğlubiyyətin səbəblərinə də ordunun və siyasi dairələrin baxışları müxtəlifdir. Baş nazir N.Paşinyanın “İsgəndər” raketlərinin effektivsizliyi ilə bağlı söylədikləri isə bütün ziddiyyətləri ön plana çıxartdı.

“Nəyə görə müharibədən sonra konflikt üzə çıxdı. Axı ordu rəhbərliyi demək olar, tamamilə Paşinyan tərəfindən təyin edilmişdi və ona sadiq olmalı idi. Elə deyilmi?” sualına cavab verən A.İsgəndəryan ilk növbədə müharibədəki məğlubiyyəti əsas götürür. “Günahkarlar axtarılmağa başlandı. Hərbi və siyasi elitanın müharibənin necə keçməsinə və nəyə görə məğlubiyyətin baş verməsinə dair fikirləri fərqlidir. Köhnənin qalıqları məsələsi önə çıxdı. Ordu isə peşəkar mühitdir. Oradakılar hamısı özləri üçün karyera yolu keçmiş insanlardır. Onlar 2018-ci ilin inqilabından sonra birdən-birə vəzifəyə təyin edilməmişdilər. Məsələn, spesifik gücünə görə Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi və Daxili İşlər Nazirliyində nazirlər öz mühitlərindən çıxmış insanlar idilər. Digər sahələrdə belə olmadı”, - deyə politoloq aydınlıq gətirir.

“Mən bilmirəm ki, konkret olaraq Onik Qasparyanla bağlı məsələ necə başa çatacaq. Sadəcə düşünürəm ki, bundan heç də çox şey asılı deyil. Ordu və siyasi hakimiyyət arasındakı fikir ayrılıqları sıradan çıxmayacaq. Generalitet onun rəhbərliyinə olan təzyiqləri yadda saxlayacaq. İstər Onik Qasparyana olsun, istərsə də onun müavini Tiran Xaçatryana (Paşinyan onu “İsgəndər”lə bağlı açıqlamasına guya gülməsi səbəbilə uzaqlaşdırmışdı). Vəziyyətin necə düzəlməsindən asılı olmayaraq bunlar unudulmayacaqdır. Hətta siyasi elita da onu yaddaşına həkk edəcəkdir. Probelm yalnız Onik Qasparyanın mövqeyində deyil. Konfliktin kökləri daha dərindir. Belə problemlər elitanın digər hissələrində də mövcuddur. Əslində institsional tabesizliyin miqyası kifayət qədər genişdir. Bütün ordu rəhbərliyini dəyişib onun yerinə başqalarını təyin etmək nəzəri baxımdan mümkündür, amma həddən artıq çətindir. Bəs kimi təyin edəsən? Axı onlar da həmin mühitin adamları olacaqlar. Beləliklə də problem qalacaq. Problemin aradan qaldırılması üçün tam fərqli yanaşmalar lazımdır. İnsanları vəzifədən uzaqlaşdırmaq yox, hakimiyyətdə konsolidasiya aparmaq, ierarxiya müəyyənləşdirmək, dövlət institutlarını yenidən qurmaq vacibdir”, - deyən politoloq müsahibəsində Paşinyanla ordu arasındakı münaqişədə xarici faktorların olub-olmaması ilə bağlı fikirlərini də bölüşüb. O, daxili münaqişənin ölkənin xarici siyasətinıə təsirsiz ötüşməyəcəyini vurğulayıb və bildirib ki, insident hansısa lazımsız məsələyə görə yox, məhz “İsgəndər” raketi səbəbilə qızışdı. “İsgəndər” isə Rusiya hərbi sanayesinin fəxridir. Ona görə də bu məsələ Moskavada ağrılı qəbul edilə bilər. Bununla belə politoloq belə düşünür ki, konflikt daxili mahiyyətlidir.

“Münaqişə həll oluna bilərmi? Aydın görünür ki, Paşinyan postundan getmək istəmir. Ordu məhz bunu tələb edir. Digər tərəfdən, Paşinyan bütün generalları və polkovnikləri də istefaya göndərib yenilərini təyin edə bilməz. Bu vəziyyətin davamında nələr ola bilər?” sualına cavab verən A.İsgəndəryan ordunu mühüm dövlət institutu kimi xarakterizə edib. O həmçinin bildirib ki, müharibədən nəticə çıxarılmalıdır. İslahatlar aparılmalıdır ki, ordu mövcud təhlükələri aradan qaldıran işlək instituta çevrilsin. Buna görə siyasi hakimiyyət öz komandasına loyallığından deyil, konpetensiyasından asılı olmayaraq adamlar cəlb etməlidir. Sərt şəkildə hakimiyyət vertikalını möhkəmləndirmək, qərar qəbulunu mərkəzləşdirmək lazımsızdır. Silahlı qüvvələrdə islahatlarla əlaqədar ordu və ekspertlərlə dialoqa ehtiyac var. Ümumən problem dövlətçiliyin institsionallaşması ilə bağlıdır. Qurmaq və konsolidasiya etmək vacibdir, nəinki indi müşahidə edildiyi kimi fraqmentasiya yolu. Paşinyan hakimiyyətdə qalacaq ya yox, bundan asılı olmayaraq, həmin yolda gedilməlidir. Ancaq indi Ermənistanda başqa vəziyyətdir. Hazırda deinstitsionallaşma gedir.

"Baki-Baku.az"




Redaktorun seçimi

Siyasi təhlil