USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistan uğrunda mübarizədə dramatizm: Paşinyana qarşı “Qasparyan buntu”


https://img.baki-baku.az/news/2021/02/photo_3017.jpg?v=MjAyMS0wMi0yNSAyMjozNDo0Ng==

Ermənistanın baş naziri Nikol Paşinyanın fəallaşdığı hiss olunur. Buna 10 noyabr kapitulyasiyasının cəmiyyətə yaşatdığı qorxunc şokun təsirinin tədricən aradan qalxması da, o təsiri körükləyənlərin fəaliyyətinin daha aktiv fazaya qədəm qoyması da demək mümkündür. Əlbəttə, Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargahının Paşinyanı istefaya çağırması sıradan məsələ sayıla bilməz. Demək, Paşinyan ya hücuma keçməlidir, ya da istefa verməlidir. O, birincini seçir və adekvat addımı Baş Qərargah rəisi Onik Qasparyanı vəzifədən uzaqlaşdırmaqdır.

***

Paşinyan hakimiyyətə hücumla yiyələnib. Onu iqtidara küçələr gətirib. Görünür, baş nazir postunda saxlayacaq amil də elə küçələrdir. Hərçənd o, Qarabağ məğlubiyyətindən sonrakı proseslərin heç birində böyük ölçüdə götürsək, küçəyə çıxmırdı. Səbəb sadədir - yaxşı bilirdi ki, Ermənistanda ona qarşı dayanacaq real güc yoxdur. Rəy sorğularının nəticələri də göstərirdi ki, 2018-ci ildən bu yana Nikolun nüfuzu xeyli aşağı düşsə də, bərbad deyil. Məsələn, nüfuzlu “Gallup” beynəlxalq mərkəzinin bu il fevralın 15-17-si aralığında apardığı sorğuya görə, ölkədə əhalinin 38,8 faizi Paşinyanın hakimiyyətdə qalmasının tərəfdarıdır, 44,2 faiz getməsini istəsə də, 17 faiz qəti qərar verə bilmir.

Bəs, indi nə baş verir? Paşinyan görür ki, həmin 17 faizi də itirə bilər. Məsələ geniş anlamda heç 17 faizdə, yaxud hansısa sorğunun nəticəsində deyil. Sorğu nisbidir. Susqunluq isə günahkarlıqdır. Paşinyan lap əvvəldən müharibə məğlubiyyətinə görə öz hakimiyyətinin məsuliyyət daşıdığını onsuz da bildirirdi. Amma ona görə demirdi ki, kimsə bunu əlində bayraq edib iqtidara yiyələnsin. Ona görə də daha susmur. Üstəlik tərəfdarları az deyil.

Aparıcı erməni mediası Paşinyana hiddət və nifrət yağdırır. Elə təəssürat yaranır ki, insanların vəziyyəti dözülməzdir. Ancaq sosial şəbəkələrdə tam əks durumdur. Orada Paşinyan tərəfdarları “qan edir”. Məsələyə nə qədər feykizm deyib, üzərindən keçilsə də, reallıq var – facebookun Ermənistan siyasi seqmentində Paşinyan liderdir və o seqment heç də kiçik qüvvə deyil.  

İndi Ermənistandakı vəziyyətin gərginliyi dramatik həddə çatıb. Paşinyan əbəs yerə əlinə səsgücləndirici qurğu alıb küçələrə çıxmır. O, obrazlı desək, həmin qurğu ilə ölkədə illərdən bəri formalaşmış xunta rejimini sıradan çıxarmışdı. Görünən budur ki, həmin rejim qisas almaq istəyini reallaşdırmaq üçün daha sərt addımlara əl atmaq niyyətindədir. Silahlı Qüvvələrin Baş Qərargahının bəyanatı məhz bunu deməyə əsas verir. Deməli, Paşinyanın məlum bəyanatı çevriliş cəhdi kimi qiymətləndirməsi təsadüfi deyil.

***

Ermənistanda bu gün baş verənlərə kənardan reaksiyalar necədir? Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirir ki, ölkəsi Ermənistanda çevriliş cəhdini pisləyir:

“Demokratik ölkələrdə xalq istefa tələb edə bilər, amma hərbçilərin xalqın seçdiyi hökumətə qarşı istefa çağırışı qəbul edilməzdir. Regionun sabitliyi üçün imkan var və bundan istifadə etmək lazımdır. Bölgədə Ermənistan və Azərbaycan arasında normallaşma və atəşkəsin davamlı olması kifayət deyil. Bölgə ölkələri ilə “3+3” formatında hansı addımları ata biləcəyimizə dair müzakirələr aparırıq. Hər bir ölkə daxilində sabitliyin olması vacibdir. Biz çevriliş cəhdlərinə qarşıyıq”. 

“Rusiya Ermənistandakı vəziyyətə bu ölkənin daxili işi kimi baxır”, - deyir Rusiyanın xarici işlər naziri Sergey Lavrov. O, Ermənistandakı vəziyyətin dinc müstəvidə həll olunacağına ümid etdiyini bildirir.

