USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Xalqın güvəndiyi Şəxsiyyət

Prezident İlham Əliyev İlahi bir qüvvə kimi sanki bu ağır günlərin  xilaskarı rolunu öz öhdəsinə götürdü.  Xalq, millət bir daha aydın şəkildə gördü ki, onun söykəndiyi, pənah gətirdiyi, bütün anlarda güvəndiyi bir rəhbəri var: İlham Əliyev!


https://img.baki-baku.az/news/2021/02/photo_2837.jpg?v=MjAyMS0wMi0xMiAxMjo0NToyNA==

Cahangir Məmmədli,
Bakı Dövlət Universiteti, Yeni media və kommunikasiya
nəzəriyyəsi kafedrasının müdiri, professor

________________________________________

Böyük şəxsiyyətlərin böyüklüyü onların dünyanı, gedişatı, həyatın rənglərini hamıdan yaxşı dərk etmələrindədir. Amma bu dərk etmə daha çox onların təfəkkür deyilən çox vacib bir keyfiyyətinin məhsuludur. Bütün bu keyfiyyətlər isə heç də birdən-birə yaranmır. Təfəkkür tərzi insanın yaranışından keçdiyi həyat yolunun məhsuludur. Bu yol hardan keçir? Bu suala məntiqi cavab təfəkkürün nizamını anlamağa xidmət edir. Hər kəsin həyatı bizim zamanımızda doğmalarının həyat tərzindən, məktəbdən başlanan yoldan, ali təhsilin seçim pilləsindən, sonrakı fəaliyyətin faktlarından keçir. Şəxsiyyət bu yolları keçdikcə onun təfəkkürü formalaşır və bu təfəkkür bəzən bütöv bir xalqın, millətin, dövlətin varlığına xidmət edir. Həm də ən çox o halda ki, şəxsiyyət kimi ciddi bir status daşıyan insan qeyd etdiyimiz ölkə, xalq, dövlət nizamında gərəkli bir rəhbərə çevrilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu yolların hamısını təmkinlə keçmişdir. Ailədə o Heydər Əliyev kimi nəinki özümüzdə habelə beynəlxalq miqyasda dövlətçilik təcrübəsinə yiyələnmiş bir şəxsiyyətin, yüksək təfəkkür sahibinin, Vətən, vətəndaşlıq, xalqa, millətə sevgi hissləri ilə yaşamış bir atanın yanında böyümüşdür. Orta məktəbi rus dilində oxumuşdur, ancaq doğma Azərbaycan dilini xalqın varlığı hesab edən atanın daşıdığı, ana dilini də yüksək səviyyədə mənimsəmişdir.

Azərbaycanın ağır günlərində millətin xilaskarı kimi ölüm-dirim mübarizəsindən qalib çıxan Heydər Əliyevin bütün epitetləri sırasında “Ümummilli lider” anlayışı nahaqdan yaranmadı. Bu Ümummilli liderin xalqa bəxş etdiyi yüzlərlə mənəvi dəyərlər içərisində İlham Əliyev ön sırada dayanır. Onun böyüdüyü ailədə mənimsədiyi ilk keyfiyyət cəsarətli olmaq anlayışıdır. İlham Əliyev atasının keçdiyi yollarda göstərdiyi cəsarəti bütöv şəkildə mənimsəmiş bir şəxsiyyət kimi böyüdü. 1990-cı ilin 20 Yanvar hadisəsində SSRİ rəhbərliyinin cinayətini dünyaya bəyan etmək üçün Azərbaycanın Moskvadakı nümayəndəliyinə  gələrkən cəsarət dərsi verdiyi oğlunu da - gənc bir tələbəni də özü ilə o təhlükəli səhnəyə çıxartdı. O səhnə ona görə təhlükəli idi ki, Bakıda yüzlərlə insanın qanına qəltan edilməsinə fərman vermiş Mixail Qorbaçov o qanlı hadisəni dünya mediası qarşısında bəyan edən Heydər Əliyevi də, onun oğlunu da, İlham Əliyevə qoşulmuş tələbə dostlarını da bir anın içində məhv etdirə bilərdi. Amma edə bilmədi, çünki onların cəsarəti qarşısında bunu edə bilməzdi...

