USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

SSRİ “velikorusluğ”unda “Lavrov molotovologiyası”


https://img.baki-baku.az/news/2021/01/photo_2385.jpg?v=MjAyMS0wMS0wOCAxODoyMjoxOA==

Rusiyasının xarici işlər naziri Sergey Lavrov 2021-ci ildə keçmiş SSRİ ərazisində vəziyyətin stabil olacağına dair proqnoz səsləndirib. XİN rəhbərinin məhz bu cür, yəni SSRİ-yə vurğu qoyaraq fikir bildirməsi maraqlıdır. O da maraqlıdır ki, Lavrov proqnozunu isbatlamaq üçün Dağlıq Qarabağda atəşkəsin əldə olunmasını önə çəkir.

Qarabağa nəzərən keçmiş SSRİ ərazisindəki vəziyyətin proqnozunu vermək? Görəsən, cənab Lavrov Baltikyanı ölkələri də ağlından keçirmişdimi? Deyilə bilər ki, orada münaqişə yoxdur. Amma SSRİ də yoxdur axı.

Dünya dəyişir. Rusiya da dəyişir. Maraqlıdır ki, bu dəyişiklik ölkəni idarə edən şəxslərin özlərinin dəyişməməsi, imperiya ambisiyalarına sadiq qalması fonunda baş verir. Sual olunur, SSRİ olmağa belə iddialısınızsa, niyə ölkəni dəyişməyə qoyursunuz? Nə üçün imkan verirsiniz ki, Rusiya zəifləsin.  

Ölkə iqtisadi göstəricilər baxımdan çox geriləyir. Dünya üzrə Braziliya, İtaliya kimi dövlətlərin sanayesinin Rusiya sanayesini üstələdiyinə dair fikirlər var. Bütün bunların fonunda siyasi şizofrenlik nəyə görədir? Olmazmı ki, Olmazmı ki, Rusiya iddiasında olduğu SSRİ böyüklüyünü özünü böyük apararaq eləsin. Olmazmı ki, bu coğrafiya insanının Rusiyanı yada salanda SSRİ-ni də yada salması labüdlüyündə ikrah tonları yaranmasın? Görünür olmur.  

Demək olar, bütün postsovet ölkələrində Rusiya əleyhinə güclü immunitet var. Elə bizdə də. Baxmayaraq ki, bizdə rus məktəbləri fəaliyyətdədir, rus icması mövcuddur və sair. Anti-Rusiya ovqatımızın səbəbi isə böyük ölçüdə nə ötən əsrin 90-cı illərində yaşananlarla, nə Sovetlər Birliyi dönəmilə, nə də daha əvvəlki çarizm işğalı ilə bağlıdır. 70 illik imperiya əsarəti, ona qədərki çarizm boyunduruğu yaddaşımızda qalıb. Beynimizə 366-cı rus alayının Xocalıda törətdikləri, ermənilərin məhz rusların köməyilə bizə yaşatdıqları işğal da hopub. Amma ötən müddətdə anti-rus ovqatımızı formalaşdıran yalnız bunlar olmadı. Azərbaycanı dünya ilə bağlayan nəhəng layihələr reallaşdı. Kreml Putinin hakimiyyətə gəlməsi ilə qəflət yuxusundan ayılanda isə artıq gec idi. Azərbaycan adlı qatar yola düşmüşdü. Başını ermənilərlə qatan, erməniliyə aldanmış Moskva həmin qatarın arxasca yalnız baxmaqla kifayətlənmişdi. Bəli, biz öz yolumuzla getdik və Moskva hər imkanda çalışdı ki, o yolun çarxına çomaq soxsun. Çox cəhd göstərsə də, bacarmadı.

Unutqanıq, ancaq müstəqilliyimizin az qala hər ilində özümüzdə anti-rus immunitetini formalaşdırmışıq. Rusiyanın idarəçiliyini nəzərdən keçirmişik. Hiss etmişik ki, o idarəçilik yekun nəticədə səmimi deyil və ola bilmir. Hansısa məqamda özünü ağa kimi, saymazyana göstərməyə çalışır. Ən əsası isə bu göstəri rus ictimai rəyinə hakim kəsilmiş düşüncənin ana xəttini təşkil edir.

O ictimai rəy ki, özünü siyasi giclik kimi göstərən Jirinovski təfəkkürü, Solovyov hikkəsi ilə silahlanıb. Jirinovskilər və solovyovlar sıradan adamlar deyillər. Belələrindən Rusiya elitasında, idarəçiliyində nə qədər desəniz var və onlar ölkənin siyasətini, ətrafa reaksiyasını formalaşdırırlar. Bu adamların baxışlarında Azərbaycanın və ya postsovet məkanının hər hansı digər respublikasının müstəqilliyi kimi bir anlayış yoxdur. Bunlar ermənilərin Strabonun müəmmalı yazdıqlarına əsasən mövcudiyyət qurmaları cəfəngiyyatına lağ edirlər, amma özləri başqa bir cəfəngiyyatın - “velikarus”un təsiri altındadırlar.

Bəli, Rusiya ictimaiyyəti böyük ölçüdə “velikarus” əsiridir. Bu düşüncə imkan vermir ki, ruslar öz qonşularına münasibətdə dürüst və səmimi davransınlar. Bu baxış Kremlin xarici siyasətini sözün əsl mənasında kor edir, primitivliyə yuvarladır. Baxın, Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova özünün facebook səhifəsində nə yazırdı? Yazırdı ki, “bizim və bizim olmayan siyasətdən uzaq, divan analitiklərinə, vətəni özünün şəxsi komfortundan çıxmayaraq sevən burjua yağı ilə bəslənmiş xadimlərimizə çox şey demək istərdim. Amma indi demirəm. Çünki daha vacib sözlər və güclü emosiyalar var. Onlar Rusiya sülhməramlılarının Dağlıq Qarabağ zonasındakı şəkillərinə baxanda yaranır...”

Görün, o boyda ölkənin xarici siyasətinin sözçüsü loru desəm, nədən kayf tutur, emosiyaları nədən cuşa gəlir? Rus sülhməramlısı Qarabağdaymış və Zaxarova özünün face statusunda sevinc orqazmı yaşayır. O Qarabağda ki, hələ orada Moskvanı hansı perspektivin gözləməsi qeyri-müəyyəndir. O Qarabağ ki, yeni siyasi reallıqlar şəraitində orada nağıl danışaraq siyasi meymunluğa baş vurmaq keçərli deyil.

Zaxarovalar Rusiya məmur estableşmentinin ümumiləşmiş obrazlarıdır. Az və ya çox dərəcədə hər bir rus məmurun içində zaxarova yatır. Yatanlar yuxularında 15 respublikanın saxta beynəlmiləlçi quruluşunu təsəvvürlərinə gətirirlər.

Budur XXI əsr Rusiyasının dövlətçilik təfəkkürü - SSRİ olmaq iddiası. Yəqin Lavrov özünü də Molotov kimi görür. İllərlə bəslədikləri Ermənistanın qucaqlarından necə sürüşüb düşməsini anlaya bilməyəcək qədər miskinə çevrildilər, durub SSRİ nağılı danışırlar.

Əvəz Rüstəmov




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Əvəz RÜSTƏMOV