USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanın “macəra diplomatiyası” - Qarabağ iddiası və yeni fiasko perspektivi


https://img.baki-baku.az/news/2021/01/photo_2458.jpg?v=MjAyMS0wMS0xNSAyMjo1Mzo0OA==

Ermənistanın xarici işlər naziri Ara Ayvazyan BMT-nin Baş Katibinə müraciət ünvanlayaraq bildirir ki, Azərbaycan üçtərəfli bəyanatla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Ermənistan Ombudsmanı isə Azərbaycan sosial şəbəkə profillərində erməni uşaqlarına qarşı guya zorakılığın təbliğ olunduğunu iddia edir. Hələ “rəsmi Stepanakert”in hansısa açıqlamalar verməsi kimi cəfəngiyyatları demirəm. Bu sıraya bir-iki erməni deputatın Xankəndiyə səfəri də daxil edilə bilər. Görünür, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu əbəs yerə demir ki, Ermənistan yeni macəralardan çəkinməlidir. 

Ermənistanın macəra axtarışı heç də təsadüf deyil. Baxın, ATƏT-in yeni sədri bildirir ki, Dağlıq Qarabağ münaqişəsində Minsk Qrupuna dəstək verəcək. O Minsk Qrupuna ki, Azərbaycan Prezidenti Bakıda onun üzvlərinə, eləcə də ATƏT sədrinin şəxsi nümayəndəsinə münasibətdə kifayət qədər sərt fikir söylədi. Dövlət başçımız onları Bakıya dəvət etmədiyini vurğuladı... 

Nə üçün dəvət etsin ki? 30 ilə yaxın müddətdə bir iş görməyiblər, iş görülüb bitəndən sonra gəliblər ki, biz də varıq. Məntiqlə onların mövcudluğu status söhbətinə görə idi. Nəinki məsələni həll etdilər, hətta erməniləri işğal etdikləri və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmayan 7 rayondan çıxarmağı bacarmadılar. Bir halda ki, Azərbaycan haqqını müharibə ilə, qan tökərək bərpa edəcəkdi, Minsk Qrupundan nə isə gözləməlidirmi? Heç gözləmir də.   

Cənab İlham Əliyev 11 yanvar Moskva görüşündən sonra bir daha bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi bitib. Görüşdə nəqliyyat və kommunukasiya əlaqələrinin bərpasına dair müzakirə aparıldı, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatında bununla bağlı görüləcək konkret işlər sadalandı. Ancaq Dağlıq Qarabağın statusu üzərinə gəlinmədi. Ötən ilin 10 noyabr bəyanatında da bununla əlaqədar heç nə yox idi. Bu yerdə Ermənistanın baş naziri Nikol Paşinyanın statusla bağlı mızıldanmasını da yada salmalıyıq. O, Moskva görüşündən sonra demişdi ki, Dağlıq Qarabağın statusu həll olunmamış qalır. Diqqət yetirək, statusu nə Azərbaycan, nə də Rusiya gündəmə gətirir. Məsələyə fokslanan Ermənistandır. Çavuşoğlunun gündəmə gətirdiyi macəra söhbətinin bir göstəricisi də budur.

Macəra axtarışının nəticəsidir ki, Ayvazyan öz aləmində diplomatik davranıb Qərbin mühüm institutlarından olan BMT-yə Azərbaycandan şikayət edir. O BMT-yə ki, ölkəsi onun Qarabağ münaqişəsi ilə bağlı 4 qətnaməsini illərlə icra etməmişdi... Bu şikayət yalnız Azərbaycanla bağlıdırmı? Ümumən Ermənistanın son günlərdəki, xüsusən 11 yanvar görüşündən sonrakı siyasi-diplomatik aktivliyi ancaq ölkəmizə qarşı yönəlib?