İlham Əliyev birdən –birə prezident olmadı. O, min bir problemi olan Azərbaycanın rəhbəri olmazdan əvvəl diplomatiyanın elmi-nəzəri, praktik qanunauyğunluqlarını öyrəndi. Atasının dünyagörüşündən, fikirlərindən bəhrələndiyi hər kəsdən öyrəndi. Prezident İlham Əliyevin bu sətirlərin müəllifinin də iştirak etdiyi jurnalistlərlə görüşündə söylədiyi bir fikri misal gətirmək istərdik. 

Prezident o görüşdə çıxış edən Şirməmməd Hüseynov haqqında bir sıra xoş sözlərdən sonra üzünü bizim o müəllimimizə tutaraq dedi: “Şirməmməd müəllimin çıxışı mənim üçün çox böyük maraq doğurdu... Sizə öz hörmətimi bildirmək istəyirəm. Mən sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirəm. Yadımdadır ki, 1970-ci illərdə siz Azərbaycan televiziyasında siyasi icmal verilişləri aparırdınız. Mən o vaxt sizin verilişinizi maraqla izləyirdim. O vaxt sovet televiziyasında belə bir veriliş var idi – “Politiçeskoye obozreniye”. Onu Zorin aparırdı, ondan sonra başqaları aparırdı, bizdə isə siz aparırdınız. O vaxt xarici siyasətlə, başqa ölkələrdə baş verən hadisələrlə bağlı bizim məlumatımız yox idi. Çünki qəzetlərdə bu məlumatlar çox az verilirdi. Ona görə bu icmaldan biz məlumat əldə edirdik və o vaxtdan sizi mən qiyabi tanıyıram, sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirəm.

Azərbaycan xalqı, xüsusilə Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı sizin işinizə çox yüksək qiymət veribdir”. Prezidentin bu fikrindən həm də belə bir fakt aydın olur ki, o hələ 1970-ci illərdən - yəni lap gənc yaşlarından diplomatiyaya ciddi maraq göstərmişdir. Prezident 2005-ci ildə Milli mətbuatımızın 125-ci ildönümündə bir qrup fəal ziyalıya Prezident təqaüdü imzalamışdı və o adamların içində Şirməmməd müəllimin də olmasına görə biz ona təşəkkür edəndə üzünü bizə tutub dedi: “Şirməmməd müəllimə salamlarımı yetirin və deyin ki, mən hələ 1970-ci illərdən diplomat olmaq istəyirdim və onun Azərbaycan televiziyasındakı siyasi şərhlərindən çox şey öyrənirdik”. Bu misallar onu göstərir ki, İlham Əliyev diplomatiyaya hazır gəlmiş bir şəxsiyyətdir. Heç kimə toxunmadan etiraf edək ki, Azərbaycan yeni müstəqilliyin ilk çağında zəif, səriştəsiz rəhbərlikdən çəkdiyini çəkdi. Amma çox şükür ki, xalq da zəif rəhbərlərin zəifliyini, səriştəsizliyini çox tez duydu və güclü, təcrübəli rəhbər axtarışında ləngimədən Heydər Əliyev fenomeninə pənah gətirdi. Böyük Atatürkün aforizmidir: “Ən böyük şəxslər özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması yolunda həyatını verən insanlardır”. Böyük Heydər Əliyev sanki Atatürkün bu aforizminə cavab olaraq deyirdi: “Mən həyatım, bütün əmək fəaliyyətim dövründə ancaq xalq üçün, insanlar üçün düşünmüşəm, xalq üçün yşamışam. Bu gün də bu fikirlərlə yaşayıram”. Azərbaycanı o ağır günlərdən yalnız bu ürəyin sahibi xilas edə bilərdi. Dünya şöhrətli Z.Bzejinski elə həmin çağlarda nahaqdan deməmişdi: “Bu gün Azərbaycanı idarə edə biləcək yeganə şəxsiyyət Heydər Əliyevdir”. Belə bir tarixi şəxsiyyət özündən sonra böyük bir dövlətçilik məktəbi qoyub getdi. Bu məktəb dövlət rəhbərindən milli müstəqilliyi qorumaq, vətənə sevgi hissi ilə yaşamaq, milli iqtisadiyyatı necə dirçəltməyin yollarını bilmək, milli-mənəvi dəyərlərin qorunması və zənginləşdirilməsini həyata keçirmək, dövlətin xarici siyasət konsepsiyasını hazırlamaq və öz fəaliyyətində işlək fakta şevirmək və s. kimi onlarca, yüzlərcə çətin faktorları daim nəzərə almaq bacarığını tələb edir. Heydər Əliyevin 2003-cü ilin Prezident seçkilərində İlham Əliyevin namizədliyini müdafiə etməsi və onun Azərbaycan üçün layiqli bir Prezident olacağını xalqa müraciətlə söyləməsi də Tanrının yerə göndərdiyi bir sifariş idi. Həmin seçkilərdə xalq birmənalı olaraq Ulu Öndərin məsləhətini qəbul etdi və İlham Əliyev Prezident seçildi.

