USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Nijdenin Xocavənddəki heykəli barədə - BAXIŞ


https://img.baki-baku.az/news/2021/02/photo_2661.jpg

Terrorçu, faşist Qaregin Nijdenin Xocavənddə ucaldılmış heykəli ilə bağlı məsələ ötən həftə Azərbaycan mediasının gündəmindən düşmədi. Yalnız mediada deyil, sosial şəbəkələrdə də bu barədə kifayət qədər söz açıldı.

Ümumən, erməni təxribatının miqyası ağlagəlməz dərəcədə böyükdür. Bunu çox yaxşı bacarırlar. Mövcud istiqamətdə sistemli iş aparmaq təcrübələri var. Zaman da göstərdi ki, onlarla danışmağın ən yaxşı yolu gücdür. Güc olmasa, hətta beynəlxalq hüquq baxımından özlərinə sərf etməyən istənilən ciddi məsələnin qarşısını almağı bacarırlar. Diplomatik dələduzluqda “məharətlidirlər”. 30 ilə yaxın müddətdə dünyanı saya-salmamaq sıradan məsələ deyil. İstər-istəməz təsəvvürümüz də mövcud stereotipə köklənərək formalaşıb.

Müharibə dövründə də çeşidli erməni təxribatları oldu. Onların heç biri bizi yolumuzdan döndərə bilmədi. Çünki güclü idik. Güclü olub, qalib gəlsək də, içimizdə erməninin, Ermənistanın hər an təxribat edə bilmə təhlükəsini yaşadırıq. Bu, bir yandan yaxşıdır. Amma...

Bəli, o təxribatı “yeməyə” də hazırıq. Əlbəttə, pusquda durub “yeməyi” gözləyənlərimiz, müəyyən siyasi məqsəd güdənlərimiz var. Belələrindən geniş danışmaq istəməzdim. Hərçənd onlar Xocavənddə Qaregin Nijdeyə heykəl qoyulması məsələsini körüklədilər, Azərbaycan hakimiyyətinin Qarabağ siyasətini tənqdi etdilər, hansısa paralellər apardılar, “nəticələrə” gəldilər. Bu öz yerində.

Sadə xalq kütlələri tam asanlıqla inana bilərlər ki, ermənilər Xocavənddə Nijdeyə heykəli məhz bu yaxınlarda uzaldıblar. Hər kəsə yaxşı məlumdur ki, erməni həyasızlığının həddi-hüdudu yoxdur. Çoxları ermənilərin bu məsələni məhz indi qəsdən Azərbaycan cəmiyyətinə təsir göstərmək, onu hiddətləndirmək, daxildə hakimiyyətə qarşı olanların ağzına söz vermək üçün yaydıqlarının fərqinə varmaz və varmadı da.

Bu durumda nə etməliyik? Kimisə qınayaqmı ki, sən nə üçün erməni təxribatına uymusan? Hansısa media orqanını məzəmmət edək ki, niyə Nijdeyə heykəlin indi yox, daha əvvəl qoyulduğunu müəyyənləşdirməmisən? Təbii, yaxşı olardı ki, jurnalistlərimiz araşdırsınlar, həqiqətləri, gizli məqamları diqqətə çatdırsınlar, amma informasiya əsridir. Üstəlik bu, elə bir informasiyadır ki, kütləvi informasiya vasitələri onu daha tez yaymaqla ölkə üçün xeyirli iş gördüklərini düşünə bilərlər.

***

Bu yerdə müharibə dövrünə qayıtmaq istərdim. Hesab edirəm ki, 44 gün ərzində Azərbaycan xalqı kimi, müvafiq dövlət qurumlarımız da kifayət qədər monolit komandaya çevrilməyi bacardılar. Ermənilərin yaydıqları təxribatçı məlumatlara ya Müdafiə Nazirliyi, ya da Xarici İşlər Nazirliyi kifayət qədər çevik reaksiyalar verdi. Reaksiyalar o qədər çevik idi ki, informasiya işi ilə məşğul olan adam kimi mən özüm təəccüblənirdim. Qürur duyurdum. Bəzən erməni saytında bir məlumat oxuyur, hesab edirdim ki, bununla əlaqədar cavab olmalıdır. Öz informasiya resurslarımıza baxanda görürdüm ki, həmin cavab artıq rəsmi səviyyədə yayımlanıb. Nəticədə erməni yalanları xalqımızın ümumi ahənginə zərrə qədər də təsir göstərmədi. İctimai rəy bir an belə ruh düşkünlüyü yaşamadı. Yəqin bunun nə dərəcə ciddi amil olduğunu izah etməyə ehtiyac yoxdur.

***

Müharibə bitəndə biz hamımız deyirdik ki, indi savaşın daha ciddi fazası başlayıb. Həqiqətən başladı da. Azərbaycan mediası bunu dərk edir. Reaksiyası bacardığı qədər adekvatdır. Nəyə görə bacardığı qədər deyirəm? Çünki media işi hər bir halda xəbər yayıcılığıdır. Burada rəqabət məsələsi var. İstəsək də, istəməsək də belədir. Yəni sözüm odur ki, mən mediadan Roma papasından daha artıq katolik olmağı gözləməyin tərəfdarı deyiləm. Ümumiyyətlə obrazlı desəm, Roma papasından daha artıq katolik olmağa heç ehtiyac yoxdur. Hərə öz işini görməlidir. Qaregin Nijdeyə heykəlin indi yox, daha əvvəl qoyulduğunu bildirmək, indi yayılanların erməni təxribatı olduğunu müəyyənləşdirib xalqa çatdırmaq lazımdırsa, bunu yalnız medianın və ya sosial şəbəkə istifadəçilərinin düşünməli olduğu qənaətindən uzağam. Həm dövlət qurumları, həm xüsusi beyin mərkəzləri vəziyyəti izləməli, tez bir zamanda reaksiyanı təmin etməlidirlər ki, media da həmin məqamları cəmiyyətə çatdırsın, insanlarımızın yanlış düşünmələrini önləsin. Yenə də deyim, bunu 44 günlük müharibə müddətində çox yaxşı bacardıq. Kifayət qədər ciddi təcrübə əldə etdik. Arzu edirəm ki, yenə də bacaraq. Bacaracağımıza inanıram. Sadəcə prosesə müharibədə müdətində olduğu qədər köklənməliyik. Elə mediamız da köklənməlidir.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Əflatun Amaşov