USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Diplomatiyada da, hərbdə də qalib SƏRKƏRDƏ


https://img.baki-baku.az/news/2020/11/photo_1781.jpg?v=MjAyMC0xMS0xOSAxMDo1OTozNQ==

Ənvər MƏŞƏDİYEV,
“Bakı” və “Baku” qəzetləri redaktorunun müavini

_____________________________________________

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev təkcə özü qalib olmamış, həm də on milyonluq xalqımızın başını ucaltmış, ona ömürlük qalib statusu vermişdir.

Qələbən mübarək Azərbaycan! İndi ucadan səslənirik, hayqırırıq: “27 il erməni separatçılarının tapdağı altında olan torpaqlarımızdan düşmənin işğalçı hərbi birləşmələri qovuldu. Özü də it kimi rədd edildi”, “Eşidirsənmi Vətən, Qarabağ Azərbaycandır!” Bu iftixarlı sözləri və xalqımızın əziz şüarlarına çevrilmiş “Eşq olsun qəhrəman Ordumuza!” “Yaşasın Müzəffər Ali Baş Komandanımız” və s. qürurverici deyimlər qəlbimizi sevincə qərq edir, ürəyimizi uzun illərin qəmindən, kədərindən yüngülləşdirir, insanlarımızı bir-birinin üzünə dik baxmağa çağırır.

Bütün bunları bizə ölkə Prezidentimiz İlham Əliyevin, rəşadətli Ordumuzun qəhrəmanlıqları və xalqımızın onların ətrafında sıx birliyinin nəticəsi qismət etmişdir. Dəmir yumruq kimi birliyin vəhdətini təşkil edən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin titanik fəaliyyəti, dərin zəkası, təsirli sözü, qeyri-adi ağlı, fədakarlığı, fitri istedadı nəticəsində payızın xəzan vaxtında bütöv Azərbaycanda, bütün azərbaycanlılarda fərəh hissi oyanmışdı. İndi xalqımız şən günlərini yaşayır. Məcburi köçkün statusunu tarixin arxivinə atan həmvətənlərimiz öz doğma rayon və kəndlərinin abadlaşdırılmasına başlanılmasını və evlərinə qayıtmalarını gözləyirlər.

Fəxr hissi ilə demək istəyirik ki, taleyüklü bu işə nəfəs dərmədən başlanılmışdır. Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Birinci xanım Mehriban Əliyeva ilə birliktə işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına getməsi artıq bu həyati əhəmiyyətli işlərə start verdi. Həmin gün möhtərəm Prezidentimiz tərəfindən yeni Füzuli-Şuşa magistral yolunun təməlinin qoyulması işğaldan azad olunan bölqələrimizdə genişmiqyaslı quruculuq işlərinin başlanğıcıdır.

Mədəniyyətimizin və mədəni incilərimizin hamisi olan Birinci vitse-prezident Mehriban Əliyeva mədəni irslərimizin qorunub saxlanılmasında, zənginləşdirilməsində, mədəniyyət obyektlərinin, təlim-tərbiyə müəssisələrinin bərpası, yenilərinin inşası və s. istiqamətlərdə zəngin təcrübəyə malikdir. Güman ki, möhtərəm Prezidentimiz İlham Əliyevin silahdaşı olan Birinci vitse-prezident Mehriban Əliyeva qarşıdakı böyük quruculuq işlərinə öz töhfəsini verəcəkdir. Ölkə Prezidentinin tapşırığına əsasən tərtib ediləcək baş plana müvafiq olaraq işğaldan azad olunmuş rayonlarımızda çox yaxın günlərdə genişmiqyaslı quruculuq işləri vüsət alacaqdır.

Prezidentimiz, cənab İlham Əliyevin düzgün siyasi və hərbi fəaliyyətinin məhsulu olan qələbəmiz artıq bütün dünyaya bəyan edilmişdir. Bu şanlı qələbəmizin nidası noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyevin, Rusiya prezidenti Vladimir Putinin və Ermənistan baş naziri Nikol Paşinyanın imzaladıqları bəyanatla qoyulmuşdur. Həmin bəyanatın müvafiq maddələrinə əsasən Kəlbəcər, Ağdam və Laçın rayonları dekabrın 1-dək erməni silahlılarından və orada yaşayan haylardan təmizlənəcək və özümüzə təhvil veriləcəkdir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev ölkəmizə heç kəsin etmədiyini etmişdir. Onun respublikamızda yaratdığı möcüzələri, siyasətdə, hərbi quruculuqda qazandığı uğurları xalqımız əsrlərlə unutmayacaq. Hər şeyi qazanmaq olar, amma vətəni qazanmaq olmaz -deyimlərini düşünən Prezidentimiz, Ali Baş Komandanımız nəyin bahasına olursa olsun torpaqlarımızı azad etməyi uzun illər qarşısına məqsəd qoymuşdur. Bunun üçün zəngin idarəçilik təcrübəsindən, diplomatik bacarığından istifadə edərək istəyinə nail olmuşdur. Ərazilərimizin 27 il işğal altında olan hissəsini azad etmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev siyasi məsələlərə də, sosial-iqtisadi problemlərə də, hərbi quruculuq işlərinə də eyni dərəcədə diqqət yetirir. Fəaliyyətinin, necə deyərlər, hər hansı istiqamətinin cüzi şəkildə belə axsamasına yol vermir. Bu, hər zaman belə olmuşdur, indi də belədir.

