USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Yeni hərbi nəzəriyyənin banisi


https://img.baki-baku.az/news/2020/11/photo_1746.jpg?v=MjAyMC0xMS0xNiAxNTo0MjozMg==

Aynel MƏŞƏDİYEVA

 AMEA Nəsimi adına Dilçilik İnstitutunun Elmi katibi,

filologiya üzrə fəlsəfə doktoru, dosent

_______________________________________________

Qarabağ Azərbaycandır!” Bu cümlə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevə məxsusdur. Sözünün ağası olan möhtərəm Prezidentimiz birdəfəlik sübut etdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, əzəli, tarixi torpağımızdır.

Dağlıq Qarabağın və 7 ətraf rayonumuzun 27 il erməni dığalarının tapdağı altında qalması çoxlarında onların geri qaytarılmasına ümid çırağını söndürmüşdü. Lakin cənab İlham Əliyev bu illər ərzində torpaqlarımızın düşmən tapdağı altında olduğunu bir an belə unutmamış, ərazilərimizin necə azad edilməsi barədə düşünmüş və bunu özünün bir nömrəli vəzifəsi hesab etmişdir. O, bu vəzifəsinin öhdəsindən ustalıqla gəlmiş, ortaya həm siyasət, həm də hərb sahəsində bütün dünyaya örnək olan özünəməxsus yeni strategiya qoymuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyev buna uzun illərin düşüncəsi, titanik fəaliyyəti, düzgün siyasət yeritməsi, şücaətli Ordu yaratması, ilahi biliyi, diplomatik qabiliyyəti, möhkəm iradəsi sayəsində nail olmuşdur.

Erməni hərbi birləşmələrinin növbəti dəfə bu il sentyabrın 27-də Füzuli-Cəbrayıl istiqamətlərində ağır artilleriya ilə hücuma keçməsi ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevi narahat etməyə bilməzdi. Ona görə də o, dərhal Ordumuzun əks-hücuma başlaması barədə qərar qəbul etdi. Bu qərar xalqımız tərəfindən müsbət qarşılandı. Hamı bir nəfər kimi Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin və şanlı Ordumuzun ətrafında sıx birləşdiklərini nümayiş etdirdi.

İkinci Qarabağ müharibəsi – vətən müharibəsi başlayan ilk gündən müdrik Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında mətin Ordumuz irəliləyərək, düşməni işğal olunmuş torpaqlarımızdan qovmağa başladı. Döyüş cəbhəsindən davamlı xoş xəbərlər gəldi. Hakimiyyət, Ordu və xalq birliyi öz sözünü dedi. Hər keçən gün bizi parlaq qələbəyə yaxınlaşdırdı.

İşğal altında olan rayonlarımızın – Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının və sair məntəqələrimizin kiçik bir kəndinin, qəsəbəsinin azad olunması xəbəri xalqımızın bütün zümrələrini, uşaqdan böyüyədək hamını döyüşə gedib, doğma torpaqlarımızı murdar, vəhşi ermənilərdən təmizləməyə sövq edirdi. Bu milli özünüdərkdən, qətiyyətli Ali Baş Komandanımız, ölkə Prezidenti İlham Əliyevə böyük ehtiramdan irəli gəlirdi. Bütün bunlar möhkəm birliyimizin sübutudur. O da sübutdur ki, Qarabağın mirvarisi Şuşada qısa müddət ərzində üçrəngli bayrağımız dalğalanmağa başladı. Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, mükəmməl rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu bütöv Qarabağa, çox yaxın keçmişədək işğal altında olan bütün rayonlarımıza yeni nəfəs vermişdir.