Dövlətlərin, xalqların tarixi inkişaf yolunda xüsusi mərhələlər olur. SSRİ dövləti özünün 1990-cı ilə qədərki iqtisadi göstəricilərini Rusiyanın 1913-cü ildəki göstəriciləri ilə müqayisədə təqdim edirdi. Bu gün Azərbaycanın təkcə iqtisadi inkişaf göstəriciləri deyil, digər bütün sahələrdəki inkişaf tempi İlham Əliyevin Prezidentliyə başladığı 2003-cü illə müqayisədə təqdim olunur. İlham Əliyevin rəhbərlik göstəricisinin ən aydın və ən səmərəli faktı Heydər Əliyevin dövlətçilik məktəbini yeni elmi-praktik, politoloji nizamda həyata keçirməsidir. Onun bir siyasi lider kimi xalq tərəfindən çox tezliklə qəbul olunması bu məktəbə sədaqəti, bu məktəbi bacarıqla tətbiq etməsi və bir də özünün yeni dünya düzəninə uyğun olan yaradıcılıq bacarığına bağlı oldu. Təsadüfi deyildi ki, Prezidentlik fəaliyyətinin hələ lap ilk illərində ABŞ Prezidenti Corc Buş onun gördüyü işləri belə qiymətləndirirdi: “Azərbaycan firəvan və ümidverici gələcək qurmaqda davam edir. Biz azadlıq nemətlərinin bütün Azərbaycan vətəndaşlarına çatdırılması üçün demokratik və iqtisadi islahatlar üzərində işinizi dəstəkləməkdən məmnunuq”. Bu fikir Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı ilkin çağlarda ona dünyanın ən nəhəng güc dövlətinin başçısının verdiyi qiymətdir.

Bizim gənc Prezidentimiz xarici siyasətimizi dərhal zirvələrə qaldıran bir rəhbər kimi beynəlxalq miqyasda öz bacarığını sübut etdi. Rusiya Federasiyasının Prezidenti V.Putin İlham Əliyevin məhz bu bacarığını nəzərdə tutaraq onun Prezidentlik dövrünün hələ o zamankı uğurlarını belə şərh edirdi: “Azərbaycan rəhbərliyi öz ölkəsinin inkişafı üçün təkcə xarici siyasətdə deyil, həm də iqtisadiyyatda düşünülmüş şəkildə doğru inkişaf yolu seçmişdir. Bu isə başlıca məsələdir, gələcək tərəqqinin əsasıdır”. Biz V.Putinin – dünya siyasi arenasında öz sözü olan bir dövlət başçısının bu fikri üzərində bir az dayanmaq istərdik: Azərbaycanın rəhbərliyinin – yəni İlham Əliyevin öz ölkəsinin inkişafı üçün seçdiyi strateji yolun gələcək tərəqqiyə aparan xətt kimi dəyərləndirilməsi ilə bağlıdır. Heç kim etiraz edə bilməz ki, hər şeydə, hər işdə başlanğıc, bu başlanğıcın dəqiqliyi çox vacib faktordur. İlham Əliyev belə uğurlu bir başlanğıcla meydana çıxdı və öz ölkəsini yeni inkişaf yoluna istiqamətləndirdi.

