USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C

“YAŞAT”maq borcu!


https://img.baki-baku.az/news/2020/12/photo_2058.jpg

Elman Babayev

_____________________________________________________________________

Prezident İlham Əliyevin iradəsi, tapşırıq və sərəncamları həmişə ona xidmət edib ki, Azərbaycan inkişaf yolunda dayanmadan, sürətlə irəliləsin; vətəndaşın sosial yükünün altına girmək, onu rahat, firəvan həyata qovuşdurmaq iqtisadi güc nəticəsində tam real olsun! Bu dövlət siyasətinin mərkəzində şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yüksəldilməsi və problemlərinin həlli xüsusi yerdə dayanıb.

44 günlük Vətən müharibəsində möhtəşəm qələbədən sonra cəmiyyət qeyd olunan kateqoriyaya ünvanlanan siyasətdə yeniliklərin olmasını gözləyirdi. Haqlı olaraq canını, qanını Vətən yolunda fəda etmiş insanların, onların ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi umulurdu. Prezident İlham Əliyevin müharibədən sonra imzaladığı ilk fərmanlardan biri məhz bu istiqmətdə oldu. Dövlət başçısının Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması əhalinin sosial təminatının və rifah halının daha da yaxşılaşdırılması siyasətinə sadiqliyin, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə xüsusi həssas münasibətin növbəti əyani təzahürüdür.

Vurğulamaq vacibdir ki, Vətən müharibəsindən sonra vətəndaş cəmiyyəti, biznes dairələri, ölkə vətəndaşları, xaricdə yaşayan soydaşlarımız da bu kateqoriyadan olan insanlara mümkün dəstəyi göstərmək üçün hər cür alqışa layiq fəaliyyət ortaya qoyurlar. Xeyirxahlıq, humanizm prinsiplərinə həmişə sadiq olan xalqımız təmənnasız yardım ənənələrini davam etdirir, şəhid ailələrinin, hərbi əməliyyat iştirakçılarının zəruri ehtiyaclarının təmin edilməsinə xüsusi həssaslıqla yanaşır və hər bir vətəndaş bu məsələyə öz dəyərli töhfəsini verməyə çalışır. Bu reallıq əsas götürülərək, şəhid ailələrinin, hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması, bunun üçün müvafiq platformanın yaradılması məqsədilə Prezident İlham Əliyev “YAŞAT” Fondunun yaradılması haqqında Fərman imzalayıb.

Fond aşağıdakı şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılır:

- Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə;

- İşğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə;

Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı və tanınmış ictimaiyyət nümayəndələrinin daxil olduğu Himayəçilik Şurası həyata keçirir.

Beləliliklə, Fondun fəaliyyətində şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi, həmçinin fondun vəsaitinin formalaşması və idarə olunmasına nəzarət məqsədilə bütün mümkün tədbirlər görülüb. Bu işin “ASAN Xidmət”ə verilməsi isə təsadüfi deyil. Çünki bu qurum rellıqda və cəmiyyətin gözündə korrupsiyaya bulaşmamış dövlət təşkilatı kimi özünü tam doğruldub.

Fondun vəsaitləri şəhid ailəsi status alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanmasına, müalicə və psixoloji dəstək xərclərinin, təhsillə bağlı xərclərin ödənilməsinə, məişət şəraitinin yaxşılaşdırılmasına və digər istiqamətlərə yönəldiləcək.

Bu, Azərbaycan dövlətinin şəhid ailələri, müharibə əlilləri və digər bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, mənzillər, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlərə əlavə töhfə verəcək.

Dövlətin bu kateqoriyadan olan şəxslərə hədəflənən sosial təminat sistemi nədən ibarətdir?

- Şəhidin vərəsələrinə sığorta ödənişi (11 min manat) verilir;

- Müharibə əlillərinə sığorta ödənişi (I dərəcə əlilliyi olan şəxslərə 8800 manat, II dərəcə əlilliyi olan şəxslərə 6600 manat, III dərəcə əlilliyi olan şəxslərə 4400 manat) ödənilir;

- Əmək stajından asılı olaraq pensiya və ya müavinət ödənilir (orta məbləğ 400 manat);

- Onların əmək pensiyasının sığorta hissəsinə əlavə (55-110 manat) ödənilir;

- Prezidentin aylıq təqaüdü (210-300) ödənilir;

- Şəhid ailələrinin üzvlərinin və müharibə əlillərinin övladları və özləri təhsil haqqı ödəməkdən azad olunur;

- Protez və reabilitasiya vasitələri ilə pulsuz təmin olunurlar;

- Sanator-kurort müalicəsi üçün ildə 1 dəfə pulsuz göndərişlərlə təmin olunurlar;

- Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və s.) onlara üstünlük verilir;

- Onların məşğulluğunun təmin edilməsi üçün bütün işəgötürənlər üçün (dövlət və özəl) məcburi kvota müəyyən edilib;

- Şəhid ailəsi üzvləri və müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər nəzərdə tutulub;

- İndiyədək bu kateqoriyadan olan şəxslərə dövlət xətti ilə 9000-ə yaxın mənzil və fərdi ev, habelə 7000-dən çox avtomobil verilib.

Şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Sözsüz ki, bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır və aparılacaq.

Yeni fərmanla bir daha təsdiq edildi ki, dövlətin həyata keçirdiyi ardıcıl sosial siyasət daha da gücləndiriləcək. Azərbaycan dövləti hər bir vətəndaşın, xüsusilə imtiyazlı təbəqənin, dövlət və xalq qarşısında xidmətləri olan şəxslərin sosial məsələlərinin həllini prioritet vəzifə hesab edir.

Yaxşı yadımızdadır ki, İlham Əliyev axırıncı prezident seçkisinin andiçmə mərasimindən dərhal sonra, ilk olaraq sosial sahəyə aid fərman imzalamışdı; bu fərman şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərini özündə ehtiva edirdi və inam yaradırdı ki, ölkə rəhbəri qarşıdakı 7 ildə sosial siyasəti prioritet istiqamət seçəcək, aztəminatlı ailələrdən tutmuş, əlillər, təqaüdçülər və başqa kateqoriyanın problemlərinin həlli bu xəttin tərkib hissəsi kimi hər daim diqqətdə olacaq.

Atılan bütün addımlar, verilən bütün qərarlar ictimai gözləntiləri doğrultmağa yönəlib və geri çəkilən bir niyyət ortada yoxdur. Çünki sosial siyasət təkcə əhalinin güzəranına hədəflənmiş siyasət deyil, eyni zamanda, ölkəni gücləndirməyə, dövləti hər daim dik vəziyyətdə, etibarlı saxlamağa xidmət edir.

Prezident İlham Əliyevin Vətən yolunda xidmətləri olmuş şəxslərin, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində nümayiş etdirdiyi həssaslıq bütövlükdə cəmiyyət üçün, aidiyyatı qurumlar üçün gözəl bir nümunədir.

Vətəni yaşadanları yaşatmaq hamımızın borcudur!




Redaktorun seçimi

Şuşada yaranmış muğamlar
  • Mədəniyyət
  • 11:50 13.07.2021
Şuşada yaranmış muğamlar

Elman Babayev