USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Nə etmə(mə)liyik?


https://img.baki-baku.az/news/2020/08/photo_24.jpg?v=MjAyMC0wOC0xMSAxMzoxMzozMg==

Əvəz RÜSTƏMOV

Ermənistanın baş naziri Nikol Paşinyan özünün facebook hesabında Tovuz cəbhəsində öldürülmüş mayor Qaruş Ambarçumyanın dəfn mərasimini paylaşıb. Mərasim diqqətimi həm də xristianlığın geniş nümayişi, xristian dini ayinlərinin təmtəraqlı icrası meydanı kimi cəlb etdi. Son dərəcə incə hazırlanmış proses izlədim. Bir daha bu qənaətə gəldim ki, ermənilərin timsalında olduqca hiyləgər düşmənlə üz-üzəyik. Paşinyan ümumən erməni hiyləgərliyinə yeniliklər gətirməyi, məsələni bədiiləşdirməyi, həyasızlığın dərəcəsini əlinə düşən hər imkandaca artırmağı yaxşı bacarır.

Bəli, mayor Q.Ambarçumyanın dəfn mərasimi dünyaya ermənilərin xristian dininə mənsub olmasının göstərisi kimi yansıdı. O dünyaya ki, orada İslama münasibətdə baxış birmənalı deyil. Bunun siyasi kökləri var. Ancaq bir çox mənfiliklər elə İslam dünyasının özündən gəlib. Yəni sadə məntiqlə günah kimdəsə, hansısa qlobal gücdəsə axtarılmamalıdır. Güclü, prinsipial, ardıcıl, təhsilli olmaq lazımdır ki, alətə çevrilməyəsən, oyunların hədəfində olmayasan. Bu sıraya dürüstlüyü və səmimiliyi də əlavə edirəm. Özünə, ətrafdakılara, soydaş, həmvətən, əqidə yoldaşı dediyin adama münasibətdə, gördüyün işdə dürüst və səmimi olmaq. Ayrıseçkiliyə, ikili standartlara qarşı mübarizədə qalib olmağın yolu, məncə başlıca yolu bundadır.
Əsla sözümdən belə anlaşılmasın ki, ermənilər bizdən daha dürüstdürlər, səmimidirlər. Belə deyillər. Amma onların bir üstünlükləri var. Sadə üstünlükdür - onlar ermənidirlər və tarix boyu da erməniliklə məşğul olublar. Ermənilik isə həm də artistlikdir. Necə ki, o artistliyi Paşinyan edir. Özü də düşünülmüş şəkildə. Dünyaya mesaj verir ki, Tovuzda öldürülən erməni xristiandır. Dediyim kimi, dəfn mərasimini xristian dininin adətlərinə uyğun olaraq, sanki kübarlıq nümunəsi kimi təqdim edir. Nəzərə alsaq ki, hazırda dünyanın nəzərləri Dağlıq Qarabağ münaqişəsinə yönəlib, Ermənistanın baş naziri kifayət qədər vacib, özünü doğruldan gediş edir. Orta statistik avropalının, xristianın nəzərində mayor Ambarçumyan ermənidən də əvvəl, xristiana çevrilir. Bu, sıradan məsələ sayıla bilməz.

Paşinyanın paylaşımına nəzər salan avropalı təhlil aparır və görür ki, Ambarçumyan müsəlman azərbaycanlılara qarşı döyüşdə ölüb. O avropalını BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı saya sayılmayan, Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılmasını nəzərdə tutan 4 qətnaməsi düşündürmür. Bundan xəbəri yoxdur. Nəyinə lazımdır? Gördüyünü görür. İnternetdə Azərbaycanla bağlı da araşdırma aparır və görür ki...

