USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

“Qarabağ Azərbaycandır!” deyib, onu reallığa çevirən LİDER


https://img.baki-baku.az/news/2020/12/photo_2241.jpg?v=MjAyMC0xMi0yMyAxNzoxMDoxMA==

Məmməd MUSAYEV,

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının prezidenti

_________________________________________________________

Bu gün nəinki milyonlarla azərbaycanlının, eləcə də bütün türk dünyasının görkəmli siyasi xadimi olan İlham Əliyev ötən 200 illik tariximizdə Azərbaycan torpaqlarını işğaldan azad edən ilk fateh dövlət başçısıdır. Bir il öncə "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyan edən Ali Baş Komandanın taktiki strategiyası, müdrik qərarları, Müzəffər Ordu quruculuğu sayəsində hazırda "Qarabağ Azərbaycandır” bəyanatı gerçək və real bir həqiqətdir.

Azərbaycanın böyük Qarabağ zəfərinə nail olmasında üç əsas komponentin böyük əhəmiyyəti var. Birincisi, Azərbaycan iqtisadiyyatının inkişafıdır ki, bu konsepsiyanın əsasını Ümummilli Lider Heydər Əliyev qoymuşdur. "İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir” deyən Azərbaycanın dahi rəhbəri güclü ölkənin bünövrəsini qoyacaq iqtisadi islahatlara başlamış və böyük dövlətlərin Azərbaycanda iqtisadi maraqlarını balanslaşdıran "Əsrin müqaviləsinin” imzalanmasına nail olmuşdur. Beləliklə, Azərbaycan Avropanın, Qərbin enerji təhlükəsizliyində söz sahibinə çevrilmiş və iqtisadi inkişafın, dövlət müstəqilliyinin möhkəm təminatının bünövrəsi qoyulmuşdur. Azərbaycanın bu uğurlarını davam etdirən

İlham Əliyev peşəkar siyasətçi, diplomat kimi atası - Ulu Öndər Heydər Əliyevin Qarabağı işğaldan azad etmək vəsiyyətini gerçəkləşdirmək üçün böyük daxili islahatlar apardı, ölkəmizin strateji müttəfiqi olan Türkiyə ilə bütün sahələrdə əlaqələri daha yüksəklərə daşıdı.

Unutmayaq ki, Qarabağdan, eləcə də İrəvandakı öz doğma torpaqlarından qovulan 1 milyondan çox qaçqın və məcburi köçkünün olmasının yaratdığı əlavə iqtisadi çətinliklərə baxmayaraq, İlham Əliyevin uğurla davam etdirdiyi iqtisadi siyasət, institusional və kadr dəyişiklikləri nəticəsində ciddi inkişaf əldə olundu, ölkənin büdcəsi artdı və valyuta rezervləri formalaşdı. Əhalinin gəlirlərinin ilbəil yüksəlməsi onların maddi vəziyyətinin yaxşılaşmasına, məşğulluq problemlərinin həllinə kömək etdi.

Azərbaycanın iqtisadi qüdrətinin analoji davamı olaraq, ölkənin hərbi büdcəsi də artdı və burada ikinci komponent kimi məhz ordu quruculuğunu, Dəmir Yumruğumuzun formalaşmasını qeyd etməliyik. Azərbaycanın hərbi arsenalının müasir silahlarla təchiz olunması, Azərbaycan Ordusunun şəxsi heyətinin sosial vəziyyətinin yaxşılaşdırılması, onların təhsil almasına xüsusi diqqət yetirilməsi, xaricdə təhsil alan zabit heyətinin formalaşdırılması, birgə təlimlərin keçirilməsi Azərbaycanın Şanlı Ordusunu gücləndirdi. Nəticədə Azərbaycan ordu quruculuğunda böyük uğurlara nail oldu və beşinci nəsil döyüşə bilən, müasir silah arsenalına malik bir Milli Ordumuz formalaşdı.