Əlbəttə, dünya hərb tarixində təzə səhifələr yazan, yeni hərbi nəzəriyyənin banisi Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin, hərtərəfli fəaliyyəti, ikinci Qarabağ döyüşlərində - vətən müharibəsində şücaət göstərən Ordumuz, canları, qanları bahasına işğal altında olan ərazilərimizi azad edən, bu yolda şəhidlik zirvəsinə ucalan oğullarımız haqqında kitablar yazılacaq, filmlər çəkiləcək, elmi-tədqiqat əsərlərində şanlı qələbəmiz, yeni tariximiz öz əksini tapacaq.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev noyabrın 8-də Azərbaycanın dilbər guşəsi Şuşanın azad olmasını, cəmi ikicə gün sonra isə vətən müharibəsinin şanlı qələbəmizlə bitməsini, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Ermənistanın Baş naziri Nikol Paşinyanın imzaladıqları bəyanatı elan etdiyi anlardan xalqımızın şadlandığını, ruh yüksəkliyini, parlaq qələbimizi ən əziz bayram kimi nümayiş etdiklərini görmək, duymaq və duyğulanmaq necə də xoşdur. Belə anları, Prezidentimizin dahiliyini, sadə olduğu kimi sərtliyini, özünün təbirincə desək, hər bir Azərbaycan vətəndaşının prezidenti olduğunu, torpağımızın hər qarışını sevdiyini, bütün müstəvilərdə - diplomatiyada, siyasətdə, quruculuqda, hərbi sahədə, informasiya mübarizəsində və s. qalib olduğunu dərk edəndə ucadan demək istəyirsən: “Nə yaxşı ki, mən cənab Prezidentimiz İlham Əliyevin rəhbərlik etdiyi respublikanın vətəndaşıyam və bu respublikanın paytaxtında yaşayıram, işləyirəm”.

Ulu Öndərimiz Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” ifadələrini parlaq qələbəmizi təmtəraqla qeyd etmək üçün əllərində Azərbaycan və Türkiyə bayraqları ilə Şəhidlər Xiyabanına, park və meydanlara axışan minlərlə həmvətənlərimizdən də eşitmək olurdu.

Respublikamızın bütün bölqələrini, xarici ölkələrdəki səfirliklərimiz və konsulluqlarımızın yerləşdikləri əraziləri bürüyən izdihamlar, sevinc göz yaşları ilə müşayiət olunan xoş sözlər dəyanətli ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevə, müzəffər, rəşadətli Ordumuza, torpaqlarımız uğrunda şəhid olmuş qəhrəman oğullarımıza sonsuz ehtiramın nümunəsidir.

Məhz ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi 100 minlərlə insanlarımıza sevinc göz yaşı qismət etmişdir. Bu, 30 ildir ki, 10 milyonluq Azərbaycan xalqının gözünün nurunu alan yaş deyil. Əksinə, 20 milyon göz bəbəyinə işıq verən məlhəmdir.

Bəli, Prezidentimiz, Ali Baş Komandanımız, xalqımızın xilaskar oğlu, tərs sualları ilə çaşdırıcı mövqedə olan ermənipərəst jurnalistləri, necə deyərlər nokauta salan, mahir diplomat İlham Əliyev və şücaətli Ordumuz bizə qismət etdikləri qələbə bayramı ilə bütün Azərbaycanı rövnəqləndirmişdir. Dahi şairimiz Səməd Vurğun demiş: “Ömür rövnəq tapır könül güləndə; insanın qədrini insan biləndə”.

10 milyonluq xalqımız Prezidentimiz İlham Əliyevi daim alqışlayır, onun titanik fəaliyyətini bəyənir, dəstəkləyir. Bunu möhtərəm Prezidentimiz həmişə görür, hiss edir. Parlaq qələbəmizdən sonra Ali Baş Komandanımız İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birlikdə ilk olaraq döyüşlər zamanı yaralanan və hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan bir qrup əsgərlərimizlə görüşüb. Prezident onlara döyüş şücaətlərinə görə minnətdarlığını bildirmiş, tezliklə sağalmaları üçün lazımi köməklik göstərəcəyini söyləmişdir. Bu işdə birinci xanım Mehriban Əliyevanın qayğısını da diqqətə çatdırmışdır. Göründüyü kimi, Prezidentimiz, Ali Baş Komandanımız ikinci vətən müharibəsində iştirak edən hər bir əsgərin qayğısına qalır. Torpaqlarımız uğrunda şəhid olan döyüşçülərimizin ailələrinin, valideynlərinin problemləri də Ali Baş Komandanımız İlham Əliyevin həmişə diqqət mərkəzində durur.

