USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

La(vrov)çın dəhlizi və cəhənnəmdəki statussuz reallıqlar


https://img.baki-baku.az/news/2021/01/photo_2490.jpg?v=MjAyMS0wMS0xOCAxOToxMjoyOA==

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözündə məntiq var. Laçın dəhlizi ermənilərin Ermənistanla əlaqəsini təmin etmək üçündür. Diplomatın fikrindən anlaşılan budur ki, o, sıravilərlə yanaşı, Ermənistan rəsmilərinin də Qarabağa gedib-gəlməsində problem görmür.

Lavrov məsələdə problem görməyə bilər. Ancaq bəlkə özü də fərqinə varmadan problemin olduğunu etiraf edir. O deyir ki, erməni rəsmilərin Qarabağla bağlı olduqca siyasiləşmiş bəyanatlar vermələri gərginlik yaradır və bundan uzaq durulmalıdır. Sual olunur, necə?

Azərbaycanın məsələyə baxışı konkretdir. Ölkəmizin Xarici İşlər Nazirliyi erməni rəsmilərini Qarabağa səfərlərdən çəkinməyə çağırıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin reaksiyası isə kifayət qədər qətidir  - “Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Oxşar addım təkrarlanarsa, cavabımız çox sərt olacaq”. Bütün bunlar problemə indidən kompleks yanaşmanı zəruriləşdirir. Özü də təxirə salmadan.

Rusiya tərəfinin iddia etdiyi kimi, Dağlıq Qarabağın statusu yoxdursa, o zaman belə çıxır ki, keçmiş Dağlıq Qarabağ Muxar Vilayətinin ərazisi, yəni beynəlxalq hüquqla Azərbaycanın tərkib hissəsi olan bölgə hazırda de-fakto havadadır. Prinsipcə, burada az fərqi var ki, ora gedən dövlət rəsmisidir, ya Qarabağda qohumunun yanına qonaq kimi yollanan hansısa sıravi erməni. Eyni məntiqlə Ermənistan ərazisindəki hər hansı terrorçunun da Qarabağa doğru yön almaq imkanı var. Hər halda Ermənistan Azərbaycan qarşısında öhdəlik götürməyib ki, öz ərazisinə terrorçu buraxmayacaq. Lap diqqətsizlikdən də buraxa bilər...

Ümumən Laçın dəhlizindən keçib Ermənistana daxil olan istənilən adam Azərbaycan sərhəddini keçmiş sayılır. Məntiqlə həmin şəxs Azərbaycanın digər bölgələrinə də hərəkət etmə imkanına malikdir. Gələcəkdə 11 yanvar üçtərəfli bəyanatına əsasən nəzərdə tutulan işlər reallaşsa (onları reallaşdırmaq əzmi daha güclü görünür), yəni nəqliyyat və kommunikasiya əlaqələri bərpa edilsə, elə belə də olacaq. Laçın dəhlizindən keçib gedən erməni “tır şoferi” deyək ki, Tərtərə, Yevlaxa, oradan da Bakıya gələcək.

İndiki halda Rusiya sülhməramlıları pasport nəzarətini həyata keçirmir. Lap tutalım, yaxın günlərdə Lavrovun söylədiyi kimi, sülhməramlıların mandatı dəqiqləşdi və onlar Qarabağa gəlib-gedənlərin pasportlarına da baxdılar. Bu, yetərlidirmi? Yetərli deyil. Çünki az öncə qeyd etdiyimiz geniş miqyaslı fəaliyyətin gerçəkləşməsi Azərbaycan ərazisi üzrə hərəkəti də tənzimləməlidir. Ola bilməz ki, məsələn Azərbaycana Zəngilan tərəfdən daxil olan bir ermənini pasportuna Azərbaycan sərhədçiləri möhür vursun, Laçın dəhlizindən keçən erməni ilə bağlı bu tələb gözlənilməsin...

Azərbaycan özünün suveren ərazisində pasport nəzarətini həyata keçirməlidir. Hə o gələcəkdə, Azərbaycan Prezidentinin vurğuladığı formada desək, cəhənnəmə getmiş status oradan qayıda bilsə, yəni status bəlli olduqdan, yaxud da ərazi ilə bağlı hansısa konkret razılaşma əldə edildikdən sonra müəyyənləşsin ki, Qarabağdakı ermənilər Azərbaycan vətəndaşı olmaq istəyir, ya yox. Prinsipcə, onlar Ermənistan vətəndaşı ola-ola da Qarabağda yaşaya bilərlər. Necə ki yaşayırlar. Başqa dövlətin vətəndaşlığını daşıyıb Azərbaycanda ömür sürən, işləyən, ev, mülk sahibinə çevrilmiş xaricilər var. Ermənilər də olsun onlardan biri (biri yox, hesablamalara görə, 60 minə yaxını).

Ancaq Azərbaycan ərazisində qalmanın şərtləri ölkəmizin qanunvericiliyi ilə tənzimlənməli məsələdir. Və əslində münasibətlərin normallaşmasından söhbət gedirsə, ilk növbədə ya Ermənistan vətəndaşı, ya xaricdə yaşayan və oranın vətəndaşlığını daşıyan hansısa erməni, ya da əcnəbi vətəndaş bilməlidir ki, onun Laçın dəhlizindən keçərək daxil olduğu ölkə Azərbaycandır. İndiki məqamda Rusiya rəsmilərinin, eləcə də ATƏT-in Minsk Qrupunun sözlərini ciddi qəbul etsək, düşünsək ki, status müəyyənləşməyib və mövcud istiqamətdə danışıqlar getməlidir, o zaman nəzəri baxımdan da lazımdır ki, məsələ həllini tapanadək Dağlıq Qarabağ ərazisinə münasibətdə Azərbaycanın suveren ərazisinə şamil edilən şərtlər tətbiq edilsin.

Bu kimi məqamlar indidən həllini tapmasa, mövzu həm Ermənistanda, həm də Azərbaycanda müxtəlif siyasi mülahizə və interpretasiyaların hədəfinə çevrilməkdə davam edəcək və istər-istəməz iki ölkə arasındakı gələcək münasibətlərə də mənfi təsirini göstərəcəkdir. Yaranacaq gərginliyi isə Rusiya sülhməramlılarının mandatının müəyyənləşib təsdiqlənməsi də aradan qaldırmayacaqdır. Çünki mandat hansısa kağız parçasında yazılmasa da məlumdur -  sülh yaratmaq. Yəni hazırkı atəşkəsin saxlanılmasına nəzarət etmək. Rusiya bu missiyasını Azərbaycan sərhədçilərinin Laçın dəhlizindəki nəzarət-buraxılış məntəqəsində dayanmaları şəraitində də reallaşdıra bilər.

Əvəz Rüstəmov




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Əvəz RÜSTƏMOV