USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dirilişin, Dirçəlişin, Qayıdışın mübarək Azərbaycan!


https://img.baki-baku.az/news/2021/01/photo_2501.jpg?v=MjAyMS0wMS0xOSAxNDo1MToxNA==

Düz 31 il öncə Bakı qana boyanmışdı. Öz qanına! Üstümüzə istiqlalın qanı tökülmüşdü. Milli Dirçəlişdən Milli Qurtuluşa, əbədi İstiqlala yol gələn xalq milli kimlik, milli mənlik uğrunda mücadilədən qalib çıxmışdı. İstiqlal sevdasının, özgürlük davasının qabağında Şura hökuməti dura bilməmişdi. Kərbəlayi İsmayıla dönən millət, “Şura hökumətinin topu, topxanası, cəbbəxanası bizim də namusumuz, qeyrətimiz var” deyib, əyninə kəfən geymişdi. “Ya azad ol, ya tamam yan Azərbaycan!”, “Azərbaycan gec qızan bir daş qazana bənzər, o, gec qızar, gec də soyuyar!”, “Özünü dərk edən ölümsüz millətə ölüm yoxdur!”, “Bir kərə yüksələn bayraq bir daha enməz!” nidası ilə dövlətçilik adına yeni tarix yaradan  Rəsulzadəyə, Səttərxana, Xiyabaniyə dönmüş, “Öldü var, döndü yoxdu!” demişdi. 20 Yanvar dəhşətlərini Dirilişin, Dirçəlişin dastanı bilmişdi. “Sən haqqın yolunda ol ki, Haqq da sənin yanında olsun!” əzəməti ilə tarix yaradan millət Lenin meydanını Azadlıq meydanına çevirən Haqq  Aşiqlərini, İstiqlal Fədailərini ürəyinin başına qaldırıb Çəmbərəkəndə qalxmış, bir ömür qatili olmuş rus imperiyasını S.M.Kirovun abidəsinin üzündə yerləbir etmişdi. Göydə Allah, yerdə İstiqlal deyən millətin səsinə səs Moskvadan gəlmişdi. Heydər Əliyev varisi ilə birlikdə Daimi Nümayəndəliyimizə gələrək xalqlq həmrəyliyini bildirmiş, partiya biletindən imtina etməklə M.Qorbaçov rejiminə etirazını nümayiş etdirmiş, “Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə Azərbaycan yoxdur!” nidası ilə Sovet İttifaqına tarix dərsi vermişdi. Bu bizim Xocalı dəhşətimizə, Şuşa, Qarabağ, Zəngəzur adında 28 illik kədərimizə, nisgilimizə çevrilmişdi. Şura hökuməti bununla gözümüzü qırmaq istəmişdi. Eyni zamanda, ərazi bütövlüyü uğrunda ayaqda olan millətə göz dağı vermək üçün Nəriman Nərimanovdan, polkovnik – komissar Əziz Əliyevdən sonra növbəti Liderini – Heydər Əliyevi hədəfə almışdı. Heydər Əliyevin etirazı Təbrizə, Dərbəndə, Borçalıya, İrəvana bölünən Azərbaycanın etirazı idi. Azərbaycanı sındırmağa yol onun üzərinə yeriməkdən, Qarabağda qan tökməkdən keçirdi. Yeridi, gəldi, tökdü, öldürdü, bir milləti qaçqına, köçkünə, şəhərlərini, kəndlərini xarabalığa çevirdi. NOOLDU?!

