USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Lavrovıy status” və Polad biləkli Azərbaycan


https://img.baki-baku.az/news/2020/11/photo_1725.jpg?v=MjAyMC0xMS0xMyAxMjoyNToyMA==

Xaricdəki, xüsusən Rusiyadakı ermənipərəstlər, nənəsi, arvadı, babası, anası, atası ermənilər iş başındadırlar. İçimizdəkilər də özlərinə əl qatıblar. Hər iki qütbü, fərqli amplualarda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun söylədikləri loru desəm, qaza gətirir. Hələ Azərbaycanın Rusiyadakı səfiri cənab Polad Bülbüloğlunun söylədiyi status məsələsindən danışmıram. Güman edirəm, hörmətli Səfirimiz ölkə Prezidenti cənab İlham Əliyevin bildirdiklərinə diqqətlə qulaq asmağı öyrənəcəkdir. Keçək Lavrova.

Şübhəsiz, Lavrov bacarıqlı diplomatdır və potensialını hansısa formada erməni dostlarının, erməni kimliyinin mənafeyinə xərcləmək istəyir. Bu hal ilk dəfə deyil yaşanır və bəzən Rusiya XİN rəhbərinin bacarığı Rusiyanın maraqlarını, daha doğrusu atdığı imzaları aşmağa köklənir. Böyük dövlətdə vacib post tutmaq belədir – hamını balaca görürsən. Hərdən isə heç görmürsən. Necə ki, böyük Rusiya iki il öncə tarix boyu bəslədiyi ermənilərin inqilab edib ona arxa çevirdiklərini görə bilməmişdi. Həmin vaxt Moskva prosesə maneçilik yaratmaq imkanını itirmiş və Ermənistan Kremlin ürəyinin başından sürüşüb Qərbin qucağına düşmüşdü.

Əlbəttə, acı məğlubiyyətlə üzləşdikləri savaşdan sonra ermənilər özlərinin kiçik dünyalarına qayıdacaq və yenə də böyük, fantastik xəyallar qurmaqla cılızlaşıb yaşayacaqlar. Lavrov isə görünür, köhnə günlərin xatirinə onların yaxşı güzaran keçirmələri üçün qol çırmamaq niyyətindədir.

Əslində Rusiyanın xarici siyasət idarəsinin başçısı ikinci Qarabağ müharibəsində “böyük Tiqranın varislərinin” cəhənnəmə vasil olacaqlarını onların özlərindən xeyli öncə hiss etmiş, təəssübkeşlik simfoniyasını hər kəsdən tez ifa etməyə başlamışdı. Amma Paşinyan burnunun ovulması üçün darıxdığından, Moskvanı dinləmir və inanırdı ki, “qüdrətli erməni xalqı” müharibə meydanında qalib gələcək.

Həm inqilabçılıq, həm də cəngavərlik – necə də gözəl hiss imiş. Paşinyan ikisini birdən yaşamaq eşqinə düşmüşdü. Nəticədə Ermənistanda Lavrovu və onun Rusiyasını dinləyən yox idi. Amma indi Azərbaycanın hesabına ermənilər deyilənə qulaq asmağa məcburdurlar. Ola bilər ki, daha inqilabçı olmayacaqlarına, Sorosa “dayı” deməyəcəklərinə and da içiblər. Lavrov isə görünür onları "xaç suyuna" çəkməyə girişib. Söhbət Polad Bülbüloğu kimi peşəkar incəsənət xadiminin fərqinə varmadığı Dağlıq Qarabağa statusdan gedir.

...Lavrov bildirir ki, Dağlıq Qarabağın statusu həllini tapmayıb və bu barədə Azərbaycan Prezidenti də deyib. Nə deyəsən, görünür, ya Lavrov həddindən artıq həyasızdır, ya da tərcüməçiləri naşıdır. Birinci variantı seçmək daha münasibdir, çünki ikinci variant da yaxşı deyil.

“Biz ondan çıxış edirik ki, status bizim hamımızın Dağlıq Qarabağda etnokonfessional razılığı bərqərar etmək üçün hansı hərəkətləri etməyimizdən asılı olaraq müəyyənləşəcək”, - deyə Lavrov vurğulayıb.