Paytaxtımızın, ümumiyyətlə, digər şəhər və rayonlarımızın inkişafını, hərb sahəsindəki zənginliyi, İkinci Qarabağ müharibəsindəki şanlı qələbəmizi, diplomatiyadakı uğurlarımızı göz önünə gətirdikdə adam qürurlanmaya bilmir. Və fikirləşir ki, İlahi vergisi hər adama qismət olmur. Bu, o kəslərə verilir ki, Tanrının xoş günündə dünyaya gəlmiş olsun, “Səndən hərəkət, məndən bərəkət” kəlamlarını unutmasın. Yəni, daim biliyini, əzmkarlığını artırmağa səy göstərsin. Allahdan buyruq... atalar məsələsini gözləməsin.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin respublikamızda həyata keçirdiyi çox möhtəşəm quruculuq işlərini, paytaxtımızda baş tutan bir neçə beynəlxalq məclisləri, 120 dövlətin üzv olduğu, digər 17 ölkənin və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatın – Qoşulmama Hərəkatının üzv dövlətləri başçılarının iştirakı ilə Bakıda keçirilən toplantıya məhz ölkə başçımızın sədrlik etdiyini düşünəndə möhtərəm Prezidentimizin rəhbərliyi ilə nəinki müharibədə, həm də bütün mübarizə müstəvilərində - diplomatiyada, siyasi məsələlərdə, informasiya savaşında yeni tariximizi yazaraq yüksək uğurlar qazanacağımıza heç bir şübhəmiz qalmırdı.

Qeyri-adi gücə, biliyə, idarəçilik qabiliyyətinə malik olan Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin uzaqgörənliyi, düzgün taktikası öz bəhrəsini vermişdir. İkinci Qarabağ müharibəsində İlham Əliyev qələbəsi əsgərlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlar barədə yüzlərlə kitablar yazılacaq, bədii və sənədli filmlər çəkiləcəkdir.

Ölkə başçımız bizi istəyən və istəməyən onlarca dövlətlərin aparıcı televiziya kanallarının, qəzet redaksiyalarının müxbirlərinə verdiyi müsahibələrdə, yazarlarımıza, alimlərimizə zəngin tədqiqat mövzuları verib.

Yeri gəlmişkən, İkinci Qarabağ müharibəsi ilə əlaqədar xarici ölkələrdən respublikamıza gələn, eyni zamanda, onlayn müsahibə götürən jurnalistlər arasında hadisələri obyektiv işıqlandıran və qərəzli mövqe tutanlar vardır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin onunla həmsöhbət olan media nümayəndələrinin müxtəlif xarakterli bütün suallarına, hətta ermənipərəst jurnalistlərinin köntöy, çaşdırıcı cəfəngiyatlarına eyni təmkinlə, bir an belə fikirləşmədən dərhal real vəziyyətə, tarixi faktlara əsaslanaraq çox sərrast, mükəmməl cavablar verməsi, özü də onların öz dillərində, yalnız alqışlara layiqdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin bütün müsahibə və müraciətlərində nitqinin ahəngdarlığı, dilimizin zəngin leksikasından, terminlərindən yerində və məharətlə istifadə etməsi qürurvericidir və nitq mədəniyyəti nümunəsidir. Və bütün bunlar onu göstərir ki, Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev əvəzsiz dövlət başçısı, görkəmli sərkərdə, qətiyyətli diplomat və mükəmməl natiqdir.

İlham Əliyev şəxsiyyəti, Prezidentimizin əvəzolunmaz dövlət başçısı kimi titanik fəaliyyəti, onun rəhbərliyi ilə Ordumuzun qazandığı şanlı qələbəmizin bütün detalları geniş tədqiqat obyektinə çevrilməlidir. Çünki bu fədakarlıq, bu zəfər xalqımızın 27 illik həsrətinə son qoymuş, onu hədsiz xoşbəxtliyə qovuşdurmuşdur!

Yaşasın Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev!

Yaşasın Qəhrəman Ordumuz!

Yaşasın Azərbaycan!

 




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Ənvər Məşədiyev