Zalımın zülmünü, məzlumun ahını Tanrı 28 il götürdü. Sonra da qəmin, həsrətin pərdəsini qəlbi dağların, sərt qayaların üstündən, üzündən götürdü. Bizim işimiz haqq işidir! Biz zəfər çalacağıq! Qarabağ Azərbaycandır! nidası ilə başlayan,  hər biri bir zəfər, bir dastan olan 44 günlük savaşla tarixi ədalət bərpa olundu. Bayrağımız Murovun zirvəsində, Ruh yüksəkliyində, Ağoğlan qəsrində, Şuşa qalasında, Xudafərin körpüündə göründü! Müzəffər Ali Baş Komandanın, qüdrətli Azərbaycan Ordusunun iradəsi ilə Azərbaycan əsgəri ruh bədənə girən kimi Şuşaya girdi! Qalada div əlində əsir qalan gözəllərin və gözəlliklərin diyarı – Odlar Yurdu Azərbaycan əsarətdən qurtuldu. Dirçəliş dastanını 20 Yanvar Şəhidlərinin al qanı ilə yazan millət Qurtuluş tarixini, Əbədi İstiqlal Manifestini Vətən Müharibəsi Şəhidlərinin, Qazilərin al qanı ilə yazdı. “Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə Azərbaycan yoxdur!” nidası ilə meydanlara axışan xalq “Qarabağ Azərbaycandır!” həqiqəti ilə böyük Zəfərə nail oldu. Bu onun üzləşdiyi Vətən müharibələrində ilk QALİBİYYƏTİ idi!

Bir zamanlar övlad həsrəti ilə aləşıb yanan Xurşidbanu Natəvan – Banu Bəyim ata mülkünün kor qalmaması üçün üzünü Tanrıya tutub oğul payı dilək etmişdi. Diləyi hasil olsa Şuşadan Bakıya, Bibiheybətə, əhli – beytdən nişanə Hökumə xanımın dərgahına yol salmağa vəd vermişdi. Ulu Tanrı Pənahəli xanın, İbrahimxəlil xanın ocağına Mehdiqulu xan adında çıraq yollamışdı. Duası hasil olan, Haramı düzündən Şuşaya arx, İsa bulağından bulaq çəkdirən Banubəyim Şuşadan Bibiheybətə yol saldırmışdı. “Mən xoşbəxtəm ki, Ata vəsiyyətinə əməl etdim!” “Əziz Şuşa sən azadsan! Biz qayıtmışıq! Biz səni dirçəldəcəyik!” nidası, 44 günlük haqq davası ilə tarixi Zəfərə imza atan Müzəffər Ali Baş Komandan Bakıdan Şuşaya bir yol saldı: Qələbə Yolu!

Vətən mücahidlərinin, İstiqlal fədailərinin ruhunun dolandığı Yolun o başından Milli Dirçəlişin, bu başından Böyük Qayıdışın dastanını yazan, Dəmir Yumruğa dönən millətin Vətən Sevgisi boy verir!

Şuşa sərt, sıldırım qayalar üzərində bir qaladır. Üstündə Müzəffər Ali Baş Komandandır! Ondan aşağıda gavurlar, yuxarıda Allahdır! Kim nə deyir desin, nə düşünür düşünsün. Biz qayıtmışıq! Şuşanın üç qapısı var: Gəncə qapısı, İrəvan qapısı, Ağoğlan qapısı. Bu bizim ömrümüz, günümüz, tariximizdir. Laçın dəhlizi Ağoğlan qəsrinin ətəyində, Ağoğlan qapısının ağzındadır. Ağzımızı açdırmasınlar. Od püskürərik. Gələrlər Dəmir Yumruğu bir də görərlər! Şuşadan Ağoğlan qəsrinə, Gəlin qayasına, Güləbörd kurqanlarına, İrəvan qalasına bircə qarışdı...

Topxana düzündə qırılan təkcə bir armud, əslində Yaddaş Ağacından ötrü Lenin meydanına axışan, Ulyanovun abidəsini yerlə bir edən, 20 Yanvar Şəhidlərinin al qanından əyninə kəfən biçən xalq 30 il sonra Şuşa qalasına, Milli Dirçəliş hərəkatının başladığı qızıl payızda – noyabr ayında Bayraq sancıb Zəfər çalırsa, dünya dağılsa da, Laçını sara verməz, İrəvanı qara qoymaz, xaraba etməz! Gərək ki, unudulmasın. Naxçıvandan Zəngəzura, Ağrı dağına yollar görünür!