Gəlin düşünək, 11 yanvar üçtərəfli bəyanatına əsasən bölgədə münasibətlərin normallaşmasına doğru addımların atılmasının nəzərdə tutulması, Azərbaycanın, Rusiyanın, Türkiyənin bundan məmnunluğunu ifadə etməsi, Ermənistan rəsmilərinin Azərbaycana qarşı ittihamları və ATƏT-in yeni sədrinin Minsk Qrupuna dəstək açıqlaması. Qəribə mənzərə yaranır və görünən budur ki,  mənzərəni yaradan Qərbdir, Ermənistan isə necə deyərlər, onun əlinə oynamaqla məşğuldur. Paşinyan həm bəyanata qol çəkir, həm də yeni oyun qurur.

Fransa başda olmaqla Qərbin müəyyən dairələri Rusiyanın və Türkiyənin Qarabağda olmasından, Ermənistanın özlərinin təsir dairəsindən çıxa bilməsindən ciddi narahatlıq keçirir. Paytaxt Yerevanda Rusiya yönümlü qüvvələr hər gün Paşinyanın istefasını tələb edir, onu aşağılayırlar. Ancaq Qərb daxili təzyiqlərə rəğmən Paşinyanı hakimiyyətdə saxlamağı bacarır və o, hakimiyyətdə qaldıqca Qarabağla bağlı Azərbaycan-Türkiyə-Rusiya oxunda xaric element kimi çıxış edir. Hərçənd bu üçlük Paşinyanı indiki kimi məcburiyyətlə yox, xoşluqla öz tərəfinə çəkmək istəyir və ona münasibətlərin normallaşmasından əldə edəcəyi konkret faydanı göstərir. Əslində Paşinyan da bu faydanı gördüyü üçün danışığa gedir. Erməni baş nazirin məcbur qaldığı məqam isə güclə bağlıdır. O, Azərbaycanın döyüş meydanında nə qədər güclü olduğunu gördü. Ermənistanın başqa gücü qalmadığı üçün indiki vəziyyətlə barışır. Amma həm də barışmır...

Yəni Yerevan Bakını ittiham etməklə əslində bölgədə Rusiya və Türkiyənin iştirakçılığı ilə formalaşmış düzəni şübhələndirmək, hansısa ziddiyyətin qaldığını göstərmək istəyir. Axı Paşinyan onu hakimiyyətdə saxlayanların da haqqını verməyə məcburdur və bu haqq çərçivəsində erməni cəmiyyətinin xəstəliyinə çevrilmiş “Qarabağ haqqı” da önə sürülür. Nəticədə Ayvazyan dünyaya təxminən belə bir mesaj verir – Azərbaycan ipə-sapa yatmır, Türkiyə onu dəstəkləyir, Rusiyanı sayan yoxdur. Bəlkə nə vaxtsa deyəcək, amma hələlik deyə bilmir ki, Moskva onlarla birlikdədir.

Bəli, Ermənistanın Ayvazyanın dili ilə şikayəti budur ki, bölgədəki hazırkı düzən Qərbin mənafeyinə uyğun deyil, yeni düzən qurulmalıdır. Yerevan ümüd edir ki, Qərbin dəstəyilə onun üçün heç cür məqbul olmayan indiki vəziyyəti necəsə, hansı formada dəyişə bilər. Yenə də macəra.

Hər bir halda Ermənistanın bu ritorikadan əl çəkməsi vacibdir. Ortada Rusiya faktoru, hansısa məqamda onu qıcıqlandırmaq məsələsi var. Üstəlik Türkiyə. O Türkiyə ki, NATO-ya üzvlüyünü yaddan çıxarmaq olmaz. O Türkiyə ki, Azərbaycanla dostluq və qardaşlıq münasibətləri öz yerində, amma bölgədəki durumu stabil məcraya yönəldir. Rusiyanın təsirini azaltmaqla həm də regionun iqtisadi coğrafiyasının qarantı rolunu oynayır. O coğrafiyanın ki, tarixən Rusiyaya məxsus olsa da, hazırda ondan Qərbin indikindən bir qədər də çox fayqda götürmək imkanları var. Belədə Ermənistan xaricdəki üç-beş dəstəkçisinə qüvənib macəra axtarmasa yaxşıdır. Çünki bu macəra ölkə üçün daha faciəvi sonluqlar gətirə bilər.

Əvəz Rüstəmov




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Əvəz RÜSTƏMOV