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün “Twitter” hesabında bildirir ki, Yerevandakı hadisələrdə zorakılığın olmaması vacibdir.

Həll edilməli bir çox daxili təhlükəsizlik çağırışlarının olduğu bir vaxtda nə ordu, nə də hər hansı digər təhlükəsizlik strukturu siyasi prosesdə iştirak etməməlidir.

"Biz tərəfdaş ölkə olan Ermənistanda hadisələrin inkişafını diqqətlə izləyirik. Eslakasiyaya səbəb ola biləcək hərəkət və sözlərdən uzaq olmaq lazımdır. İstənilən siyasi fikir ayrılıqları Ermənistan konstitusiyasına uyğun sülh və demokratiya yolu ilə həllini tapmalıdır".

Bu fikri isə özünün Tvitter səhifəsində NATO-nun rəsmi nümayəndəsi Oana Lunhenski bölüşüb.  

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu günkü fikirlərini də Ermənistan daxilindəki vəziyyətə qiymət kimi dəyərləndirmək mümkündür. Hərçənd dövlət başçımızın çıxışı yalnız qiymət deyil, eyni zamanda xəbərdarlıqdır: "Amma bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı? Müharibə başa çatıb. Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan vermərik ki, bizim üçün hər hansı bir təhlükə yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara qayıdacaq vətəndaşlarımız hər hansı bir risk hiss etsinlər".

Rusiya Ermənistandakı son duruma qarışmadığını deyir, Türkiyə çevrilişlərin yolverilməzliyini bildirir və indiki durumda Ermənistandakı çevrilişin nəyə görə regiondakı mənafelərə zidd olduğunu vurğulayır, Avropa Birliyi ordunun siyasətə qarışmasını pisləyir və məsələni mövqe nümayişi ruhunda izah edir. NATO-nun da mövqeyi təxminən eynidir. Yəni söz xətrinə söz deyilmir. Azərbaycan isə ümumən Ermənistanda söylənilənlərə, o cümlədən baş verənlərə Qarabağın və işğaldan azad edilmiş bölgələrin təhlükəsizliyi kontekstində yanaşır.

***

Ortada kifayət qədər aydın mənzərə var. Paşinyan Qərbin layihəsidir. O, 2018-ci ildə Ermənistandakı Rusiya təsirini yenərək hakimiyyətə gəlib. Moksva istənilən halda itirdiyini qaytarmaq istəyir.

Kreml ötən aylar ərzində ən müxtəlif ssenarilər qurdu ki, Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq demokratik görünsün, qanunauyğun proses kimi nəzərə çarpsın. Amma məlumdur ki, Moskva heç vaxt demokratiya mühiti yarada bilməyib. Baxın, Ermənistan daxilindəki ruspərəstlər cəmiyyət tərəfindən nüfuzu olmayan şəxslərdir. Bu şəxslər bağırırlar, çağırırlar, amma heç nəyə nail ola bilmirlər. Nəticədə Kreml “B” planını işə salır. Hə, bax “B” planı əsl rus planıdır – çevriliş. Diqqət yetirin, Türkiyədən və Avropa Birliyindən fərqli olaraq, Rusiya bir ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının (o qurumun ki, siyasətdə olmamalıdır, ancaq əmr yerinə yetirməlidir) bəyanatını çevriliş cəhdi kimi qiymətləndirmir. Lavrov ümumi sözlərlə kifayətlənir. Hiss olunur ki, Moskvanın narahatlığındakı motiv başqadır. 

***

Belə bir durumda Ermənistanın baş naziri Nikol Paşinyanın və tərəfdarlarının qətiyyətli davranmaları şərtdir. Hələlik biz bu qətiyyəti görürük. Paşinyan Yerevanda tərəfdarları qarşısında etdiyi çıxışında Onik Qasparyanın səhvə yol verdiyini deyərək vurğulayır ki, xalqı davamlı sarsıntılara məruz qoymağa ehtiyac yoxdur. Ordunun xalqa qarşı çıxmasına icazə verməyəcək. Üstəlik ölkənin Müdafiə Nazirliyi də Baş Qərargaha qarşı çıxdığını göstərdi. İndi qalır, Ermənistan prezidenti Armen Sarkisyanın Paşinyanın O.Qasparyanın vəzifədən uzaqlaşdırılması ilə bağlı qərarını təsdiqləməsi. Paşinyan bunu meydandan tələb edir. O meydandan ki, populist siyasətçi kimi özünü oradan çox yaxşı hiss edir. Və o da görünür ki, Qasparyan buntunun yatırılması ilə Rusiyanın Ermənistandakı vəziyyəti öz xeyrinə dəyişmək cəhdi uğursuzluğa düçar olacaq. Bu isə ölkədəki ənənəvi anti-Paşinyançılara da ciddi zərbədir.

Əvəz Rüstəmov,
"Baki-Baku.az"




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Siyasi təhlil