İndi biz bütöv Azərbaycanda yaşayırıq. Yüz minlərlə məcburi köçkün ailəsinin “köçkünlük” statusu artıq ləğv olunmuşdur. Onların doğma yurdları azad edilmişdir. Prezidentimiz cənab İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımızın minalardan təmizlənməsi, yaşayış üçün bütün infrastrukturların yaradılması üçün komissiyaların təşkil edilməsi, xarici ölkələrdən ekspertlərin dəvəti olunmaları barədə göstərişlər vermiş və bu işlərə artıq başlanılmışdır. Uğurlar olsun!

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi dövr salnaməmizə qızıl hərflərlə yazılmışdır. Paytaxtımızda və digər şəhər və rayonlarımızda yaradılan xariqələr, salınan park və bağlar, yaraşıqlı körpülər, göydələnlər, mərkəzlər və s. dediklərimizə sübutdur.

Bir mühüm məsələni xüsusi olaraq qeyd etmək istəyirəm. Dünya tarixində elə bir müharibə olmamışdır ki, ikinci Qarabağ müharibəsi kimi, cəmi 44 günə bitsin, özü də möhtəşəm qələbə ilə. Bu, Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin məharətli və qətiyyətli rəhbərliyinin, Ordumuzun müasir hərbi texnika ilə təchizatının, əsgər və zabitlərimizin hazırlıqlı olmasının, xalqımızın birliyinin nəticəsidir.

Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev noyabrın 8-də Şuşanın işğaldan azad olunması münasibətilə birinci xanım Mehriban Əliyeva ilə birliktə Şəhidlər Xiyabanını ziyarət edərkən demişdir: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!

Mən isə ürəyimdə deyirəm: “Ruhun şad olsun Ulu Öndərimiz! Oğlunuz 27 il işğal altında olan torpaqlarımızı erməni tapdağından azad etmişdir. Vəsiyyətinizi yerinə yetirmişdir. Çox təəssüflənirəm ki, Siz bunları görüb fəxarət hissi keçirmədiniz. Amma bu, Sizə əyandır. Ruhunuz şad olsun, ideyalarınız genişləndirilərək həyata keçirilir”.

Sonda Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Şair Ramaldanovun fikri ilə tam həmrəy olduğumu bildirirəm. Mən də Azərbaycan xalqına, müharibə veteranlarımıza, ictimai təşkilatlara, siyasi partiyalara fikrimi çatdırmaq istəyirəm. 30 ilə yaxın bir dövrdə murdar, qəsbkar, işğalçı, qaniçən erməni faşistlərinin tapdağı altında qalan 20 faiz torpaqlarımızın azad olunmasında son dərəcə qətiyyətlilik göstərdiyini, Ordumuza rəhbərlikdə müdriklik göstərərək hərbi əməliyyatlar zamanı taktiki hücumlar həyata keçirilməsini təmin edərək rəşadətli əsgərlərimizlə birlikdə şanlı qələbəmizə nail olduğuna, 10 milyon azərbaycanlının başını ucaltdığına görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanımız, böyük sərkərdəmiz İlham Heydər oğlu Əliyevə Azərbaycanın “Milli Qəhrəman”ı fəxri adının verilməsi barədə müvafiq dövlət orqanlarına müraciətlər qəbul etsinlər. 

Yaşasın Azərbaycan!

Yaşasın Müzəffər Ali Baş Komandanımız!

Yaşasın Qüdrətli Ordumuz!

Qarabağ Azərbaycandır




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları

Aynel Məşədiyeva