Üçüncüsü uğurlu xarici siyasət amilidir ki, güclü iqtisadiyyat və qüdrətli ordunun formalaşmasından sonra qarşıya qoyulan ali məqsədlərə çatmaq üçün bu, çox mühüm əhəmiyyət daşıyırdı. Burada biz təməli Ulu Öndər tərəfindən qoyulan balanslaşdırılmış xarici siyasətin uğurla davam etdirilməsini qeyd edə bilərik. Biz yaxın qonşularımız Rusiya, İran ilə əməkdaşlığı qoruyub saxlayaraq, Türkiyə ilə münasibətlərimizi artıq strateji müttəfiqlik, qardaşlıq səviyyəsinə qaldırmışıq. Təsadüfi deyildir ki, "Can Azərbaycan” kəlməsi ilə Azərbaycan xalqına müraciət edən Türkiyənin dövlət başçısı Rəcəp Tayyib Ərdoğan Azərbaycan Prezidentinə "Dostum, qardaşım, şəxsinə böyük hörmətim olan İlham Əliyev” deyə xitab edir. Bu, əlbəttə, Türkiyə-Azərbaycan münasibətlərində ən yüksək mərhələdir. Eyni zamanda İlham Əliyev Avropa Birliyi ilə güclü ticari əlaqələrimizin qurulmasına, xüsusilə də Avropanın Şərq ölkələri ilə münasibətlərinin daha möhkəm olmasına böyük töhfələr verdi, nəticədə onların enerji təhlükəsizliyində Azərbaycan müstəsna yer tutdu. Xatırladaq ki, həmin dövlətlərin bir çoxu Avropa Birliyinin, NATO-nun üzvüdür və bu qurumlarda tərəfdaşların olması Azərbaycana əlavə siyasi monevr imkanları yaratdı. Diqqət yetirsəniz, Azərbaycan Qoşulmama Hərəkatından başqa, heç bir regional, hərbi birliklərə üzv olmur və öz baxışlarında daha çox ikitərəfli münasibətlərin qurulmasına tərəfdardır.

Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi dövründə dünyanın böyük gücləri, həmçinin türkdilli dövlətlər, eyni zamanda Ukrayna, İsrail, Pakistan kimi müttəfiqlər, eləcə də digər Şərqi Avropa ölkələri məhz uğurlu iqtisadi-siyasi münasibətlər nəticəsində bizə Qarabağın azad olunmasında siyasi və mənəvi dəstək verdilər. BMT-nin Təhlükəsizlik Şurasında Minsk qrupu ölkələrinin nümayəndələrinin Azərbaycanın haqq savaşına təzyiq vasitəsi kimi hazırladıqları bəyanat məhz Qoşulmama Hərəkatına daxil olan ölkələr, həmçinin Böyük Britaniyanın etirazı ilə rədd olundu.

Yuxarıda sadaladığımız amillər sözsüz ki, bizim qələbəmizi şərtləndirən əsas faktorlardır, ancaq bir nömrəli amil İqtidar-Xalq, İlham Əliyev-Xalq, Xalq-Ordu Birliyidir. Azərbaycan xalqı öz liderinin ətrafında bir yumruq kimi sıx birləşərək, Qarabağımızın azad olunması uğrunda bütün səylərini ortaya qoydu və öz qəhrəmanlığı ilə dünyanı yaxşı mənada təəccübləndirdi. Nəticədə Qarabağ məsələsində Azərbaycan xalqı siyasi, həlledici, qərarverici bir səviyyəyə yüksəldi. Cənab Prezidentin özünün də dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan xalqının bu birliyinin təcəssümü olan "Dəmir Yumruq” düşmənin başına endirildi, 30 ilə yaxın müddətdə torpaqlarımızın 20 faizini işğalda saxlayan Ermənistan ordusunu darmadağın etdi. Vətənpərvər, rəşadətli Azərbaycan Silahlı Qüvvələri bir-birinin ardınca rayon və kəndlərimizi, eyni zamanda noyabrın 8-də Qarabağın ürəyi olan Şuşa şəhərini düşmən tapdağından qurtardı. Noyabrın 10-da düşmənin imzaladığı kapitulyasiya bəyanatına əsasən ölkəmizin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı təmin edildi, bununla da doğma torpaqlarımızdan didərgin düşən məcburi köçkünlərimizin, ümumiyyətlə, bütövlükdə Azərbaycan xalqının Qarabağ həsrətinə son qoyuldu. Prezident İlham Əliyevin müdrik rəhbərliyi, mükəmməl siyasi bacarıqları sayəsində əldə edilən bu möhtəşəm qələbə tariximizə qızıl hərflərlə yazıldı.

Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasındakı tarixi nitqi yenə də bütün həqiqətlərin, qalib Azərbaycanın mesajlarının aidiyyəti kürsülərə çatdırılmasına xidmət etdi. Şanlı Ordumuzun qəhrəmanlığı ilə Ermənistan ordusunun 80 faizinin məhv olduğunu diqqətə çatdıran Prezident bu münaqişənin artıq keçmişdə qaldığını vurğuladı. "Bu, artıq tarixdir” dedi, həqiqətən də azərbaycanlıların "Dəmir Yumruğu” ilə yazılan zəfər tarixidir. Və bu tarixin döyüş meydanında qəhrəmanları bizim unudulmaz şəhid və qazilərimiz, hərbi siyasi meydanda qəhrəmanı isə cənab Prezident İlham Əliyevdir.

