USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dekabr bizim üçün özəl və gözəl aydır


https://img.baki-baku.az/news/2020/12/photo_2245.jpg?v=MjAyMC0xMi0yNCAxMjoxMDo0NA==

Dekabr bizim üçün özəl və gözəl aydır. Bu ayda həm də Ali Baş Komandanımız, qələbə müjdəli Levitanımız, Zəfər adlı Memarımız dünyaya gəlib. Dünyamız sevinib! Dəmir iradəli polkovnik – komissar Əziz Əliyevin, general Heydər Əliyevin dühasından Dəmir Yumruq Liderin əzəmətinə yollar görünüb!

Tovuzu Lələtəpə qəhrəmanı general Polad Həşimovun al qanına boyayanda erməni daşnakları bir gerçəyi unutmuşdu: “Biz türklərik, bir ölər, min dirilərik!”. Murovdan Kəlbəcərə bir qarış, Kəlbəcərdən Laçın dəhlizinə  - Sarı Aşığın türbəsinə, Laçınlı Sultan bəyin qeyrət qalasına iki qarış, Laçından Şuşaya, Cıdır düzünə üçcə qarışdı. Biz ora gedəcəyik. Lap dünya dağılsa, sağı, solu bəlli olmayan imperiyalar üstümüzə yerisə belə. 44 günlük tarixi savaşla dediyimizi etdik. Bizi ora qeyrət qalamız, vuqarımız, baba yadigarımız, inamımız, İLHAMIMIZ – Ali Baş Komandanımız apardı!                                                      

Bir millət, məmləkət, xalq və dövlət olaraq onun simasında tarixi imtahandan keçdik. Şəhid də verdik, Qazi də olduq! Azərbaycan bayrağını Xudafərin körpüsündə, Şahbulaq qalasında, Murovun zirvəsində, Ruh yüksəkliyində, Ağoğlan qəsrində, Gəlin qayasında, Ərimgəldi qayasında, Şuşa qalasında, hər bir Şəhidimizin, Qazimizin qapısında, məhləsində dalğalandırdıq! Zəfər Paradına əsir gedən qızların diyarından – Qarabağdan əsir, girov gətirdiyimiz hərbi texnikanı çıxardıq!

Ötən əsrin 40-cı illərində Təbriz darda, Dərbənd intizarda idi. Azərbaycanın üçüncü katibi, qüdrətli dövlət xadimi, məğlubedilməz, əyilməz, cəsarətli bir Sərkərdə neştərini, qələmini süngüyə çevirib Güney Azərbaycanın, dağlar diyarı Dağıstanın xilaskarına, qeyrət qalasına çevrildi. Təbriz fəlakətdən, Dərbənd səfalətdən, on minlərlə dağıstanlı deportasiyadan xilas oldu. Şah İsmayıl Xətaidən, Şeyx Şamildən, Səttərxandan, Xiyabanidən sonra Dərbəndin qala divarlarında bir şahin pərvaza gəldi. Bu güneylilərin, dağıstanlıların xilaskarı, xeyirxahı, Sərkərdə-Xaqan ucalığı polkovnik - komissar Əziz Məmmədkərim oğlu Əliyevdi. Təbrizdə “Göydə Allah, yerdə Əziz Əliyev” deyən türklərin səsinə səs Dağıstandan, Dərbəndin qala divarlarının ətəyindən gəldi. Moskvada Stalini tanımayan dağlılar “Göydə Allah, yerdə Əziz Əliyev” dedi!

1990-cı ilin 20 yanvar dəhşətlərində, Bakı öz qanına boyananda xalq “Göydə Allah, Moskvada Heydər Əliyev” dedi. Ömrü boyu sədaqətlə xidmət etdiyi quruluşa, cəlladlar səltənətinə millətinin, məmləkətinin günahsız tökülən qanını bağışlamayan Heydər Əlirza oğlu Əliyev Səttərxanın “Azərbaycan gec qızan bir daş qazana bənzər, o gec qızar, gec də soyuyar!”, Şeyx Məhəmməd Xiyabaninin “Özünü dərk edən ölümsüz millətə ölüm yoxdur!”, Şah İsmayıl Xətainin “Keçmə namərd körpüsündən, qoy aparsın sellər səni” nidası ilə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi. Partiya biletindən, rejimdən imtina etdi. Bu ölümü gözə almaq idi.

