USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ağdam bizim ban, Alpan evimiz "Leyli-Məcnun"umuzdu

Tovuzun Ağdam kəndində tökülən qan Ordumuzun Generalının qanı idi. Milli müstəqillik illərində yetişən tək Generalımızın. General Polad Həşimovun intiqamı necə alına bilərdisə Prezident cənab İlham Əliyev onu o şəkildə aldı. Ordunu götürüb səngərə getdi. Orduya bərabər generalın qisasını ancaq Ali Baş Komandan ala bilərdi. Öndə Qartal Azərbaycanın Qartalı – Ali Baş Komandanı vardı. Müzəffər Ali Baş Komandan. Müzəffər Azərbaycan Ordusu ifadəsi belə yarandı!


https://img.baki-baku.az/news/2020/11/photo_1930.jpg?v=MjAyMC0xMS0zMCAxMzoxMDoyMQ==

Şərəf Cəlilli

________________________________________________________

Gülyataq kurqanları, daş, tunc dövrlərinə aid yaşayış məskənləri, Xaqan knyazlığına aid yaddaş saxlancı, Kür-Araz mədəniyyətinin inciləri, Pənahəli xanın imarəti, Şahbulaq qalası ilə bir dünya olan, şaman dünyamız, oda, atəşə, işığa, atəşpərəstliyə sevgimiz, tək Tanrıya etiqadımız, qədim Alban məbədləri, Alpan, Alban ocaqları ilə ruhumuzun, duyğumuzun nəm-inam yeridi Ağdam. Pirləri, övliyaları, seyidləri ilə İslamdan sonrakı düşüncəmizdən, etiqadımızdan da nişanədi. Miriş Ağanın, Seyid Lazım Ağanın, Seyid Fuğara Ağanın diyarıdı gülyataqlı, canyataqlı diyarımız. Qoynunda nakam övladı ilə haqqa qovuşub, sinəsi dağlı Xurşudbanu Natəvanımız.

“Gülü yarpıza dönsün, bizdən üz döndərən yarın”. Sara Qədimovanın, Qədir Rüstəmovun, Şahmalının, Vahidin, Səxavətin, Cavidin, Rəmişin, Mənsumun, Nəzakətin, Arifin “Segahı”dı Ağdam. Xudu Məmmədovun, Şahmar Əkbərzadənin, Ceyhun Mirzəyevin, Famil Mehdinin, Cahangir Məmmədlinin arifanə dünyasıdı. “Qərib bir quşdum yuvamdam uçdum”. Şükür Yaradana! Barxanası tutulub, Bayrağı dalğalanıb, Köçü başlayıb. Qarı, buzu yara-yara gedəcəyik. Şirin Mirzəyevin, Fred Asifin, Allahverdi Bağırovun diyarına Xarabalıqları cənnətə, gülüstana çevirəcəyik. Qarqardan, Xaçın çaydan dirilik suyu axacaq. Adal Gülablıda Valeh Zərnigarın eşqinə qara sazı köynəyindən çıxaracaq!

Tale Azərbaycanın Ali Baş Komandanına, Prezident cənab İlham Əliyevə çox böyük səadət nəsib edib: polkovnik - komissar Əziz Əliyevin nəvəsi, Ulu öndər Heydər Əliyevin varisi, gözlərə nur, könüllərə işıq Zərifə xanımın oğul payı, svilizasiyaların, dinlərin, mədəniyyətlərin dialoquna töhfələr verən, milli-mənəvi dəyərlərimizi dünyanın maddi-mədəni irsi siyahısına yazdıran, ümumbəşəri dəyərlərin qorunmasına, humanist prinsiplərin bərqərar olunması üçün ömrünü şama pərvanə edən, dünyanı gözəlliyin deyil, məhəbbətin və mərhəmətin xilas edəcəyinə inanan bir xatunun – xanım Mehriban Əliyevayla ömür gün yoldaşı, “Xocalıya ədalət” kompaniyası ilə soyqırımlara etirazını bildirən, İDEA təşkilatının dəstəyi ilə dünyanın ağ ciyərinə dönən, hər göyərən, budaq atan ağacda əbədiyyəti, İlahinin nəfəs müqəddəsliyini görən Leyla xanım Əliyevanın, Bakı Media Mərkəzi ilə dünyanın görən gözünə, eşidən qulağına, döyünən qəlbinə dönən Arzu xanım Əliyevanın, polkovnik komissar Əziz Əliyevin, general Heydər Əliyevin zər paqonlarını nəticə, nəvə kimi çiyinlərində daşıyan Heydər Əliyevin atası, ən əsası yer üzünə səpələnən 50 milyondan çox Azərbaycanlının, milyonlarla müsəlmanın, Şərqin, Türk dünyasının qürur mənbəyinə çevriləcək qədər bir ömür. O, bir Ali Baş Komandan kimi haqq savaşına başlayanda “Bizim işimiz haqq işidir! Qarabağ Azərbaycandır! Biz zəfər çalacağıq!” söyləmişdi. Dünya üçün bəlkə də adi, bizim üçün hər anı əsrə bərabər olan 44-cü günün tamında “Əziz Şuşa, Sən azadsan! Bayrağımız bütün işğal olunan rayonlarda, kəndlərdə dalğalanacaq!” nidası ilə Müzəffər Ali Baş Komandana çevrilmişdi.