Prezident İlham Əliyev bu başlanğıcda dünya dövlətlərinin diqqətini Azərbaycana cəlb etdi, ölkəmizin bütün sahələrdəki potensial gücünü nümayiş etdirdi. O zamanın Qazaxıstan dövlətinin Prezidenti Nursultan  Nazarbayev deyirdi: “İlham Əliyev idarəçiliyi layiqincə davam etdirir, idarəetmənin sükanını təmkinlə qəbul etmişdir və ölkəni tərəqqi yolu ilə aparır. Biz bunu son illərin göstəricisində görürük. Bizim üçün Qafqazda Azərbaycan əsas dövlətdir”. N.Nazarbayevin bu fikirlərindən İlham Əliyevin hansı “idarəçiliyi layiqincə davam etdirir” və “idarəetmənin sükanını təmkinlə kimdən qəbul etmişdir” kimi ritorik suallar yarana bilər. Ona görə ritorik ki, bu sualların cavabında bir insan, bir rəhbər dayanır: Heydər Əliyev.

Biz bu məqamda dünyanın müasir siyasi, iqtisadi, ictimai gedişində sayılıb-seçilən, Heydər Əliyevin “iki dövlət, bir millət”  kimi tarixi tezisinin gerçək faktına çevrilən Türkiyənin dövlət başçısı Rəcəb Tayyip Ərdoğanın da reallığı əks etdirən bir fikrinin üstündən keçə bilmədik: “Türkiyə üçün mühüm olan Azərbaycan dövlətinin sabitlik şəraitində inkişaf etməsi, güclənməsi və Qafqaz regionunda layiq olduğu yeri tutması, Azərbaycan xalqının isə bəşəri dəyərləri mənimsəmiş demokratik, dünyəvi, insan haqlarına hörmət edilən bir ölkədə yaşamasıdır. Bu baxımdan demokratik dəyərlərə əhəmiyyət verən, islahat tərəfdarı kimi tanınan Azərbaycan dövlətinin başçısı hörmətli Prezdent İlham Əliyevin ölkənin inkişafı uğrunda atdığı addımları və çəkdiyi zəhməti təqdirlə qarşıladığımızı bildirmək istəyirəm”.

Dünya liderlərinin cəmi bir neçəsinin fikirlərindən gətirdiyimiz bu misalları tariximizin təxminən 14-15 il bundan əvvəllərinin qürurverici faktlardır. Bəs ötən 14-15 il ərzində nələr baş verdi? Əlbəttə, bu suala cavab elm adamlarımızın, iqtisadçılarımızın, politoloqlarımızın, publisistlərimizin araşdırmalarında öz əksini tapmışdır. Amma bununla belə bu mövzu ilə bağlı fundamental tədqiqatlar yəqin ki, hələ qabaqdadır.