Ona qədər təbabətdən siyasətə yol gələn iki qüdrətli dövlət xadimimiz – Nəriman Nərimanov və Əziz Əliyev Ölüm-Qalım savaşına çıxmış, millət, məmləkət sevdasına qurban getmiş, quruluşun, rejimin əcəl şərbətini içmişdi. Uzun müddət ölkənin təhlükəsizlik komitəsinə rəhbərlik etmiş general Heydər Əliyev bunları bilirdi. Hətta ən incə məqamlarına, detallarına qədər.

Onun bir sərkərdə-xaqan ucalığı, Azərbaycanlı qüruru, məğrurluğu, türk əzəməti, əyilməzliyi, şərqli mərhəməti, məhəbbəti var idi. Bu dar gündə, ağır zamanda əli yerdən, göydən üzülən Millətinin, Məmləkətinin haqq səsinə dönmək imandan idi. Vətəni sevmək imandadı, Dövlət qalan, qalan hər şey yalandı müqəddəsliyini darda, intizarda olan, Lenin meydanını Azadlıq meydanına, Dostluq parkını - 1918-ci ilin Bakı qırğınları zamanı Şəhidlərin dəfn olunduğu əski Çəmbərəkənd qəbristanlığını Şəhidlər Xiyabanına çevirən xalq ondan öyrənmişdi.

O ağır, dar günlərdə Azərbaycanın işğal altında olan bölgələrinə əsgərlərlə, qaçqın və məcburi köçkünlərlə görüşə gedən: “Ya biz Qarabağı birlikdə azad edəcəyik, ya da birlikdə Şəhid olacağıq!” nidası ilə Ali Baş Komandan əzəməti, vüqarı sərgiləyən Ulu öndər Heydər Əliyev bu cəsarətli addımları, nitqi ilə polkovnik - komissar Əliyevin səsinə səs verəcəkdi. 52 il öncə Dağıstana, dağlar diyarına qədəm qoyan sərkərdə, polkovnik - komissar,  I katib Əziz Əliyev dağlı Ağsaqqallar, Cavanlarla ilk görüşündə: “Ya gəlin birlikdə Dağıstanı, Dərbəndi xilas edək, ya da gəlin birlikdə ölək!” demişdi.

Hər iki liderin – Mahaçqala Müdafiə Şurasının sədri, katib, Baba, polkovnik Əziz Əliyevin, Ali Baş Komandan, Prezident, Ata, general Heydər Əliyevin əzəmətini, cəsarətini, əyilməzliyini, məğlubedilməzliyini, vətənpərvərliyini, millət, məmləkət sevgisini 2003-cü ildən sonra bir Azərbaycanlı olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin simasında qürur hissi ilə yaşadıqca Azərbaycanlı, türk olduğunla fəxr edirsən. “Türkiyə yoxdur, Mən burdayam!”, “Türk dilli xalqlar və ölkələr arasında birliyin daha da gücləndirilməsini istəyirik. Bu bizim tariximiz, mədəniyyətimiz və köklərimizdir”. “Bizim İrəvan, Təbriz, Dərbənd, Bakı, Şamaxı kimi qədim tarixə malik şəhərlərimiz vardır” nidası, “Qarabağ Azərbaycanındır və nida işarəsi” cəsarəti ilə ali kürsülərə qalxan, humanitar forumlarda, konfrans və simpoziumlarda, müxtəlif ölkələrin dövlət başçıları, nüfuzlu siyasi xadimlərlə görüşlərdə dik duruşu, vüqarlı görünüşü, səlis nitqi, məntiqi, analitik təfəkkürü, ədalətli mövqeyi, unudulmaz çıxışları, Ali Baş Komandan, Sərkərdə-xaqan ucalığı ilə Bayrağımıza, Bayraqdarımıza yaraşan Liderin varlığına, törəyişinə, gəlişinə şükür edirsən. Genetik kodların diqtəsini etirafda bulunursan. Səsimiz, nəfəsimiz, uğur, qələbə rəmzimiz olan bir Liderə sahib olduğumuz üçün qürur duyur, düşünürsən: Dərbəndə, Təbrizə, Borçalıya, İrəvana bölünən, Şüşə könlünə Qarabağ düyünü, dağı çəkilən, Manna, Midiya, Atropatena, Şirvanşahlar, Atabəylər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar kimi qüdrətli dövlətlər quran Odlar Yurdu Azərbaycanın XX yüz ildə bir soya bağlı üç qüdrətli lideri – dövlət xadimi Əziz Əliyev, Heydər Əliyev, İlham Əliyev əzəməti olmasaydı, milli dövlətçilik tariximiz bu qədər ehtişamlı olardımı? Bakıdan Təbrizə, Təbrizdən Dərbəndə, türk dünyasına Gündoğandan Günbatana, İpək Yolu boyunda binə tutan Odlar Yurdundan dünyaya yollar görünərdimi? Hilallı - ulduzlu bayrağımız nəhəng dövlətlərin önündə dalğalanardımı?