Qətiyyətlə demək olar ki, İlham Əliyev islahatçı praqmatik rəhbər və idarəçilik səriştəsi olan, informativ hazırcavablığı ilə də terrorçu qonşu düşmənin istər dünənki, istərsə də hazırkı rəhbərlikləri ilə müqayisədə öz məharəti, dolğun və diplomatik məntiqi ilə qalib liderdir. Onun Ali Baş Komandanı olduğu müzəffər Azərbaycan Ordusu "böyük Ermənistan” mifini darmadağın etdi. İlham Əliyev XIX əsrin əvvəli Kürəkçay, Gülüstan və Türkmənçay müqavilələrindən başlayaraq Qarabağda köç salan, tarixi-əzəli Azərbaycan torpaqlarının toponomiyasını dəyişən, erməniçilik-daşnakçılığın "dənizdən dənizə” xülyası ilə beyinləri yuyulan ermənilərə Azərbaycan torpaqlarında yaşadıqlarını və tarixi torpaqlarımız olan İrəvan xanlığında dövlət qurduqlarını bəyan edən böyük liderdir.

"Qarabağ tarixi Azərbaycandır” aksiomunu beynəlxalq kürsülərdən qürurla səsləndirən, qurucu, yaradıcı, torpağına azadlıq gətirən, Azərbaycan Ordusuna və xalqına arxalanan İlham Əliyev Azərbaycanın dövlət sərhədlərini bərpa edən, ermənilərin 30 illik işğal siyasətini pozan, Qarabağa azadlıq-sülh-rifah gətirən Ali Baş Komandandır. Bu yolda onun həm ön cəbhədə yoldaşı, həm də mənəvi sirdaşı olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da əməyi böyükdür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Ulu Öndərin ali ideyalarına əsaslanan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən bir dövlət xadimi olmaqla yanaşı, milli dəyərlərə böyük sevgisi, humanizmi, nəcib xanımlığı ilə xalqımızın qəlbində dərin ehtiram qazanıb.

Məlumdur ki, hazırda bütün dünyada iqtisadi inkişaf zəifləyib və bəzi böyük dövlətlərdə resessiyaların şahidi oluruq. Buna baxmayaraq, Azərbaycan 2021-ci ilə iqtisadi inkişaf hədəflərini açıqlayıb və qarşıda ölkə iqtisadiyyatını yenidən qaldırmaq, inkişaf etdirmək, 30 il ərzində məhv edilmiş Qarabağ torpaqlarını yenidən dirçəltmək kimi şanlı missiya dayanır. Bu məqsədlə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti artıq müvafiq infrastruktur işlərinə başlayıb. Bütün müharibə dövründə dövlət başçısının ətrafında sıx birləşərək "Dəmir Yumruğ”un bir parçası olmağı bacarmış Azərbaycan sahibkarları Qarabağın yenidən firavanlığına qovuşması, işğaldan azad olunmuş torpaqların iqtisadi cəhətdən dirçəlməsi naminə fəaliyyətlərini daha da gücləndirəcək. Bu məqsədlə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası da öz növbəsində üzv olduğu beynəlxalq təşkilatlar, xaricdə yaşayan azərbaycanlı iş adamları, eləcə də milli sahibkarlarımızın potensial imkanlarından istifadə etmək məqsədilə geniş tədbirlər görür. Bu gün Qarabağda sökülüb viran qoyulan, iqtisadi infrastrukturu dağılan bütün obyektləri birlikdə tikəcəyik. Dövlətimizin qüdrəti, müdrik rəhbərimiz İlham Əliyevin rəhbərliyi altında bu missiyanı daşımağa hazırıq.

Dekabrın 24-ü Prezident İlham Əliyevin doğum günüdür. 59 yaşını qeyd edən dövlət başçımız ötən illərdə hər kəsə örnək ola biləcək olduqca zəngin, mənalı və qalib bir həyat yolu keçmişdir. Fürsətdən istifadə edərək çoxminlik Azərbaycan sahibkarları adından dövlət başçısını ad günü münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, ölkəmizin inkişafı, xalqımızın rifahı, Qarabağımızın çiçəklənməsi naminə fədakar fəaliyyətində uğurlar arzulayırıq.

Sizinlə fəxr edirik, cənab Prezident!




Redaktorun seçimi

Üç pulyoxtyor -  TƏFSİLAT
  • İqtisadi təhlil
  • 15:57 15.11.2021
Üç pulyoxtyor - TƏFSİLAT

Məmməd MUSAYEV