Yazılı elmi ədəbiyyat, tarixə düşmüş yazılı fikirlər öz yerində. Amma xalqın, millətin, sadə insanların yaddaş deyilən bir faktı da var ki, bəlkə elə hər şey bundan başlayır. Xalqımızın yaxşı yadındadır ki, çox da uzaq olmayan illər öncə Azərbaycanda 50 faizə yaxın bir kasıblıq, dolanışıq dərdi çəkən insan var idi. Bu gün o faiz 4-5 həddinə çatıb. İllər öncə bundan əvvəl işsizlik sayının yüksək rəqəmi bizdə təşviş doğururdu. Bu gün yeni yaradılan minlərlə iş yeri adamlarımızın rəğbət mənbəyidir. Bir az bundan əvvəl sosial islahatlar bir semantik dil vahidi kimi işlək lüğət tərkibində nadir hallarda görünürdü. Geridə qalan illərdə mağazaların qarşısında yaranan çörək növbələrini bu gün xatırlayanda adamın özünə yazığı gəlir. Bu gün medianın maarifçilik gündəmində “çörəyi israfçılıqla işlətməyin” cümləsi həm də onun bolluğundan xəbər verir. İllər öncə Azərbaycan adamının təqaüdü onun təkcə çörəyinə bəs edirdi. Bu gün aparılan sosial islahatlar sistemində dövlət təqaüdü hər gün, hər il yüksəlməkdədir. Müstəqilliyin ilk illərində yeni “dövlətin” büdcəsində uzağı 300 milyon dollar var idi. Bu gün Azərbaycan dövlətinin büdcəsi 20 milyard dolları çoxdan aşıb. İllər öncə universitet professoruna maaş əvəzinə kartof, soğan payı təqdim olunurdu. Bu gün universitet professoru ranqından asılı olmayaraq 1000-1500 manat maaşa sahibdir. İllər öncə Bakı küçələrində avtomobili barmaqla saymaq olardı. Bu gün Bakı küçələrini tıxaclardan necə xilas etmək haqqında dövlət planı həyata keçirilməkdədir. Qarabağ savaşından keçən uzun illər ərzində qaçqın və köçkünlərimiz magistral yolların kənarında qamış daxmalarda, köhnə vaqonlarda, ən yaxşı halda tələbə yataqxanalarında yaşayırdılar. Bu gün bir milyondan artıq qaçqın və köçkünlərimiz onlar üçün salınmış ən müasir evlərdən ibarət şəhərciklərdə yaşayırlar. Dünənki hakimiyyət Qarabağ savaşını özü üçün gəlir mənbəyinə çevirmişdi. Bu gün Qarabağ probleminin həlli bir çox beynəlxalq səlahiyyət təşkilatlarının gündəmindədir. Bir neçə il əvvəl Azərbaycanın iqtisadi inkişafı, ümid yeri neft hasilatına tabe idi. Bu gün kənd təsərrüfatının yüksək göstəriciləri ölkəmizi neft asılılığından xilas etməkdədir. Dünən Azərbaycanın köhnə magistral yollarından keçən avtomobil o yollardan sonra mütləq təmirə dayanmalı idi. Bu gün ölkəmizin nəinki ana yolları, habelə rayonlararası, kənd və qəsəbə yolları dünya standartları səviyyəsində yenidən qurulub. Bu yolların səviyyəsini görmək üçün AzTV-nin dronlar vasitəsilə çəkib tamaşaçılara təqdim etdiyi canlı videoçarxlara baxmaq yetər. Dünən pərakəndə, könüllülərin birləşdiyi, komandirlərin və komandaların bəsit hərbi format oyunları bu gün ən müasir silahlara malik bir milli ordu ilə əvəz olunub. Dünən torpaqlarımızı kənd-kənd, rayon-rayon, bölgə-bölgə təslim edən köhnə, nimdaş hakimiyyət bu gün elə bir qüvvəyə malik hakimiyyətlə əvəz olunub ki, cəbhə bölgəsində düşmənin 5 metrliyində yaşayan camaatımızın heç nədən qorxusu yoxdu, çünki o bölgələri nizami bir ordu, içində vətən sevgisi, Prezdentinin inamına söykənən əsgər qoruyur. Bu tipli sadalamaları bütöv kitabı tutacaq, minlərlə səhifəlik yer alacaq mətnlərdə davam etmək olar.

Biz xalq yaddaşından bəhs etdik. Xalqın yaddaşında kök salan minlərlə inkişaf, yeniləşmə faktı onun öz Prezdentinə inam və sevgisini ifadə edir. Postulat səviyyəsində belə bir fikir var: öz xalqının, öz millətinin sevmədiyi rəhbərin beynəlxalq düşərgədə də yeri olmaz. Bütün bu islahatların İlham Əliyevin öz xalqına sevgisindən doğduğu göz qabağındadır. Ağcabədidə qaçqın və köçkünlər üçün tikilən şəhərcikdə mənzil sahiblərinə açar təqdim edir. Və qəflətən məlum olur ki, bu gün Prezdentin doğum günüdür. O anda Prezident yığılan camaata doğma, səmimi sözünü deyir: “Bu gün mənim ad günümdür. Ancaq mən bu ad günümü Sizinlə, mənə daha doğma olan insanlarla birgə keçirmək istədim”. Adamlar bu sözlərdən duyğulanır. Prezidentin bu səmimiyyəti onları riqqətə gətirir. Düşmən bir daha zəlil xislətini göstərib Tərtərdə, Ağdamda bir neçə evi top mərmisinə tutub dağıdıb.  Prezident elə o gün hadisə yerindədir. Doğrusu, hamımız narahatıq: düşmən zəlil xislətini göstərib o nöqtəni yenə vura bilər. Yox, Prezident sevdiyi insanların əhatəsindədir və o, heç nədən qorxmur...