***
Azərbaycan dövləti ölkəmizin bir çox nüfuzlu beynəlxalq tədbirlərə evsahibliyini həyata keçirir, dəyərli, mühüm təşəbbüslər irəli sürür. Ölkəmiz dinlərarası və millətlərarası dialoqun reallaşdığı, sivilizasiyaların qovuşduğu məkan kimi tanınır. Biz dünyaya öz mədəniyyətimizi, tariximizi göstəririk. Və bunu həm də İslam mədəniyyətinə mənsubluğumuzu qabartmaqla edirik. Nəticə etibarilə İslamın Avropa və dünya insanın beynində formalaşmış fundamentalist, mövhumatçı mahiyyətinə təsir göstəririk. Bu iş olduqca vacibdir. Dinimizi gözəl təqdim etməliyik, onun gözəlliklərini göstərməliyik.

Dünyanın İslam dini ilə bağlı formalaşmış mənfi stereotiplərini dəyişmək bizlik deyil. Nə də dünya üçün alternativ İslam ortaya qoya bilərik. Ancaq heç olmasa, düşünməli, həmin mənfi stereotiplərdən uzaq durmağı, qorunmağı bacarmalıyıq. Realist olaq, biz çox kiçiyik, gücümüz də o qədər deyil ki, istədiyimizi edək. Məsələn, biz sorğulaya bilmərik ki, niyə dünya “Allahu əkbər” kəlməsindən qorxur? Qorxuda siyasi səbəblər var. O qorxu qəsdən yaradılıb ki, siyasi məqsədləri yerinə yetirmək üçün motivasiya olsun. Bütövlükdə müsəlman dünyası vəziyyəti, baxışları dəyişə bilmir. Bəlkə heç dəyişməyə cəhd göstərmir. İraqa, Suriyaya, Əfqanıstana, Liviyaya baxın. Səudiyyə Ərəbistanına da həmçinin. Təfərrüatlara varmaq istəmirəm, fəlakət həddinə gətirilmiş müsəlman ölkələri və fəlakətini anlamayan Səudiyyə Ərəbistanı mənzərəsi var. Hələ başqalarını demirəm...

Dünya dində gözəlllik, mərhəmət, humanizm adət-ənənə, müəyyən mənada elə kübarlığın, nəcibliyin özünü görmək istəyir. Dünya dindəki ağırlıq yükünü XVI əsrin reformasiya hərəkatı ilə üzərindən atmış dünyadır. Müqayisə qəribə görünə bilər, amma son nöqtəni Napalyon Bonapart qoymuşdu – imkan verməmişdi ki, başına imperator tacını Roma papası qoysun. Beləcə din bir növ, məişətləşmişdi və elə də qaldı.

Ancaq demək olmaz ki, din, xüsusən də xristianlıq hökmranlığını itirib. Əksinə daha da güclənib, daha əlahiddə status qazanıb. Bu gün bir xristianın dindarlığı müsəlmanın dindarlığından daha güclüdür, daha səmimidir. Uzağa getməyək, orta statistik gürcü bizdən daha dindardır. Dəfələrlə Tiflisdə kilsə qarşısından keçən yaşlıların, gənclərin, uşaqların ayaq saxlayıb xaç çevirdiklərini görmüşəm. Ermənilər də elədir. Çox sadə dindarlıqdır bu.

Bəli, dünya mürəkkəb və ya mürəkkəbləşdirilmiş İslamdan, onun “Allahu Əkbər”indən qorxur, qorxudulur, qorxduğunu göstərir və sair. Heç önəmi yoxdur. Reallıq budur ki, “Allahu Əkbər” deyilərkən, təsəvvürə kəsilmiş başlar, qan gölü gətirilir. Yaxın tarix “Allahu əkbər” deyib baş kəsənlərin dövlətlərinin, insanının hansı bərbad günlərə qaldığını da bizə göstərdi və yenə də göstərməkdədir. Reallıqları dəyişə bilmədiyimiz təbii durumda biz nə etməliyik və nə edirik?

Azərbaycan dövləti əslində prinsipial olaraq məsələyə düzgün yanaşır. Az əvvəl də bildirdim, dövlətimiz çalışır ki, biz dünyanın gözündə İslamın bəşəri dəyərlərinin daşıyıcısı kimi görünək. Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan böyük beynəlxalq toplantıların məqsədi budur və mövcud istiqamətdə ciddi uğurlar var. Ancaq...

