USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Sarkisyanın “özünü yandırması”, Qarabağ, müasir Ermənistan dövlətçiliyi üçün iflas perspektivi


https://img.baki-baku.az/news/2021/02/photo_2922.jpg?v=MjAyMS0wMi0xOCAxNjozODoxMA==

Möskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin əməkdaşı, siyasi ekspert Sergey Markedonov Ermənistandakı siyasi vəziyyətə dair, habelə qarşı duran qüvvələrin gücünün təhlilinə söykənən fikirlərini açıqlayarkən bildirir ki, Qarabağ mövzusu həddən artıq məxsusidir, onu belə asanlıqla "bağlamaq" mümkün deyil.

Markedonovun bu açıqlaması Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın “ArmNews” telekanalına müsahibəsi fonundadır. O müsahibə ki, 2018-ci il inqilabı ilə devrilmiş Sarkisyana qarşı nifrəti bir qədər də körüklədi desək, yanılmarıq.

Nəzərə alaq ki, erməni eks-prezidentin söylədikləri başdan-ayağa təzadlı idi. Üstəlik dediklərində ağ yalanlar da var idi ki, bunu sübuta yetirmək üçün heç də Bakıdan səslənən əks-arqumentlərə ehtiyac yoxdur. Ermənilərin özləri Sarkisyanı ifşa edirlər.

Təbii, siyasətdə yalanlar var. Onlar arsızlığa söykənəndə diplomatik immunitet çərçivəsindən çıxırlar. Kənardan baxanda eybəcər mənzərə formalaşır. Bəs, bu belə desək, diplomatik olmayan yalanları, siyasi əxlaq və mədəniyyət anlamında qəbuledilməzlikləri doğuran nədir?

Baxın, 44 günlük müharibə Ermənistanı nə günə qoydu. Böhran hər gün dərinləşməkdədir. Markedonov təsadüfən demir ki, vəziyyətdən yaxşı çıxış yolu görünmür. Görünməyəcək də. O, həmçinin bildirir ki, ölkə hakimiyyətində və müxalifətində yeni ideya və insanların mövcud olmaması durumu dalana dirəyir.

Yeni ideya və insanlar. Müstəqillik illərində Ermənistan dövləti və xalqı üçün ideya yalnız Qarabağ olub. İndi Sarkisyanın söylədiklərinə əks-reaksiyalardan məlum olur ki, hətta saxtakarlıq da, büdcə mənimsəmələri də Qarabağ üzərindən edilib. Mövzunu Markedonovun təbirincə desək, “bağlamaq” ona görə mümkün deyil ki, bu, Ermənistan və onun dövlətçiliyi, hətta xalqı üçün hədsiz böyük xəstəlikdir...

***

Ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın dövrünü yada salaq. Qarabağ işğal edilir. Sonra emosiyalar keçir, Ter-Petrosyan anlayır ki, məsələdə beynəlxalq dəstək yoxdur. O, fakt qarşısında qalır, Qarabağ üzrə “mərhələli həll” variantına razılıq verərkən hakimiyyətdən uzaqlaşmağa məcbur olur.

Ermənistanda 1999-cu ilin oktyabrındakı parlament gülləboranını da yada salaq. Vaxtilə Ermənistan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi olmuş Karen Dəmirçyan və digərləri ali qanuverici orqandaca qətlə yetirilirlər. Beləcə Qarabağ üzrə yumşalma tərəfdarları sıradan çıxarılır, erməni xəstəliyinin müasir daşıyıcıları olan Qarabağ klanının tam möhkəmlənmə dövrü başlayır. 1998-ci ildə hakimiyyətə gəlmiş Robert Koçaryanı 2008-ci ildə Serj Sarkisyanın əvəzləməsi Qarabağla bağlı vəziyyəti dəyişmir. Əksinə Sarkisyan daha qeyri-konstruktiv mövqe tutur.