Min illərdir səlib yürüşünə çıxanlar, Şərqdə doğan Günəşi öz iradəsinə tabe etdirmək istəyənlər Azərbaycanı yardım alan yox, yardım edən, işğal edən yox, işğalçı ilə cəngi-cidada olan, sivilizasiyaların, mədəniyyətlərin dialoquna töhfələr verən, xeyirxahlığı, yaxşılığı, tolerantlığı, multikulturalizmi həyat tərzinə çevirən, dünyanı cənginə alan pandemiya dönəmində böyük yunan filosofu Platonun “Xalqı yaşat ki, dövlət yaşasın”, Ulu Öndərin “Azərbaycanda dövlətin mənbəyi xalqdır”, “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” hikmətinə tapınaraq “BİZ BİRLİKDƏ GÜCLÜYÜK!” nidası ilə Xalq-Dövlət Birliyini, Lider-Xalq Bütövlüyünü bəşəriyyətə sübut edən, Azərbaycanı yenidən xeyirxahlığın, yaxşılığın, mərhəmətin, məhəbbətin ünvanına çevirən, yoxsulluqdan, sosial - səhiyyə problemlərindən əziyyət çəkən ölkələrə əl uzadan, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının rəhbəri kimi Şərqin, Türk dünyasının, Avropa ölkələrinin liderinə çevrilən Prezident cənab İlham Əliyev varlığı, əzəməti, mərhəməti, xeyirxahlıq, yaxşılıq dolu qəlbi ilə qüdrətli sərkərdə xaqanlar, sənət-söz adamları, fikir və düşüncə sahibləri yetirən, dinlərin, sivilizasiyaların, mədəniyyətlərin məskəni, tolerantlığın ünvanı olan Məmləkəti­mizin, Millətimizin haqq səsi oldu.

Dünya bina olandan Təbriz qeyrətimizin, Dərbənd cəsarətimizin, Gəncə məhəbbətimizin, Bakı mərhəmətimizin Baş şəhəri olub. Üsyanların, üsyankarların şəhəri Şamaxıda, Şirvanşahlığında Xaqanilər, Nəsimilər, Seyid Əzimlər, Sabirlər, Abbas Səhhətlər, Məhəmməd Hadilər doğulub. “Vətəni sevməyən insan olmaz, Olsa da ol şəxsdə vicdan olmaz”, “Yox millətimin imzası bu imzalar içində”, “Millət necə tarac olur olsun, nə işim var? Düşmələrə möhtac olur olsun, nə işim var?” deyən qüdrətli Kəlam və Qələm sahibləri soyuqqanlı, xalqdan uzaq başda duranları qınamışdılar.

Vətən, torpaq, istiqlal uğrunda mücadilədə Oğul doğular da, Oğul ölər də. Xain siyasəti ilə torpaq gavur əlində keçər də, işğaldan azad edilər də. Önəmli olan odur ki, millət içindən, məmləkət düşünən beynindən, başından çökməsin. Prezident cənab İlham Əliyev bir Lider, Ali Baş Komandan, daha doğrusu, dar günlərin, ağır zamanların dayağı kimi 27 sentyabr hadisələri ilə bəşəriyyətə sübut etdi ki, “40 il qul kimi yaşamaqdansa, bir gün azad yaşamaq yaxşıdır”, “Azərbaycan gec qızan bir daş qazana bənzər, o gec qızar, gec də soyuyar!”, “Ölümsüzlüyünü dərk edən millətə ölüm yoxdur!”, “Bir kərə yüksələn bayraq bir daha enməz!”, “Ya biz birlikdə Qarabağı azad edəcəyik, ya da birlikdə Şəhid olacağıq!”, “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir, dönməzdir”, “Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır!”, “Bizim üçün önəmli olan ərazi bütövlüyümüzdür”, “insan amilidir”, “vətəndaş məmnunluğudur!”