***
Az əvvəl haqqında söz açdığım avropalıya, daha doğrusu onun internetdə axtarış verərkən Azərbaycanla bağlı təsəvvürünə qayıdaq. Paşinyanın facebook paylaşımından sonra onun internetdə gördüyü Azərbaycanı “Allahu Əkbər” nidaları bürüyüb. Üstəlik bunu qışqıranların foto və videolara yansıyan qorxunc sifətləri var. Onsuz da qışqıran adam gözəl görsənmir. Üstəlik “Allahu Əkbər” qışqırırsa, vəziyyət qəlizləşir. Avropalı Ambarçumyanın dəfnindəki mənzərə ilə general-mayor Polad Həşimovun dəfnindəki mənzərəni də yan-yana qoyur, müqayisə edir və qarşısına yenə “Allahu əkbər” çıxır.

Əlbəttə, kiməsə və nəyəsə görə dinizimi dəyişəsi deyilik. Amma bir az düşünək. Xüsusən də bu cür siyasi əhəmiyyət daşıyan məsələlərdə diqqətli, həssas olaq. Dünya bizə baxır. 30 ilə yaxındır işğaldayıq. Nə etsək də, hansı cəhdləri göstərsək də, üzləşdiyimiz haqsızlıq dəyişmir. Cəmiyyətin vəzifəsi isə haqsızlığın davamı və daha fərqli çalarlar əldə etməsi üçün ən azından meydan verməməkdir.

Baxın, Ordu ilə həmrəylik daşıyan mitinqimiz türk şəhidliyinin yanındakı məscid şəkli və “Allahu əkbər” nidaları ilə dindarların aksiyası kimi təqdim edilir. Beləcə milli mücadiləmizə gərəksiz və ziyanlı dini zəmin qazandırılır. Vəziyyətin məhz bu cür olmasını istəyən qüvvələr var və onlar xaricdə olduğu kimi, daxildə də dayanmadan fəaliyyətdədirlər. Nəticədə illərin zəhməti - ölkəmizi dinlərarası, dialoqlararası məkan olaraq göstərmək, İslam dininin müəyyən mənada Azərbaycan modelini ortaya qoymaq üçün irəli sürdüyümüz təşəbbüslər bir andaca heçə enir. Avropalı bu qənaətə gəlir ki, “Allahu əkbər” deyib baş kəsənlə azərbaycanlı arasında heç bir fərq yoxdur, əlinə baş düşsə, kəsər. Beləcə bütövlükdə millətə və onun mübarizəsinə münasibət formalaşır.

Sosial şəbəkələrə diqqət yetirən sivil, sadə avropalı azərbaycanlının profilində ermənilərə hiddət yağdıran, onların başlarının kəsildiyini və futbol topu kimi o tərəf-bu tərəfə atıldığını əks etdirən video-görüntüyə də baxır. Dilimizi bilirlər, ermənilər özləri belə səhnələri hazırlayıb yayırlar. Azərbaycanlı da bəh-bəhlə paylaşır. Təxminən belə - budur, düşmənin dərsini veririk...

Tam əks təbliğatdır. Müharibə varsa, öldürmək varsa belə, baş kəsmək cinayətdir. Baş kəsmək qorxu yaratmaqdır ki, gəlin etiraf edək ki, bizim baş kəsməklə qorxu yaradacaq gücümüz yoxdur. Mübarizə aparırıqsa, bütün bunları düşünməliyik. Dövlətin də, ictimaiyyətin də, vacib ictimai institut saydığımız medianın da işi bundan ibarət olmalıdır - düşünmək və insanları düzgün yönləndirmək.

Biz özümüzü güclü edən tərəflər formalaşdırmalıyıq, gücümüzə güc qatan tərəflər qazanmalıyıq. Bunun üçün də işləməliyik. Hələ də güllə səslərinin eşidildiyi “Tovuz müharibəsi” göstərdi ki, hətta daha çox işləməliyik.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Əvəz RÜSTƏMOV