Elə bil dünəndi... 1993-cü ilin böyük qayıdışından sonra Ulu öndər Heydər Əliyev əlində Azərbaycan xəritəsi dünyanı dolanır, kürsülərə qalxır, Qarabağa, Azərbaycana ədalət istəyirdi! Dünya isə “kor, kar, lal idi”.

2003-cü ildən bu yana Prezident cənab İlham Əliyev Ata nəsiyyətinə, Ata vəsiyyətinə söykənib kürsülərə qalxdı. Zoru olan dünyada ağlın, müdrikliyin hər üzünü göstərdi...

2020-ci ilin 27 sentyabrında hər şeyə son qoyuldu. “Qarabağ Ermənistandır nöqtə” deyən Paşinyanın simasında Koçaryana, Sarkisyana, daha nə bilim hansı mənfur “yan”lara  dərs vermək üçün tək bir cümlə işlətdi: “Qarabağ Azərbaycandır!” Bu vurğuda təkcə bir nida yox idi. Sanki üç ox idi. Koçaryanın, Sarkisyanın, Paşinyanın sinəsinə sancılmışdı. Sancıldı da!!!

Onun bir sərkərdə-xaqan, Ali Baş Komandan ucalığı, əzəməti var idi. Tovuzun Ağdam kəndində tökülən qan Ordu generalının qanı idi. Milli müstəqillik illərində yetişən Ordumuzun Generalının. General Polad Həşimovun intiqamı necə alına bilərdisə Prezident cənab İlham Əliyev onu o şəkildə aldı. Onun bir Ali Baş Komandan əzəməti vardı. Generalı Şəhidlər Xiyabanına yola salmağa getmədi. Ordunu götürüb səngərə getdi. Oğuz elində, Tovuzda tökülən qan şahinləri pərvaza gətirdi. Öndə Qartal Azərbaycanın Qartalı – Ali Baş Komandanı vardı. Orduya bərabər generalın qisasını Ali Baş Komandan ala bilərdi. Müzəffər Ali Baş Komandan. Müzəffər Azərbaycan Ordusu ifadəsi belə yarandı!

Tale elə gətirib ki, mən düz bir qərinədi ölkənin Prezindenti və I Vitse Prezidentinin doğmaları, dədə-babaları, özləri ilə bağlı kitablar yazmışam. Qürur duymuşam. Şuşa qalasına bayraq sancılanda Ağabəyim Ağa, Xurşudbanu Natəvan, Mir Mövsüm Nəvvab müqəddəsliyinə bürünmüşəm. Seyidin, Cabbarın, Xanın, Üzeyir bəyin, Bülbülün, Zülfünün, Niyazinin, Rəşidin dinclik tapan nigaran ruhunda qanadlanmışam. Bir də Gözəl nənəni yada salmışam. Unudulmaz yazıçımız Mir Cəlalın “Bir gəncin manifesti” əsərindəki Sonanın, “Yusif-Züleyxa” sevdasından boylanan, akademik Arif Paşayevin və digər nəvələrinin sığal yeri olan Gözəl nənəni. Şuşa, Qarabağ azad olundu, indi Gözəl nənənin ruhu şad oldu deyib sevinmişəm.

Cənab Prezident, sevimli Mehriban xanım əlini xan Arazda suya çəkəndə, Xudafərin körpüsünə söykənəndə, Ağdamda Cümə məscidinə ayaqyalın daxil olanda, ötən əsrin 30-cu illərində kitablarına “Dirilən adam”, “Yolumuz hayanadır”, “İnsanlıq fəlsəfəsi” adlarını qoyan, “Bir gəncin manifesti” əsərində öküz xışı çəkməyəndə qan tərə batan Mərdanın dili ilə “Sür, sür Ay Allahın heyvanı, gün gəlib, günorta yetişib. İndi mən nə edim? Bunu necə söyüm? Axı söyə bilmərəm ağzı ilə Allah deyir”. Təkcə bu bircə abzasla quruluşu, ittiham edən, məscidləri dağıdıb, kluba, anbara çevirən, ciblərə “Allahsız knişkası” qoyan quruluşu – Şura hökumətini ittiham edən yazıçının qüdrətinə, ustalığına, ustadlığına bir daha heyrət etdim.