Ağrı dedim! Ali Baş Komandanımız “Mən bəlanı istərəm, çün istər bəla məni.” nidası ilə ərəb səhralarının Bayat boylu, Ağ atlı oğlanının – Mövlana Məhəmməd Füzulinin adına ad olunan, işğaldan azad edilən Füzulidə Hava Limanının təməlini qoydu. “Mən cahan mülkündə mütləq doğru halət görmədim, hər nə gördüm əyri gördüm, doğru babət görmədim.” - gileyi ilə dünən Qarabağın vəziri kimi Ağa Məhəmməd şah Qacarın da, cəllad Sisyanovun da qabağında duran, bu gün Cıdır düzündən, Topxana meşəsindən talan və viran Qarabağa, Zəngəzura sarı boylanıb “Belə gözəl yerin, gözəl məkanın bir gözəl obası hayıf ki, yoxdur!” kədəri ilə dərdə dərman, haqqa fərman dünyanı Haqqın, haqlının yanında olmağa çağıran, ehtişamı, məqbərəsi dağılan Molla Pənah Vaqifin ruhuna ehtiramın əlaməti kimi “Vaqif poeziya günlərinə” 28 il sonra yenidən həyat verən, onun məqbərəsinin açılışında 39 il öncə atası ilə birlikdə iştirak edən, dünən şahzadə kimi qədəm qoyduğu torpağa bu gün sərkərdə - xaqan,  Müzəffər Ali Baş Komandan kimi daxil olan Prezident cənab İlham Əliyev “Xari bülbül” festivalına da yol verdi. Şuşanı mədəniyyət paytaxtı elan etdi. 28 il sonra könlünün sultanı – ölkənin Birinci xanımı Mehriban Əliyeva və ana nənəsinin adını daşıyan qızı Leyla xanımla Şuşada gecələdi, səhəri dirigözlü açdı. Bununla xanimanı dağılan Pənahəli xanın sarayına ailə - ocaq hənirtisini, istiliyini, həsrətini, nisgilini qaytardı. Səsimiz, nəğməmiz olan Şuşanın nəfəsimiz olduğunu dünyaya sübut etdi. Bu həm də Qalada qonaq deyil, Varis, Sahib olmanın göstəricisi idi!

O bir Varis, eyni zamanda varislər yetirən Varisdi! Dədələrin nəsihəti, Ataların vəsiyyəti onun üçün şərtdir. Amma onun həm də öz yolu var: Qələbə, Zəfər Yolu!

Biz millət, xalq olaraq  o Yolu ürəyimizin başından saldıq! Haqqın, Allahın yoludur o Yol! Şah damarımız qədər bizə yaxındır! Səlcuqlu fatehlər savaşa yollananda “Səfər bizim, Zəfər Allahındır!” deyər və qalib dönərdilər! Biz 20 Yanvar gecəsində ölümü ilə ölümsüzlüyə qovuşmağı bacarmasaydıq, 28 ilin intizarından sonra müqəddəs ruha, hilallı, ulduzlu Bayrağa dönüb Şuşa qalasında görünməzdik! Natəvanın, Üzeyir bəyin, Bülbülün düşmən gülləsinə tuş gəlmiş abidələrini haqq etdiyi məqama – Bakıdan Şuşaya yetirməzdik!

Vətəni sevmək, yolunda can vermək, Ölümü ilə Ölümsüzlüyə qovuşmaq bizim alın yazımız, Tanrıdan tale payımızdır! 20 Yanvar adlı Şəhadətin, Şuşa qalasındakı Səadətin, Dirilişin, Dirçəlişin, Qayıdışın mübarək Azərbaycan!

Şərəf Cəlilli




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Şərəf Cəlilli