Şamaxıda əməlli-başlı zəlzələ baş verib. Prezident dərhal oraya səfər edir. Xalqın içində hadisənin təfərrüatını birbaşa zərərçəkənlərlə müzakirə edir.  Hər yerdə olduğu kimi, bu məqamda da ömür -gün yoldaşı, Birinci vitse-prezidentlə birgə. Yəqin o məqamda Prezidentin və Birinci xanımın Şamaxı sakinləri ilə səmimi görüşləri nəinki yerli camaatın, habelə  bütöv bir xalqın heç vaxt yadından çıxmayacaq.

Prezident dağılan evlərin, məktəb  binalarının yenidən tikilməsi, bütün dağıntıların aradan qaldırılması haqqında göstərişlər verir. Cəmi bir neçə ay keçir və Prezident yenidən Şamaxıya səfər edir: Yenidənqurmanın necə həyata keçirildiyini görmək üçün. Yenə Şamaxı sakinlərinin arasında, yenə ağsaqqallar, gənclər. Televiziya tipik nümunə üçün yaşlı bir qadına təhvil verilmiş yeni evi göstərir. Prezident və xanımı bu ailə ilə səmimi söhbət edir, sanki, ən əziz, doğma bir ailə ilə!

Prezidentin belə görüşlərdə müntəzəm olması onun xalqa, millətə, torpağa, kəndə sevgisinin ifadəsidir.  Və belə görüşlər o qədər çoxdur ki, saymaqla qurtarmaz. Mən çox istərdim ki, hörmətli oxucu Azərbaycan Prezidentinin müxtəlif xarakterli görüşlərdəki nitqini, iştirakçılarla münasibətini bir daha xatırlasın və belə görüşləri izləyəndə İlham Əliyevin nitqinə diqqət yetirsin. Prezident görüş keçirdiyi hər bir toplumun qarşısında çıxışı, bu anda insanlara müraciəti məqamında bu toplumun tipaloji xarakterini mütləq nəzərə alır.  O, elita ilə görüşlərdə nitqin elmi-populyar üslubunu, gənclərlə təmasda onların yeni dünyaya istiqamətlənən düşüncələrinin hesaba alınmasını, kənd yerlərindəki görüşlərində xalqın danışıq üslubuna üstünlük verməsini hamımız görməkdəyik. Prezidentin doğma ana dilinə ədəbi dilimizin çeşidli üslublarında yanaşması, ərəb-fars izafət tərkiblərindən tutmuş modern alınma sözlərə qədər işlək lüğətimizin dərinliyinə  varması onun bu dilə sevgisindən irəli gəlir.