Lavrovun fikri daha çox söz oyunudur. Ancaq hər bir halda imkan verilməməlidir ki, kimsə bu oyunu reallıq kimi qəbul etsin. Ona görə Rusiya XİN rəhbərinə Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 10-da xalqa müraciətindəki bir məqamı xatırlatmaq yerinə düşər. Yeri gəlmişkən, sitata cənab Polad Bülbüloğlu da ciddi diqqət yetirməlidir: “Mən onlara (yəni ermənilərə) muxtariyyət təklif edəndə buna razı olmadılar, dedilər ki, yox, bu, “müstəqil dövlətdir”. Bunlar uzun illərdir “müstəqil dövlət” kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar”. Cənab İlham Əliyev müraciətində “bir kəlmə də yoxdur” deyərkən Rusiya prezidenti Vladmir Putinlə birgə imzaladığı və Paşinyanın da imzasının yer aldığı sənəddə statusla bağlı heç nəyin göstərilməməsini nəzərdə tutur. Dövlət başçımız daha sonra bunları vurğulayır: Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq”.

Bəli, Dağlıq Qarabağın statusu olmayacaq. Prezident də bildirdi ki, vaxtilə Ermənistana muxtariyyət təklif edib, amma razılaşmayıblar. Hamıya məlumdur ki, işğalçı ölkə hətta ən yüksək səviyyəli muxtariyyətə də razılıq verməyib. Bir halda ki, torpaqlar sözlə deyil, qanla geri qaytarılıb, nəyə görə əvvəlki təkliflər olsun? Lavrov və onun kimi yüzünün nə deməsindən asılı olmayaraq, əvvəl deyilənlərə artıq yer yoxdur. Sadə məntiq var, yer olacaqdısa, bu müharibə nə üçün idi?

10 noyabr kapitulyasiyası erməni xalqı demirəm, bütövlükdə erməniliyin ürəyinə sancılmış xəncərdir. Azərbaycan və Rusiya prezidentlərinin dünyanın gözü qarşısında, Ermənistanın baş naziri Nikol Paşinyanın isə gizlincə imzaladığı bəyanat erməniliyin sındırılmasıdır.  

O sənəd imzalananda müzəffər Azərbaycan Ordusu Xankəndinin 3-5 kilometrliyindəydi və ona qarşı çıxacaq heç bir qüvvə yox idi. Sentyabrın 27-dən başlanmış hərbi əməliyyatlarda Ordumuz Ermənistan hərbi birləşmələrini iti qovan kimi qovmuşdusa, Şuşada onları həm də doğrayaraq qovmuşdu. Şuşa müasir hərb tarixində görünməmiş şəkildə - demək olar, tam əlbəyaxa döyüşdə alınmışdı. Ermənilərin öz sözləridir ki, 1500 nəfər 4-5 diversantın qarşısından qaçdılar. Onların öz dedikləridir ki, Şuşada toplanmış 3 minlik canlı qüvvə 400 Azərbaycan xüsusi təyinatlısının qarşısında aciz duruma düşdü. Hələ çox belə rüsvayçılıqlar açıqlanacaq.

Yəni Azərbaycan bu müharibəni böyük zəhmət, hazırlıq, misilsiz igidlik, şücaət hesabına, şəhidlərinin qanı bahasına qazandı. Ölkəmiz haqqı bərpa etdi. Təslim olan Ermənistandır. Çarəsiz durumda olan Ermənistandır. Belədə kim köhnə havalarda oynamaq istəyər ki? Cavab birdir – yalnız Ermənistan.

Bax, bu gün mən deyən oldu. Hərbi mərhələ başa çatır, keçirik siyasi məsələyə. Demək olar ki, bizə maksimum sərf edən sənəd imzalandı. Paşinyan onu imzaladı. Başqa yolu yox idi. Əslində, bu, məğlubiyyətin etirafıdır. Bu, hərbi kapitulyasiyadır”. Bu fikirlər də Azərbaycan Prezidentinin noyabrın 10-da xalqa müraciətindəndir. Deməli alçalan  Ermənistandır, onun hakimiyyətidir.

Dövlət başçımızın bildirdiyi kimi, keçirik siyasi məsələyə. Siyasi məsələ isə heç də o demək deyil ki, lavrovlar və ona bənzər erməni sevdalıları Azərbaycanın döyüşdə əldə etdiyini masa üzərində geriyə qaytara bilər. Necə ki, biz vaxtilə ermənilərin bizdən qopardıqlarını masa arxasında geri qaytara bilməmişdik. Tarix amansız şəkildə təkrarlanır. Amma bu dəfə o amansızlıqda ilahi ədalət də var.

Əvəz Rüstəmov




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Əvəz RÜSTƏMOV