Amma istənilən halda reallıqdan qaçmaq mümkün olmur. O reallıqdan ki, Azərbaycan hakimiyyəti illər ərzində dünyaya göstərir, heç bir halda Qarabağla bağlı prinsip və maraqlarından geri çəkilmir. Və nəzərə alaq ki, diplomatik fəaliyyətlə paralel olan əsas məqam gücdür. O güc ki, Azərbaycan onu ildən-ilə artırır. Bu mənada 2016-cı ilin aprel müharibəsini xüsusi vurğulamaq lazımdır. Onun nəticəsində Sarkisyan məğlubiyyətin qaçılmazlığını gördü və sonradan icrasını ləngitdiyi, heç yerinə yetirmədi vədlər verdi.

Diqqət edək, Azərbaycan Prezidenti cənab İlham Əliyev 44 günlük müharibə zamanı çıxışlarının, müsahibələrinin az qala hamısında bildirdi ki, Ermənistan tərəfi Azərbaycan torpaqlarından çıxmaqla bağlı qrafik versin. İndi Sarkisyanın müsahibəsinə qarşı əks-reaksiyaların məzmunundan anlaşılır ki, dövlət başçımız qrafik məsələsini heç də təsədüfən dilə gətirmirmiş. Sarkisyan 2016-cı ilin aprel müharibəsi zamanı məcbur qalıb məhz o qrafikə razılıq vermişdi. Azərbaycan bunun reallaşmasını iki il gözlədi.

2018-ci ildə Sarkisyan hakimiyyəti Paşinyana verdi. Bəli, Qərbin Ermənistanla bağlı planlarının olması mümkündür. O planları reallaşdırmaq üçün çalışması da həmçinin. Amma Qərbin postsovet məkanına yönəlik inqilab ssenarisinin geniş vüsət aldığı 2005-2008-ci illərdən fərqli olaraq, 2018-ci ildə rəngli inqilabların texnologiyası hər kəsə yaxşı məlum idi. Üstəlik Ermənistandakı inqilabi mühit 2005-ci ildə Mixeil Saakaşvilinin hakimiyyətə gəldiyi Gürcüstan mühiti qədər yetişmiş deyildi. Belə olan halda necə oldu ki, Nikol Paşinyan uğur qazandı? Qərb bu qədərmi qarşısı alınmaz yeni üsul və vasitələrdən istifadə etmişdi ki, Ermənistanda daimi təsirə malik Rusiya bunu hiss edə bilməmiş, aciz qalmışdı?

Demək ki, Paşinyanı əbəs yerə Sarkisyanın layihəsi adlandırmırlar. Təbii ki, Paşinyan klassik layihə deyil. Yəni o, hər bir halda Qərbin siyasi məhsuludur. Burada başlıca məqam isə odur ki, Sarkisyanın o layihənin icrasına mane olacaq imkanı var idi. Qarabağ klanından kimisə yetişdirib varis etmək mümkün idi. Bəlkə o varis var idi...

Hər şeyi alt-üst edən “aprel müharibəsi” oldu. Sarkisyan bıçağın sümüyə dirəndiyini anladı. Nəticədə hakimiyyəti Paşinyana verdi. İndi deyir ki, buna getməsəydi, qan töküləcəkdi. Sarkisyan nə zamandan qan tökülməsini önəm verən olub? İllərdir xalqın qanını içən biri mümkündürmü ki, durub hansısa vətəndaş müharibəsini düşünsün?! Düşünəndirsə, gərək indi səsini çıxarıb danışmasın, çünki hazırda Ermənistanda hadisələrin perspektivi məhz qırğını, qan töküləcəyini göstərir. Amma Sarkisyan Paşinyanı uca səslə, müxtəlif variasiyalarla satqın adlandırmaqla sanki barıt çəlləyinə od qoyur.