Mən Ümumimilli liderimiz Heydər Əliyevin Respubilkamıza  rəhbərlik ömrünün  bütün anlarının şahidi və bu anları yaddaşında saxlayan  bir vətəndaş kimi, bəlkə də ixtisasıma görə - politologiyaya yaxın adam kimi deyə bilərəm ki, o rəhbərin ölkədə diqqət etmədiyi bir sahə yox idi: dövlətçilik, iqtisadiyyat, mədəniyyət, milli-mənəvi dəyərlər, mətbuat, milli sivlizasiya, elm və təhsil... bir sözlə-bütün sahələr. Belə bir dövlətçilik və bu dövlətə liderlik məktəbini İlham Əliyev təkcə dövlətə məsuliyyət daşıyan Prezident kimi deyil,  həm də Vətənə sevgi hissi ilə yaşayan bir Vətəndaş kimi davam etdirir.Heydər Əliyevin Azərbaycanı neftin gücünə ucaltması bu koronavirus anında qəflətən qiymətin bütün dünyada sıfıra düşməsilə  yeni iqtisadi axtarışlar tələb etdi. Prezident İlham Əliyev hələ neçə illər əvvəl neft kapitalını insan kapitalına çevirməyi mənəvi cəhətdən sübüt etmişdi.  “Neft haçansa tükənə bilər” həqiqəti İlham Əliyevin heç vaxt tükənməyəcək kənd təsərrüfatına xüsusi diqqət göstərişini tarix hələ yəqin ki, gələcəkdə qiymətləndirəcək. İlham Əliyevin yeni texnalogiyaya ayırdığı dövlət diqqəti bu gün öz səmərəsini Azərbaycan peykində, ASAN xidmət modelində, milli avtomobil istehsalında, Sumqayıtdakı texniki inqlab formatında, kənd təsrrüfatının elektronlaşdırılmasında özünü göstərməkdədir.

...Və ölkəmizin bu inkişaf çağında dünyanı cənginə alan, ən  dəhşətli müharibələrdən  də təhlükəli koronavirus təhlükəsi. Bütün özündən deyən ölkələrin heç biri bu təhlükənin reallığını İlham Əliyev qədər dərindən görə bilmədi. Prezident bu koronavirusun pandemiyaya çevriləcəyini Ümumdünya Səhiyyə Təşkilatından da əvvəl elan etdi və xalqı ona qarşı mübarizədə  birgəliyə çağırdı. Bütün dünya gördü ki, İlham Əliyevin qabaqlayıcı tədbirləri bir təcrübə kimi istifadə olunmağa layiqdir.

Prezidentin fədakar həkimlərə dövlət qayğısı da  MDB məkanında çox yüksək qiymətləndirildi. Onun xüsusi sərəncamı ilə ön cəbhədə olan həkimlərin maaşları 3-5 dəfə qaldırıldı. Koronavirusla mübarizə üçün xətəxanalar hazırlıq vəziyyətinə gətirildi. Otellərin bir çoxu xəstəxana kimi hazırlandı. Təhvil verilməsi gələn ilə müəyyənləşdirilən  xəstəxanaların tikintisi tezləşdirilib istifadəyə verildi. Bakıda və regionlarda modul tipli xəstəxanalar tikildi. Karantin rejimi tədbiq olundu. Prezidentin humanist addımları hesabına heç kimin işdən ixtisarina yol verilmədən maaşlar olduğu kimi yerində qaldı. Çox ciddi  sosial islahtlar aparıldı, sosial yardımlar təyin edildi. Bunlar saymaqla qurtaran deyil və biz bu yerdə belə bir nəticəyə gəıirik ki, Prezident İlham Əliyev İlahi bir qüvvə kimi sanki bu ağır günlərin  xilaskarı rolunu öz öhdəsinə götürdü.  Xalq, millət bir daha aydın şəkildə gördü ki, onun söykəndiyi, pənah gətirdiyi, bütün anlarda güvəndiyi bir rəhbərləri var: İlham Əliyev!

Qarabaın işğaldan azad edilməsi, ədalətin Zəfər çalması, Azərbaycan Bayrağının Şuşa qalasında dalğalanması  isə sübut etdi ki, o, təkcə Prezident deyil, Müzəffər Ali Baş Komandandır! 30 ilə bərabər 44 günlük  tarixi savaş Müzəffər Ordumuzun, Ali Baş Komandanımızın gücünü, qüdrətini dünyaya nümayiş etdirməklə yanaşı, həm də bir xalq, millət olaraq varlığımızı, iradəmizi, əzmimizi sübut etdi!




Redaktorun seçimi

Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi
Dünya qlobal iqlim fəlakəti astanasında
  • Daxili siyasət
  • 10:04 19.03.2024
Dünya qlobal iqlim fəlakəti astanasında
Avropa Parlamentinin qərəz marafonu
  • Daxili siyasət
  • 10:06 18.03.2024
Avropa Parlamentinin qərəz marafonu

Cahangir Məmmədli