Bütün bunlar bir liderə, özü də ənənələrə sədaqət hissi, yaddaşı ilə yaşayan bir ölkə başçısı üçün ən ali keyfiyyətləri özündə ehtiva edən amillərdir.

40-cı illərin dəhşətləri içərisində dağlar diyarı Dağıstanın, dağlıların, Xəzər hövzəsinin, Bakı neftinin, Azərbaycanın xilası üçün “Mümkün olmayanları belə mümkünə çevirən” polkovnik komissar Əziz Əliyev sərkərdə-xaqan ucalığı ilə deyirdi: “İNSAN XARAKTERİNİN  DƏYƏRLƏRİ ELƏ ÇƏTİN GÜNLƏRDƏ AÇILIR!!”

İllərə, min illərə bərabər son aylar Milli Liderimizi bir qüdrətli dövlət xadimi, sərkərdə-xaqan, Ali Baş Komandan – Prezident kimi xalqa, dünyaya yenidən tanıtdı. Xalq ona, onun iradəsinə, cəsarətinə, ləyaqətinə, millət, məmləkət sevgisinə arxalandı. Ulu Şərqi, Türk dünyasını, Azərbaycanı sevməyənlərin dizi titrədi.  Ulu Öndərin dediklərini yada saldı: “Azərbaycanın taleyi etibarlı əllərdədir”. “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm!”

Biz bir türk, Azərbaycanlı, müsəlman olaraq yaddaşımızla, yurd-yuva, ailə-ocaq dəyərlərimizlə yaşayırıq. Bu dar, ağır günlərdə, imtahan dolu aylarda nə yaxşı ki, O, vardı və nə yaxşı ki, bundan sonra da Var olacaq! O, bizim Dədə Qorqud müdrikliyimiz, Əziz Əliyev məğrurluğumuz, Ulu Öndər ucalığımız, Baba Yadigarımızdır!

Elə olmasaydı 200 illik əsarətə, “Gülüstan”, “Türkmənçay” dəhşətlərinə son qoymaq üçün balanslaşdırılmış siyasətdən imtina etməz, üzünü Tanrının TURAN  və QURAN müqəddəsliyinə tutmaz, xaqan atasının “Bir millət, iki dövlət” hikmətinə tapınmaz, 20-ci yüzilin əvvəlində Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun şanlı əsgərlərinin üzünə 21- ci yüzilin əvvəlində Azərbaycanın, Güney Qafqazın qapılarını açmaz, Nuhun çıxdığı torpaqda – Naxçıvanda “Mehtər marşı” səslənməz, Təzəpir məscidində yenidən  Nuru paşanın, Xəlil paşanın, Kazım Qarabəkir paşanın ruhuna dualar oxunmaz, Naxçıvanın, Gəncənin səmasında ay- ulduzlu Azərbaycan, Türk təyyarələri qanad çalmazdı. Bu böyük Cəsarət, həm də ləyaqətdi! Onu ancaq O, edə bilərdi. “Biz azadıq, biz müstəqilik, biz sərbəstik, biz heç kəsdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik. Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir.” nidası ilə tarix yaradan Ulu Öndərin Varisi!

Dünya bina olalı insan axtardığını, itirdiyini tapıb. Ada, şöhrətə, sərvətə çatıb. Tək bir şey itiriləndə qaytarılması mümkün olmayıb. Bu qeyrət, namus, əqidə, məslək məsələsidi. Ona ləkə düşəndə yumaq, təmizləmək namümkünə çevrilib. Onun yolunda Həllac Mənsur dar ağacına qaldırılıb, Nəsiminin dərisi soyulub, Babəkin qolları budanıb. Şuşada Ramizin, Qubadlıda Əliyar Əliyevin, Həsənqulu Qorxmazın, Rəhilə Qorxmazın, Məngələnatada Gülbarın, Ağdərədə, Ağdamda yüzlərlə Qarabağ şəhidinin qanı tökülüb. Erməni daşnaklarının əlinə keçməmək üçün Kəlbəcərli qız- gəlinlər özünü Murovda dərəyə atıb. Bir batalyon əsgərimiz bir anın içərisində Daşaltıda qar uçqununa düşüb. Şüşə könlümüz Şuşada çilik – çilik olub, qırılıb. Xocalıdan əsir gedən gözəllər Gəlin qayasında saçından asılı qalıb.