Nəticə bundan ibarətdir ki, Sarkisyan Paşinyanı Qarabağla bağlı günah keçisi kimi təsəvvürə gətirdi və bu zaman Rusiyanın da ölkədəki mənafeyini nəzərə almadı. Belədə Moskva özünə qarşı Paşinyanın deyil, məzh Sarkisyanın timsalında bütövlükdə erməniliyin xəyanətini gördü.

Bəli, Rusiyaya qarşı ən böyük xəyanəti Qarabağ klanı etdi. Bu klan görəndə ki, Kreml də Qarabağ münaqişəsi ilə bağlı obyektiv reallıqlar qarşısında duruş gətirə bilmir, bütövlükdə Ermənistanı Qərbə satdı. Bu gün ölkədə irəli çıxarılacaq adam yoxdur. Çünki hamısını xunta həbsxanalarda çürütdü, məhv etdi. Qarabağın əldən çıxacağını görəndə isə ölkənin qapılarını Qərbin üzünə taybatay açdı. Görünür, öz aləmində Moskvanı cəzalandırdığını düşündü...

Doğrudur, Qərb Paşinyanın hakimiyyətə gəlməsi üçün çalışdı, deyək ki, ölkə daxilində müəyyən aktivlik üçün maliyyə vəsaiti xərclədi, bunlar öz yerində. Əsas olan həmin xəstəlikdir, erməni xəstəliyi. Demək ki, Qarabağ kartı 2018-ci ildə də Ermənistanda hakimiyyətin formalaşmasına təsirini göstərmiş oldu. Diqqət yetirək, Paşinyan iqtidara yiyələnəndə Azərbaycan prezidentindən vaxt istədi ki, ölkədəki vəziyyəti qaydasına salsın. Axı o da Sarkisyanın vədindən xəbərdar idi. O da bilirdi ki, hakimiyyətə gələ bilməsinin səbəbi həm də özündən əvvəlkinin Qarabağ mövzusunda siyasi cəhətdən bitməsidir. Nəhayət, Paşinyan 2016-cı ilin dəhşətindən xəbərdar idi.

Amma Paşinyan Qarabağ mövzusundakı ənənəvi stereoptipləri aşa bilmədi. Gördü ki, konstruktivlik hakimiyyəti üçün təhdid yarada bilər. Belə olanda müharibəni yaxınlaşdıran bəyanatlar verməyə, hərəkətlər etməyə başladı. Loru desək, erməniləri qırğına verməklə ağıllandırmaq istədi. Nəticə isə məlumdur.

***

Sonda bir daha Markedonovun əvvəldə önə çəkdiyim fikrinə qayıtmaq istərdim. Bəli Qarabağ mövzusu həddən artıq məxsusidir, onu asanlıqla "bağlamaq" mümkün deyil. Əslində isə digər parlaq qüvvələrin mövcudsuzluğu şəraitində Paşinyan və komandası mövzunu bağlamaq üçün əla şansdır. Görünən budur ki, artıq baş nazirin komandası hücuma keçir. Ona qarşı müqavimət var. Ancaq müqavimət institutlaşmış deyil. Bu mənzərənin fonunda Qarabağ mövzusu Azərbaycanın “Fəryad” filmindəki erməni Xören obrazının dili ilə ancaq dad etməklə kifayətlənir. Ən pisi isə budur ki, erməni psixozunun davamlılığı bütövlükdə Ermənistan dövlətinin məhvi olacaqdır. Bir xalqın qurduğu dövlət üçün müəyyənləşdirdiyi ideyanın başqa xalqın torpaqlarının işğalı olması həqiqətən də böyük dəhşət və fəlakətdir. İdeya yoxdursa, dövlət də yoxdur demək. Qarabağ da Ermənistan üçün artıq yoxdur. Dövlətin durumu göz qabağındadır...

Əflatun Amaşov,
Azərbaycan Mətbuat Şurasının sədri

Yazı Mətbuat Şurasının sədri Əflatun Amaşovun facebook səhifəsindən götürülüb.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Əflatun Amaşov