USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bir kərə yüksələn Bayraq bir daha enməz!


https://img.baki-baku.az/news/2021/01/photo_2658.jpg?v=MjAyMS0wMS0zMSAyMDowOTozMg==

Bu gün Onun, mənim, sənin, yer üzünə səpələnən 50 milyondan çox Azərbaycanlının, dünyanın ən qüdrətli Azərbaycanlısından birinin, Cümhuriyyət Kişisinin, qeyrətin, cəsarətin, ləyaqətin, Cümhuriyyətin günüdür!

Bu gün həm də ölümü ilə Ölümsüzlüyə qovuşan millətin MİLLƏT olduğu gündür! Onun doğulduğu gün yoxdan bir Bayraq yapan, Dövlət quran millət, məmləkət də yenidən doğuldu!

Milli mücalidədən milli dövlətçiliyə yollar göründü. Doğulanda Bələyə bükülən Məhəmməd Əmin dünyadan gedəndə Bayrağa büründü! Millətimiz, məmləkətimiz, qeyrətimiz, Bayrağımız Tanrı Dərgahında göründü. Mələklər suya çəkdi!

Yanvarın 31-i öncə mayın 28-nə, sonra da martın 6-na qovuşdu. Ruhunu cisminə geydiyi gün bizi bizdən, özümüzdən edən Rəsulzadənin ruhunun bədəndən qopduğu gün Vətən – Azərbaycan olduq! Gələndə “Ana”, gedəndə “Ana Vətən – Azərbaycan!” – söylədi Rəsulzadə! Andı da, amanı da, son gümanı da. əmanəti də Vətən oldu!

“Yaşa, yaşa, çox yaşa Azərbaycan!” nidası ilə Türkiyədə cismini torpağa əmanət edən Rəsulzadənin adına, ehtişamına layiq bir abidəsi, türbəsi, məqbərəsi olmasa da, dünyanın hər yerindən görünən, millətinin, məmləkətinin özgürlük rəmzinə dönən üç rəngli, hilallı, ulduzlu Bayraq adında bir abidəsi var!

Prezident cənab İlham Əliyevin ucaltdığı Xəzərin yaxasında bitən dünyanın ən qüdrətli, əzəmətli Bayraq Dirəyidi, ən Böyük Bayrağıdı Rəsulzadə! Şuşa qalasına, Ağoğlan qəsrinə, Xudafərin körpüsünə, Murovun zirvəsinə, Ruh yüksəkliyinə onunla getdik.

Ürəyimizdəki Rəsulzadəni çiynimizdən, ruhumuzdan, birliyimizdən, bütövlüyümüzdən, Qeyrətimizdən, Namusumuzdan, Vətən sevgimizdən dirildib, dirçəltdik! “Yaşa, yaşa, çox yaşa Azərbaycan!” dedik. Bu onun, zinəti də, möhnəti də Azərbaycan olan Cümhuriyyət Kişisinin ən böyük Mükafatı idi.

Təpərimiz, çəpərimiz, Qələbə əzmimiz oldu Bayraq! Düz 44 gün adına şölənlər quruldu. Vətənin hər qarışına Azadlıq toxumları səpildi. Bayraq dikildi. Al qanı ilə torpağı Vətən edən Şəhidlərin cənazəsinə bükülən Bayraqdı Rəsulzadə! Qüdrətli Azərbaycan ordusudu, sənsən, mənəm, odu, o biridi, varını–yoxunu Vətənə fəda edən, Müzəffər Ali Baş Komandanın Dəmir İradəsi llə “Dəmir Yumruq” olan  millətdi, məmləkətdi, Rəsulzadə!

Təqaüdünü Silahlı Qüvvələrə Dəstək Fonduna bağışlayan Babadı, bayraq tikən Nənədi, Gəncədə gecənin bir aləmi düşmənin üstünə od ələyib yuvasını dağıtdığı, dağıntı altından Bayrağı sinəsinə sıxıb çıxaran Nəvədi, Rəsulzadə!

Bir də oğlunun bükülüb gəldiyi Bayrağı Şəhid müqəddəsliyi, Vətən əmanəti bilib sinəsinə sıxan, ondan həsrətin iyini, ətrini alan Şəhid Anasıdı, Şəhid Atasıdı, Rəsulzadə!

Adına, gününə, ruhuna, hər halına, Əbədi İstiqlal adında xəyalına, ziətinə, möhnətinə, Azərbaycanına qurban olum!

Şərəf Cəlilli




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Şərəf Cəlilli