Qarabağda bir dərə var – Uzun dərə! Bir də bir qaya var – Ərim gəldi! Düz bir qərinəyə yaxındır ki, Şuşaya, Qarabağa yol uzun dərə oldu. Laçın dəhlizini keçib gedə bilmədik. Gavurların, onlara sapand olan ikili standartların, bu gün də Səlib yürüşünə, siyasətinə qol qoyanların üzündən.

Prezident cənab İlham Əliyev Ali Baş Komandan ucalığı ilə sentyabrın 27-də tarix yaratdı. “Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” nidası ilə zülmətdə doğan günəşimiz, daha doğrusu, Əbədiyyət ufuqlərində doğan Günəşimiz oldu. Dan yeri söküləndə yağının bağrı söküldü. Cəbrayılda Hacı Qaraman ocağı, Qurbaninin, Aşıq Pərinin diyarı, Füzulidə Gülbarın, Seymurun, Bakirin ata yurdu, Kəlbəcərin, Kəlbəcərli qız- gəlinlərin qeyrət qalası Murovun zirvəsi gavurdan təmizləndi. Gəncənin ətəyindəki məzarından Bəhmən Vətənoğlunun, Şücaətin ruhu dağlara sarı qanad çaldı. Miskin Abdal ocağına, Aşıq Qurbanın, Dədə Şəmşirin gülzarında çiçəklər açdı. Ağoğlan qəsrindən, Güləbird kurqanlarından laçınlar pərvaza gəldi. Diridağından Dəlidağa yollar göründü. Xudavəngdə gün doğdu. Ağabəyim ağanın, Xurşidbanu Natəvanın, Mirmövsüm Nəvvab kimi yüzlərlə müqəddəsin ruhu dirilik suyu içdi. “Axşam – axşam uzaqlardan, havalandı Xanın səsi, Qarabağın şikəstəsi.” “Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan!”  nidası ilə Vurğuna vurğun könüllər əlini, ətəyini Arazda suya çəkdi! Savalanın, Səhəndin, Ərkin, Əlincənin yelləri xəzriyə, gilavara qarışdı.  

Tovuzu Lələtəpə qəhrəmanı general Polad Həşimovun al qanına boyayanda erməni daşnakları bir gerçəyi yenə unutmuşdu: “Biz türklərik. Bir ölər, min dirilərik!”.

Murovdan Kəlbəcərə bir qarış, Kəlbəcərdən Laçın dəhlizinə  - Sarı Aşığın türbəsinə, Laçınlı Sultan bəyin qeyrət qalasına iki qarış, Laçından Şuşaya, Cıdır düzünə üçcə qarışdı. Biz ora gedəcəyik. Lap dünya dağılsa, sağı, solu bəlli olmayan imperiyalar üstümüzə yerisə belə. Biz ora getdik. Şəhid də verdik. Qazi də olduq. Bizi ora qeyrət qalamız, vuqarımız, baba yadigarımız, inamımız, İLHAMIMIZ – Ali Baş Komandanımız apardı! Bir millət, məmləkət, xalq və dövlət olaraq onun simasında tarixi imtahandan keçdik. Qarabağı onunla birlikdə azad etdik! O, bizim Ali Baş Komandan, sərkərədə - xaqan ucalığımızdı. Tale ona çox böyük səadət nəsib edib. Polkovnik – komissar Əziz Əliyevin nəvəsi, Ulu öndər Heydər Əliyevin varisi, yer üzünə səpələnmiş 50 milyondan çox Azərbaycanlının Lideri, millətin, məmləkətin sevimlisi, hər bir Azərbaycanlının Prezidenti, enən bayrağımızı işğaldan azad edilən ərazilərdə qaldırmaq kimi bir səadət. Bu səbəbdən də bizi Qarabağa, Şuşa qalasına O, apardı!