Ağdam səfəri ölkə Prezidenti və Birinci xanım üçün bir başqa səfərdi. Maşından düşüb dizini yerə qoyub, bayrağı öpən Prezident nə qədər şax dursa da, qəhərli idi. Allahın evinə, özü də talan, viran edilmiş Allahın evinə qədəm qoyurdu. Müqəddəs Məkkə ziyarətlərini çıxmaqla cənab Prezident ilk dəfə idi ki, qədəm qoyduğu Tanrı evinin daşından öpdü. Bu bir türkün, müsəlmanın İlahi eşqindən soraqçı idi. Onda Osman Qazinin, Fateh Mehmetin, Əmir Teymurun ucalığı, əzəməti var idi. Bu fateh sərkərdələrimiz fəth etdikləri bütün yörələrdə Tanrı evlərinə sayğı ilə yanaşmış, din xadimlərinə, dindarlara hörmət bəsləmişdi. Kilsələrdə belə səcdəyə gedərək, Tanrıya ibadətdə bulunmuşdular...

Hörmətli Mehriban xanımın örpəyi bir yana, örpəyə büküb sinəsinə sıxıb gətirdiyi “Qurani-Kərim” bir yanaydı. Onsuz da zərif, incə əl-ayağını bumbuz daşa qoyan, əlini, üzünü daşa-divara, qibləgaha söykəyən, şükran duyğularını dilə gətirən, yaylığın arasındakı Qurani-Kərimi çıxarıb öpüb gözünün üstünə qoyan, sonra sevginin, İlahi eşqin bəlgəsi, simgəsi kimi könlünün sultanına, bu müqəddəsliyi, Tanrı Kitabını Məkkədən gətirəndə əhd edən duası, nidası ilə tarix yaradan Qarabağın, bir türk, müsəlman olaraq milyonlarla dindaşımızın qürur, qeyrət mənbəyinə uzadan Mehriban xanımın əlləri mənə tanışdı, doğmadı. O əlləri illərdi sevimli anası, görkəmli şərqşünasımız Aidə xanımın abidəsinə sığal çəkərkən görmüşəm. Bir övlad məhəbbəti, ana həsrəti kimi qəlbimə yazmışam. Ağdamın Cümə Məscidinə sığal çəkən o əllərin hərarəti, qibləgaha söykənən ürəyin, qəlbin pıçıltısı doğmadı, əzizdi mənə...

O əllərdə, o hərarətdə, pıçıltıda, döyüntüdə Biz vardıq! Odlar Yurdu Azərbaycan vardı. Dünyanın əbədiyyət üfüqlərində parlayan, Günəşin doğduğu Şərq vardı! Orda həm də Onun qayğısı, sevgisi ilə Avropanın adı bəlli ölkələrində bərpa olunan abidələrin, kilsələrin, sinaqoqların harayı, nisgili, ağrısı, Allaha ağır getməsin, həm də üz qarası vardı!

Ağdamın Cümə Məscidində, ümumiyyətlə xarabalıqlar diyarı olan şəhərdə, kəndlərdə haray vardı: İnsanın var olduğu, İnsanlığın öldüyü bir diyardan – Ermənistan adlı mənfurlar ölkəsindən, dinsizlər, donsuzlar, xırsızlar, quldurlar məmləkətindən əsən qara yellərin ruhumuzdakı göynərtisi, sızıltısı vardı!

Dərdi verən Allah, dərmanını da verir! Tovuzun Ağdam kəndinin dərsi Qarabağın toy damında, davulu qavala dəyişən şamanların, dərvişlərin, xanəndələrin, aşıqların, haqqa aşiqlərin diyarında verildi. Dünən “Segah” oxuyanlar indi “Cahargah”a, “Şur”a “Cəngi”yə qoşulub yallı gedir. Pənahəli xanın möhrəsini qoyduğu Şahbulaq qalasında, Valehlə Zərnigarın obasında - Abdal Gülablıda Azərbaycan bayrağı dalğalanır. Bir azdan bürəm-bürəm qar yağacaq, sonra yaz gələcək. Qarqarın, Xaçının suları dünyanı başına götürəcək. Əkilən ağaclar qol budaq atacaq. Saraylar qurulacaq. Bakıdan köç başlayacaq. Ağban elində “Atlandırma” havasından yeni-yeni qəhrəmanlar, xilaskarlar, eşq oduna yananlar doğulacaq. Dünya səsə, nəfəsə, İlahi eşqə, məhəbbətə bağlıdı.

Ağdam bizim ban, Alpan evimiz, nazımız, nemətimiz, dolu süfrəmiz, əli çörəkli elimiz, “Yusif - Züleyxamız”, “Leyli - Məcnun”umuzdu!

 




Redaktorun seçimi

Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...

Şərəf Cəlilli