Ərimgəldi qayası ilə bağlı Qarabağda bir əhvalat var. Çar Rusiyası Qarabağı işğal edəndə İbrahimxəlil xanın sarayındakı bütün əyanları qılıncdan keçirib, təəbəliyi qəbul etməyənləri əsir aparıb. O gündən Qarabağ igidlərinin xatunları hər axşam Şuşaya gedən yolun qırağındakı qayanın başına qalxar, “bəlkə ərim gəldi” deyib yollara boylanarmış. Həmin qaya daşa dönmüş ümid olub – Ərimgəldi qayası adlanıb! 1992- ci ildən Şuşa qalasında, Topxanada, Cıdır düzündə, Ərimgəldi qayasında Qarabağın nigaran ruhları dolanırdı! İndi huzura qovuşub. Daha Şuşaya getmək istəyirəm, demirik. Şuşaya qalxıram, söyləyirik. Dağı dolana – dolana xarıbülbül dəririk. Xurşidbanu Natəvanın dağılan imarətinə, qəsrinə əl, Gövhər ağa məscidinə üz söykəyib Tanrıya şükür edirik! Prezidentimiz  enən Bayrağımızı Şuşa qalasında qaldırdı! Ali Baş Komandan Fəxri Xiyabana gələrək Xaqan atasına Sərkərdə – Xaqan ucalığı ilə söylədi: “Mən xoşbəxt adamam ki, ata vəsiyyətinə əməl etdim!” nidası ilə genetik kodların diqtəsini bir daha gerçəyə çevirdi.

I Dünya Müharibəsi hersoq Frans Ferdinandın ölümü ilə başlamış, Böyük Vətən müharibəsi faşizmin iflası ilə başa çatmışdı. Bu il faşızm üzərində qələbənin 75 illiyidi. Bu il həm də erməni faşizmi üzərində Qələbə ili kimi tarixə düşdü. Tarix təkrarlandı. Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” sayıqlaması, Prezident cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi!” nidası, Lələtəpə qəhrəmanı Polad Həşimovun Tovuzun Ağdam kəndində tökülən qanı ilə başlayan Vətən müharibəsi işğala məruz qalan Ağdam Cümə məscidinə, Qarabağ xanı İbrahimxəlil xanın qəsrinə, Şahbulaq qalasına sancılan Bayraqla başa çatdı! Qarabağ xanı İbrahibxəlil xanın və nəvəsi xan qızı Xurşudbanu Natəvanın məzarının önünə atılan mənfur düşmən bayrağı ölümsüzlər diyarının Ölümsüzlüyünü sübut etdi. Vətən müharibəsindən Böyük Vətən müharibəsinə, həmin müharibədə Dərbəndin qala divarları önündə mümkün omayanı mümkünə çevirən polkovnik – komissar Əziz Əliyev dühasına yollar göründü. Bunu bir nəvənin Baba ruhu qarşısında hesabatı kimi də qəbul etmək olar. 1993 – cü ilin ən dəhşətli günlərində böyük Qayıdışı ilə Qurtuluş dastanını yazan Ulu Öndərin Dəmir İradəsini biz bir xalq olaraq Dəmir Yumruqda yaşadıq! “Şuşasız Qarabağ, Qarabağsız ümumiyyətlə Azərbaycan yoxdur!” nidası ilə Birlik, Bütövlük tariximizi yaradan Ata Heydər Əliyev qüdrətinə sədaqətin bundan böyük nümayişi olmazdı!

Biz Vətən müharibələri görmüşük, Şəhidlər vermişik. Təbrizdə, Dərbənddə, Borçalıda, İrəvanda, Qarabağda sınmışıq, yanmışıq! Bu bir başqa savaşdı. Allaha xoş gedən Savaş! Biz bu savaşla haqqı yerinə qoyduq. Haqsızlara, Allahsızlara, Allahın evinə əl uzadanlara yerini göstərdik. Zəfəri, qələbəni hansı millətin, məmləkətin haqq etdiyini Dəmir Yumruğumuz, İradəmiz, Cəsarətimiz, Ləyaqətimizlə sübut etdik!

Dekabr bizim üçün özəl və gözəl aydır. Nuhu tufandan çıxaran ulu Tanrı yol vermişdi: məhz bu torpaqda bayrağımız dövlət rəmzinə çevrilmişdi. Dünya Azərbaycanlılarının həmrəylik günü təsis edilmişdi. Milli həmrəyliyin göstəricisi, simgəsi, bəlgəsidi Şuşa Qalasında dalğalanan Bayraq!

Dekabr bizim üçün özəl və gözəl aydır. Bu ayda həm də Ali Baş Komandanımız, qələbə müjdəli Levitanımız, Zəfər adlı Memarımız dünyaya gəlib. Dünyamız sevinib! Dəmir iradəli polkovnik – komissar Əziz Əliyevin, general Heydər Əliyevin dühasından Dəmir Yumruq Liderin əzəmətinə yollar görünüb!

Şərəf Cəlilli




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Şərəf Cəlilli